“...çox Qədirlərdən
həyat dərsi almışam“
Yasin Qarayev: "Nəyə
görə sənətdən uzaqlaşmalıyam?"
Gülmək hər insana
yaraşır deyirlər amma hər işin etik tərəfi olduğu kimi komediya da səviyyə tələb
edir. Günümüz
teatrlarının güldürmək məfhumunu unutduğu bir vaxtda ümidimizi yenə də
keçmiş aktyorlar
doğruldur. Hansımız unuda bilərik ki, Nəsibə
xanımı, Siyavuş bəyi, Yaşar Nurini? Onların
illərdir üzümüzü
güldürən maraqlı ibarələri inanıram ki, bundan sonra
da hələ çox
uzun illər keyfiyyətli gülüşün
dadını damağımızda hiss
etdirəcək.
Müsahibimiz xalq artisti Yasin Qarayevdir:
- Yasin Qarayev sənətdən uzaqlaşıbmı?
- Hərdən oturub ömür kitabımı
vərəqləyəndə, baxıb görürəm
ki, bu kitabın
ən maraqlı səhifələri mənim
sənət yolumla bağlıdır...
Saralmış kağızların yeddi-səkkizinci
səhifələri hardasa
əlli-altmışıncı illərin təsviridir. Yaxşı
xatirimdədir, kənd
toylarının saz-söz
bəzəkləri olan
aşıqlar - Əkbərin,
İmranın, Qəhrəmanın
yanında Qədir adında qoca bir kişi
də gələrdi ki, onların ustadı idi. Sözün əsl mənasında fitri-istedad sahibləriydilər.
Amma Qədir kişi oxuyub
eləməz, bir kənarda qəlyanını
tüstülədib, hərdən
dodaqaltı qımışar,
şəyirdlərinin uğuruna
razılıq əlaməti
olaraq başını
tərpədərdi... Orası
da vardı ki, cavanlar yorulanda
Qədir kişi
qəlyanını torbasına
qoyub, durub bir-iki qaravəlli danışardı ki, o danışığın duzunu-məzəsini
hələ də unutmamışam. Çünki, xalq folklorundan gələn hoqqa-şəbədəni
peşəkarcasına çox
ləzzət və məzəynən toy əhlinə
çatdırırdı. Qədir kişinin ən azından 80-85 yaşı olardı... Masabəyi də özündən qafiyə
toqquşdurub Qədir
kişiyə sataşardi:
"qocaldı, sənətdən
uzaqlaşmadı, dul daldı, heç kimnən qucaqlaşmadı".
Mağardakılardan da
imkanı olanlar durub Qədir kişiyə nəmər verərdilər... Toydan sonra da arvadlar
qeybət eliyərdilər
ki, "az-az, Qədir kişi oxuyandan çox pul apardı e toydan"... İndi mən fikirləşirəm
ki, çox Qədirlərdən həyat
dərsi almışam.
Nəyə görə sənətdən
uzaqlaşmalıyam?
- Bugünkü komediya sizi qane
edirmi?
- Komediya-şən tamaşa
deməkdir. Şən tamaşa hazırlayan
rejissorun da, rol ifa edən
aktyorun da fərdi yumor hissi elə güclü olmalıdır
ki, tamaşanı komediya şəklində hasilə gətirə bilsinlər. Keçən
il respublikamızda
M.F. Axundov əsərlərinin
festivalında, Bakıda
olan teatrların tamaşalarına baxdım.
Şuşa musiqili
dram teatrında Loğman
Kerinovun quruluş verdiyi, "Lənkəran
xanın vəziri`` tamaşasında baş rolun ifaçısı İlqar Salamovdan tutmuş epizodik rola kimi hamısı
gözəl bir komediya tamaşasının
daşıyıcıları kimi, minlərlə tamaşaçını qane
etməyi bacardılar...
Bəhram Osmanovun hazırladığı,
"Hacı Qara`` tamaşasında Vüsal Mehrəliyev və Elşən Çarxanlının
komediya oynamaq bacarıqları çox parlaqdır. Elşən
Rüstəmov, Şövqi
Hüseynov, Kübra Dadaşova və Elşən Hüseynovun komediya janrındakı ifaları gözəl aktyor yaradıcılığının
nümunələridir. Musiqili
teatrda B.Osmanovun quruluşunda Qoqolun, "Evlənmə`` tamaşası
gedir... Məleykə və Şükufə xanım, komediya teatrının görkəmli
aktyorları Arif Quliyev, Ramiz Məmmədov, Qurban İsmayılovun və Çingiz Əhmədovun
oynadığı komediya
tək məni yox, minlərlə tamaşaçını qane
edir.
