Milyonçunun qardışı oğlu

Aydın Kazımzadə

 

Unudsaq, unudularıq

İncəsənətə gələn yollar heç də hamar və asan olmur. Bu gün rejissorluğu, aktiyorluğu, operatorluğu özünə peşə secmək qərarına gələnlər müxtəlif ali təsil ocaqlarında pesə hazırlığı keçə bilirlər. 20-30- cu illərdə isə vəziyyət tamamilə başqa cür idi.

Birincisi, uzaq 20-ci illərdə həyatını incəsənətə həsr edənlər nəinki rejissorluğun əsaslarını, hətta ibtidai quruluşunu belə bilmirdilər. Bunu yenicə öyrənməyə başlamışdılar. Dövrün ab-havası, yeni axtarışlar, kəşflər, kinonun təsvir dilinin öyrənilməsi və onun təcrübədə tətbiq olunması – bütün bunlar o vaxtlar hələ gənc olan kinematoqrafçılarımızı yeni-yeni əsərlər yaratmağa ruhlandırır, onlarda gələcəyə inam hissini möhkəmləndirirdi.

İkincisi, 30-cu illərdə Moskvaya gedib Ümumittifaq Dövlət kinematoqrafiya İnstututunda təhsil almaq hamıya müyəssər olmurdu. Belələri üçün çəkiliş meydançaları əsl universitetə çevrilirdi. Azərbaycan kinematoqrafçılarından M.Mikayılov, A.M.Şərifzadə, M.Dadaşov, M.Əlili, Ə.Həsənov və daha bir neçə nəfər sənət adamı məhz çəkiliş meydanlarında kino sənətinin sirlərinə yiyələnmiş, əsil sənət universiteti keçmişlər. Onların kinorejissorluğu belə başlanmışdır.

30-40-cı illər Azərbaycan kinosunun tarixinə nəzər salanda sənədli filimlərlə bağlı rejissor Əbdül Həsənovun adına təsadüfən də olsa rast gəlmək mümkündür. O,vaxtilə Bakı kinostudiyasında çalışan ən fəal rejissorlardan biri olmuş , müstəqil olaraq 20- dən artıq sənədli film çəkmişdir. Lakin Əbdül müəllim 40- cı illərin conunda kinostudiyadan getmiş və bir daha kino sahəsinə qayıtmamışdır. Hətta bundan sonra onu heç vaxt görən olmamışdır.

Bu əhvalatdan uzun illər keçəndən sonra “Azərbaycan kino ensiklopediyası” üçün materiyal hazırlayarkən necə deyərlər, tarixin qaranlıq və dolambac yollarında “ yoxa çıxıb” unudulan kinorejissorun sənət və ömür dünyasının izinə düşərək, axtarışlar aparmalı oldum.

Kinostudiyada nə cavan, nə də orta yaşlı kino işçiləri belə bir adamı tanımadıqlarını söylədilər. Yaşlı nəslin nümayəndələrindən – rejissor M.Dadaşov onun bülbüləli, rejissor N.Bədəlov isə həmkarının əmircanlı olduğunu söylədilər. Mən də bu istiqamətlərdə axtarışlarımı davam etdirdim. Döymədiyim qapı qalmadı. Lakin heç bir nəticə əldə edə bilmədim. Həhayət verilişlərimin birində televiziya ilə tamaşaçılara müraciət etdim. İki gündən sonra Ə.Həsənovun oğlu Qafur Ramanadan zəng vurub səsimə səs verdi. Telefonda sevincimdən danışa bilmirdim. Qəhər məni boğurdu. Çünki neçə illik gərgin axtarışlar nəticəsiz qalmamışdı. Ertəsi günü diktafonumu götürüb Ramanaya yollandım. Əvvəlcə Ə.Həsənovun Ramanadakı qəbristanlıqda məzarını ziyarət etdim. Sonra Qafur müəllimin mənzilində Ə.Həsənovun övladları,gəlin və nəvələri, həmçinin qardaş və bacısı ilə tanış oldum, onların səsini yazdım. Beləliklə, rejissor Ə.Həsənov haqqında xeyli məlumat topladım .

Əbdül Həsənov Məmmədqafur oğlu 1905-ci il noyabırın 24-də Ramanada anadan olub. Ailə böyük olduğuna görə Əbdülün əmisi Məmmədsadıq Həsənov bu ailəni öz himayəsinə götürüb. Məmmədsadıq Bakı milyonçularından biri olub. Onun Keşlədə sement zavodu, Abşeronda heft mədənləri, Bakıda imarətləri, mülkləri, ticarət obyektləri var idi. O, H.Z.Tağıyev, Ş.Əsədullayev və M.Nağıyevlə dostluq edirdi.

