Detektiv əsərləri görən
gözüm yoxdur
Çingiz Abdullayev: «Bəlkə,
yaxşı müstəntiq ola bilmədim
deyə, detektiv əsərlər müəllifi
oldum»
Xalq Yazıçısı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə hüquqşünas kimi başlayıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibidir. Hüquq elmləri doktorudur, professorudur. Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Əsərləri Almaniyada,
İrlandiyada, Fransada,
Rusiyada kütləvi tirajla
buraxılmış, 20 milyon nüsxədə
olan 600-dən çox
kitabı dünyada
yayılmışdır. Bütün bu kitablar onu
siyasi detektiv
janrında yazan ən yaxşı müasir yazıçı kimi
tanıtdırmışdır. Şöhrət ordeni ilə təltif edilib,
xalq yazıçısıdır.
– Çingiz
müəllim, bu qədər detektiv əsərlər
yazmısınız, ölüm mövzusu sizin
üçün adiləşibməyib ki?
– Yox. Ölüm mənim üçün həmişə təzə mövzudur. Fransada son günlərdə haqqımda yazılan
yazılardan birində qeyd olunub
ki, bu
yazıçı ölümü sevmir, qəhrəmanları üçün
bir-bir vuruşur. Son məqama qədər onları qorumağa çalışır. Balzak deyirdi ki, “insanları iki məsələ
maraqlandırır ölüm və pul”. Yerdə qalan şeylər
bunlardan yaranır; hətta, ailə,
xoşbəxtlik, məhəbbət və s.
Detektiv əsərdə isə pul və ölüm
haqqında intiriqalar əsas xətt kimi keçir. Dostoyevskinin “Cinayət və cəza” və “Karamazov qardaşları” əsərləri də
klassik detektiv əsərlərdir.
Detektiv həmişə maraqlı olub.
– Sizin
üçün ölüm ancaq hadisədir, yoxsa onun metafizik
qatları da var?
– Mən
axirət dünyasına inanmıram. İnanmıram ki, o dünyada
bizi ağ paltarlı qoca qarşılayacaq, pərilər oynayacaq və s. Həmişə
deyirəm ki, seçim
olsa cəhənnəm daha
yaxşıdır, çünki
ordakı insan qrupu daha maraqlı olacaq. Cənnət
əgər olsa çox
maraqsız olacaq. Ancaq
Allaha inanıram, Allaha
inanmayanda o hər gün öz
varlığını insana sübut edir.
İnanmıram ki, ölüb
gedəndən sonra kimisə görəcəyəm,
ünsiyyətdə olacağam və s. Ancaq Anar
müəllim inanır ki, o
axirət dünyasında atası ilə görüşəcək.
Bu mənada ona
paxıllığım tutur ki, o buna
inana bilir, yəni onun belə təmiz qəlbi var.
Mən də inanmaq istəyərdim ki, o biri
dünyada atamı görəcəyəm.
Ancaq başa
düşürəm ki, bu
ola bilməz, olmayacaq da. Biz ölüm
haqqında heç nə bilmirik,
o biri dünyada
nələr olacağını heç kim bilmir. Bu
mənada ölüm mənim üçün metafizikdir.
– Detektiv
əsərlər müəllifi kimi, sizinçün detektiv xəttinin
sirri nədədir?
– Maraqda. Əsər maraqlı olmalıdır ki, əsər necə bitəcək və
problemlər, şifrələr hansı cür
açılacaq. Ancaq mənim iki dostum rejissor
Rasim Ocaqov və bəstəkar
Emin Sabitoğlu həmişə
mənə deyirdilər ki, bizi süjet
maraqlandırmır, sənin fikirlərin maraqlandırır. Bir sıra ölkələrdə haqqımda
yazılan yazılarda qeyd edirlər ki, Ç.Abdullayev əsərlərini
detektiv adı ilə təqdim edir, ancaq bu
əsərlər detektiv deyil,
həyatdan və insanlardandır. Mənimçün insan amili maraqlıdır.
