Kaspi Təhsil Mərkəzi yeni “Elektron Təhsil” Layihəsini
təqdim etdi
Sona Vəliyeva: “Universitetlərə
550-yə yaxın məzunun verilməsi böyük nailiyyətdir”
«Özəl fəaliyyət strukturu
dövlətin həmişə diqqət mərkəzində olan sahədir. Ancaq özəl fəaliyyət strukturu
kimi təhsillə məşğul
olanları dövlət birbaşa dəstəkləyir.
Çünki təhsil dövlətin əsas
prioritetlərindən biridir. Çox qürurverici
haldır ki, biz
dövlətin təhsil siyasətinə dəstək veririk». Bu fikirlər
Kaspi Təhsil Mərkəzinin 2012-2013 tədris
ilinin ənənəvi yekun
hesabatı və növbəti tədris ilində
qarşıda duran planlar
və layihələrlə bağlı keçirdiyi
mətbuat konfransında səslənib.
Xaricdə təhsilə töhfə
«Biz
təhsil mərkəzini yaradanda söz verdik ki, bütün
nailiyyətlərimizi sizinlə qeyd edək» - deyən Kaspi Təhsil
Mərkəzinin təsisçisi Sona Vəliyeva mərkəzin
müxtəlif iş istiqamətləri haqqında məlumat
verərək təhsil mərkəzinin yarandığı
tarixə nəzər salıb: «Biz öncə «Kaspi poliqlot»
bölməsini yaratdıq və bu, bir neçə iş
sektoru ilə sizin xidmətinizə gəldi. Bu bölmə
6-9, 15-16, 21-22 və daha yuxarı yaşda professional ingilis dilini öyrənmək
və bu dildə sərbəst
danışmaq istəyənlər üçün
mərhələli ingilis dili,
orta məktəb, bakalavr,
kollec və magistr səviyyəsində
xaricdə təhsil almaq istəyənlərə
şərait yaratdı. Daha sonra mərkəzin nəzdində
TOEFL və IELTS imtahan
hazırlıqlarının keçirilməsi, xaricdən
müəllimlərin dəvət olunması və bunun nəzdində beynəlxalq TOEFL imtahan mərkəzinin açılması mərkəzin
iş fəaliyyətinin genişlənməsinin
göstəricisi oldu. Bu, ilk dəfə ölkədə
özəl təhsil mərkəzi olaraq Kaspi Təhsil Mərkəzi tərəfindən
açıldı. Bununla da
biz işimizi inkişafa doğru yönəltdik”.
Kaspi Qlobal bölməsini açmaqla
xaricdə təhsil layihəsini ortaya qoyan mərkəzin hazırda dünyanın
150-ə yaxın nüfuzlu universitetləri
ilə partnyorluq əlaqələrinin olduğunu bildirən S.Vəliyeva qeyd edib ki,
bölmə beynəlxalq təhsil sərgilərinə qoşulmaqla həmin universitetləri Azərbaycanla
əməkdaşlıq etməyə dəvət edib: “Uzağa
getmədən, heç bir
maddi vəsait xərcləmədən tələbələr
bu təhsil ocaqları ilə əlaqələr
qurdu və bunun nəticəsi
olaraq hazırda 350-yə qədər məzunumuz
həmin universitetlərdə “Kaspi”ni təmsil edir. Biz uğurlu imtahan verən 80-ə yaxın məzunu Kaspi Qlobal-ın xətti ilə xaricə yola salacağıq. Bu,
dövlətin xaricdə təhsil siyasəti nəticəsində
təhsil alıb ölkəyə qayıdacaq 5000 gəncin bir hissəsi deməkdir. Sevinirik
ki, bu proqrama
bizim də töhfəmiz oldu».
S.Vəliyeva
həmçinin mərkəzin magistraturaya hazırlıq
bölməsi olan «Kaspi Professional»-ın uğurundan
danışaraq qeyd edib ki, mərkəzin yüzlərlə məzunu
təhsilini ölkənin ayrı-ayrı ali məktəblərinin
magistratura pilləsində davam etdirir.