Əbdülün anası içərişəhərli, atası ramanalı idi. Əbdülün uşaqlıqdan dayələri olub: biri alman, digəri rus. O, ana dilindən başqa türk, alman və rus dillərini də mükəmməl bilirdi. Pianinoda çox gözəl çalırdı. Əbdül Bakıda fəhlə fakültəsində (rabfak) təhsil almışdı. 1926-30-cı illərdə Bakının keçmiş Lelin payonunda savadsızlığın və az savadlılığın ləğv olunması üzrə payon xalq təhsili şöbəsinin keçirdiyi kampaniyada 16 yaşından müəllim kimi iştirak etmişdir. Həmin illərdə Ramanadakı klubda səssiz filmlərin nümayişi zamanı Əbdül piano arxasına keçib ekranda baş verən hadisələri gözəl çalğısı ilə müşayiət edirdi. Ə.Həsənovda kinoya olan sevgi buradan yaranmışdı.

1920-ci ildə Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra öz müstəqilliyini itirdi. Ölkəmizin yeraltı və yerüstü sərvətləri rus imperiyasının əlinə keçdi. Varlıların, o cümlədən milyonçu Məmmədsadığın varidatı, var- dövləti sovet hakimiyyətinin ixtiyarına keçdi. Onlara burjuy adı qoyub kimini güllələdilər, kimini sürgünə göndərdilər, kimi də başını götürüb xaricə qaçdı. Dövlətlilərin ailələrini mülklərindən çıxarıb, onları daxmalarda yerləşdirdilər. Olduqca acınacaqlı vəziyyət yaranmışdı. 15 yaşlı Əbdül valideyinləri ilə birlikdə əmisinin Ramanada neft mədənlərində çalışan fəhlələr üçün tikdirdiyi baraklara köçürüldü. Həyat isə öz axarında gedirdi... Gənc Əbdül 1930-cu ildə Mockvaya gedib Dövlət Kinematoqrafiya İnstitutuna imtahan verir və yüksək qiymətlərlə kinorejissorluq fakultəsinə daxil olur. İlk gunlərdən böyük bir həvəslə kinonun sirlərinə yiyələnməyə başlayır. Çalışqanlığı və dərslərinin yaxşı oxuması ilə müəllimlərinin diqqətini cəlb edir.

Özünün ailə üzvlərinə etdiyi söhbətlərdən aydın olur ki, təxminən altı aydan sonra institutun rektoru Əbdülü yanına çağırıb deyir: ”Yoldaş Həsənov, sizin çalışqanlığınız və fəallığınız müəllim heyəti tərəfindən yüksək qiymətləndirilir. İstedadınıza söz ola bilməz. Dilimizidə gözəl bilirsiniz. Ançaq,,. Neyləmək olar, sizin haqqınızda Ramanadan məktub gəlib. Yazırlar ki, siz məşhur milyonçunun qardaşı oğlusunuz. Artıq sizin barənizdə əmr almışıq. Elə buna görə də bu gündən etibarən institutdan xaric olunursunuz.”

Təxminən belə bir əhvalat Əbdülün qardaş və bacılarının da başına gəlib.“Siz kapitalist ailəsindənsiniz” deyib kimini işdən çıxarıblar, kimini də təhsildən qovublar. Qəribə zəmanə idi...

Bu hadisədən sonra nə qədər ağır olsa da, Əbdül sarsıntılar içində institutu tərk edib Bakıya qayıdır. Lakin ruhdan düşmür.Və 1931-ci ilin iyun ayında Bakı kinostudiyasında işə düzəlir, operator köməkçisi kimi fəaliyyət göstərir. Lakin rejissorluğa həvəsi daha çox olduğu üçün 1934-cü ilin noyabr ayında rejissor assistenti vəzifəsinə keçrilir. Bundan sonra onun universiteti Bakı kinostudiyası və çəkiliş meydançaları olur. Rejissorlardan

M.Mikayılov, R.Təhmasib, B.Pumpyanski, Q.Braginski, S.Bədəlov, V.Yeremeyev, İ.Tartakovski ona müəllimlik edirlər.

