“Teatrda hər şeyi insandan
hazırlayırıq”
“Tamaşanı
sevmirəmsə tamaşaçıya heç zaman göstərmirəm”
O insanlara sənət fədaisi demək olar ki,
onlar açdıqları cığırlarla,
yaratdıqları əsərlərlə, heç kimin etmədiyini
edir və öz arzularının arxasınca gedərək xəyalındakı
arzularını gerçəkləşdirə bilirlər. Mənim
üçün Vaqif İbrahimoğlu, Bəxtiyar Xanızadə
həmin o qəhrəmanlar sırasındadırlar.
Çünki öz amalları uğrunda daima vuruşaraq, yeni
teatr üslubu yaradıblar.
Müsahibim
prezident mükafatçısı, xalq artisti Bəxtiyar
Xanızadədədir. Düşünürəm ki,
görkəmli sənətkarın heç bir təqdimata
ehtiyacı yoxdur. Uzun müddət idi ki, onunla görüşəcəyim
anı gözləyirdim. Telefon açıb görüşmək
istədiyimi dilə gətirdikdə isə Pantomima
Teatrının tamaşalarından xəbərdar olduğumu
sordu. Teatrşünas olduğumu söylədikdə isə
görüşməyə razılıq verdi. Onunla söhbət
etdikcə düşünürdüm ki, zaman keçəcək,
Pantomima Teatrı indi üz-üzə oturduğum insanın
adını daşıyacaq. Əslində mən canlı bir əfsanə
ilə qarşı-qarşıya oturmuşam.
Davamçılarım
olacaq
- Bəxtiyar müəllim,
teatrınız 20-ci mövsümünü açacaq. 20 il teatr üçün az yaş deyil. Bu gün
Pantomima teatrının Azərbaycan teatr məkanında yerini
necə xarakterizə edərsiniz?
- 20 il bundan öncəyə qədər Azərbaycan
teatr tarixində professional pantomima teatr növü heç
zaman olmayıb. Biz bu teatrın təməlini
qoyan zaman nə pantomima dramaturgiyası, nə də ki, bu sahənin
mütəxəssisləri yox idi. O zamana kimi Azərbaycanda
pantomima teatrı üslubunda aktyor və rejissor
hazırlanmırdı, heç bir bədii material da yox idi. Mən hələ onun rəssamını və bu
sahədə çalışan başqa mütəxəssisləri
demirəm. Bu sahə üzrə Mədəniyyət
və İncəsənət Universitetində mütəxəssis
belə hazırlanmır. Dramaturqu da yox idi
ki, ondan bəhrələnə biləydik. Heç nədən
yararlana bilməyən bir teatr 20 il fəaliyyət
göstərə bilirsə deməli dəyərli bir işlə
məşğul olub.
- Qeyd etdiniz ki, teatrı yaradarkən
belə pantomima dramaturq olmayıb. Bəs əsərləri
necə əldə edirsiniz?
-
Teatrı yaradanda belə problemlərlə
qarşılaşacağımızı bilirdim. Bütün bunları nəzərə alaraq
özümə gərək olan tələbələri
seçib, onları pantomimaya uyğun formalaşdırmağa
başladım. Pantomimada əsas
dramaturgiyadır. Öncələr pantomima
dramını ancaq özüm yazırdım. Samuel Becketə bir dəfə müraciət
etmişəm. Onun da Pantomima
üçün 2 əsəri var ki, onlardan birini də
hazırlamışam. Pantomima
üçün dramaturgiya demək olar ki, yoxdur. Teatrda
repertuarda yer alan “Nağaraçılar, “Vətənpərvər”,
Şeksprin sonetləri əsasında “Eşq”, “Zibillik pərvanələri”,
“Şərqə səyahət” kimi tamaşalar mənə məxsusdur.
