Zülmətdən İşığa
İnam ATA
İnam Atanın (Asif Atanın) «Zülmətdən İşığa» adlı fəlsəfi-tənqidi əsəri 20 il qabaq yazılıb. Bu yazı qarşıdakı onillərdə də aktual olacaq. Çünki Ata mütləq həqiqəti deyir. «Zülmətdən İşığa» yeni, bənzərsiz, qədimlik ənənəsi üstə inamlı ədəbiyyat yaratmağın ölçülərini verir – çağdaş yaradıcılıqdan, cəmiyyətçilikdən üstün, insani birliyi yaradan.
Atanın istədiyi ədəbiyyat – sinfilikdən, şəraitdən, mühitdən, ehkamdan, siyasətbazlıqdan, ədəbi, elmi bürokratizmdən üstündür.
İşıqlı Atalı,
Mütləqə İnam Ocağının Yükümlüsü
1. İnsanilik cəmiyyətdən artıqdır, böyükdür, yüksəkdir.
Heç bir cəmiyyət insaniliyi tam ifadə etmir.
Tarixi cəmiyyətlərin, ictimai quruluşların əksəriyyəti insaniliyi təsdiq etməmişlər, ona qarşı çıxmışlar.
İnsanilik – cəmiyyətə sığmır.
Bədiiyyat əksər hallarda insana cəmiyyətin gözüylə yox, cəmiyyətə İnsaniliyin gözüylə baxıb: İnsaniliyi Məqsəd, Cəmiyyəti isə Vasitə sayıb və əsasən həmin vasitəni bəyənməyib, tənqid edib.
Bizdə cəmiyyət fetişləşib, mədh olunub, dünənə qarşı qoyulub. Bu mədhdə İnsan itib. Ümumi “şən”, “gülən” ictimai axında düşünən, danışan, qəmlənən, – yəni yaşayan İnsan – görünmür, bədiiyyat insanı cəmiyyətin kölgəsində itirir.
Şənlik, Fərəh, Gülüş səsində İnsaniliyin səsi eşidilmirdi, çünki tək Şənlikdən, Fərəhdən, Gülüşdən ibarət dövran yoxdur, İnsan həyatı hər bir zamanda ağır Yükdür, çətin əməldir.
Digər tərəfdən mədh olunan dövran – gülər, şən, fərəhli deyil, zorakı, qəddar, müstəbid, özgələşmə vədəsidir.
“Şən və gülər dövran” şüarında siyasi Yön var idi, ancaq həyat yox idi; – həyat hər cür siyasi yöndən artıqdır, genişdir – ona sığmır.
Cəmiyyət mədh olunanda həyata yer qalmır, insana yer qalmır, çünki həyat həmişə ağır yoldur, İnsanilik həmişə ağır yoldur.
Cəmiyyət İnsaniliyə bərabər ola bilməz, çünki İnsanilik ictimailikdən artıqdır, böyükdür, yüksəkdir.
Cəmiyyəti yaradan İnsandır və o, cəmiyyəti İnam, İdrak, Mənəviyyat və İradə əsasında yaradır.
İnsan ictimai münasibətlərin məcmuyu yox, yaradıcısıdır və heç bir cəmiyyətdə İnsanın mahiyyəti tam aşkara çıxmır; İnsani imkan gerçəklikdə heç vaxt tam realizə olunmur, insanlar öz daxili keyfiyyətlərinin çoxunu qəbrə aparırlar.
Məddahlıqda cəmiyyət ideallaşdırılır, həm də antihəyatlaşdırılır; dərdə, qəmə, kədərə qarşı yürüş əslində naqisliyin bəzədilməsinə və həqiqətin gizlədilməsinə xidmət göstərir. «Tel azaddır», «El azaddır», «Hər yan gözəldir», «Könlüm gülür, həyat gülür, el gülür» mədhində elin başının üstünü almış terror vahiməsi gizlədilirdi – antirealizm təsdiq olunurdu.
Məddahlıqda bir əfsanəçilik də görünür: Dünən bütöv Qara, bu gün – Tünd Ağ rənglərlə çəkilir.