Təsisçi
həmçinin mərkəzin məktəbəqədər
hazırlıq üzrə xidməti olan Kaspi Kids-in fəaliyyətinə
toxunub: «Kaspi Kids Kaspi Təhsil Mərkəzinin məktəbəqədər
hazırlıq üzrə xidmətidir. Məktəbəqədər
yaş dövrü
uşağın fəal sosiallaşması, böyüklər
və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni
vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür.
Artıq 3 ildir ki,
bölmə 5 filialda fəaliyyət
göstərir. 2 ildir ki,
ölkə məktəblərinin birinci
sinfinə daxil olan
şagirdlərin 500-ə yaxını Kaspi
Kids-də hazırlıq kursu keçən
uşaqlardır».
Kaspi Abituriyent-in
uğuru
Kaspi
Abituriyent-in mərkəzin ən gərgin iş fəaliyyətinə
malik olan bölmələrindən olduğunu qeyd edən S.Vəliyeva
şöbənin təkcə mərkəzə deyil,
bütövlükdə cəmiyyətə, bütün
valideynlərə və cəmiyyətin gələcəkdəki
inkişafına öz töhfəsini verdiyini diqqətə
çatdırıb. Belə ki,
2008-2009-cu tədris ilindən fəaliyyətə başlayan bölmə ilk
vaxtda 88 faiz nailiyyəti
ilə diqqət çəkib: “Bu, sevindirici hal idi. Çünki bir illik işimiz
hədər getmədi. Bu günə qədər
respublika daxilində fəaliyyət
göstərən universitetlərə 550-yə yaxın məzun
verilməsi artıq böyük nailiyyətdir.
Təkcə abituriyent bölməsində
60-dan çox peşəkar müəllim
kollektivi çalışır.
Onların içərisində 2 elmlər doktoru,
16-a yaxın fəlsəfə doktoru,
müxtəlif təltiflər və ödüllər alan, ilin müəllimləri,
əməkdar müəllimlər, test
banklarının müəllimləri yer
alıb”. S.Vəliyevanın sözlərinə
görə, ən mütərəqqi təhsil
üsullarını seçmək, onlardan
səmərəli istifadə etmək və onları ümumiləşdirib
yerli şəraitə tətbiq etmək kimi addımlar mərkəz üçün
öz səmərəsini verib.
S.Vəliyeva
həmçinin Kaspi Abituriyent-in Azərbaycanda abituriyentlərə
təqaüd verən ilk təhsil mərkəzi olduğunu da
diqqətə çatdırıb. Belə ki, mərkəz «Qızıl təqaüd», «Gümüş təqaüd» və «Bürünc təqaüd» paketlərini təqdim
edir: «Bu təqaüdü
alan abituriyentin
şansı əvvəlcədən bəllidir. Artıq onlar 700 bal toplamağa
iddialıdırlar. Sevindirici haldır ki, iki məzunumuz – Qulu Quliyev və Vəfa Qəmbərova
TQDK-nın keçirdiyi qəbul imtahanlarında
yüksək bal yığaraq ali məktəbə daxil olub və prezident təqaüdçüsü
kimi fərqləndilər. Onlar
«Bu günün Kaspi təqaüdçüsü, sabahın prezident təqaüdçüsü» devizini uğurla həyata
keçiriblər».
Yaxın gələcəyə
hesablanmış layihə
Tədbirdə təqdimatı keçirilən yeni «Elektron təhsil» layihəsindən danışan təsisçi bildirib ki, mərkəz elektron təhsilə keçən ilk müəssisədir: «Pulsuz təqdim etdiyimiz «Oxu TV» layihəsi üçün 550-yə yaxın dərsin videoformatda çəkilişi həyata keçirilib. Biz bu işin formatını dəyişib daha müasir variantda elektron təhsil sisteminə keçdik. Mən istərdim ki, gələcəkdə bütün təhsil ocaqları bu metoddan istifadə etsinlər».
