Naxçıvanın özəllikləri
və gözəllikləri
(səfər qeydləri)
Naxçıvan Hava Limanında
gördüyüm bir mənzərə bu qeydlərə təkan
verdi, nələrisə yadıma saldı. Ayağı şikəst
cavan oğlanı xüsusi qurğulu maşına qoydular, həmin
maşın təyyarəyə yaxınlaşıb cavanı
ora təhvil verdi. Cavanın üzündə təbəssüm
vardı. Ona göstərilən qayğıdan
çaşmış və şikəstliyini unutmuşdu.
Mən
bu cür mənzərəni xarici aeroportlarda
görmüşdüm və şikəstlərə
yaradılan şəraitə paxıllığım
tutmuşdu. «Bizdə niyə belə olmasın?» -deyə
ürəyimdə dəfələrlə
düşünmüşdüm. Və oldu da.
İndi
Azərbaycan və onun bir parçası olan Naxçıvan
gözlərimiz önündə tikilir, canlanır,
abadlaşır.
İlk dəfə Naxçıvana 1996-cı ilin
avqustunda getmişdim. «Azadlıq» radiosunun müxbiri kimi
eks-prezident Əbülfəz Elçibəydən müsahibə
almağa. Qayıdandan sonra «Barı
Naxçıvan, yoxsa Naxçıvan barı» adlı yazı
da yazmışdım. Təxminən belə:
Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək
deyil. Bileti qeydiyyatdan keçirmək də
uçmaq deyil. Təyyarəyə oturmaq
da uçmaq deyil.
Şəhərin hava limanı bərbad gündəydi. Təyyarəyə
minmək üçün min bir əzaba
qatlaşmalıydın.
Məqaləyə reaksiya müsbət oldu. Aeroport
işçiləri cəzalandırıldı, yenilərilə
əvəz olundu.
İndi o günlər geridə qalıb. Naxçıvan
Hava Limanı çox müasirləşib, çağdaş
tələblərə cavab verir. Uçduğumuz
təyyarə təptəzəydi. AZAL-a təşəkkürlər.
Hələ bir neçə il öncə Türkiyəyə,
Qarsda konsulluğumuzun açılışına gedəndə,
2009-cu ildə Naxçıvanın 85 illiyinə dəvət
olunanda da şəhərin geniş, təmiz küçələri
məni sevindirmişdi. İndi də eləcə.
Bura bir az Yeni Aşqabada oxşayır. Yol xidmətçiləri hər səhər və
axşam küçələri təmizləyir,
maşınlar yolları sulayır. Yolda
bir çöpə də rast gəlməzsən.
1999-cu ildə Fransaya, Strasburqa gedəndə meşələrə,
yollara baxıb köks ötürmüşdüm. Sanki meşədəki
ağacların yarpaqları tökülmürdü, yollarda
maşınlar yox, tozsoranlar və süpürgələr hərəkət
edirdi. Bu qədər təmiz yol olmaz ki… «Bizdə niyə
olmasın?» - deyə
düşünmüşdüm. Və oldu da.
Hər şənbə günü Naxçıvanda iməcilikdir. Əli bel
tutan dövlət qulluqçuları, müəllimlər
öz küçə və qapısını təmizləyir.
Burada hər bir işçi mənsub olduğu
idarənin bağçası ilə fəxr edir. Niyə də etməsin ki…Hər tərəf
yaşıllıq və gül-çiçək.
Yeri gəlmişkən, İsrailin suvarma təcrübəsi
Naxçıvanda da tətbiq olunub. Boz çöllüklə
uzanan yolların kənarında ağaclar əkilib. Damcı üsulu ilə suvarılır. Bir az keçməz ki, boz çöllüklərdən
əsər-əlamət qalmaz. Şənbə
günləri ağacların dibi yumşaldılır,
sulanır.
Düzdü, bu iməciliklər adamların istirahətindən
kəsilir, amma yaxşı, abad ölkədə yaşamaq istəyirsənsə,
hər əzaba qatlaşmalısan. Bu ölkə sizin
özünüzçün qurulur. İş
olan yerdə isə, necə deyərlər, əyər-əskik
də olacaq. Qorxulusu ətalətdir. Vətən işgüzarların çiynində
ucalır.
Naxçıvanlı dostlarım hər şeyin – ərzaqdan
tutmuş sementə qədər Muxtar Respublikada istehsal
olunduğunu deyir və açıq-aşkar qürurlanırlar. Naxçıvan
dağları rəngbərəngdir. Kərpici
daha İrandan almırlar. Hər rəngdə
kərpic istehsal edirlər, rəng qatmağa ehtiyac da yoxdur.
