«Hürriyyət öylə nazlı bir afət ki…»

 

Öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir müğəfəkkir idi. Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biri idi.

 

Nə eşq olaydı, nə aşiq,

nə nazlı afət olaydı.

Nə xəlq olaydı, nə xaliq,

nə əski-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman,

nə şur olaydı, nə matəm.

Nə aşiyaneyi-vüsət,

nə bari-firqət olaydı…

 

Bu zahiri inkarın daxilində qəribə bir istək duyulmaqdadır. Bəs nə olaydı? Cavid nə arzulayırdı? Bütün həyatı boyu yazdıqlarında ancaq bir diləklə çırpınmışdı böyük Əfəndimiz! O, məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq istəyirdi:

 

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədənyiyət!

 

Cavid yaradıcılığı və düşüncə sistemi ilə məhz bu ideyaya xidmət edirdi. Milli-mənəvi məfkurə tariximizi vərəqlədikcə kədərli bir ömrün acı taleyi adamın varlığında tufanlar oyadır. Rəzalətlərin hökm sürdüyü bir dövrdə ümidsizlik, bədbinlik öz qəzəbli hökmranlığının hədsizliyində hayqıran vaxtlarda Cavid yaradıcılığı öz saflığı ilə zülmətə işıq saçırdı. Xəbislərin beyni dumanlanır, cavidsevərlərin könlü açılırdı. Böyük Cavidin amallarını «uf» demədən doğrayan 1937-ci ilin iti tiyələri o dövrün bir çox ziyalılarının taleyinə sancılaraq işıqlı arzularına son qoydu. Xanimanları dağıdılan, ailə üzvləri ilə isti ocaqlarından didərgin düşən, minbir əzaba, qəfil qəzaya tuşlananlardan biri də Cavidlər oldu. Qorxulu gecələrin birində qara qüvvələr Cavid Əfəndini apardılar. Deyilənə görə, həmin günlərin bir axşamında böyük dramaturqun «İblis» əsəri göstərilirmiş. Sonralar özü də Cavid taleyini yaşayan Abbas Mirzə Şərifzadə həmin tamaşada şairin üsyankar səsini, etirazlarını, fəryadlarını özünəməxsus kinayələrlə, acı gülüşlərlə salona yayırmış:

 

Sellər kimi axmaqda qızıl qan,

Canlar yıxar, evlər yıxar insan…

Bu qorxunc qəhqəhələrin həmişə aktual olan atmacaları əslində o dövrün ünvanına atılırdı:

İblis nədir?

- Cümlə-xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

- İblis!

İnsandakı bu xislətə – vəhşətə, sonu nifrətə dönən yalançı şəfqətə, lənətə meydan oxuyan Cavidlərin, Abbas Mirzə Şərifzadələrin, Müşfiqlərin, Əhməd Cavadların haqq səslərini məhz o gecələr qəfil döyülən qapı səsləri batırmaq istəyirdi. Şərə, zülmə yol verən fitnələr öz işini görsə də, o böyük şəxsiyyətlərin ruhunu öldürmək mümkün olmadı. Çünki Cavidlərin gözəllik, sevgi Tanrısına tapınan ömürləri eləcə nura qənşər bir yolun əbədi yolçusuna döndü.

Qədim Naxçıvanın sinəsində qeyri –adi. Qoşa məqbərə ucalıb. Bunun birini XII əsrdə Memar Əcəmi yaradıb – Mömünəxatun məqbərəsi, ikincisi isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa köməyi ilə Cavidlər üçün ucaldılıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yer tutmuş unudulmaz Heydər Əliyevin qayğısı və xüsusi diqqəti danılmazdır. Məhz Heydər Əliyevin müdrik siyasəti sayəsində Hüseyn Cavidin nəşi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu torpağa tapşırıldı. Cavidin Sibirin buzundan qurtulmuş ruhu isindi. Onun Azərbaycanda bir neçə dəfə yubileyi dövlət səviyyəsində keçirildi, Bakıda ev-muzeyi yaradıldı. Ümumiyyətlə, Hüseyn Cavid Heydər Əliyevin ən çox sevdiyi bir şəxsiyyət idi!

Bütün varlığı ilə Hüseyn Cavid yaradıcılığına bağlı olan, vaxtilə onun ciyər-parası Turan Cavidlə bir yerdə çalışan Gülbəniz Babaxanlı unudulmaz mütəfəkkirimizin ədəbi irsi ilə bağlı araşdırmalarını müntəzəm davam etdirir. Gülbəniz xanım hazırda Hüseyn Cavidin ev-muzeyinin direktorudur. Daim məhəbbətlə xatırladığı Turan Cavidin yarımçıq qalmış arzularını həyata keçirmək üçün fədakarlıqla çalışır. Onun bu günlərdə çapdan çıxmış «Heydər Əliyev və Hüseyn Cavid» adlı kitabı ümummilli liderin 90 illik yubileyinə həsr olunub. Yeni nəşrə ön söz yazan filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli çox haqlı olaraq oxuculara belə bir fikir çatdırır: «Nə qədər ki Azərbaycan adlı əbədiyyət var, bu iki əbədiyyət də onunla qoşa addımlayacaq».