Ə.Həsnov Bakı kinostudiyasında xronika şöbəsinin ən fəal rejissorlarından biri olur. O, kinostudiyada mövcud olan nöqsanlara qarşı barışmazlığı ilə fərqlənir.

Bakı kinostudiyası xronika şöbəsinin yaradıcı işçilərinin istehsalat iclasının protokolundan ( 4 mart 1948-çi il. Gündəlikdə: Xronika şöbəsində işin yenidən qurulması haqqında ):

Həsənov Ə.- Əsas məsələ - Nə üçün bizdə kinojurnallar pis vəziyyətdədir? Bu,tənqid və özünətənqidi ilə bağlıdır. Əgər mən jurnalı pis hazırlamışamsa, nə üçün məni danlamırlar? Nə üçün operatorların materiallarını brak etmirlər və yaxud tərifləmirlər. Maddi vəziyyəti nəzərə alaraq mükafatların verilməsi insanları yalnız korlayır. Budur, bu gün jurnalı qəbul etdilər və hamı bir ağızdan təriflər yağdırmağa başladı. Bəs niyə heç kəs nöqsanları görmədi? O vaxta qədər ki, jurnallar nəzarətsiz hazırlanaçaq, onlar keyfiyyətsiz olacaq.

Mən yoldaş Seytlinə demək istəyirəm ki, biz niyə rejissorları simasızlaşdırmalıyıq. Hamı Həsənovu danlayır, belə halda bir direktor kimi mənə qarşı tədbir görün.”

1936-cı ildə rejissor Ə.Həsənov həmkarları ilə birlikdə “Bakıda Staxanov mayı “ sənədli filmini çəkir. Filmdə Bakının sənaye müəssisələrində Staxanov hərəkatının təbliğindən bəhs olunur. 1937-ci ildə “ Dağlıq Qarabağda ,” “ Şuşa kurort və istirahət mərkəzidir” flimlərini lentə alır. Adlarından da göründüyü kimi, birinci film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun o dövürkü qayğılarından söhbət açır, eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışır. İkinçi film qədim Şuşa kurort şəhərinin tarixi abidələri, mənzərəli guşələri və Daşaltı dərəsində pionerlərin gəzintisi göstərilmişdir.

Sonrakı illərdə rejissor “ Yaşasın Azərbaycan artistləri,” “Böyük maarifçi - yazıçı M.F.Axundov,” “Bakı hazırdır,” “Rəhbərin vətəninə,” “Kürdüstanda,” “Artyom adası”, “Böyük Oktyabr sosialist inqilabının XXIII ildönümü”, “Zaqatala” sənədli filmlərini lentə alır.

“Zaqatala” filmi tamaşaçıları buranın bənzərsiz təbiəti, Zaqatala qalası, yaylaqları, ən başlıçası isə əməksevər insanları ilə tanış edir.

“Bakı hazırdır!” filmində 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqləri barədə danışılır. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından söhbət açılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir.

Böyük Vətən müharibəsi başlanana kimi Əbdül Həsənov daha iki sənədli film yaradır: “Bir may Bakısı” və “Çənub sərhədlərinin keşiyində”.

22 iyun 1941-ci il. Səhər saat 4-də faşist Almaniyası Sovet İttifaqına qarşı elan olunmamış müharibəyə başladı. Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin mühüm və həllediçi tərkib hissəsinə çevrildi. Müharbənin başladığı ilk günlərdə Azərbaycan xalqı da ümumi düşmənə qarşı ölüm-dirim mübarizəsinə ayağa qalxdı.

Ə.Həsənov 1941-çi ilin noyabırında orduya çağrılır. 1942-ci ildə döyüşən ordunun tərkibində düşmənə qarşı vuruşlarda dəfələrlə iştirak edir. Qısa istirahət saatlarının birində Azərbaycandan gəlmiş bir qrup yazıçı və incəsənət ustası ilə əsgərlərin görüşü olur. Burada Ə.Həsənov Bakı kinostudiyasının direktoru, görkəmli şair Rəsul Rza ilə rastlaşır. Məhz R.Rzanın səyi, yuxarı təşkilatlara müraciyyəti nəticəsində nəinki Əbdül Həsənov, həm də operatorlardan Seyfulla Bədəlov, Arif Zeynalov cəbhədən geri çagrılır və Bakı kinostudiyasına işə qaytarılır.

