Bacımın səsinə həmişə
qibtə etmişəm
Gülyaz Məmmədova: “İndi
hər şey daha asandır. O zaman maqnitofonu güclə tapıb muğama
qulaq asırdıq”
Bu
gün gündəmdə olmaq şou-biznes nümayəndələri
üçün çox aktual və önəmli məsələlərdən
birinə çevrilib. Ancaq bir çox
ifaçılar var ki,
onlar efirlərdə çox
az görünsələr də, hər zaman xalqın qəlbində öz
layiqli yerlərini tuturlar.
Müsahibim əməkdar artist,
Prezident mükafatçısı Gülyaz Məmmədova da
o ifaçılar sırasındadır. Gülyaz
xanım bizimlə söhbəti zamanı
yaradıcılığından və keçdiyi
sənət yolundan söhbət
açdı. İfaçının sözlərinə
görə, o, bu sənətə
heç də asan gəlməyib,
gənclik dövrü Qarabağ
müharibəsi, “20 Yanvar” hadisələrinə
təsadüf edib.
Onlarla fəxr edirəm
- Gülyaz xanım, siz hər zaman
öz ifa tərzinizlə seçilmisiniz. Srağagün tamaşaçılara təqdim
etdiyiniz “Şabran” klipiniz bölgələrimizin birinə həsr
olunub. Bu ideya sizdə necə yarandı?
-
Ötən ay Şabranda Mədəniyyət və Turizm
Nazirliyinin təşkil etdiyi tədbirə getmişdik. Orada biz Mahnı
Teatrının solistləri kimi
çıxış edirdik. Tədbirə
gedəndə elə bildim ki,
açıq havada, fonoqram
oxuyacağam. Mən də getdiyim
məkanda gördüm ki,
canlı ansambl var.
Canlı ansambl olan
yerdə nə üçün canlı
oxumayım deyib, diski qoydum qırağa. Düşündüm
ki, fonoqram
oxumağım ayıb olar (ifaçı bu yerdə mahnını canlı şəkildə
ifa edir - müəllif).
Tədbirdə canlı olaraq xalq mahnıları, muğamlar
oxudum. Ondan bir müddət sonra Tahir Əkbərovla Novruz Novruzov mənə belə bu
mahnını oxumağı təklif etdilər. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Mahnı milli üslubda yazılıb. Sonra
təklif olundu ki, bu mahnıya klip çəkdirək.
Əslində bu gözəl bir layihədir ki, bölgələrimiz
haqqında mahnılar yazılır, kliplər çəkilir.
Klip Şabranın ən gözəl yerlərində
çəkildi. Hamısı bir yana, Şabranda Qalaltı
qayasına çıxartdılar məni. Çox
çətinliklə o qayaya
çıxa bildik, anamı
ağlatdılar (gülür). Qayaya alpinistlər kimi daşlardan tuta-tuta
çıxırdıq. Çıxandan sonra
da düşə bilmirdik.
Klip çətinliklə çəkildi,
sonda isə gözəl nəticə əldə
etdik. Klipdə Şabranın gözəlliyi,
tarixi abidələri təbliğ olunur. Şükürlər olsun
ki, bölgələrimiz də
günü-gündən gözəlləşir, abadlaşma işləri gedir.
Bu, çox sevindirici haldır.
-
İstərdim ki, yeni layihələrinizdən
danışasınız.
- Biz daima yeni layihələr üzərində işləyirik. Gülyanaq “Kürdü-Şahnaz” muğamını ritmik üslubda oxudu. Bu da ustadımız Kamil Vəzirovun ideyası idi. Həmin mahnı efirdə də yayımlandı. Mən də “Çahargah” muğamını ritmik üslubda hazırlayıram. Bundan başqa, “Heyratı” muğamını ritmik formada ifa edəcəyəm. Hər kəs bilir ki, bu dəsgahlar ritmik üslubda deyil. Biz muğamı bu üslubda oxumaqla ona heç bir xələl gətirmirik.
- Gülyaz xanım, IV Beynəlxalq
Muğam müsabiqəsində tələbələriniz
çıxış edir. Onların ifası sizi qane edirmi?
-Əlbəttə. Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə mənim tələbəmdir. Hər ikisindən çox razıyam, hər ikisi də istedadlıdır. Hiss edirəm ki, onlar tamaşaçı istəyi qazanıblar. Bunu deməyimə ehtiyac yoxdur, çünki onların ifası göz qabağındadır. Əlimdən gələni onlar üçün etməyə çalışıram ki, yaxşı nəticəyə nail olsunlar. Mən onlarla fəxr edirəm, qürur duyuram ki, əziyyətimi yerə vurmurlar.