Kitabın müəllifi də elə girişdə bu məsələnin ahəngindəki həqiqəti çox dürüst qələmə alıb: «Milli dramaturgiyamızın və milli dövlətçiliyimizin inkişafında müstəsna rol oynamış və indi də oynamaqda davam edən bu iki böyük şəxsiyyət. Onları hər cəhətdən Azərbaycan adlı qədim və mədəni bir ölkənin, millətin öncülü saymaq olar və bu siyahı çox uzanar; təkcə onu göstərmək kifayətdir ki, Hüseyn Cavid Azərbaycan mənzum dramının, Heydər Əliyev isə müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır. Demək, Hüseyn Cavidlə Heydər Əliyevi hər şeydən öncə hər ikisinin yaradıcı şəxsiyyət olması bir-birinə yaxınlaşdırır. Doğrudur, onların birinin yaradıcılığı daha çox bədii, nəzəri, digərinki isə həm nəzəri, həm də praktik əhəmiyyət daşımışdır. Biri öz əsərləri ilə insanlara ədalətin və həqiqətin düzgün yolunu göstərmiş, digəri isə insanları ədalətin və həqiqətin, xalqa və vətənə xidmətin düzgün yolu ilə öz ardınca aparmışdır».

Monoqrafiya giriş və müxtəlif bölmələrdən ibarətdir. «Ədəbiyyatın böyük mesenatı» adlı bölmədə müəllif Heydər Əliyevin Azərbaycan ədəbiyyatına göstərdiyi qayğıdan, diqqətdən, onun təbliğ və nəşr işində apardığı dəyərli işlərdən söz açır. Haqlı olaraq ötənlərə ayna tutaraq yazır: «1969-cu ildən 2003-cü ilə kimi, yəni bir qərinədən artıq tarixi dövr ərzində klassik ədəbi-mədəni irsin öyrənilməsi, təbliği, nəşri, qlobal səvyiyədə tanıdılması… dünya səviyyəsində layiq olduğu yüksək mövqeyinin bərqərar edilməsi bir an belə Heydər Əliyevin diqqətindən kənarda qalmayıb».

Bəzi nadanların, xırda düşüncəli insanların çürük fikirlərini tənqid edən müəllif əsaslı və haqlı surətdə bir məqamı da oxucuların diqqətinə çatdırmağı unutmayıb. Şəxsi iddialardan uzaq düşə bilməyənlər Hüseyn Cavidin naxçıvanlı olduğuna görə Heydər Əliyev tərəfindən sevildiyini, diqqət və qayğıya büründüyünü deyirlər. Bu cür xislət sahibləri unudurlar ki, bəli, Hüseyn Cavid Naxçıvanda doğulub. Amma o, ümumilikdə bütün türk dünyasının böyük şairi və dramaturqu idi. Bu mütəfəkkirin də ən böyük arzusu bütün Turanın birliyi, bütün türk dünyasının əmin-amanlığı olub! Əlbəttə. Heydər Əliyev də Naxçıvanda doğulub, uşaqlıq illərindən Cavid nəslini yaxşı tanıyıb, onun böyük qardaşından dərs alıb, amma bütün bu olanları kiçik hisslərin adına bağlamaq sadəcə qəsdən görməməzlikdir. Bir də bu fikri dəfələrlə demişəm, təkrarlamaqdan da bezməmişəm. İnsan əvvəlcə öz doğulduğu yeri, evi, kəndindəki çayı, gölməçəni, bağı sevməsə, dünyanın şedevr abidələri qarşısında heyrətlənə, bəşəri hisslərlə yaşaya bilməz. Hər bir şey sadəlikdən mürəkkəbə doğru inkişafdadır! Qaldı Hüseyn Cavidə, nə xoş ki o, bizim xalqımızın, millətimizin övladıdır! Nə xoş ki bu gün ermənilərin göz dağına çevrilən nəqşi-cahanımızda doğulmuş böyük türk oğludur!

Böyük dramaturqun yaradıcılığına məhəbbət və ehtiramla yanaşan Gülbəniz Babaxanlı Heydər Əliyevi haqlı olaraq Hüseyn Cavid irsinin bilicisi adlandırıb. Müəllif yazır: «Hüseyn Cavid dühası öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır. Heydər Əliyev dühası bu əbədiləşdirməni tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məpruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir».