Bununla bağlı Rəsul Rza kinostudiyada keçirilən iclasların birində çıxışı zamanı bu məsələyə toxunaraq demişdir: “ Bəzi işçiləri ordudan geri qaytara bilmişik. Bu, bizim üzərimizə böyük mənəvi məsuliyyət qoymuşdur. Çünki əgər biz ordudan adamları şıxarırıqsa, deməli, onlar özlərini həqiqətən

doğrutmalıdılar. Sübut etməlidilər ki, onlar cəbhədən daha çox burda lazımdırlar. Mən şadam ki, Seyfulla Bədəlov, Arif Zeynalov, Əbdül Həsənov belə insanlardır, belə işçilərdir.”

Kinostudiyanın direktoru R.Rzanın təriflədiyi Əbdül Həsənov kino sahəsinə gəldiyi ilk gündən həm rəhbərliyin, həm də bütün kollektivin hörmətini qazanmışdır. Təsadüfi deyil ki, kinostudiyada çalışdığı illərdə ona dəfələrlə təşəkkür elan edilmişdir.

Rejissor müharibədən sonra daha üç sənədli film çəkir: “Daşkəsən,” “Azərbaycan-Özbəkistan” və “Stalin blokunun yeni qələbəsi.”

Bundan sonra onun həyatında qəribə hadisələr baş verir. 40-cı illərin sonunda Ə.Həsənov “Səadət” adlı roman yazır. Onu “tanınmış” yazıçılardan birinə göstərir. Xahiş edir ki, romanı oxuyub rəyini bildirsin. Yazıçı rejissorun xahişini yerinə yetirmək əvəzinə Əbdül müəllimə deyir ki, sən rejissorsan, get, rejissor işinlə məşğul ol. Yazıçılıq sənın nəyinə lazımdır. Sən gəl romanı ver mənə, onun əvəzinə mən sənə romanın qonorarını ödəyim.

Yazıçının sözlərindən qanı bərk qaralan rejissor halı pərişan halda evə gəlir. Ailə üzvlərinin və dost-tanışlarının romanı oxuyub bəyənmələrinə baxmayaraq, o, “Səadət “ romanının əlyazmasını çırıb ocağa atır. Bə bir daha kinostudiyaya qayıtmır.

Məhz bundan sonra onu görən olmur. Lakin sonrakı hadisələr göstərir ki, Ə.Həsənov ailəsini dolandırmaq üçün xeyli vaxt Bakı-Moskva qatarında yük paylayıcısı işləyib. Mən onun iş yerini dəqiqləşdirdikdən sonra 1951-1977-ci illərdə Əbdül müəllimlə bir yerdə işləmiş Saməddin Babayevlə görüşdüm. Qocaman dəmiryolçu öz işçi yoldaşı barədə ürək yanğısı ilə danışaraq dedi: “Əbdül kişi yaxşı yoldaş, nəçib insan idi. Heç kimin xətrinə dəyməz, heç kəslə işi olmazdı. Çox savadlı idi.

Gəlib idarədən sənədlərimizi alıb, vaqonumuzu təhvil götürərək yola çıxardıq. Bizim işimiz yollarda yük götürmək idi. Təqaüdə çıxana kimi bir yerdə işlədik. Bir müddət dəmir yolunda sex partiya təşkilatının katibi də olmuşdu. Buna baxmayaraq iclaslarda danışmağı sevməzdi. Əlini üzünə qoyub fikrə gedərdi.

Maraqlıdır. Kinostudiyada keçirilən iclaslarda çıxış edib fikrini söyləyən, yaxşıya yaxşı, pisə pis deyən Əbdül Həsənov niyə dinməz olmuşdu? Cavab çox sadədir: çünki yük daşımaq onun işi deyildi. O,sevdiyi sənətindən ayrı düşmüşdü. Bəla bunda idi.

Azərbaycan kinosu təkçə filmlərdən ibarət deyil. Azərbayçan kinosu həm də onu yaradanlardır, inkişaf etdirənlərdir. Rejissor Əbdül Həsənov belə yaradıçılardan biri olmuşdur. Unudulmuş, yaddaşlardan silinmiş Əbdül Həsənov.

Bu gün Ə.Həsənovu yad etməklə, xatırlamaqla kino tariximizin daha bir səhifəsini vərəqlədik. Gəlin dünənimizi, insanları unutmayaq, yoxsa gələcək nəsillər bunu bizə bağışlamazlar

 

Kaspi.-2013.-14-16 sentyabr.-S.23.