“Arşın
Mal Alan” Los Ancelesdə
Sentyabrın 7-də “Arşın Mal Alan” operettası Los Anceles şəhərində uğurla
nümayiş etdirilib
Konsulluqdan APA-ya verilən məlumata görə, dünyanın
ən böyük və məşhur opera teatrlarından olan, Los Ancelesin Dorothy Chandler Pavilion opera teatrında keçirilən
tamaşada 3000-dən çox
Los Anceles sakini iştirak edib.
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnak, bütün rolların ifaçıları
ABŞ-ın tanınmış
opera müğənniləridir. Çağdaş tərtibatda təqdim edilən operettanın mahnıları Azərbaycan
dilində ifa edilib, dialoqları isə ingilis dilində aparılıb.
Los Ancelesdə fəaliyyət göstərən
nüfuzlu Hollivud orkestri operettanın musiqisini yüksək ustalıqla ifa edib.
Operettanın 100 illik yubileyinə həsr olunmuş bu tamaşa “Arşın Mal Alan”ın Qərb dünyasında bu miqyasda ilk səhnələşdirilməsidir. “Arşın Mal Alan”ın Amerika tamaşaçısının
anlaya biləcəyi dildə təqdim edilməsinə çalışan
prodüser M.Şnak bu məqsədlə müxtəlif vasitələrdən
istifadə edib, çağdaşlıqla ənənəviliyin
vəhdətini yaratmağa
çalışıb. Tamaşaçıların gurultulu
alqışları bu
məqsədlərə nail olunduğunu deməyə əsas verir.
Tamaşanın son toy səhnəsində ifaçılar
səhnəyə Azərbaycanın
rəngarəng milli geyimlərində çıxıblar. Toy səhnəsinin
arxa fonunda isə Azərbaycan musiqisinin beşiyi, “Arşın Mal Alan” əhvalatının
keçdiyi Şuşa
şəhərinin qala
qapılarının görüntüsü
əks olunub. Bundan başqa, Azərbaycanın
ayrılmaz guşəsi
olan Qarabağın müxtəlif tarixi abidələrinin və təbiətinin görüntüləri
də arxa fona proyeksiya edilib. Baş konsulluq tərəfindən
nəşr edilmiş
və tamaşaçıların
hamısına paylanılmış
tamaşa proqramında
Şuşa şəhərinin tarixi və onun Azərbaycan
musiqisi və mədəniyyətində oynadığı
əvəzsiz roldan ətraflı şəkildə
bəhs edilib.
Tamaşadan sonra Azərbaycanın Los Ancelesdəki baş konsulluğu tərəfindən
ziyafət verilib. Los Anceles
şəhəri və
vilayətinin rəsmilərinin,
müxtəlif ölkələrin
baş konsullarının,
şəhərin ictimai
və mədəniyyət
xadimlərinin, Hollivud
aktyorlarının, rejissorlarının
və bəstəkarlarının,
universitet professorlarının,
KİV nümayəndələrinin və digər şəxslərin qatıldığı
ziyafətdə çıxış
edən Azərbaycanın
Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayev “Arşın Mal
Alan” operettasının bu
nümayişini Azərbaycan
mədəniyyəti tarixində
əlamətdar hadisə
adlandırıb. Baş konsul
uğurla keçən
tamaşanı Azərbaycan
prezidenti İlham Əliyev tərəfindən
müəyyənləşdirilən və onun rəhbərliyi
altında həyata keçirilən mədəniyyət
diplomatiyasının zəfəri
kimi dəyərləndirib.
Sonra Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Asim Mollazadə çıxış edərək,
tamaşanın önəmindən
bəhs edib və öz təəssüratlarını bölüşüblər.
Tədbirdə 10 milyonluq Los Anceles Vilayətinin İdarəçilər
Şurasının bütün
üzvləri tərəfindən
imzalanmış təbriknamə
baş konsul Nəsimi Ağayevə təqdim edilib. Təbriknamədə Azərbaycanın Los Ancelesin
mədəni müxtəlifliyinə
verdiyi töhfə yüksək qiymətləndirilir,
“Arşın Mal Alan” operettası
kimi məşhur əsərin Los Ancelesə
gətirilməsinə görə
təşəkkür ifadə
edilir.
Daha sonra məşhur Hollivud aktyoru, tamaşaçıların
“Rokki” filmlərindən
Apollo rolunun ifaçısı
kimi tanıdığı
Karl Vezers (Carl Weathers) çıxış
edərək, tamaşadan
böyük təəssüratlar
aldığını bildirib
və bu kimi layihələrin davam etdirilməsinin önəmini vurğulayıb. O, zəngin
Azərbaycan musiqisi və mədəniyyəti
ilə tanış
olmaq fürsəti əldə etdiyinə görə baş konsulluğa öz təşəkkürünü bildirib.
Qeyd edək
ki, tamaşadan dərhal sonra amerikalı tamaşaçılar
müxtəlif internet səhifələrində
və sosial şəbəkələrdə operettadan yüksək həzz aldıqlarını,
Azərbaycan musiqisindən
riqqətə gəldiklərini
bildiriblər.
Qeyd edək ki,
tamaşa Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və
təşkilatçılığı və Azərbaycan
Dövlət Neft Şirkətinin sponsorluğu ilə baş
tutub.
Kaspi.-2013.-10 sentyabr.-S.13.