Min bir
dərdin şirin dərmanı
Dəniz Vağzalında açılan
bal yarmarkasında Bakı sakinlərinə
500 ton arıçılıq məhsulu təklif olunur
Artıq
bir neçə ildir davamlı olaraq keçirilən bal yarmarkası bu il də
sentyabrın 5-indən etibarən
alıcıların üzünə
açıldı. Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən
Dəniz Vağzalında
arıçılıq məhsullarının
XIV respublika sərgi-satış
yarmarkası 1 ay, yəni
oktyabrın 5-nə qədər
davam edəcək.
Bu il yarmarkada
47 rayondan 320 nəfər
arıçı iştirak
edəcək. Kənd
Təsərrüfatı Nazirliyinin
mətbuat xidmətinin
məlumatına görə,
burada 500 tona yaxın bal sərgiyə çıxarılacaq və
bal məhsulları içərisində
40 kiloqram çiçək
tozu, 3 kiloqram arı südü və 10 kiloqram vələmur olacaq.
Biz də məşhur yarmarkada iştirak etmək və vəziyyətlə tanış olmaq üçün sözügedən
ünvana yollandıq.
Yarmarkaya
daxil olduqda buradakı izdiham diqqətimizi çəkdi.
İnsanların yarmarkaya marağı
yüksək səviyyədə
idi. Arıçılar alıcıların diqqətlərini çəkmək
və öz məhsullarının keyfiyyətini
nümayiş etdirmək
üçün bir-biri
ilə rəqabətə
girirdilər. Hətta
bəzi arıçılar
sırf bu sahə ilə məşğul olduqlarını
sübut etmək üçün bal yığımı zamanı
öz arıları ilə çəkdirdikləri
şəkillərdən albom
düzəldib alıcılara
təqdim edirdilər.
Təmiz balı necə müəyyən etməli?
Bal kimi şirin sözləri ilə alcıları öz piştaxtasına cəlb edən və balın təmizliyini sübut etmək üçün alıcılara
öz balının ətrindən danışan
arıçı Mustafayev
Kamilə yaxınlaşdıq.
İsmayıllı balını
təmsil edən Kamil dayı əsl bal ilə
tərkibində əlavə
qarışıqlar olan
balın fərqindən
danışdı: "Mənim
satdığm bal xalis
baldır. Bunu balın ətrindən
də anlamaq olar. Bundan əlavə, balın təmiz olduğunu müəyyən etmək
üçün axşamdan
1 stəkan soyuq suya 1 çay qaşığı bal qarışdırıb gözləyirsən.
Əgər səhərə kimi həmin rəngi saxladısa, deməli yaxşı baldır. Əgər
şəffaflaşdısa, bu bal təmiz
bal deyil. Rəngi boz bulanıq
qalmalıdır".
Yarmarkada
Astaranı təmsil edən və öz şirin ləhçəsi ilə
hamını özünə
cəlb edən arıçı xala təmiz balı
seçə bilmək
mövzusunda şəhər
əhalisini maarifləndirmək
lazım olduğunu bildirdi: "Biz arıçılıqla
məşğul olduğumuz
üçün bala baxan kimi onun
təmiz və ya saxta olduğunu
başa düşürük.
Lakin şəhərdə yaşayan
insanlar bunu ayırd edə bilmirlər. Tərkibində
müxtəlif qarışıqlar
olan bal acı
olur və ağızı büzüşdürür.
Təmiz
bal isə ağızda
yağ kimi gedir və sözün
əsl mənasında
bal kimi şirin olur".
Göygöl balını satışa
çıxaran arıçı
isə təmiz balı saxta
baldan tam ayırmağın
mümkün olmadığını
bildirdi: "Onu ancaq laborotoriya üsulu ilə ayırmaq olar. Təmiz, ya saxta bal satmaq
arıçının vicdanından
asılıdır".
"Ən gözəl bal qaratikan balıdır"
Arıçı nəslində böyüyən
və babalarının
peşəsini davam etdirən Rövşən
bizimlə söhbətində
arıçılıq sənətinin
çətinliklərindən danışdı: "Arıçı
nəslində böyüyən
bir insan kimi deyə bilərəm ki, arıçılıq çox
çətin peşədir.