Həmin əsərlər uzun müddətdir
ki, repertuarda yer alıb. Bununla
yanaşı Fizulinin “Leyli və Məcnun” əsərinə
müraciət etdik. Daha sonra Üzeyir
Hacıbəyovun “Mən nə tövr iş görürəm”
felyetonuna müraciət edib, “Dulusçu” tamaşasını
hazırladıq. Demək olar ki,
tamaşalarımızın əksəriyyətinin
dramasını özümüz yazmışıq. Mənim
yazmağımla da iş bitmir. Düşündüm
ki, onlara aktyorluğu yox həm də rejissorluğu,
dramaturgiyanı öyrətmək lazımdır. 5 il bundan öncə aktyorlarımız dram
yazmağa başladılar. Aktyorlar dram yazmaqla bərabər
yazdıqları dramları canlandırmağa da
başladı. Misal üçün Nargilə
Qəribova “Yol”, “Adsız”, Ceyhunla birlikdə “Katarsis”
tamaşası ideyası ilə bizə müraciət etdi və
tamaşanı da hazırladı. Yazdı, quruluş verdi və aktrisa kimi oynadı. Əflatun Abdullayev
“Çərçivə” tamaşasını yazdı və
ona quruluş verdi. Bəhruzla, Səbinə
“Dejavü” tamaşasını hazırladılar, Ceyhun
Dadaşov “Mən və mən” tamaşasını
özü yazıb quruluş verdi. Yəni deməyim odur ki, son zamanlar aktyorlar özləri
əsərləri yazırlar və özləri də ona
quruluş verirlər. Bu da onun göstəricisidir
ki, məndən sonra bu teatrda davamçılarım olacaq.
- Tələbələriniz hər
zaman söyləyir ki, siz onlara həm musiqiçi, həm
aktyor, həm rəssam, həm rejissor, həm də dramaturq sənətinin
bilicisi olmaqlarını nəsihət edirsiniz. Bəs
bütün bunları bir adamda cəmləmək
mümkündürmü?
-
Bilirsinizmi, bir işi ciddi öyrənməyə
başlayırsansa onu hərtərəfli öyrənməlisən.
Misal üçün ədəbiyyatla məşğul
olursansa Nizamini, Fizulini, Mirzə Fətəlini tanımaqla
yanaşı əcnəbi dramaturqların da əsərləri
ilə tanış olmalısan. Teatr da belədir. Əgər rejissorsansa ola bilməz ki, dramaturgiyadan xəbərin
olmasın və yaxud da özün nəsə yaza bilməyəsən,
musiqi duyumun olmasın. Rejissorsansa ola bilməz
ki, rəngləri duya bilməyəsən, balaca da olsa rəsm
qabiliyyətin olmasın. Mümkün deyil ki,
insan psixologiyasından xəbərsiz olasan. Bu elə bir peşədir ki, bütün sahələr
burada cəmlənir. Pantomimanın da
özəyini insan təşkil edir. Biz
teatrda nə hazırlayırıqsa insandan
hazırlayırıq. Tələbələrim
bunları yaxşı bilir.
Yeni
tamaşa barədə demək istəmirik yox, deyə bilmirik
- Pantomima
teatrının quruluş sistemi bir az digərlərindən
fərqlənir. Belə ki, tamaşa barədə
məlumatı son anda öyrənirik. Elman Rəfiyev buna
sürpriz deyir və onunla əlaqələndirir ki, teatrın
iş prinsipi əzəldən belə qurulub.
- O,
sürpriz hazırlamır. Elman da deyə bilməz
ki, bu gün teatrda hansı tamaşa hazırlanır. Tamaşanı hazırlayan mənəmsə onun
sonuncu həddinə baxıram və bilirəm ki, bunu oynamaq
olar, yoxsa olmaz. O hədd gəlib yetişməyincə
heç yerdə məlumat verə bilmərəm ki, nəyinsə
üzərində işləyirəm. Ola bilər
ki, 2 aydır bu tamaşanı üzərində işləyirəm
və baxıb görürəm ki, alınmır. Onu bağlayıb, qoyuram kənara,
tamaşaçıya göstərmirəm. Nəyin xatirənə olursa olsun tamaşa
hazırlamıram. Tamaşanı bəyənmirəmsə,
sevmirəmsə tamaşaçıya heç zaman göstərmirəm.
