Budur, gəldi...(mövsümqabağı)

 

Könül Əliyeva

teatrşünas

Hörmətli oxucum!

 

Yeni teatr mövsümünün başlanması münasibətilə bütün teatrsevərləri, teatr xadimlərini başda özüm olmaqla, təbrik edirbu yeni mövsümdə yeni yaradıcılıq ideyaları, yeni müvəffəqiyyətlər arzulayıram.

Ötən mövsümü birtəhər yola verib, bircə qışdan çıxa bilsək deyibəni ümidlərini yaya bağlayan, lakin yayın cırhacırında işləməkdən cız-bız kimi qovrulan, məzuniyyət bitib də maaş vaxtı gələnə qədər Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoya-qoya, əslində, papağın kimə məxsus olduğunu belə unudan, çar-naçar “bircə yaydan çıxa bilsək, hər şey düzələcək” deyən teatr xadimlərinədir sözüm: Yaydan necə çıxdınız?

Bilirəm, sualıma konkret cavab vermək çətindir, onu da bilirəm ki, bu sualla elə bil açıq yaranıza duz səpmiş kimi oldum. Çünki bu sualı özümə də ünvanlayanda eynilə sənin yaşadıqlarını hiss etdimduydum.

Belə bir təklifim var, gəlin, birlikdə düşünək: Ötən teatr mövsümü milli teatr tariximizdə nələrlə yadda qaldı? Altından qırmızı xətt çəkə biləcəyimiz hansı hadisə şanlı tariximizə qızıl hərflərlə yazıldı? Bəs bu yeni teatr mövsümü bizə nələri vəd edirya biz bu yeni teatr mövsümündən nələri gözləyirik?

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə: “Ötən teatr mövsümü çox maraqlı tamaşaları ilə yadda qaldı. Bu tamaşaların bəzilərinin adlarını vurğulamaq istəyirəm: ElçininQatil” (quruluşçu rejissor Mehriban Ələkbərzadə), “Sənətkarın taleyi” (quruluşçu rejissor İrana Tağızadə), Əbdürrəhim bəy HaqverdiyevinŞah Qacar” (quruluşçu rejissor Azər Paşa Nemət), Kamal Abdullanın “ŞahŞair” (quruluşçu rejissor Mikayıl Mikayılov), Adolfo Bioy Kasaresin “Qəbir qazma üsulu” (quruluşçu rejissor Gümrah Ömər), Slovamir Mrojekin “Sərhəddə” (quruluşçu rejissor Tomaş Leşçinski).

Yeni teatr mövsümünə gəlincə isə, onu deyə bilərəm ki, qabaqcadan proqnoz verə bilmərik, amma inanırıq ki, uğurlarımız yüksələn xətt üzrə inkişaf edəcək”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Qazızadə: “Ötən teatr mövsümü mənə görə, əsasən yubileylərin keçirilməsi və Akademik Milli Dram Teatrının “Qatil” (müəllif Elçin, quruluşçu rejissor Mehriban Ələkbərzadə) və Moskva Dərviş Teatrının “Şekspir” (müəllif Elçin, quruluşçu rejissor Mərdan Feyzullayev) tamaşaları ilə yadda qaldı.

Yeni teatr mövsümündən isə bir çox hadisələr gözləyirəm. Yeni mövsümdə teatrlarımızın səhnəsində klassik dramaturqlarımızın əsərlərini yeni yozumda görmək istərdim. Həmçinin Qərbin tanınmış dramaturqlarının layiqli və Azərbaycan tamaşaçısı üçün gərəkli əsərlərinin teatrlarımızda səhnə təcəssümünü görmək maraqlı olardı”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov: “Ötən teatr mövsümü mənim yaddaşımda ilk növbədə itkilərlə qaldı. Noyabr ayında Yaşar Nuri, iyun ayında Səyavuş Aslan kimi böyük sənətkarları itirdik. Əlamətdar hadisələrə gəldikdə isə, ötən mövsüm II Bakı Beynəlxalq Teatr Konfransını, 10 mart Milli Teatr Gününün rəsmən təsdiq edilməsini, Azərbaycan teatrının 140 illiyinin dövlət səviyyəsində keçirilməsini qeyd etmək olar. Ötən mövsüm yaddaçımda qalan bəzi tamaşalar da oldu. Məsələn, Milli Dram Teatrının “Qatil, “ŞahŞair”, “Şah Qacar”, Gənc Tamaşaçılar Teatrının “Müharıbə”, Yuğ teatrının “Sərhəddə”, Gəncə teatrının “Evlənmə” tamaşalarının adını çəkə bilərəm.

