Süfrə açmaq mədəniyyəti
Və ya eyni menyulu toylarımız
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Şəkillərdə:
1. Britaniyada toy süfrəsi
2. Azərbaycanda toy süfrəsi
Bir çox
xalqlardan fərqli olaraq qonağımız gələndə onu evdə qarşılamağı,
milli mətbəximizin
ən ləziz yeməklərini süfrəyə
düzməyi daha çox xoşlayırıq. Dədə-babadan qonaq evin ən
hörmətli, sevimli
Tanrı bəndəsi
sayılıb. «Evin bəzəyi uşaq, süfrənin bəzəyi qonaq» kimi atalar sözləri
də elə-belədən
yaranmayıb. İllərdir ki, bu adət-ənənə
davam etsə də, yalnız toylarımızda bu vərdişimizi unutmalı
oluruq. Çünki bu qarşılanma
və xidmət bizdən asılı deyil.
«Görən niyə
toylarımızda Azərbaycan
xörəkləri verilmir? Olanda da
elə məqamda gətirilir ki, kimsənin yeməyə həvəsi qalmır» - deyə bir həmkarımın
iradı məni bu mövzu ətrafında
düşünməyə vadar etdi. Son illər paytaxtımızda
bir-birindən yaraşıqlı
şadlıq sarayları
tikilib. Açığı bu büsatlı
məkanlarda oğul-qız
toyu etmək hər bir valideynin
ürəyindən keçir.
Payız
və qış aylarında demək olar ki, şadlıq
saraylarının gəlhagəli
başlayır. Bəzən elə
olur ki, dalbadal 3-5 toya dəvət edilirsən.
Sarayların, toy sahiblərinin və bir də
müğənnilərin adlarından
başqa bir fərq görməzsən.
Bəzən də eyni gündə müxtəlif
toylarda eyni müğənniləri də
görmək mümkündü.
Texnika indiki müğənniləri
rahat yola verir. Hər şey eyni ölçüdə, eyni
biçimdə. Azərbaycan
mətbəxinə dəxli
olmayan qəlyanaltılar,
müxtəlif salatlar,
kolbaslar, ağ-sarı
pendirlər, «Pepsi-cola», «Fanta»,
xarici şirələr,
kabablar – tikə, lülə, balıq, toyuq və s. Nəhayət, sonda isə süfrənin şahı plov. İnsafən deyək ki,
o, elə təm-təraqla
süfrəyə gətirilir
ki, heç bəy-gəlin o cür təşrif buyurmurlar.
Amma nə olsun ki,
plov süfrədə
buza dönür.
Çünki o zamana kimi nə toyda
adam qalır,
nə də qalanlarda plov yeməyə həvəs…
Təsadüfən xarici ölkədən
bir qonağın gələ, onu da özünlə toya aparmış olasan! Süfrədə milli mətbəximizdən
əsər-əlamət yox,
sintezatorun bağrından
qopan gurultunun sədaları altında hamı qarışır bir-birinə. Kim hansı
havaya əl götürüb oynayır
anlamırsan, indi gəl başa sal ki, bu,
Azərbaycan toyudur! Yəni, doğrudanmı, şadlıq
saraylarında adət-ənənələrimizə,
milli kulinariyamızın
tələblərinə əməl
etmək mümkün
deyil? Süfrələrimizə yeməklərin çeşidlərinə
görə müəyyən
mənada «əl gəzdirmək», onu milli mətbəximizə yönəltmək olmaz?
Ya bəlkə belə məclislər üçün
bizim xörəklərimiz
əlverişli deyil?
İllərdir ki, Azərbaycan
kulinarları müxtəlif
beynəlxalq müsabiqə
və yarışmalarda
iştirak edirlər.
Azərbaycan xörəklərinin ətri və dadı dünya kulinarlarını heyrətə
gətirib. Malta, Sinqapur,
Almaniya, Fransa, Rusiya, Malayziya, Norveç… kimi ölkələrdə keçirilən
yarışlarda Azərbaycan
xörəkləri uğurlar
qazanıb. Azərbaycan kulinarları bu
beynəlxalq yarışlardan
ölkəmizə müxtəlif
medallar gətiriblər.
Sevinirik ki, dünya xörəklərimizə
qızıl medal verir!
Bəs onların bizim öz toylarımızda niyə qızıl bəxti yoxdur? Bu gün bizim
toy süfrələrimizdə Azərbaycan mətbəxinin
ətri niyə duyulmur?
Təəssüf ki, biz təkcə özümüzü deyil,
süfrələrimizi də
Avropaya bənzətmək
istəyirik. Amma bu cəhdlər
də mənasızdır.
