“Mənim əsərim gələcəkdə
böyük bir iş görəcəkdir!”
Dahi Üzeyir Hacıbəyovun 100 il öncə tələbəykən “Arşın mal alan” haqqında dediyi bu sözlər bu gün tam şəkildə özünü doğruldur
“Gözəl musiqi, qeyri-adi geyimlər, çox maraqlı əhvalat. Biz özümüz üçün Azərbaycan, onun tarixi haqqında çox şeyi kəşf etdik, öyrəndik. Bu, əsl sensasiyadır. Bu həqiqətən də bizə - Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”. Bu fikirlər dahi Üzeyir Hacıbəyovun Los Anceles səhnəsində oynanılan “Arşın mal alan” operettasının premyarasında iştirak edən tamaşaçıların dilindən səslənib. Artıq 100 ildir ki, bütün dünyanı dolaşan məşhur operetta bu dəfə Los Ancelesi fəth edib.
Tamaşanın ABŞ-da premyerası Azərbaycanın və Amerikanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirilir. Belə ki, tamaşanın təqdimatı ölkəmizin rəhbərliynin Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmaz fəaliyyəti, Heydər Əliyev Fondunun Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği istiqamətində gördüyü işlər sayəsində mümkün olub.
Bütün Rusiyada ilk operetta
Qeyd edək ki, Üzeyir Hacıbəyov 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasını Sankt-Peterburq konservatoriyasında oxuyarkən qələmə alıb. Süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınan operettanı tamamladıqdan sonra dahi bəstəkar onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərib. A.Qlazunov əsəri çox bəyənib və onu bütün Rusiyada ilk operetta adlandırıb. «Arşın mal alan»a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.
«Arşın mal alan» operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy aktyor Hüseynqulu Sarabskiyə 30 iyul 1913-cü il tarixdə Sankt-Peterburqdan məktub göndərərək: “Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də «Arşın mal alan»ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. Inşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.
…Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir!” deyə yazıb.
1913-cü il oktyabr ayının 25-də (noyabrın 7-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında «Arşın mal alan» operettasının premyerası keçirilir. H.Sarabskinin quruluş verdiyi tamaşada Əsgər rolunu H.Sarabski, Gülçöhrəni Ə.Ağdamski, Soltan bəyi Ə.Hüseynzadə, Süleymanı H.Terequlov, Asyanı Gülsabah xanım, Tellini Olenskaya oynayır. Tamaşaya dirijorluğu Müslüm Maqomayev edir. Buradaca qeyd edək ki, Soltan bəy rolunu oynayan Ələkbər Hüseynzadə yaradıcılığı boyu səhnəyə 600 dəfə bu obrazla çıxıb.
«Arşın mal alan»ın ilk tamaşası cəmiyyətdə böyük maraq yaradır. Bir ilin içərisində "Arşın mal alan" yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır, tezliklə bir sıra dillərə tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar qazanır. Məsələn, 3 noyabr 1913-cü il tarixində nəşr olunan "Sədayi həqq" qəzetində yazılıb: "Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası "Arşın mal alan" camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə Cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir".
Lakin operettaya mənfi rəy verənlər də az deyildi. 27 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində Hacı İbrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: “"Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar".
1917-ci ildə Bakıda operetta yenidən tamaşaya qoyulur və onun ifaçıları yalnız kişilərdən ibarət idi.
“Arşın mal alan” tamaşası artıq 100 ildir ki, səhnədən düşmür. Tamaşa dünyanın müxtəlif səhnələrində oynanılıb. 2013-cü ildə YUNESCO-nun Baş Konfransının 36-cı sessiyasında “Arşın mal alan” operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Həm qalmaqallı, həm də şöhrətli
“Arşın mal alan” operettası əsasında eyniadlı musiqili film isə daha böyük uğur qazanıb. Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sözlərinə görə, “Arşın mal alan” filmi ilk dəfə 1916-cı ildə ekranlara çıxıb. Rejissor Boris Svetlov tamaşaya baxdıqdan sonra eyniadlı film çəkmək qərarına gəlib. Rejissor tamaşanı o qədər bəyənib ki, səhnə əsərində iştirak edən aktyorların hamısını filmin çəkilişlərinə dəvət edib. B.Svetlov Əhməd Ağdamskinin “Gülçöhrə”sini, Yunis Nərimanovun “Xala”sını o qədər xoşlayıb ki, «Qoy elə filmdə də bunlar oynasınlar» deyib. Bundan əlavə, Hüseynqulu Sarabski “Əsgər”, Mirzəağa Əliyev “Süleyman”, Ələkbər Hüseynzadə “Soltan bəy”, Trequlov “Vəli” rollarını oynayıblar. Ancaq film 3-4 gün nümayiş olunandan sonra Üzeyir Hacıbəyov onu ekranlardan çıxartdırıb. Film Üzeyir bəyin xoşuna gəlməyib. Bununla belə, filmi Orta Asiya ölkələrində və başqa ölkələrdə nümayiş etdiriblər”.
«Arşın mal alan»nın
ikinci versiyası
1945-ci ildə çəkilib.
Rza Təhmasibin quruluşçu
rejissor olduğu film ölkəyə böyük
miqdarda valyuta qazandırıb. Filmin
çəkiliş prosesinin
çox uzun çəkdiyini bildirən
A.Kazımzadənin sözlərinə
görə, ekran əsərinin çəkilişi
1940-cı ildə plana
salınsa da,
1944-cü ildə çəkilməyə
başlayıb. “Bu filmin başı həm qalmaqallı olub, həm də şöhrətli.