Yeni mövsümün konkret nələr vəd etdiyini isə deyə bilmərəm. Mən sadəcə arzu edirəm ki, yeni mövsümdə teatrlarımızda cəmiyyətdə rezonans doğura biləcək, ictimai hadisəyə çevriləcək tamaşalar qoyulsun və əlavə edim ki, bunun üçün bizim bəzi teatrların potensialı var.

Azərbaycan Dövlət YUĞ Teatrının direktoru Tərlan Rəsulov: “Ötən teatr mövsümü ilk olaraq, ən yüksək səviyyədə, yəni Azərbaycan prezidenti tərəfindən rəsmi olaraq, Milli Teatr günü təyin edilməsi və bu münasibətlə təntənəli tədbirin keçirilməsi ilə yadda qaldı. Həmçinin bir çox teatrlarda, o cümlədən YUĞ Teatrında təcrübə mübadiləsi və beynəlxalq əlaqələrin qurulması sahəsində bir neçə müştərək layihələrin, əsasən, xarici ölkələrdən dəvət edilmiş rejissorların quruluş verdiyi tamaşalar nümayiş etdirildi. Bunlar hamısı Bakıda keçirilmiş bir neçə teatr konfranslarının və digər tədbirlərin məntiqi nəticəsi olmuşdur.

O ki qaldı ikinci suala, belə cavablandırım ki, bu yeni teatr mövsümündə bizim teatrda yaradıcılığımızın yeni istiqamətlərini təyin edən müxtəlif layihələr nəzərdə tutulmuşdur. Əvvəldən demək istəməzdim, lakin ola bilsin ki, Azərbaycan üçün tamamilə yeni üslubda olan tamaşanı yaratmağa cəhd göstərəcəyik”.

Bakı Uşaq Teatrının direktoru və baş rejissoru İntiqam Soltan: “Ötən teatr mövsümündə yadda qalan hadisələrdən biri milli teatrımızın 140 illik yubileyi oldu. Baxmayaraq ki, mən bunu elə də böyük bir hadisə hesab eləmirəm. Digər önəmli hadisə isə Bakı Uşaq Teatrının kollektivinin yaddaşından silinməyəcək. Belə ki, teatrımızın yerləşdiyi binanı ikinci dəfə sökdülər və bizi Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına mədəniyyət evinə köçürdülər.

İkinci sualınıza gəlincə isə, qeyd etməliyəm ki, biz bu yay heç də istirahət etməmişik. Belə ki, avqust ayında 10 (on) rayonumuzda (Biləsüvar, Cəlilabad, Salyan, Neftçala, Şirvan, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Qəbələ) qastrol səfərində olmuşuq. Dincəlməməyimizin əsas səbəbi oynadığımız tamaşanın mövzusu olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tamaşa narkomaniyaya qarşı mübarizəyə həsr olunub. İndiyəcən 30 rayonda, 20 ali məktəbdə oynanılan bu tamaşa belə adlanır: “Həyatla oyun”.

Mövsümü isə 26 sentyabr tarixində Mahnı Teatrında açmağı planlaşdırırıq. Bu tarixi özəlliklə seçmişik. Çünki 26 sentyabr həm də Türk dili günüdür”.

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev: “Düşünürəm ki, ötən mövsümdə milli teatr məkanının ən əlamətdar hadisəsi Mikayıl Mikayılovun Akademik Milli Dram Teatrında Kamal Abdullanın əsəri əsasında quruluş verdiyi “Şah və Şair” tamaşası oldu.

Növbəti mövsümdən çox şey gözləyirəm. Arzu edirəm ki, milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoysun. Teatrlarımız çağdaş dövrün tələblərinə uyğunlaşmağı bacarsın. Teatr menecmenti inkişaf etsin və teatrımız dövlət himayəsindən çıxaraq, özü-özünü maliyyələşdirməyi bacarsın. Müstəqil teatr mərkəzləri yaradılsın, yeni prodüser layihələri həyata keçirilsin. Təbii ki, sadaladıqlarım bir teatr mövsümündə baş tuta biləcək məsələlər deyil. Amma ümid edək ki, cari mövsümdə, ən azından, bu proseslərə start veriləcək”.

Akademik Milli Dram Teatrının mətbuat katibi, AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı, teatrşünas Elçin Cəfərov:

“Ötən il Azərbaycan teatrı 140 yaşına qədəm qoydu. 140 yaşlı ağsaqqal teatrımız saçının-saqqalının vaxtında növbəti dəfə ümidləndi. Həm də heç olmadığı kimi ümidləndi. 140 yaşında saçına-saqqalına hörmət qoyulmasını gözləyən milli teatrımız növbəti dəfə xəyal qırıqlığı yaşadı. Teatr sənətinin ictimai statusu nəinki yüksəlmədi, əksinə, deyərdim ki, bir az da zədələndi. Son illər ərzində baş verən hadisələr ölkəmizdə teatr sisteminin ciddi korrektəyə ehtiyac duyduğunu aşkarladı. Demirəm ki, ötən mövsümdə maraqlı tamaşa olmayıb. Olub. Bütün teatrlarımızın səhnəsində buya digər dərəcədə maraqlı tamaşalar hazırlandı. Teatrlarımızın beynəlxalq əlaqələrinin qurulması istiqamətində də müəyyən işlər görüldü. Teatrlarımız beynəlxalq festivallarda, qastrollarda oldu. Amma əminliklə deyirəm ki, bu tamaşaların, qastrolların heç biri, böyük mənada, teatr hadisəsinə çevrilə bilmədi. Çünki teatrımızın cəmiyyət həyatında rolu, rus demişkən, “vesi yetərli səviyyədə deyil. Bir yazımda qeyd etdiyim kimi, “Polisin də, sənin də farkında olmadığın ceviz ağacı kimi Gülhanə parkında” “şöngüyən” teatrın hansısa bir yeniliyi, olayı cəmiyyət həyatında hadisəyə çevrilə bilməz.

İndi də keçək növbəti sualınıza, yəni “yeni teatr mövsümü bizə nələri vəd edir və ya biz bu yeni teatr mövsümündən nələri gözləyirik”? Pessimizmimlə Sizi və hörmətli oxucularımızı bədgüman etmək istəməzdim, amma...

Amması bu ki, mən daha nağıllara inanmıram. Əgər deyəcəksənsə ki, növbəti mövsümdə hər şey əla olacaq, teatr sənətinin nüfuzu, səviyyəsi, teatr xadimlərinin maddi rifah halı, mənəvi-psixoloji durumu yaxşılaşacaq, icazə ver, sənə inanmayım. Çünki, zaman-məkan sənət növü olan teatr sənəti cəmiyyətin maddi, mənəvi, psixolji durumu, mədəni-intellektual səviyyəsi ilə bilavasitə bağlıdır. Cəmiyyətimizinsə yaxın vaxtlarda, mədəni, tolerant, intellektual, demokratik bir cəmiyyətə çevrilməsini isə, hələ ki, yalnız arzulaya bilərik. Növbəti mövsüm(lər)də gözlədiyim bir məqam ola bilər: cəmiyyət əvvəlcə özü teatrını və teatrına müasibətini təftiş etməlidi. Yəni, gərək əvvəlcə cəmiyyət “papağını qabağına qoyubdüşünsün ki, aya, bu teatr sənəti dediyimiz və adətən haqqında boğazdan yuxarı, saxta ifadələrlə, “kitayski” təəssübkeşliklə danışdığımız nəmənə ümumiyyətlə bizə lazımdırmı? Amma səmimi... Lazımdırsa, buyetimi niyə belə urvatsız eləmişik? Yox, əgər lazım deyilsə, daha bu sənət sahəsinə dövlət niyə bir belə pul xərcləyir (?!), teatrların saxlanmasına dövlət büdcəsindən filan qədər (?!) vəsait niyə ayrılır?!”

Hörmətli oxucum, əgər mənim də fikrim səndən ötrü maraqlıdırsa, şəxsən məndən ötrü ötən teatr mövsümündə elə böyük bir hadisə baş vermədi. Halbuki bütün teatr əhlinin gözünü dikdiyi, ümidlərini bağladığı, “bircə qışdan çıxa bilsək, hər şey düzələcək” deyərkən nəzərdə tutduğu bir hadisə var idi ki, həqiqətən də həmən o nəzərdə tutulanlar baş versəydi, demirəm hər şey, amma çox şey düzələ bilərdi. Əmma (müsəlmanın hər işi belədir, əmmasız keçinə bilmir) ki, elə olmadı. Bəs niyə belə oldu, bax onu sən məndən yaxşı bilirsən, hörmətli oxucum. Yadındadırsa, sözügedən həmən hadisədən sonra bir yazı da yazdım. Bəli, doğru xatırladın, söhbət milli teatrımızın 140 illik yubileyindən gedir. Yubileyi keçirilməsi ləngiyə-ləngiyə mart ayından gəlib çıxdı iyun ayına. Vaxtsız gəlmiş qonağa bənzəyən bu yubiley gözümüzün kökünü o qədər saraltdı ki, daldan atılan daş funksiyasını yerinə yetirməklə qalmayıb, hələ üstəlik toydan sonrakı nağaranın mənasız gurultusu kimi səslənərək bütün ümidlərimizi elə bu mənasız gurultunun içində boğub öldürdü.

Optimist bir nəslin nümayəndəsi olaraq, ümidimi dirildib yeni teatr mövsümünə yeni ümidlərlə başlamaq istəyirəm. Allah heç kimin ümidini boşa çıxartmasın, teatr xadimləri də onun içində...

Kaspi.-2013.-7-9 sentyabr.-S.12.