Çünki bizim toylarımızda
heç bir Avropa standartına əməl edilmir. Birinci növbədə süfrə
çox bayağı
surətdə açılır.
Sanki bir yarışma
keçiriləcək. Gəlin əvvəlcə belə bir sualın cavabını araşdıraq.
«Toy nə deməkdir?» İlk növbədə
valideynlərin ən böyük arzusu! Ülvi bir məqsəd üçün qohum-qardaş,
dost-tanış bir yerə toplaşır və şahidlik edirlər ki, bu gənc ailə
qurdu. Bundan
başqa toy ünsiyyət
yeridir, insanlar bir-birinə
daha da
yaxınlaşır, münasibətlər yaranır. Hətta
bəzən analar subay
oğlanları üçün qız da gözaltı edirlər. Toy
bir növ də yeni tanışlıq üçün
imkanlar yaradır.
İndi
söylədiklərimiz müasir toylarda mümkün deyil! Çünki toy xərcləri
elə baha başa gəlir
ki, hər evdən toya
ya bir nəfər gəlir,
ya iki. Yəni, hər
stulun öz qiyməti
var. Bir bəla da orasındadır ki, indiki toyxanalardan
çıxanda adamın beynində gurultudan
başqa heç nə
qalmır! Əlbəttə, bu da başqa bir
mövzudur. Əslində toy
süfrəsi necə açılmalıdır?
Adət-ənənəyə görə, bir vaxtlar bəylə gəlin üçün ayrıca yemək hazırlanırdı. İndiki toy süfrələrimizdə bu yoxdur. Hamıya nə verilirsə, onların da süfrəsinə eyni şeylər qoyulur. Stolun üstünə nə qədər salat yığarlar, turşu, kolbasa düzərlər? Hətta süfrə arxasında əyləşən adam öz boşqabından normal istifadə edə bilmir. Yarım saatdan sonra süfrənin üstü qarışır, masanın üzərinə müxtəlif qəlyanaltılar doldurulur. Xoşun gəldi-gəlmədi hərəsindən bir azca dadsan gör nə olacaq! Kababdan da ki, söz açmağa dəyməz. Bizim mətbəximizə görə, qoyunun hər yerindən kabab çəkməzlər. Ümumiyyətlə, hər xörəyin, hər bişmişin öz hazırlanmaq qaydası var. Bakıdakı şadlıq saraylarının mətbəxlərində buna əməl edilirmi? Təbii ki, yox. Bu sarayların heç biri o birindən fərqlənmir. Yeməklərin çeşidi demək olar ki, eynidir. Çox hallarda süfrəyə qulluğun səviyyəsi də qanedici deyildir. Masa xidmətçiləri tamamilə təsadüfi adamlardır. Mövcud qulluq qaydalarına uyğun olaraq şadlıq saraylarında insanlara xidmət göstərilmir. Adi bir misal. Boşqablar dəyişdirilir, amma çəngəl-bıçağa əl vurulmur? Eyni çəngəllə balıq da yeməlisən, pendir də, meyvə də, şirniyyat da və s.
Süfrəyə
meyvələrin verilməsi ürəkaçan deyil. Öz
bağlarımızın məhsulu deyil, xarici ölkələrdən gətirilmiş
meyvələr toylarımızda «ağalıq» edir. Əslində yeməkdən öncə turş meyvələr qoyurlar
ki, iştah
artırılsın. Turşular, salatlar isti xörəklə
eyni vaxtda verilməlidir.
Ümumiyyətlə, süfrədə qəlyanaltı elə
çox olmamalıdır ki,
doyumluq versin. Bizim toy süfrələrimizə
isə insanı doydurmaq üçün
o qədər soyuq və
qatmaqarışıq salatlar düzülür ki…
Bəlkə
Azərbaycan mətbəxində toy məclisləri
üçün elə yararlı xörəklər yoxdur? Halbuki milli xörəklərimizin
iki mindən artıq növü
var. Ləvəngi¬lərimizdən
başlamış müxtəlif dolmalarımıza qədər.
Hələ şirniyyat¬larımızı,
çığırtmalarımızı,
bozbaşımızı, 200-dən artıq növü
olan plovumuzu demirəm.
Doğrudur bütün
toylarda plov verilir, amma hansı şəkildə?
Əslində izzətlə süfrəyə gətirdiyimiz bu «şahı» sonda
hörmətsiz edirik. Plovun
yanında iskəncəbi, şərbət, ayran,
dovğa verilməlidir ki,
insan onlardan istifadə
eləsin, yağlar parçalansın, mədə
rahat olsun. Bizdə isə
«Coca-cola», «Fanta»,
müxtəlif içkilər və plovdan
da öncə soyuq qəlyanaltıdır.