- Azərbaycan teatrını "kasıblaşdıran"
nədir?
- Tarixdən məlumdur ki, müharibə gedən ökələrdə
birinci növbədə
teatrlar əziyyət çəkib kasıblayır.
Belə ki, bizim ölkəmizdə
də 20 ildən çoxdur ki, müharibə başlayıb
və hələ də sona çatmayıb.
Təbiidir ki, o kasıblaşma
prosesi bizdən də yan ötməyib.
Lakin buna baxmayaraq XXl əsrin başlanğıcından yavaş-yavaş
Azərbaycan teatr mədəniyyətində dirçəliş
dövrü başladı.
Bu illər ərzində
ölkə başçısı
Azərbaycan mədəniyyət
və incəsənətinin
çiçəklənməsi naminə 300-dən çox
sərəncam və fərmanlara imza atdı. Bununla da mərhələ-mərhələ
bütün teatr binaları yüksək səviyyədə yenidən
bərpa olundu. Müasir tələblərə cavab
verəcək texniki avadanlıqlarla təchiz olunaraq istismara verildi. Hesab edirəm ki,
dövlətin bu diqqət və qayğısı Azərbaycan
teatrını dediyiniz
o kasıblaşmadan xilas
etdi.
- Sənətin təlxəkliyə boyun əydiyi bir vaxtda bu vəziyyətdən
çıxış yolu
axtarmaq kimin öhdəsinə düşür?
- Biz hamımız xalqıq və hamı fədakarlıqla xalq üçün çalışmalıdır.
Deməli məhsuliyyət hamının öhdəsinə
düşür. Söhbət birbaşa aktyor sənətindən gedirsə
şübhəsiz ki,
bu vəziyyətin məsuliyyəti fərd olaraq şəxsin özünün və onun çalışdığı
teatr rəhbərliyinin
öhdəsinə düşür.
- Necə olurdu ki, əvvəllər
aktyorlar ironik ifadələr işlətmədən
insanları güldürə
bilirdilər, indi təlxəklərə gülənlərmi
çoxalıb ya əsl teatrmı zəifləyib?
- Zamanın diktə etdiyi hadisələrlə
üzləşəndə ya tənəzzül ya da inkişaf
dövrlərini yaşayırlar.
Çətinliyə düşən
teatrın təəssübkeşləri
klassik dramaturgiyanı
diqqət mərkəzinə
çəkməklə teatrı
dirçəltməyə nail olurlar. Məsələn, mən işlədiyim Gənc Tamaşaçılar
Teatrında vaxtilə
Hüseynağa Sadıqov,
Süleyman Ələsgərov,
Məmmədağa Dadaşov,
Susanna Məcidova, Osman
Hacıbəyov kimi qüdrətli aktyorlar dünyalarını dəyişəndən
sonra Qarabağ müharibəsi başlandı.
Açıq-aşkar yaradıcılıqda
bir cılızlaşma
hiss olunmağa başladı.
Lakin bu gün teatrın
repertuarında M.F. Axundov,
C.Cabbarlı, H.Cavid, C.Məmmədquluzadə kimi
dahilərin şah əsərləri ilə birgə Elçin, Əli Əmirli kimi müasirlərimizin əsərləri əsas
yer tutur. Mən buna teatrın inkişaf dövrü deyərdim.
- Yasin bəy necə yaşayır?
- Çoxlarından fərqli
olaraq 67 yaşlı Yasin Qarayev dörd
nəfər ailə üzvüylə, bir otaqlı mənzildə,
500 manat Prezident mükafatı hesabına sadə bir həyat
tərzi yaşayır.
- Yeniliklər varmı?
-Maraqlı bir film çəkilişinə dəvət
almışam. Yaradıcı heyətdə çox maraqlı sənətkarlar
var. Teatrda yeni mövsüm başlayır.
İnşallah yeniliklər çox
olacaq.
- Oxucularımıza sözünüz...
- Napoleon deyib ki, "istənilən ölkənin tək bir qəzetini oxumaqla həmin ölkənin üsul-iradəsi, azadlıqları, iqtidarının gücü, milli gəliri, təhsil sistemi və ideologiyası haqqında yetərincə məlumat almaq olar". Əziz oxucular, deməli "Kaspi`` qəzetini oxumaq lazımdır.
Söhbətləşdi:
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-25 sentyabr.-s.15.