Bir tərəfdən filmin çəkilməsinə müharibənin
başlaması mane olub,
digər tərəfdən
filmin ssenarisinə baxan komissiya müəyyən dəyişiklik
etmək istəyib.
Filmi dinlə bağlamaq istəsələr də,
Üzeyir Hacıbəyov
imkan verməyib.
Daha sonra Moskva mane olub. Əvvəlcə Moskva filmin çəkilməsinə razılıq
versə də, sonradan filmin sovet hökumətinə heç bir xeyir gətirmədiyini müəyyən ediblər.
O mənada ki, film sovet hökumətini deyil, inqilabdan əvvəlki Azərbaycanı
təbliğ edirdi. Moskvadan Azərbaycana məktub ünvanlayıblar ki, filmi müzakirə etsinlər. Bəlkə heç onu
çəkmək məsləhət
deyil? Amma Azərbaycan hökuməti
«film çəkilməlidir» - deyə öz qərarını dəyişmir.
Onlar ümid edirdilər ki, həmin məktub Mircəfər Bağırova çatsa,
o, Moskvadan qorxacaq və deyəcək ki, daha filmi
çəkməyin. Amma
əksinə olur...” Filmin çəkilməsi Stalinin
göstərişi ilə
həyata keçirildiyindən
Mircəfər Bağırov
çəkilişlərə xüsusi nəzarət edib.
Film eyni zamanda iki dildə – həm rus, həm
də Azərbaycan dilində çəkilib. 1945-ci ilin iyul ayında
filmi Moskvaya təhvil verəndə böyük qalmaqala səbəb olur. Komissiyanın üzvləri filmi
tənqid edirlər.
Belə qərara gəlirlər ki, film ekranlara çıxmasın. “Deyirlər ki, müharibədir, insanlar aclıq içində, amma bu filmə
filan qədər pul ayrılıb. Ancaq o zaman hansı film çəkilirdisə, onun
siyahısı tutulub Stalinə verilirdi. Müharibə olmasına baxmayaraq,
Stalin filmlərin hamısına
baxırdı. O, siyahıda
«Arşın mal alan»ı görəndə
ona da baxmaq
istədiyini bildirib. Stalin hətta filmə
baxandan sonra Rəşid Behbudovla birlikdə ariyaları oxuyub. O, Tbilisidə də tamaşanı bir neçə dəfə görmüşdü”.
Stalin bəyəndiyi üçün
film iki kinoteatrda nümayiş etdirilir. İnsanlar səhərə
qədər növbədə
dururlar ki, filmə bilet alsınlar. Filmin uğurunu görüb
daha sonra ekran əsərini başqa kinoteatrlarda nümayiş etdirirlər.
Bundan sonra filmin kütləvi
nümayişlərini keçirirlər.
“Yenə də
böyük marağı
görüb filmi min tirajlarla Sovet İttifaqına buraxırlar.
Sonra film
xaricə çıxır.
Film o qədər valyuta qazanır ki, hətta onun sayını itirirlər. İndiyə qədər də onun dəqiq sayını bilən yoxdur”.
Təkcə 1945-ci ildə bu
filmə 16,27 milyon tamaşaçı baxıb. Film 8-ci yeri
tutmaqla prokat lideri olub. “Arşın mal alan”
nəinki Azərbaycan,
həm də sovet kinosuna dünya şöhrəti
qazandırır. “Arşın
mal alan”ın xarici ölkələrdə
böyük uğurla
satılması "Eksportfilm"in
(SSRİ-nin xarici ölkələrlə film ticarəti
edən təşkilatı)
yeni "Arşın
mal alan"ı sifariş
verməsinə səbəb
olur.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan
sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir
göstərmiş sovet
filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş
xarici ölkə filmlərinin arasından
"100 sevimli film" seçilib.
Həmin
filmlər üç
hissəyə - Qızıl,
Gümüş və
Bürünc siyahılara
ayrılıb. 1945-ci ildə
istehsal olunan "Arşın mal alan"
kinokomediyası məşhur
kino mütəxəssislərinin
yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilib.
1946-cı
ildə bəstəkar
Üzeyir Hacıbəyov,
rejissor Rza Təhmasib, aktrisa Leyla Bədirbəyli, Münəvvər Kələntərli,
aktyorlar - Rəşid
Behbudov, Lütfəli
Abdullayev və Ələkbər Hüseynzadə
SSRİ Dövlət mükafatına
layiq görülüb.
Aydın
Kazımzadənin sözlərinə
görə, 136 ölkədə
nümayiş etdirilən
film 86 dilə tərcümə
edilib: “Hətta, həmin ölkələrin
çoxu filmi alıb. Çində isə film çinli
rejissor tərəfindən
yenidən çəkilərək
nümayiş etdirilib”.
«Arşın mal alan»-ın 3-cü ekranlaşdırması
isə 1965-ci ildə Tofiq Tağızadənin rejissorluğu ilə həyata keçirilib. Ekran əsərində Həsən Məmmədov,
Leyla Şıxlinskaya,
Ağadadaş Qurbanov,
Nəcibə Məlikova,
Hacımurad Yegizarov və s. aktyorlar çəkilib.
Təranə Məhərrəmova
Kaspi.-2013.-11 sentyabr.-S.12.