Maraqlıdır ki, hansı sütuasiyada özünü
necə aparacaq, hansı şəkildə
ifadə edəcək, yaxud çətinə
düşmüş insanların bir-birinə
münasibəti necə olur.
– 187 kitabınız var. Bu qədər əsər
içində öz üslubunuzun,
mövzularınızın təkrarlama halı baş vermirmi?
– Yox, nə danışırsınız. 187
kitabım var, hansı əsərin mövzusunun nədən olduğunu
dəqiq xatırlayıram. Əgər belə olsaydı oxucular kitablarımı alıb oxumazdılar.
Təkrar mövzular heç
kəs üçün maraqlı deyil.
– Detektiv
əsərlər yazarkən yazıçı hara qədər
reallığı yazır, hardan sonra təxəyyül
işə düşür?
– Yazıçı
bunu heç özü də bilmir ki, harada
reallığı yazır, hardan sonra təxəyyül işə düşür. Yazarkən bu
şeyləri düşünməyə aman
olmur. Yazarkən ancaq əsər
barədə və obrazların problemi barədə
düşünürsən.
– Sizinçün
Azərbaycan və rus oxucusunun fərqi nədədir?
– Azərbaycanda mənim az kitabım çıxır və çıxıb. Bizim cavanların çoxu mənim kitablarımdakı elə məqamlar var ki, onları Azərbaycan oxucusu başa düşmür. Rusiyada çap olunan kitablarda izahlar olur. Məsələn, indiki gənclərimiz bilmirlər ki, yağ talonu nə deməkdir. Talon anlayışından xəbərsizdirlər, bəzən mənə suallar ünvanlayırlar. Bizdə müasir ədəbiyyat əsərləri çox azdır, çap olunanların da az qismi oxunur. Sevinirəm ki, kitablarımı nəinki oxuyurlar, hətta ordan bilmədikləri məsələləri öyrənirlər, bu da romanlarımın maarifçilik tərəfidir. Yalnız Azərbaycan dilini bilən oxucular üçün kitablarımı oxumaq ona çətin olur.
– Hüquqşünas
olmasaydınız nələrdən yazardız?
– Bilmirəm. Həkim olsaydım, bəlkə də həkimlərdən yazardım. Bəlkə, yaxşı müstəntiq ola bilmədim deyə, detektiv əsərlər müəllifi oldum. Yazıçı ürəyində qalan arzularına obrazları vasitəsiylə çatır. Bəlkə yaxşı hüquqşünas, kəşfiyyatçı olsaydım heç yazıçı da olmazdım, bilmirəm.
– Dünya
ədəbiyyatından sevdiyiniz əsərlər detektiv
mövzulardadır?
– Xeyr, detektiv əsərləri
görən gözüm yoxdur.
Detektiv əsərləri qəti sevmirəm.
Daha çox Ayzek Əzimov, Pol Andersonun və s. fantastik əsərləri sevirəm. Detektiv əsər başlayanda
mən artıq bilirəm ki, əsər
necə bitəcək. Akuninin əsəri
haqqında film çəkiblər, əsəri
oxumamışdım, film başlayan
kimi evdə uşaqlara
dedim ki, qatil kim olacaq.
Dediyim düz
çıxdı, təəccüb elədilər. Çünki maraqlı olmaq
üçün
yazıçıların işlətdikləri fəndlər
artıq mənə aydındır.
– Sizin əsərlərinizdəki
obrazlarınızın adına restoran, klub var və s. Sanki o
obraz sizdən ayrı yaşayır.
– Bəli, o məndən ayrı yaşayır. Yazıçı üçün bu xoşbəxtlikdir. Qadınlar obrazlarımı məndən çox sevirlər. Şikayətlənmirəm, məni də sevən çoxdur, amma obrazım qədər deyil. Mən çox sevinirəm ki, belə qəhrəmanlar yaratmışam. Bəzən həmin qəhrəmanımın dalınca gəlirlər ki, bizi onunla tanış elə.
– Əsərlərinizin
tez yazılması nə ilə bağlıdır?