Bir sözlə, plova
qədər olan uzun məsafədə
insan bu müxtəlif
yeməklərin əlində bezar
qalır. Ona görə də plov süfrədə buza dönür.
Plovu
süfrəyə tez versələr dünya dağılmaz ki?
Əgər qəlyanaltıdan sonra duru xörək verilməyəcəksə,
niyə plovu süfrəyə gətirməyəsən?
Yəqin təəccüb doğuracaq ki, toyda duru
xörək mümkündür ki? Əlbəttə! Bəs rayonlarda
olan toylarımızda süfrəyə
bozbaşı necə verirlər? Doğrudur,
son vaxtlar şəhər
toylarının havası rayonlara da keçib... Amma hələ ki, kütləvi
deyil. Hərdən fikirləşirsən ki, vallah bizi
Allah qoruyur?
Heç
bir millət bizim qida qaydalarımızla yaşaya bilməz. Qida məhsullarının satışından
başlamış süfrəyə qədərki yoluna nəzər salın. Açıq havada ərzaq məhsulu satırlar,
küçələrdə yolboyu ağaclardan ət asılır, yerə
balıq məmulatı düzülür.
Bunu təkcə ayrı-ayrı adamlar deyil, məhz o şadlıq saraylarının işçiləri
də alır, təki qiymətlər sərf etsin.
Ucuz ətin də şorbası, atalar demişkən, ucuz olar. Əlbəttə, zay
məhsuldan heç vaxt
Azərbaycan xörəyi çıxmaz. Bunun
üçün birinci
növbədə, ekoloji cəhətdən
gözəl məhsul, ənənə və ürək
lazımdır. Ölkənin baş
kulinarı Tahir Əmiraslanov haqlı olaraq söyləyir: «Keçmişdə
əsəbləşmiş aşpazları şah
sarayına buraxmazdılar. Çünki
deyirdilər ki, aşpaz
xörəyə həm də mənəvi təsir göstərir.
Öz qonaqları üçün
Avropa xörəkləri sifariş
verənlər axşam evə dönəndə
həyat yoldaşlarına, yaxud da analarına deyirlər ki,
sən Allah, düz-əməlli yemək ver, orda acından öldüm. Genetik olaraq bizim mədəmiz xarici ölkələrin yeməklərini götürmür. Bizim
xörəklərimiz də bizim
mentalitetimizə uyğun olaraq
yaradılıb».
Özümüzə
görə, təkcə şəxsi süfrəmizdə
deyil, qonaqlarımız naminə toyda da milli mətbəximizin
məhsullarına üstünlük verməliyik. Birinci növbədə toy
masalarından tutmuş bütün
süfrələrimizə qədər Azərbaycan mətbəxinə
yer verilsin. «Coca-cola»nı, «Fanta»nı, tərkibi kimyəvi maddələrdən
ibarət olan «təbii» şirələri
nə qədər az içsək, məsləhətdir.
1993-cü ildə beynəlxalq barmen
şou-yarışlarında bizim «Atlama» ilin kokteyli
adını aldı. Elə bir xörəyimiz
yoxdur ki, onu süfrəyə gətirmək mümkün olmasın. Müəyyən mənada,
gözəllik, göz oxşamaq
üçün onun
verilmə qaydasında yenilik yaratmaq lazımdır.
Şadlıq saraylarının rəhbəri birinci növbədə mütəxəssis olmalıdır. Çünki ictimai iaşə elə bir sahədir ki, burada həm ticarət, həm istehsal, həm də istehsalın təşkili var. Təəssüf ki, bugünkü şadlıq saraylarının rəhbərlərinin əksəriyyəti bunu bilmir. Yaxud bilənləri varsa da, süfrəni çoxlu, yeyilməyən xırda-xuruşla doldurmaqla göz aldatmağa, daha çox qoparmağa çalışırlar. Və hələlik buna nail də olurlar. Əslində belə obyektlər il yarım gəlir gətirməməlidir. Tez gəlir gətirən obyekt tez də dağılar! Kaş ki, bir insaflı biznesmen irəli çıxıb Azərbaycanda ancaq milli xörəklərdən ibarət mətbəxi olan şadlıq sarayları yaratmaq fikrinə düşəydi.
Toy
süfrələrimiz əvvəlki məzmununa və gözəlliyinə
qaytarmaq, o qədər də çətin deyildir! Çətini
kiminsə bu addımı atmasıdır!
Kaspi.-2013.-20 sentyabr.-S.15.