Ən çətini isə yayda o arılara baxmaqdır. Arılarla birlikdə
onları qidalandırmaq
üçün daim gəzirəm. Əsasən yay vaxtı onları dağa çıxarırıq. May
və iyun aylarında isə balı kəsməyə başlayırıq". Yarmarkada
Lerik balını təqdim edən Rövşən dağ balının insan orqanizminə xeyrinin daha çox olduğunu bildirdi: "Əsl müalicə əhəmiyyətli bal dağ
çiçəkləri ilə
qidalanan arılırın
balı olur. Onların ətirləri də fərqli olur. Onların içində ən gözəli isə qaratikan balıdır.
Mən rayonda bu balı
30-35 manata satıram. Burada daha tez və
çox satıldığı
üçün 15 manata
satırıq. Rayonlara nisbətən
şəhər sakinlərinin
təmiz bala tələbatı çoxdur".
Alıcıların izdihamı
Satıcılarla yanaşı, yarmarkada izdiham yaradan alıcılar da mövcud vəziyyətdən
razı idilər. Necə deyərlər,
burada alıcı əlindən iynə atsan, yerə düşməzdi. Yarmarkadan
5 kq bal alan
Tükəzban xala bildirdi ki, bal yarmarkasının təşkili
ən çox onu və ailəsini
sevindirib: “Qış ayında bal tamaqda çətinlik çəkmişik.
Bir həftə əvvəl isə Yardımlıdan balın bir kiloqramını 35 manata almışam. Burada qiymətlər
olduqca ucuzdur. Elə bu baxımdan da bu yarmarkanın
təşkili üçün
Kənd Təsərrüfatı
Nazirliyinə minnətdarıq“.
Hansı
rayonunun balını alacağına qərar verə bilməyən Rüstəm isə şəhərdə belə
yarmarkaların keçirilməsindən
razı qaldığını
bildirdi: "Bal min bir
dərdin dərmanıdır.
Lakin hər şeyin saxtası olduğu üçün
balı da saxtalaşdırırlar,
təmiz bal almaq çox çətindir. Şəhərdə yaşadığımız
üçün təmiz
balı tanımırıq və alandan bir müddət
keçdikdən sonra
isə bal xarlanır.
Mən keçən il də
balı buradan aldım və çox razı qaldım. Yarmarka bizə təmiz
balı ucuz qiymətə almağımıza
kömək edir".
Alıcı Sevincin sözlərinə
görə, burada neçə yerdən bal gətirib satırlar, hamısı da öz balını
tərifləyir. Amma hansına inanıb bal almasına qərar verə bilmir: “Deyirlər, qiymətlər 15 manatadır.
Amma bir neçə yer var ki,
orda endirim də edirlər. Məsələn, orda Qəbələ
balı vardı, çox xoşuma gəldi və bu balın 2 kilosunu 25 manata aldım”.
Yarmarkanın ən bahalı
məhsulu
Yarmarkada
bal ilə yanaşı, arının
digər məhsulları
da, propolis, çiçək tozu və şanı da satılır. Amma satış sərgisində
ən çox marağa səbəb olan və yarmarkanın
ən bahalı məhsulu arının südüdür. Satıcılar deyir ki, arı
bu südü balalarını qidalandırmaq
üçün ifraz
edir. Südü bala qarışdırıb
satırlar. Arı südünün
1 qramı 40-50 manata satılır. Satıcıların sözlərinə görə,
min bir dərdin dərmanıdır və
xüsusilə mədə-bağırsaq
xəstəliklərində insanlara tövsiyə olunur.
Qeyd edək ki, yarmarkada
sərgiyə çıxarılan
balın 1 kq-ı 15 manata satılır və yarmarkanın təşkilində məqsəd
həm arıçılıqla
məşğul olan şəxsləri ruhlandırmaq,
həm də əhalinin təmiz bal əldə edə bilməsinə yardımçı
olmaqdır.
Aygün Cəfərli
Kaspi.-2013.-7-9 sentyabr.-S.8.