Heydər Əliyev Hüseyn Cavid irsinin həm də qayğıkeşi idi. Nəşinin Azərbaycana gətirilməsi, adına ev-muzeylərinin yaradılması, məqbərənin ucaldılması, prospekt və küçələrin salınması, əsərlərinin latın qrafikası ilə öz yazdığı şəkildə yenidən çap edilərək oxuculara çatdırılması – bütün bunlar hamısı məhz Heydər Əliyevin qayğısı sayəsində olub. Müəllif fərəhlə yazır ki, Hüseyn Cavidin ev-muzeyi Beynəlxalq Muzeylər Şurasının tamhüquqlu üzvüdür. Bu məsələnin özü Cavid irsinin Avropada və dünyanın başqa ölkələrində təbliği üçün əlverişli şərait yaradır. Heydər Əliyev ideyalarının və işlərinin layiqli davamçısı Prezident İlham Əliyev hər sahədə olduğu kimi, Cavid irsinin qlobal səviyyədə təbliğini gücləndirmək və öyrənilməsi üçün də qədirşünaslıq göstərir. Cənab Prezidentin imzaladığı sərəncamlar sayəsində Hüseyn Cavidin 125 və 130 illik yubileyləri keçirilib, külliyatı kütləvi tirajla nəşr edilib. Müəllif yazır: «İndiyədək Hüseyn Cavidin ev-muzeyinin rəsmi internet səhifəsinə dünyanın 40-a yaxın ölkəsindən, o cümlədən ABŞ, Fransa, Türkiyə, İtaliya, Rusiya, Almaniya və başqa ölkələrdən on minlərlə istifadəçi daxil olmuşdur». Gülbəniz xanımın fikrinə şərik olaraq deyək ki, bu hadisənin özü Cavid irsinə bütün dünyanın maraq və məhəbbətindən xəbər verir.

Hüseyn Cavidin cəfakeş övladı bütün ömrünü babasının (atasının – F.X.) əsərlərini axtarıb tapmaqda, nəşr etdirməkdə, yaymaqda keçirən Turan Cavid yaşadığı boyu bir pərvanə kimi alovun, odun başına fırlanmadı, o, içində yandı, qovruldu. Qapı-qapı, el-el, oba-oba atasının əsərlərini axtardı. Aktyorların dəftərindən Cavidin pyeslərini bir araya gətirərək tamamladı. Anası Mişkinaz xanımın yaddaşından süzülən «Telli saz»ı təzədən katıza köçürdü. Bəzən də əsl dəllallarla üzləşdi. Atasının əlyazısını öz halal pulu ilə aldı. Qandan-gendən gələn bir toxluq ömrü boyu Turan xanımın varlığında qərar tutdu. Onu maraqlandıran yalnız Hüseyn Cavid irsinin bir yerə toplanması və yenidən çapı idi. o, bu arzusuna da qovuşdu. Son günlərini isə atasının ev-muzeyində keçirməklə və bu yöndə yeni axtarışlarla məşğul olurdu. Deyirlər ki, ötən illərdə Bakıda baş verən zəlzələ zamanı Turan xanımı narahat edən əlyazmaların yenidən dağılıb itə biləcəyi olub. bu səbəbdən də onları həmişə seyfdə saxlayarmış. Uzun illər Turan xanımla bir yerdə çalışan, ona qəlbən bağlanan Gülbəniz xanım bu monoqrafiyasında onu yad edərək «Turan xanım canlı körpü idi…» adlı bölmədə bu unudulmaz insanın işıqlı obrazını yaradıb. Müəllif yazır: «Əgər böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getdisə, Turan xanım da bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verdi».

Filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının böyük sevgi və ehtiramla qələmə aldığı «Heydər Əliyev və Hüseyn Cavid» monoqrafiyasında iki dahi şəxsiyyətin və onların ardıcıllarının işıqlı obrazları səlis işlənib. Müəllifin dili oxunaqlı, fikir və şərhləri aydındır. Bu kitab həm dahi siyasətçi ümummilli lider Heydər Əliyevin xatirəsinə, həm də Hüseyn Cavid irsinə bəslənən dərin məhəbbət və minnətdarlığın əks-sədasıdır! Bəzən xatirələrə boylananda Hüseyn Cavidin məşhur misrasını qəribə bir xiffətlə yada salırsan: «Nə dərd olaydı, nə dərman…» Onda bir sual da öz cavabını belə tamamlayır. Zülmət olmasa, işığın qədri bilinməz ki?! Pislər yaxşıları sevmək üçündür. Hüseyn Cavid də elə bir həqiqətin əsiri idi ki, altun saraylara, daş zindanlara, vəhşi pəncələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu. Hüseyn Cavid bilirdi ki:

 

Hürriyyət öylə nazlı bir afət ki, tək vüqar,

Qan axmadıqca kimsəyə gülməz o işvəkar.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2013.-21-23 sentyabr.-S.16.