Xeyir vətənə və onun insanlarına
qalır.
Belə bir münasibəti İsraildə gördüm. Onlar vətənlərilə
açıq-aşkar fəxr edirdilər. Vətənlə
fəxr etməsən, yağılar onu əlindən alacaq.
Bu müsibətləri başımız
çox çəkib.
Azərbaycanın basılmaz qalalarından sayılan
Naxçıvan öz dağları və insanları kimi məğrurdur. Vətən
öz vətəndaşlarına oxşayır. Çünki vətən –anadır. Oğulsa valideynə bənzəməlidir.
Müəllim
və şagirdlərin öz fomaları var. Aralıdan
tanımaq olur: ağ kofta (köynək) və
qara yubka (şalvar).
Dövlət
məmurunun iş vaxtı, yaxud cəmiyyət içində
açıq-saçıq geyinməsi yasaqdır. Məmursansa, ona da uyğun geyinməlisən. Azad həyat istəyirsən, onda dövlət
işinlə vidalaş. Uşaqlar örnəklərlə
böyüyürlər.
Burda maşınlar təkəm-seyrəkdir. Çünki hamı iş
başındadır.
Maşın siqnalı eşitməzsən. İlk dəfə
Londonda bunun şahidi oldum. Şəhərə
girişdə tıxac olsa da, o qədər maşından biri
siqnal vermirdi. Sanki onların
siqnallarını çıxarmışdılar. Onda da paxıllığım tutmuşdu. «Bizdə
niyə belə olmasın?» - deyə düşünmüşdüm. Oldu da. Ən azı
Naxçıvanda belədir.
Bakının Vasif Talıbovu çatışmır. Siqnal əlindən
yatmaq olmur. Yeri gəlmişkən, mən
bu barədə cənab nazir Ziya Məmmədova yazıb
narazılığımı bildirmişəm. Mənasız bir təsəlli kağızı
göndəriblər. Guya düzələcək
və guya Nəqliyyat Nazirliyi bu işlə məşğuldur.
Bəs nə oldu? «Vozduşka»lar öncə pəncərələri, sonra
adamın qulağını deşir, əsəblərini
cırmaqlayır. Bu cür siqnallardan heç
Tayqa meşələrində də istifadə eləmirlər.
Minlərlə adam bundan əziyyət
çəkir. Mənə elə gəlir ki,
Bakıda maşınların siqnallarını
çıxarmaq lazımdır. Bura cəngəllik
yox, böyük bir ölkənin paytaxtıdır.
Taksilər
Bakıdakı kimi adamın qolundan tutub, az
qala maşına soxmur. Taksi sürücülərinin öz
forması var: harda olursa-olsun, lap uca dağ kəndində. Belə mənzərəni Avropada
görmüşdüm. «Bizdə niyə
olmasın» -demişdim. Oldu da.
Nəysə, gileydənsə
xoşladıqlarımızdan yazaq.
Mən
Naxçıvanı Quzey Kiprə bənzətdim: öz
landşaftı və relyefinə görə. Türklər
Kipri «yavru vətən» sayırlar. Naxçıvan
da bizim yavru vətənimizdir. Sərhədlərimizdən
aralı düşdüyünə görə.
Bir zamanlar blokada həyatı keçirən, saatlarla
işığa, suya, qaza həsrət qalan Muxtar
Respublikası indi Arpaçayın hesabına özü enerci
istehsal edir, hətta qonşu Türkiyəyə də
satmağa hazırlaşır. Burda ən uzaq dağ
kəndi də qazlaşdırılıb.
Bu torpaq böyük vətənimizə möhtəşəm
simalar bəxş edib. Siyasətçilərdən tutmuş
yazıçılara qədər. Ad
çəksəm, uzun bir siyahı alınar. Təkcə Müasir Azərbaycan dövlətinin
qurucusu, siyasət nəhəngi Heydər Əliyevin və nəsrin
sütunlarından biri Jəlil Məmmədquluzadənin
adını çəksəm yetərlidir. Vətən siyahı ilə yox, qeyrətli
oğulları və zənginliklərilə öyünməlidir
və öyünür də.
«Haça dağ» Naxçıvanın yolgöstərəni
(mayakı), «Mömünəxatun» türbəsi pasportudur.
Nuhun məbədini görmüşdüm. Arzum «Əshabi-kəf»i
ziyarət eləmək idi. İstəyimə
çatdım da. Möhtəşəm
ziyarətgahdır. Səliqə-səhman,
təmizlik. Adamın ürəyi
açılır. Ziyarətgahın
girişindəki lövhədə Qurandan ayələr
yazılıb. Bəzən adamlara adi mətləbləri
müqəddəs sözlərlə başa salmaq
lazımdır. Çünki belə asan
olur.