Bacımın
fanatıyam
- Müsabiqədə tələbələrinizin
ifasına münasibətdə haqsız qiymətləndirmə,
ya da qınaq olubmu?
-
Ümumiyyətlə, həmin müsabiqədə münsif
kürsüsündə əyləşən bütün
münsiflər heyətinə böyük məhəbbətim
və hörmətim var. Onlar qiymətləndirmə
zamanı tələbələrimə az bal veriblərsə, yəqin ki,
onlarda bəyənmədikləri nə isə
olub. Mən müəllimlik borcumdan çıxmışam. Ola bilər ki, canlı ifa zamanı ürəyini, səsini göstərə
bilməyiblər. Mən gənclərə olan
qınaqlara qarşı çıxmıram, bu,
mübarizədir. Qoy münsiflər
onları danlansınlar ki, həyatda öz yollarını tapsınlar. Biz də müsabiqələrdə müəllimlərimizdən
danlaq götürmüşük.
Səhnədə olan ifaçı daima yeni nəsə
öyrənməlidir. Mən özüm indi də öyrənirəm.
- Olubmu ki, bacınız Gülyanaq
xanıma qısqanclıqla yanaşmısınız?
- Olmayıb. Hər zaman
Gülyanağın səsinə qibtə etmişəm. Onun gözəl səsi var.
O da mənə deyir ki, sənin bəmindən yoxdur.
Mən onun zənguləsinin heyranıyam.
Gülyanaq oxuyan zaman sanki cəh-cəh vurur. Səsi bulaq kimidir. Ümumiyyətlə, mən Alim Qasımovun və Gülyanağın səslərinin
heyranıyam. Onlarda yorulmayan,
axıcı, yırtıcı bir tərz
var. Onlarda olan o qırtlaq tamam başqadır. Xanəndələrimizin
hamısının səsi var. Ancaq onların səsinin mənim aləmimdə
yeri ayrıdır.
- Mətbuatda sizin bacınızla
dalaşmağınız haqqında söz-söhbətlər
gəzir. Bu doğrudurmu?
- Elə bir şey heç zaman olmayıb. Bu yaxınlarda eşitdim, deyirlər ki, bacılar saçyolduya çıxıblar. Amma qətiyyən olmayıb. Mübahisəmiz olanda da 2 dəqiqədən sonra barışırıq. Demirəm mübahisə etmirik, edirik, ancaq adi bir şeyin üsdündə. O da hamıda olur. Misal üçün, o mənə deyir ki, paltarının aşağısı batıb, gərək yuyardın, yaxud da deyir televiziyada geydiyin paltar sənə yaraşmır. Mən də zarafatla deyirəm ki, onlar özləri məni yaxşı çəkməyiblər. Eləcə, özümü təmizə çıxarıram. Yıxıram rejissorun boynuna ki, guya rejissor məni yaxşı çəkmədi (gülür).
- Gülyaz xanım, neçə
illərdir sənətdəsiniz, nə üçün
prodüseriniz yoxdur?
- Prodüserlə işləyəndə müğənni də rahat olur. O, pis şey deyil. Biz dövlət teatrında çalışan işçilərik. İşimiz hər zaman öz axarında gedib. Misal üçün, “Apar məni” klipimin hər şeyini özləri etdilər. “Şabran” klipi də mənə hədiyyə olundu. Amma şəxsi işləyən müğənnilər üçün konsertlər təşkil edən, onlara kömək olan biri lazımdır. Onu da prodüserlər həyata keçirir. Bizdə qastrollar olur, ona görə prodüserə elə də çox ehtiyac olmur. Prodüser lazımdır toylar üçün. Şükürlər olsun ki, toylara da dəvət alırıq. Prodüserin əleyhinə deyiləm. Dünyanın hər yerində ifaçılar prodüserlə işləyir. Müğənninin prodüseri olanda, onun bütün işlərini görür. Mənim isə hələ ki ciddi şəkildə prodüserə ehtiyacım yoxdur, hələlik hər şey öz axarında gedir.
Köhnə
müsahibələrimi oxuyanda
gülürəm
- Siz ən çox qastrolda olan
ifaçılar sırasındasınız. Yeni səfərləriniz
gözlənilirmi?
- Bəli.