Kaspi Təhsil Mərkəzinin
direktoru Elnur Əliyev
mərkəzin bölmələrinin ölkə məkanında
təqdim etdiyi məhsullardan və
onların fərqli xüsusiyyətlərindən
danışıb. Kaspi Abituriyent-in uğuruna
toxunan mərkəz rəhbəri bu il prezident
təqaüdçüsü adını qazanan
tələbələrin mərkəzdə təhsil
aldığı illərdə həmçinin “Kaspi” təqaüdçüləri olduğunu və ümumilikdə təqaüdlərin
təsis olunmasının tələbələrdə motivasiyaedici stimul
yaratdığını qeyd edib. “Növbəti üstünlük
isə ondan ibarətdir ki,
tələbələr üçün ilin əvvəlindən sonunadək dərslərdən
əlavə məşğələlər təşkil olunur. Bu, onlara
özlərini inkişaf etdirmək üçün imkan
yaradır. Bu metodlar bizim rəqib mərkəzlərin heç birində tətbiq olunmur.
Digər bir üstünlüyümüz
isə müəllimləri seçərkən həssaslıq
göstərməyimizdir. Ola bilməz ki, təsadüfi bir
müəllim bizim abituriyentlərin
qarşısına çıxsın”.
Kaspi Abituriyent-in nəşrlərinə toxunan mərkəz rəhbəri qeyd edib ki, hazırda bölmənin bütün fənlər üzrə nəşrləri yoxdur: «Bu o demək deyil ki, biz onları nəşr etdirə bilmirik. Bu o deməkdir ki, biz sadəcə hər bir dərs vəsaitinə və test bankına ciddi yanaşırıq. Biz testləri toplu şəkildə çap etmək baxışını ortaya qoymamışıq. Biz tələbənin hər gün burada keçdiyi dərsə uyğun vəsaitlərə və test banklarına uyğunlaşmasını istəyirik. Yəni əlavə materiala gərək olmadan, tələbəni yükləmədən onu qısa vaxt ərzində hazırlaya bilərik». Mərkəzin ölkədə təhsil sərgiləri keçirən yeganə şirkət olduğunu vurğulayan E.Əliyev bu uğuru universitetlərin təhsil mərkəzi ilə rəsmi partnyorluq əlaqəsi ilə izah edib. Mərkəz rəhbərinin sözlərinə görə, yaxın gələcəkdə elektron təhsil sahəsində qazanılacaq uğurlar mərkəzin növbəti layihəsi ilə bağlı olacaq. “Oxu TV”ni sosial layihə kimi ictimaiyyətə təqdim etdik və bu, 40 min istifadəçini əhatə edir. Hazırda 500-ə yaxın dərs çəkilib. Bu portaldan gündəlik təhsil yeniliklərini izləmək mümkündür. «Elektron təhsil» layihəsi yaxın gələcəyə hesablanmış layihədir. Bu il Azərbaycanda informasiya texnologiyaları ilidir və biz də təhsil şirkəti olaraq buna öz dəstəyimizi göstəririk».
Mərkəzin elektron təhsil layihələri üzrə rəhbəri Tural Əliyev yeni «Elektron təhsil» layihəsi barədə məlumat verərək qeyd edib ki, bu sistem Azərbaycanda nəinki özəl təhsil müəssisələrində, hətta, dövlət təhsil müəssisələrində ilk olacaq: «Bu layihə ölkədə bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edəcək».
Tədbirin sonunda Kaspi Abituriyent bölməsinin ölkənin ali məktəblərinə daxil olan və tələbə adını qazanan məzunlarına qiymətli hədiyyələr təqdim olunub.
Təranə Məhərrəmova
Kaspi.-2013.-24 sentyabr.-S.9.