Ümumiyyətlə, Pantomima Teatrının
gördüyü işin arxasında böyük bir sevgi
durur. Ona görə sonuncu həddə qədər
bilmirik ki, tamaşa alınacaq yoxsa alınmayacaq. Sizə öncədən deyim ki, filan tamaşanı
hazırlayıram, sonra da alınmasın bir də yenidən məlumat
verim ki, bu səbəblərdən alınmadı. Nəyə lazımdır bu? Mütəxəssislərin
dünyası fərqli olur. Ola bilər ki,
tamaşanı hazırlamağa gücüm çatmadı, ola bilər ki, tamaşa hələ yetişməmişdi.
Çox səbəbdən ola bilər. Xasiyyətim də elədir. Bir
işi iki dəfə görməyi xoşlamıram. Nəsə hazırlayıramsa ikinci dəfə ondan
hazırlamaq istəmirəm. Çünki
onun ki, düzəlmə mexanizmini öyrəndim. İkinci dəfə həvəsim olmur. Hər
dəfə bir iş görəndə mənə maraqlı gəlir
ki, görəsən bu işin sonu hara gedib çıxacaq. Mən bilmədiklərimi öyrənirəm. Misal üçün modern dans Azərbaycanda yox dərəcəsindədir.
10 il bundan öncə “Maska”
tamaşasını hazırlayanda müasir rəqs qurmaq
üçün araşdırma apardıq. Çünki
bu sahədə mütəxəssisi yox idi. Sonda “Maska” kimi maraqlı bir əsər alındı
ki, həmin əsərə Gürcüstanda gürcülər
dəqiqələrlə ayaq üstə dayanıb əl
çaldılar. Buna görə yeni
tamaşa barədə demək istəmirik yox, deyə bilmirik.
- “Maska” tamaşasını adını çəkdiniz. Bu tamaşaya
dəfələrlə baxmışam və hər dəfəsində
səhnədə gözümə xırda detal dəyir.
Bəlkə də ötən dəfə
baxdığımda bu nüanslar gözümdən
qaçıb. Hər dəfəsində səhnədə
sanki başqa bir Nargilə Qəribovanı görürdüm.
- Qeyd
etdiyiniz məsələ bu sahədə ən vacib xüsusiyyətlərindən
biridir. Teatrda çox zaman şikayətlər
eşidirik ki, tamaşaçı teatra gəlmir. Bir səbəb olmalıdır. Artıq
10 ildir həmin tamaşa oynanılır. Səhnədə
göstərilməmişdən öncə biz onu bir dəfə
də məşq edirik. Hər məşq
edəndə ortalığa təzə bir şey
çıxır. Hərdən deyirlər
ki, 10 ildir ki, oynayırıq bu tamaşanı. Dünən də oynamışıq yenəmi məşq?
Əvvəllər Gənc
Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov
deyirdi ki, Bəxtiyar, bu, təzə bir teatr qanunudur ki,
repertuarda olan tamaşa üçün məşq saatı
istəyirsən? Deyirdim ki, məşqsiz
oynaya bilmərik. Bu baxımdan izləyici
tamaşaya gələndə təzə bir nüans, istiqamət
görməlidir. Onda tamaşaçı
teatra yenə də gələcək. İkincisi də tələbələrimizi
yığmağa başlayanda qeyd etdim ki, teatr o zaman dəyərdən
düşür ki, zalda oturub səhnəyə baxanda
tamaşaçı desin ki, nə var ki, bunu mən də edə
bilərəm. Tamaşaçı bu
sözü dilinə gətirəndə artıq teatra gəlmir.
