Dünya Azərbaycanla tanış olacaq
TÜRKSOY Bakıda “Fotoqraflar
görüşü” təşkil edib
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı olan TÜRKSOY-un
20 illik yubileyi ilə əlaqədar
olaraq Bakıda “Fotoqraflar
görüşü” adı altında türkdilli ölkələrin
fotoqraflarının görüşü
təşkil olunub. Layihə çərçivəsində
iştirakçıların Azərbaycanın mədəniyyətini,
tarixini, turizmini, müasir inkişafını öz
fotolarında əks etdirməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi tədbirdə türkdilli
ölkələrdən 14 fotoqraf iştirak edir.
Sentyabrın 2-də Bakıya gələn fotoqraflar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda çəkilişlər apararaq, o ərazilərin şəkillərini kameralarının yaddaşlarına həkk ediblər. Sentyabrın 3-də türkdilli ölkələrin foto ustaları Şəhidlər xiyabanında, Filarmoniya bağında, şəhərin müxtəlif məkanlarında olub, paytaxtımızda inşa edilən yeni binaları, hotelləri, müasir Bakının diqqətçəkən mənzərələrini foto obyektivin yaddaşına köçürüblər. İştirakçılar turistlərin maraq göstərdiyi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.
Sentyabrın 4-də türkdilli ölkələrin fotoqrafları
İçərişəhərdə çəkilişlər
apardıqdan sonra 4 qrupa
bölünərək respublikanın müxtəlif bölgələrinə
yollanıblar. Üç gün
ərzində onlara regionların təbiət
mənzərələrini, turizm obyektlərini,
qədim tarixi abidələrini öz yaradıcı baxışları
ilə əks etdirmək imkanı yaradılıb. Vətənimizə
təşrif buyuran əcnəbi fotoqraflarla söhbətimiz zamanı onlar yaradılan bu şəraitə
görə TÜRKSOY-a təşəkkürlərini
bildirdilər. Mütəxəssislər isə belə layihələrin
fotoqrafların fəaliyyətinə müsbət təsir
göstərəcəyini qeyd etdilər.
Bu,
bizim üçün bir şansdır
Azərbaycan
Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu
“fotoqraflar günü”nün artıq 10-cu dəfə
keçirildiyini dedi. Onun sözlərinə
görə, bu il həmin
layihə ilk dəfə olaraq
Azərbaycanda gerçəkləşir: “Bu
layihədə türkdilli dövlətlərin
fotoqraflarının iştirakı nəzərdə tutulub. Bu kimi
tədbirlər Türkiyə, Tatarıstan, Qazaxıstan,
Türkiyənin bölgələrində keçirilib.
Qeyd olunan layihədə
yeddi Azərbaycan fotoqrafı iştirak edir. Onlar dörd istiqamət
üzrə paylanıblar. Sentyabrın 9-da onlar
Bakıya qayıdacaqlar. Bundan sonra çəkilən şəkillərdən
ibarət fotosərgi açılacaq. Bütün
bu proseslər bitdikdən sonra
isə TÜRKSOY-un təşkilatçılığı
ilə çəkilən şəkillərdən ibarət kataloq nəşr ediləcək ki, o da
türkdilli ölkələrin arxivində
yer alacaq. Belə layihələrin
keçirilməsi çox təqdirəlayiqdir.
Hazırda bölgələrdə çəkilişlər gedir. Nəzərinizə çatdırım ki, əcnəbi fotoqraflar
sentyabrın 2-də Azərbaycana gəliblər, sentyabrın
11-də isə işlərini bitirib öz ölkələrinə yollanacaqlar”.