Zülmətdən İşığa, Ələmdən Nəşəyə düşürdü lirik qəhrəman və yer, göy, dünya Fərəhli gülüşə qərq olurdu.
Gülüş əlindən insana yer
tapılmırdı. Cəmiyyət cənnət kimi təqdim
olunurdu, əslində isə insanilik üçün cənnətdən
də dəhşətli cəhənnəm yoxdur.
2.
İnsanilik – Sinfilikdən artıqdır, böyükdür,
yüksəkdir.
Sinif – insanı tam ifadə etmir.
İnsanı İnsan eləyən İnam, İdrak, Mənəviyyat
və İradədir.
Sinfi İnam yoxdur; İnam – İnsanidir.
Sinfi İdrak yoxdur; İdrak – İnsanidir.
Sinfi Mənəviyyat yoxdur; Mənəviyyat –
İnsanidir.
Sinfi İradə yoxdur; İradə – İnsanidir.
Mülkədarlıq, kapitalistlik, fəhləlik, kəndlilik
– insaniliyə bərabər deyil.
Vicdan,
haqq, ədalət, özünütanıma, özünütəsdiq,
qeyrət, namus, kişilik, qadınlıq, dostluq, sevgi,
ümid, analıq, atalıq, ləyaqət, yurdsevərlik, bəşərsevərlik
və s. sinfi qəlibə sığmırlar.
Sinfi ictimai aləm var, sinfi daxili aləm yoxdur.
Bizdə
isə əksər hallarda təsvir sinfi səciyyədən kənara
çıxmır: qəhrəmanlar insaniliyi yox, sinfi mənsubiyyəti,
xüsusiyyəti təmsil edirlər; bədiiyyat sosioloji sxemə
qurban verilir; Daxili aləmin qapısı oxucunun üzünə
bağlanır, ədəbiyyat siyasətlə eyniləşir.
3. Sinfi ədəbiyyat
yoxdur – ədəbiyyat İnsanidir.
Burjua ədəbiyyatı axtardım. Tapa bilmədim.
Kimdir burjua ədəbiyyatçısı?
Tolstoymu,
Flobermi, Bayronmu, Getemi, Stendalmı, Balzakmı, Heminqueymi?
Burjua mənafeyini ifadə eləyən
yazıçı tapmadım ədəbiyyatda.
Kafka, Coys
– burjua ədəbiyyatıdırmı?
Burjua aləmini hərtərəfli özgələşmə,
əşyalaşma dünyası kimi qiymətləndirənləri
burjua yazıçıları saymaq olarmı?
Bədbinlik – burjua atributudurmu? Əksinə, burjua dəllalcasına
nikbindir, öz yerini dünyada möhkəm sayandır, maddi
qüdrətinə əmin olandır, sabahına
inamlıdır.
Burjua humanizmi axtardım ədəbiyyatda. Tapa bilmədim.
Burjua həyat tərzi var, ancaq burjua insansevərliyi
yoxdur; İnsansevərlik İnsani xüsusiyyətdir, Sinfi
xüsusiyyət deyil. Sinfi həqiqət yoxdur, həqiqət –
İnsanidir.
Sinfi bədiiyyat yoxdur, Bədiiyyat-İnsanidir.
4.
İnsanın tərəfində olub ədəbiyyat – çətin
məqamlarda.
İndiki sənət – antiinsani müstəbidliyə,
caniliyə qarşı öz səsini ucaltmadı, totalitarizmlə
döyüşmədi. Ədəbiyyatın siyasətləşməsi
İnsaniliyin xeyrinə olmadı. İnsan ədəbiyyatın
gözü qabağında tapdalandı, ədəbiyyat isə
bunu siyasi qələbə saydı və vəsf etdi.
5. Bədiiyyatın
siyasətləşməsi tənqidin ədəbi şərhlərində
də özünü göstərir.
Oxuculara təqdim olunan bədii məzmun tarixi, siyasi məzmundan
cüzi də olsa fərqlənmir; romanlar, povestlər,
şeirlər, dramlar estetik mahiyyətdən məhrum olunurdu;
tarix, sosiologiya, siyasət kitabları haqqında deyilənlərdən
artıq heç nə deyilmirdi ədəbiyyat haqda.