Savadlı insan baxır deyir ki, bu nə
quruluşdur, nə rejissor işidir ki, bunu elə mən də
bacararam. Teatr zirvədə o zaman olur ki, pərdə
açılanda tamaşaçı heyrətə gəlib desin
ki, “Aman allah bunu necə elədi, gedim sabah bir də baxım,
mən bunu edə bilməzdim”. Bütün sahələr
belədir. Kənardan baxan
üçün əlçatmazdırsa o sənətin
arxasınca gedirlər və hörmət də edirlər.
Ancaq etdiyini küçədən keçən
də edə bilərsə, o zaman onun dəyəri qalmır.
Şükürlər olsun ki, bu gün Pantomima
teatrında küçədən keçən elə
şey deyə bilməz.
- Hazırladığınız
tamaşaların mövzusunu necə seçirsiniz?
-
Teatrın xammalı və materialı insandır. İnsan və onun daxili dünyası. Bu bitməz tükənməz qüvvədir. İnsan onun ətraf mühitə münasibəti
kimi məsələlər sonsuz saydadır. Burada hər şey var. Repertuarımız ancaq bunun
üzərində qurulub.
- Bəxtiyar müəllim, 20 il ərzində teatrda təxminən neçə
tamaşa ərsəyə gəlib?
- 20 ilin 2
ilini dəstəni yığıb bu istiqamətdə
formalaşmaqla məşğul oldum. Qalan 18 ildə rahat şəkildə
pantomima ilə məşğul ola bilməmişik.
Onun 12 ilini kirayə qalmışıq, yerimiz
yurdumuz olmayıb. Dəfələrlə
truppa dağılıb, təzədən
yığılıb. Bunun da çox səbəbləri
var. Sonradan Şəfəq kinoteatrına göndərilmişik,
il yarım da orada işləmək
üçün şərait olmayıb. Üst-üstə
götürsək rahat şəkildə işləmək
üçün əlimizə böyük imkan düşməyib.
Bunları çıxsaq 14 ilə gəlib
çıxar ki, bu vaxtda da 70-ə yaxın tamaşa
hazırlamışıq. Bir dramaturq 14 ildə
70 pyes yaza bilirmi? İndi təsəvvür
edin ki, biz həm yazırıq həm də oynayırıq.
Baxmayaraq ki, dramaturq deyilik. Bunlar o qədər
də asan iş də deyil.
- Buraya gəlməmişdən
öncə tələbəniz Elman Rəfiyevdən
ustadınızla söhbət etməyə gedirəm ona nə
kimi sual verərdiniz deyə sual etdim. O, isə
“hazırladığınız indiki və keçmiş
aktyorlarınızdan razısınızmı” kimi sual
ünvanladı sizə.
- İşin elə tərəfləri var ki, razıyam,
elə tərəfləri də var ki razı deyiləm. Onlar 20 il
öncə yolu, cığırı bəlli olmayan,
qaranlıq bir cığırda mənə qoşulub həyatlarını
veriblərsə bu onların fədakarlığını
göstərir. Biri var ki, artıq bəlli olan
yolu gedəsən, biri də var ki, sonu bilinməyən,
cığırı açılmayan yolda adama
yoldaşlıq edəsən. Bu yolda mənə
birinci qoşulanlar Elman Rəfiyev, Rövşən İsax,
Siyavuş Hüseyinli, Əsəd İsmayılov idi. Sonra onların ardınca Pərviz, Nicat və
başqaları qoşuldu. O zaman bir Bəxtiyar müəllim
var idi, onlara deyirdi ki, sizə bu sahəni öyrədəcəm.
Söykənməyə isə bir şey yox idi.
O tərəfdən onların sənətə olan həvəsindən
razıyam. Bu gün də özlərini bu sənətə
həsr edirlər. Problmelərinə
baxmayaraq özlərində güc tapırlar. Ümumiyyətlə, burada yetişən, işləyib
çıxmış aktyorların hamısı hazırda
respublikada tanınmış aktyorlardır. Onlardan
Rövşən İsaxı, Siyavuş Hüseyinlini, Nicat
Kazımovu, Azər Axşamı, Vəfa Zeynalovanı, Nigar
Güləhmədovanı misal gətirə bilərəm ki,
sənətdə ilk addımlarını buradan atmış
aktyorlardır. Bircə şeydən razı
deyiləm. Hələ ki, onları istədiyim
zirvədə görə bilmirəm. O zirvə ki, qartal
qayğısız şəkildə, ləzzətlə,
özünə güvənərək göydə uçur.