TÜRKSOY-da
fotoqraflarının Ümumi Koordinasiya şöbəsinin sədri,
AFB-nin İdarə Heyətinin üzvü Rauf Ümidovla
söhbətimiz zamanı hazırda Qubanın Xınalıq kəndində
olduqlarını və əcnəbi fotoqraflarla tarixi ərazilərin
şəkillərini çəkdiklərini söylədi. Onun sözlərinə görə, çəkilişlərdə
Moldovadan, Özbəkistandan,
Qazaxıstandan, Qırğızıstandan, Şimali
Kipr Türk
Cümhuriyyətindən, Türkiyədən, Azərbaycanın
özündən nümayəndələr iştirak
edir. Fotoqraflar qruplara bölünərək başqa-başqa
bölgələrə yollanıblar. Qrupun
bir hissəsi hazırda Masallı-Lerikdə
çəkilişlər aparır. Onlar Lənkəranda,
Astarada olublar. Oradan Qobustanda rəsmlər çəkiblər. İkinci dəstə isə
İsmayıllı, Lahıc, Qəbələ, Şəki bölgəsində
olub. Üçüncü
qrup isə Qubanın Xınalıq kəndindədir
və çox çətin olan ərazilərə gedib
oradan görüntü
əldə etmək niyyətindədir: “Qubaya
gələn qrup özü
də iki yerə bölünüb.
İkinci hissə isə Təngəaltına
gedib. Dördüncü
qrup isə Gəncə-Göygöl
bölgəsindədir. TÜRKSOY- un təşkilatçılığı
ilə bizə avtobuslar verilib.
TÜRKSOY-un layihələrində incəsənətin
bütün sahələrinə yer ayırdıqları kimi
də fotoqraflara da xüsusi diqqət yetirilir.
Azərbaycanda bu layihə ilk
dəfə olaraq keçirilir.
Əcnəbi fotoqraflar vətənimizin
bölgələrində gördükləri mənzərələrə
heyran qalırlar. Mən TÜRKSOY-un
fotoqraf laboratoriyasında bir
dəfə də olmuşam. Fotoqraflar inkişaf etmiş ölkələrdə rəsmlər
çəksələr də, bizdəki qədər səfalı
və gözəl mənzərəli yerlər görmədiklərini
söyləyirlər. Onların vaxtı çox
azdır. Ona görə də Azərbaycanı
qarış-qarış gəzmək imkanları yoxdur. İnanıram ki,
onların gətirdikləri şəkillər sözün
yaxşı mənasında bir-birilərinə paxıllıq
edəcəklər. Şəkilləri görən hər bir kəs canlı şəkildə həmin əraziləri
görmək istəyəcək”.
Rauf
Ümidovun sözlərinə görə, sentyabrın 10-da
xarici ölkələrdən gələn fotoqraflarla yerli
fotoqrafların görüşü təşkil olunacaq. Onlar arasında çəkilən şəkillər
haqqında fikirlər mübadiləsi olacaq:
“Bu layihədə Azərbaycan
fotoqrafları da öz
şəkillərini nümayiş etdirmək
imkanı qazanacaq. Əcnəbi fotoqraflar Bakıda arxitektur
nümunələri, tarixi abidələri,
köhnə məhəllələrin şəkillərini
çəkdilər. Proqramımız o qədər
gözəl qurulub ki,
hətta yeməyə belə zamanımız olmur.
Bakıya döndükdən sonra sərgi
keçiriləcək ki, orada
50-60 şəkil yer alacaq.
5 aydan sonra kataloq hazırlanacaq ki, orada hər kəsin çəkdiyi şəkillər
yığılacaq. Orada təxminən 20
şəkil yer alacaq
və hər fotoqraf haqqında məlumat
veriləcək”.
“Buralar
görülməmiş, kəşf edilməmiş yerlərdir”
Ankaradan
gələn türk fotoqraf İsmayıl Haykır bizimlə
söhbətində vətənimizin çox gözəl və
səfalı olduğunu dedi, bölgələrimizi isə cənnətə
bənzətdi: “İnsanlarınız çox mehriban, cana
yaxın, səmimidirlər. Burada olduğum üçün
çox məmnunam. Buranın
havasını bəyəndim. Geri qayıtdıqdan sonra çəkdiyim
şəkilləri gördükdə hər kəsin təəccüblənəcəyinə
əminəm. Ölkəmə döndükdə çəkdiyim
rəsmləri çevrəmdəki bütün
insanlara göstərəcəyəm.
Çəkdiyim şəkillərdən albom
düzəltdirəcəyəm. Hər kəsə məsləhət
görəcəm ki, Azərbaycana gəlib
bu gözəl diyarı öz
gözləri ilə görsünlər. Buralar
görülməmiş, kəşf edilməmiş yerlərdir.