Duzdağ tamam başqa bir əfsanədir. Əziz bir
yaxınım Duzdağda müalicə olunurdu. Öncələr oranı görmüşdüm,
amma bu dəfə yaxından tanıyası oldum. Sovetlər
dövrünün ən yaxşı ənənələri
burda qorunur: təmizlik, səliqə-səhman, həkim
intizamı. Vətənimizin və
dünyanın müxtəlif guşələrindən bura
şəfa tapmaq üçün gəlirlər və
tapırlar da.
Ordubadı ziyarət eləməmək günah
olardı. Tarixdən əsl müsəlmanların
yaşadığı bölgə kimi tanınan Ordubad öz
qədimliyilə seçilir. Hələ
«Şah Abbas» romanını yazarkən bu bölgənin tarixinə
vurulmuşdum. Şah Abbasın baş vəziri
Hətəm xan bir zamanlar burda abad işlərlə ad
çıxarıb.
Ordubad Jümə Məscidi bir neçə dəfə
təmir olunub, yenidən qurulsa da, Şah Abbasın məşhur
fərmanı yenə də lap başda qoyulub, divara
hörülüb. Bu fərmanla o, Ordubad əhalisini əsl
şiə olduğuna, dövlət və vətən yolunda
göstərdiyi şücaətə görə bütün
növ vergilərdən azad edib.
Akademk
Yusif Məmmədəliyevin ev-muzeyində olduq, bura yenidən
təmir olunur, Azərbaycan tarixi
romançılığının banisi Məmməd Səid
Ordubadinin muzeyinə də baş çəkdik, amma iş
vaxtı qurtardığından oranı gəzə bilmədik.
Ordubadda təmirə ehtiyacı olan qədim binalar
çoxdur. Mənə izah elədilər ki, şəhərin
küçələri dar olduğundan burada təmir-bərpa
işləri aparmaq çətindir, amma belə bir niyyət
var.
Dostlar sağ olsunlar. Həmin günlər
qayğılarını bizdən əsirgəmədilər.
Yeri gəlmişkən, AYB-nin Naxçıvan
filialı üçün gözəl şərait
yaradılıb. Şəhərin mərkəzində
yerləşən binada səkkiz otaq verilib. Öncələr
iki otaqda yerləşən Naxçıvan Yazarlar Birliyi indi
azadlığa çıxıb: öz iclas zalları,
kitabxanaları, kabinetləri, gənclər otağı.
Gümüş
gölün ətrafını dolandıq, burada salınmış
yaşıllıq zolaqları ilə tanış
olduq. «Gümüş göl əfsanəsi»
filmi burada çəkilib.
Şərur münbit torpağı ilə seçilir,
Muxtar Respublikanı ət məhsulları və meyvə ilə
təmin etmək gücündədir.
Naxçıvanın rəngbərəng farel
balıqları dillər əzbəridir. Burada balıqçılıq
sürətlə inkişaf edir.
Möhtəşəm və qədim Araz qürub edən
günəşin şəfəqləri altında bərq
vurur, sanki bəyaz bir karvan harasa köç edir.
Naxçıvanlıların qonaqpərvərliyi hər
addımda özünü göstərir. Bizi hər şeyə qonaq
etdilər – yeyib-içməkdən tutmuş, bolluca söhbətə
qədər…
Muxtar ölkədə olarkən burada yetişib
boya-başa çatmış naxçıvanlı
dostların bəzilərilə telefonla hal-əhval tutduq,
hamısı öz köməyini təklif elədi. Sağ olsunlar…
Bakıya döndükdən sonra təsadüfən bir
tanışımı gördüm. Mərhum şair Polad İlyasın
adını daşıyan 13 yaşlı nəvəsi öz xəstəliyi
və ailəsinin problemlərilə bağlı
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova
müraciət edib və ondan dəstək alıb. «Çox
adama müraciət elədik, amma ən ciddi reaksiyanı
Talıbov verdi» - deyə tanışım toxtaqcasına dedi,
sanki, bütün problemləri həll olunmuşdu.
Hə, indi yadıma düşdü. Naxçıvan
aeroportundakı şikəst oğlanın üzündəki
təbəssüm həm də minnətdarlıq əlamətiydi:
böyük vətənimiz Azərbaycana, yavru vətənimiz
Naxçıvana və Azərbaycan Hava Yollarına…
Bakı-Naxçıvan-Bakı
30 avqust - 3 sentyabr 2013
Elçin
Hüseynbəyli
Kaspi.-2013.-12 sentyabr.-S.15.