«İnqilabi nəzəriyyənin, partiya rəhbərliyinin
kütlələrə təsiri, xalq hərəkatının
şüurlu və mütəşəkkil bir şəkil
alması, Bakı fəhlə hərəkatında fəal
iştirakı romanda canlı və doğru verilmişdir» («Azərbaycan
sovet ədəbiyyatı»). Bu səciyyəvi
şərhdə ədəbi məzmun yoxdur, ancaq bu yoxluq siyasətləşən
ədəbiyyata yarayır.
6.
İnsanilik Mühitdən artıqdır, böyükdür,
yüksəkdir. Əks təqdirdə İnsan
naqis mühitə pərçimlənib qalardı, onu dəyişdirə
bilməzdi.
İnsanilik kollektivdən artıqdır,
böyükdür, yüksəkdir. Əks təqdirdə
İnsan naqis kollektivə pərçimlənib qalardı, onu
dəyişdirə bilməzdi.
Ehkam
mühiti, kollektivi Mütləq meyara çevirib: onlara
qarşı çıxmaq – günah sayılır; mühit –
kollektiv haqqı təmsil eləyir, onlarla döyüşən
haqla döyüşür ehkamda.
Kollektivlə Fərdin münaqişəsində kollektiv
doğru, Fərd Yanlış sayılır; beləliklə də
kollektiv fetişləşir. Fərdə
qarşı kollektiv Zorakılıq bəraətləşir,
Fərd kollektivdə itir.
Əslində isə insaniliyin əsası, bünövrəsi
fərdiyyətdir, şəxsi özümlükdür. Mühitin
ünsürü səviyyəsinə enən insan –
İnsaniliyini itirir; Mühitləşən İnsan –
İtirilmiş İnsandır, fərdiyyətə
qarşı duran.
Mühit ağalığı ictimai ağalıq
formasıdır; Mühitin Fərdə qarşı Mənəvi
istismarı yaranır. Yəni mühit insanın ləyaqətini
mənimsəyir, onu tapdayır. Mühitlə
döyüşmək – qəhrəmanlıq tələb eləyir,
ancaq vicdan, haqq, ədalət, heysiyyət adi adamları da
mühitə qarşı qoyur; onlar öz adi
ağılları, duyğuları, iradələriylə
mühitə sığmırlar, ondan kənara
çıxmağa can atırlar, öz dünyalarını
yaratmaq istəyirlər, ancaq qanadları mühitin dəmir
qapılarına dəyib qanayır. Təbiidir ki, onlardan qəhrəmanlıq
tələb eləmək olmaz; mühitin qulu ola
bilməyənlər – mühitin ağalığını ləğv
edə bilmirlər, ancaq onun antiinsaniliyini aşkara çıxarırlar
və bununla da insaniliyə xidmət göstərirlər.
Ehkam isə Fərdin Mühitlə münaqişəsini
əksər hallarda həyatın təhrif olunması
sayır.
Ehkama görə Mühit pis ola bilməz, o, bizim
mühitimizdir, sosialist gerçəkliyidir; yalnız Fərd,
ayrı-ayrı adamlar pis ola bilərlər və həmin pis
adamların üzərində qələbə
labüddür, çünki mühit
yaxşılarındır – Xeyir Mütləq qələbə
çalmalıdır, çünki o, öz mühitində
döyüşür, Şər mütləq məğlub
olmalıdır, çünki o, özgə mühitdə fəaliyyət
göstərir.
Bu səbəbdən Mühitə sığmamaq – əcayib
görünür. Ehkamın tərtib etdiyi sxemdə
Mühit fərdin qanadıdır; Gerçəklikdə həmin
qanad qanayırdı. Bu səbəbdən
də Ehkam həqiqəti gerçəkliyin təhrifi
sayır; – əslində həyat ədəbiyyatdan qovulur; fərd
dərdi, şəxsiyyət dərdi, yanar ürəklər,
zəkalar dərdi, arzular, ümidlər dərdi, çiyninə
zindan kimi düşən Zorakılıq dərdi, eyniləşmə,
əşyalaşma dərdi həqiqətsizlik sayılır.