21-ci əsrdə belə gözəl bir yerin olmasından xəbərsiz olduğumuza görə çox
təəssüflənirəm”.
Gördüyümüz mənzərələrə
heyran qalmışıq
Şimali
Kipr Türk Cümhuriyyətindən gəlmiş Mehmet
Gökyigit də bizimlə söhbətində burada
olmağından məmnun olduğunu bildirdi. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, TÜRKSOY-un təşkil etdiyi
bu layihədə iştirak
etdir: “Gəldiyimiz gündən bəri gördüyümüz mənzərələr
qarşısında heyran
qalmışıq və həmin gözəllikləri
kameramızın yaddaşına həkk edirik.
Sentyabrın 11-də Bakıda sərgimiz olacaq.
Fotoqrafçılıq sənətinə maraq
göstərən hər bir kəsi orada gözləyirik. Mən ölkəmə döndüyüm zaman bizə
göstərilən bu yüksək
qayğını və hörməti orada
hər kəsə danışacağam. İndi
biz Xınalıqdayıq. Burada
hər şey çox
gözəldir. Hazırda burada toya gəlmişik, toyu
görüntüləyirik. İnsanlar bizə
qarşı çox isti
münasibət göstərirlər”.
Azərbaycanlı
fotoqraf Zemfira Mahmudova da dedi ki, xarici fotoqrafların vətənimizdə
gördükləri mənzərədən məmnun
olduqlarını dilə gətirdi: “Hələ ki, bölgələrdə
mənzərəli şəkillər çəkirik,
işimiz tam bitmədiyi üçün şəkillərim
barədə təəssüratlarımı tam
bölüşə bilməyəcəyəm. Ancaq əcnəbi fotoqraflar
gördükləri mənzərədən heyran
qaldıqlarını söyləyirlər. Bu
da bizim üçün çox sevindirici haldır”.
Mədəniyyət
və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı mətbuata açıqlamasında
TÜRKSOY “Fotoqraflar görüşü”-nün məqsədinin
türkdilli ölkələrin foto sənəti
ustalarını bir araya gətirmək, onların
yaradıcı ünsiyyətini təşkil etmək
olduğunu söyləyib. Onun sözlərinə görə, bu
layihə 10-cu dəfə reallaşdırılır və TÜRKSOY-un 20-ci ildönümünə təsadüf
edir: “14 ölkədən gələn fotoqraflar 4 marşrut
üzrə Azərbaycanın bölgələrinə səfər
edəcəklər. İstərdik ki, fotoqraflar Azərbaycanın tarixi yerləri ilə yanaşı, ölkədə
baş verən sosial,
iqtisadi inkişafı foto
obyektlərin yaddaşına köçürsünlər. Azərbaycan
foto ustaları üçün
cəlbedici bir ölkədir. Çünki zəngin tariximiz,
mədəni irsimiz, təbii gözəlliklərimiz
var. Qonaqlar burada zəngin mətbəx nümunələrimizi
də daddılar və dedilər ki, biz Azərbaycanda olduğumuz
zaman yalnız milli yeməklər
yeyəcəyik. Çalışacağıq ki,
hazırlanacaq fotoalbomda Azərbaycanın
hər bir məkanı əks olunsun. Bu fotoalbom
TÜRKSOY-un gələcək illərdəki
beynəlxalq tədbirlərində təqdim olunacaq
və beləliklə, dünyaya
yayılacaq. Bu nəşr vasitəsilə
dünya bir daha Azərbaycanla tanış olacaq.
Bu, xarici turistlərin
ölkəmizə marağının artmasına da bir töhfə
sayıla bilər”.
Qeyd
edək ki, layihənin sonunda foto əsərlərinin geniş
ictimaiyyətə təqdim edilməsi nəzərdə
tutulub. Bu məqsədlə sentyabrın 11-də “Qalereya 1969”
salonunda yekun sərgi açılacaq.
Xəyalə Rəis
Kaspi.-2013.-7-9 sentyabr.-S.7.