– Bəzən
3-4 günə bir
roman yazmışam. 25-27 saat masa arxasından
qalxmadan yazdığım
günlər olub.
“Əsrin əvvəlində
sui-qəsd” romanımı
12 ilə yazmışam.
Ancaq tez yazmağın tərəfdarıyam, uzun
müddət bir əsərin üstündə
qalmağı sevmirəm.
Ancaq əsəri yazıb bitirəndən sonra bir-iki ay dincəlirəm.
– Yazıçı üçün
dövlət qayğısı
nə deməkdir?
– Yazıçı
əgər dövlət
qayğısının ümidinə
qalırsa, onda o yazıçı olmur, ələbaxan olur. Əgər dövlətdən asılısansa,
deməli, yazıçı
deyilsən. Düzdür, bizim ölkədə yazıçılara çox
köməklik edirlər,
vəziyyət də çətindir. Bu gün Azərbaycanda 500 tirajla çıxan kitabların qonorarına yaşamaq mümkün deyil. Gənc yazıçıların ilk kitablarının, yaşlı
və imkansız yazıçıların əsərlərinin
çapına dövlət
qayğısının olması
yaxşıdır. Ancaq 30-40-50 yaşlı
yazıçılar elə
yazmalıdırlar ki,
əsərləri hesabına
dolana bilsinlər.
Yazıçı əsərləri ilə hörmətini, şöhrətini və pulunu qazanmalıdır.
Mənim
187 kitabım çap
olunub, 2000-dən çox
kitabım 29 dildə çap olunub. Heç bir əsərimi özüm çap etdirməmişəm. “Qanun” nəşriyyatı mənim bütün əsərlərimin Azərbaycanda
çap hüququnu alıb, qonorarımı da verir. Onlar 10 il
ərzində bütün
əsərlərimi çap
edəcəklər. Müstəqillik dövründə bu işin əsasını qoyduğuma görə sevimirəm. Azərbaycanda
20 il heç
bir kitabıma pul almamışam. Yazıçılar Birliyindən də
heç vaxt əmək haqqı almamışam. Verilən maaşı
da burdakı adamlara paylayıram. Sürücülərim məndən çox
pul alırlar.
– Bəzən
deyirlər ki, Ç.Abdullayevin yazdıqları
ciddi, elitar yazıçı deyil, onun yüngül ədəbiyyat nümunələridir,
bu fikirlərə münasibətinizi bilmək
istərdim.
– Hörmətli
Prezidentimiz cənab İlham Əliyev deyir ki, Ç.Abdullayevin
əsərlərini oxuyuram. Baş nazirimiz,
akademiyanın prezident
Akif Əlizadə, Musiqi Akademiyasının rəhbəri Fərhad Bədəlbəyli romanlarımı
oxuyur. Bu şəxslərdən elitar
insanlar varmı?
Yoxdur.
Ç.Abdullayev ciddi yazıçı
deyil deyiləndə, belə sözləri eşidəndə gülürəm,
cavab da vermirəm. Qoy Azərbaycanda elə
bir yazıçı
tapılsın ki, dünyada demirəm, dünya uzaqdır, Azərbaycanda mənim uğurumu aşsın, bax mən də
deyim ki, əhsən. Beləsi yoxdur.
Ona görə də, deyirlər yazıçı deyil, deyirəm razıyam, deyirlər elitar yazıçı deyil, deyirəm razıyam. Deyirlər səviyyəsizdir, deyirəm razıyam. Əgər mənim 2-3 milyon, 5-6 dildə kitabım çıxsaydı nəyisə sübut etmək istəyərdim, ancaq rəqəmlər çox böyükdür. Bundan sonra heç kəsə özümü sübut etməyə ehtiyacım yoxdur. Bu qədər ölkələr dəli deyillər ki, səviyyəsiz bir yazıçının əsərlərini öz ölkələrində çap etsinlər. Boş sözlər danışanlar dərindən düşünmürlər.
Fərid Hüseyn
Kaspi.-2013.-21-23 sentyabr.-S.15.