Mühit allahlaşır – İnsan bəndələşir,
kölələşir, kölgələşir.
7.Ehkama
uyan ədəbiyyatda insan həyatı çox vaxt istehsalatla
eyniləşdirilir; az qala tarla insanı, zavod insanı, sex
insanı yaranır.
Süjet istehsalatlaşır, bədii problem
istehsalatlaşır, münaqişə istehsalatlaşır. Təzə
istehsal üsuluna həsr olunur əsər; geri qalmış
kolxozun qabaqcıl kolxoza çevrilməsinə həsr olunur;
unudulur kəndliylə torpaq arasındakı özgələşmə,
mədhdə zəhmətkeş həyatı itir, insan
tarlalaşır, zavodlaşır, sexləşir. Əməkçi surətində insan kölgələşir.
8. Ehkam
xüsusi bir realizm icad edib: həyatın müsbət tərəflərinin
təsdiqi əsas məqsəd sayılır.
Ümumi tendensiyanı, gedişatı, mahiyyəti tənqid
etmək olmaz, ayrı-ayrı hadisələri tənqid etmək
olar və həmin hadisələri mahiyyətin,
gedişatın ifadəsi kimi yox, qeyri-təbiilik, anomaliya,
yaxud köhnə dünyanın qalığı kimi qiymətləndirmək
olar. Əks təqdirdə əsər antirealist (gerçəkliyin
təhrifi) sayılır. Təzə,
xüsusi realizm vasitəsiylə həyat həqiqətiylə
döyüşürlər, antirealizm təsdiq olunur; normativ
realizm ehkamı yaranır; sosializm idealının təsdiqi
naminə həqiqətdən keçmək, həyatı
Ehkamın təsdiq etdiyi həyat normativliyinə bərabərləşdirmək.
Xüsusi realizm realizmi ədəbiyyatdan silir.
9. Şərqiliyimizdən
uzaq düşdük
Hürmüzd İşığından ayrıldıq. Ənəlhəqqdən
ayrıldıq. Ülvi Eşqdən
ayrıldıq.
İnsanın ruhani mahiyyətindən ayrıldıq. Ruhsuzluğa
düçar olduq.
10. Ədəbi
mühitə siyasətbazlıq sirayət eləyib
Rəqibi
sıradan çıxarmaq üçün idealları
müdafiəyə qalxırlar, ideoloji ittihamlar arxasında
xudbin niyyətlər, mənsəbpərəstlik, şöhrətpərəstlik
gizlənir; bədiiyyat ustalığına yiyələnməmişdən
qabaq intriqa ustalığına yiyələnirlər; əqidə
döyüşü pərdəsi altında qatilləşirlər;
həmkarlarından böyük düşmən
tanımırlar; xəbisliyi mübarizliklə «doldururlar», – fəlakətli,
qəbahətli, antihumanizm yaranıb ziyalılar arasında. Ədəbi, elmi bürokratizm çiçəklənib;
rütbə, dərəcə, vəsiqə istedadı üstələyir;
dissertasiya janrı qabiliyyətsizlik ordusu yaradıb; diplom hakim
olub mühitə; biliyə vaxt tapa bilməyən dissertasiya
ustaları dissertasiyaya vaxt tapa bilməyən bilik
ardıcıllarına şəst göstərirlər. Fikirsiz, ideyasız, əsərsiz, üslubsuz vəsiqəçilər
yarışı başlayb –hərarətli.
11. Ənənə
və müasir sənət
Müasir sənət ənənədən hələ
üzübəri bəhrələnib, onun daxili məziyyətlərinə,
idraki-bədii mahiyyətinə çatmayıb.
Nizamidən necə bəhrələnib muasir ədəbiyyat?
Ülvi qəhrəmanlar, ruhani pafos, müdriklik, aforistik
üslub, zəngin obrazlar səviyyəsindən uzaq.
Dəbdəbə sayıldı çox vaxt bu məziyyətlər,
realizmə yad – çığlın təmtəraq, mücərrəd
mühakiməçilik sayıldı.