Bax onları elə görmək istəyirəm.
Aktyorluq
artıq mənim sənətim deyil
-
Hazırladığınız tamaşalarda sizi onun tərtibatçısı,
rejissoru kimi görürük. Bəxtiyar
Xanızadəni yenidən səhnədə görmək bizə
qismət olacaqmı?
- Bilmirəm.
Gənc Tamaşaçılar Teatrında (Tyuz)
işləyəndə bəzi hallarda kütləvi səhnələrdə
də oynayırdım, elə öz tamaşalarımda da.
Burada “Zibillik Pərvanələri”
tamaşasında həvəsim olanda çıxıb səhnədə
olmuşam. Bu yaradıcılıqdır,
bilmirəm ki, birdən nəsə istəyəcəm. Aktyorluq artıq mənim sənətim deyil. Baxmayaraq ki, institutda aktyorluq sənətini
bitirmişəm. Ola bilər ki, qeyri adi bir
şey olsun ki, yaradım.
- Sizcə, bu gün teatr cəmiyyətdə
hər hansı fikri dəyişməyə qadirdirmi?
- Mən bu
sualı sizə vermək istərdim. Siz
teatrşünassınız. Özünüz
də arxivdən gedib baxın, görün hansı dövrdə
göstərilən tamaşa cəmiyyətdə nəyisə
dəyişməyə qadir olub.
- Əcnəbi rejissorlarla söhbətim zamanı onlar
söyləyir ki, xaricdə hər kəs dövrün
yaşadığı problemləri görmək
üçün teatra gəlir. Bizdə isə belə
deyil.
- Əvvəla, axtaran tapar. Əgər
tamaşaçı tamaşaya nəyisə öyrənməyə
gəlirsə ona lazım olanı tapacaq. Yox
əgər bu ona lazım deyilsə, mükəmməl
tamaşa da olsa oradan heç nə öyrənməyəcək.
İkincisi, hər nə hazırlayırsan
hazırla sən insan barədə hazırlayırsan. Tamaşada öz ağrımı-acımı
göstərirəm baxan görür, axtarırdısa
götürür. Yəni tamaşanı
qoyum, deyim ki, filan şey üçün hazırlayıram,
anlamıram bunu. Adam var ailəsinin problemi
həll edə bilmir, dövrün problemlərini necə həll
etsin.
- Teatr
oxucularına bir sözünüz varmı?
- Vaxt var idi, teatr aləmində
çoxlu lətifələr danışılardı. Bu gün varmı Azərbaycan teatr lətifələri?
- Xeyir.
- Əvvəllər Həsənağa Turabov, Mehdi Məmmədov,
Ədil İsgəndərov barəsində maraqlı hadisələr,
lətifələr var idi. Bu gün nə var?
Yoxsa, niyə yoxdur? Varsa, istərdim
ki, biri sizin saytınıza yazsın biz də oxuyaq. Mən bilirəm niyə yoxdur.
- Niyə?
- Onu deməyəcəm.
Olmağı çox lazımdır. Bəlkə də var, mən bilmirəm. Tanınmışlara aid aforizmlər, lətifələr
var idi. Bu gün yoxdur. Qoy
var deyənlər lətifəni layihə kimi versinlər.
Yoxdur deyənlər araşdırsınlar ki, nə
səbəbə yoxdur.
-
Çox istərdim ki, siz birini danışasınız.
- Sualım elə sual kimi qalsın. Düşünürəm ki, maraqlı olar.
Xəyalə Rəis
Kaspi.-2013.-14-16 sentyabr.-S.12.