Nəsimidən necə bəhrələnib müasir ədəbiyyat?
Ənəlhəqq səviyyəsindən,
sığmazlıq ülviyyətindən, ruhani qüdrətindən,
vəcdli idrakdan, müqəddəslik ehtirasından uzaq. Bunlar bəyənildi,
təqdir olundu – ötüb keçən məqam kimi, mənəvi
həyatın üzvi tərkib hissəsi kimi yox.
Füzulidən necə bəhrələndi müasir ədəbiyyat?
Ali məhəbbət ehtirasından, ehtiyacından, səcdəsindən,
bəlasından uzaq; Leylisiz, Məcnunsuz keçindi ədəbiyyat,
«müasir sevgiyə» uyğun gəlmədi Məcnunluq,
ağıllara yaramadı dəlilər.
Füzuli zinət kimi sevildi, çörək kimi sevilmədi.
Muğam
üstə nikbin şüarlar oxuyuruq: unuduruq ki, muğamın
cövhəri qəmdir, qəm üstündə şüar
oxumazlar; – şuxluq da muğama uyuşmur. Şux
qəzəllərdə muğam hərcayiləşir,
«müasir muğam» düzəldirik – muğamın
ziyanına.
Şərqiliyimizdən
utanırıq, şərqli olmağı az
qala qəbahət sayırıq.
Ənənəyə qarşıyıq mahiyyətcə
– ənənədən dəm vura-vura ənənəsizləşirik.
12.
Dünyəvilik və Xəlqilik
Sənətdə
Dünyəvilik İdrakın, Mənəviyyatın və Bədii
Biçimin səviyyəsi ilə ölçülür, yəni
dünyəvi sənət o sənətdir ki, onun ifadə
etdiyi məzmun, təsdiq elədiyi mənəvi aləm və
nail olduğu biçim Dünyəvi səviyyədə olsun.
Dünyaya yayılmaq, dünyada tanınmaq, dünya tərəfindən
təqdir olunmaq sənətin dünyəviliyini müəyyən
eləmir.
Füzuli lirikası öz bədii idraki səviyyəsi
etibarilə nadir dünyəvi hadisədir. Ancaq dünyada Füzulidən
daha artıq tanınan, təbliğ olunan liriklər var və
onlar əslində şairimizdən daha az
dünyəvidirlər.
Nəsimi həm şəxsiyyət, həm də sənətkar
kimi Dünyanın birinci simalarındandır.
Ancaq
dünyada Nəsimidən qat-qat çox tanınan, sənətkarlar,
qəhrəmanlar var ki, onlar Nəsimidən qat-qat az dünyəvidirlər.
Avropamərkəzçilik əsasında Dünyəvilik
stanrdartı icad olunub.
Dünyəviliyin meyarı – xəlqilikdir.
Dünyaya sığmayan – Vətənə
sığır.
13. Sənətdə Tənqidi təmayül həyatdakı
eybəcərliyə qarşı Ruhani müqavimət
yaradır.
Sənətin İctimai və Mənəvi Qəbahətə
qarşı müqaviməti hədsiz dərəcədə zəifdir.
Eybəcərlik sənət sarıdan elə bir
nigarançılıq çəkmir.
Qəbahətin “sənət” adlı Yağısı
yoxdur.
Eybəcərlik sənətdən qorxmur, çünki
sənət eybəcərliklə döyüşmür, eybəcərliyin
mahiyyətini açmır, ehkam «həyatımızda
köklü, barışmaz ziddiyyətlər yoxdur» - deyə
bağırır, eybəcərliyi sənətdən qoruyur.
Ədəbiyyatın müsbətçiliyi artdıqca həyatın
mənfiliyi artdı. Həyatda mənəviyyat
qıtlığı – həm də cəmiyyətdə ədəbiyyat
qıtlığı deməkdir.
Qaranlıqlar
Yarılsın!
Yükümüzdən
Böyük Fərəhimiz yoxdur!
15-ci il, Bakı
(fevral, 1993).
Təqdim etdi:
İşıqlı Atalı
Kaspi.-2013.-21-23 sentyabr.-s.20.