Qəribəsi də odur ki, səfərlərimiz çox
zaman toylarımızla üst-üstə düşür. Bu, dəfələrlə
baş verib. Həmin anda toylarımızı təxirə
salmışıq, çünki dövlət
tədbirləri mənim üçün
daha önəmli olub.
Bunu reklam üçün demirəm. Dövlət tədbirinə
hər zaman önəm vermişik.
O qədər tədbirlərə gedirdik,
amma heç zaman reklam eləmirdik.
Qarşıda yenə səfərlərimiz var.
Zamanı gələndə mətbuata bu
barədə açıqlama verəcəyik.
- Bu qədər səfərdə
olursunuz, xaricdə bir çox incəsənət nümayəndələri
ilə tanış olursunuz. Nə üçün əcnəbi
rejissorlara klip çəkdirmirsiniz?
-
Ölkəmizin çox gözəl rejissorları var. Mən
onların işlərində heç bir qüsur görməmişəm.
Burada yaxşı rejissor
olmasa, gedib xaricdə
çəkdirsəm, gəlib Azərbaycanda sübut
edərəm ki, belə bir
şey var. O zaman xarici rejissora
klip çəkdirərəm ki, onu vətənimdə
çəkə bilməsinlər. Burada
yaxşı rejissor olduğu
halda, nə üçün
əcnəbi rejissorlara müraciət edək
ki?
- Heç olubmu ki, köhnə
kadrlara baxanda gülmüsünüz?
- (Gülür) Olub, niyə olmayıb ki? Köhnə kadrlara baxanda deyirəm ki, kaş bunu geyinməzdim, saçımı belə etməzdim. Ancaq o dövrdə həmin geyimlər, saç düzümləri dəbdə idi. O da olub ki, köhnə müsahibələrimi oxuyanda gülmüşəm.
Oxumağıma isə heç
zaman kənardan qulaq
asıb gülməmişəm. Çünki
ustadımdan hər şeyi
xırdalığına qədər öyrənmişəm.
Ümumiyyətlə, insan özü-özünü
dinləməyi bacarmalıdır. Mən yolda
gedəndə özüm-özümü
dinləyirəm. Səsyazma studiyasında da
mahnını 4 dəfə dəyişirəm, mahnını
dinləyərkən görürəm ki,
burda söz vurğusu yaxşı deyil,
o zaman yenidən oxuyuram. Xanəndə bunlara
diqqət etməlidir. Əgər ifaçı ifa etdiyi mahnını özü bəyənməsə, kənardakı
necə bəyənəcək? Mən özümü
sevməsəm, kənar insanlar necə sevə
bilər?
- Sizin səhnəyə gəldiyiniz
dövrlə müqayisədə bu gün məşhur olmaq
daha asandırmı?
- Təbii ki, indi asandır. İndi gənclərin
özünü tanıtmaları üçün hər bir
şərait var. Tələbəlik illərim
“20 Yanvar”, Qarabağ
hadisələrinə təsadüf edib. O
qədər çətinlik görmüşəm ki. O zamanlar talonla ət, yağ
alırdıq. İndi hər şey daha asandır. Allaha şükürlər olsun,
indi müəllimlər də çoxdur. Hazırda biz internet əsrində yaşayırıq. Müasir zəmanədir, hər gün yeni bir
şey icad olunur. Misal üçün,
indi disklər götürüb
istifadə etmək mümkündür və
yaxud da gənc
ifaçı nəyisə öyrənmək istəyirsə,
müəllim olmadan da
elə internetdən hər şeyi öyrənə
bilir. O zaman belə
şeylər yox idi. Maqnitofonu güclə tapıb muğama
qulaq asırdıq. İndi
hər şey rahatdır. Mən indiki gənclərin səhnəyə yol tapmasında heç bir çətinlik görmürəm.
- Sizcə, bu gün səhnədə
kimlərə yer yoxdur?
- İncəsənətdə olan insanlara dedi-qodular, aravurmalar yaraşmır. Hər bir insanın
xarakteri bir cürədir. İstəməzdim, ifaçıların ailələrindəki
söz-söhbətlər efirlərə
yol tapsın. Sənət dostlarımla münasibətim
yaxşıdır. Heç kimə
də belə halları yaraşdırmıram.
İstəmirəm, kiminsə haqqında
pis nəsə yayımlansın. Biz ifaçılar xalqın gözündə hər zaman ucada oluruq.
İnsanlar bizə sevgi
ilə baxırlar.
Onlara belə şeyləri göstərmək yaxşı
deyil.
Xəyalə Rəis
Kaspi.-2013.-26 sentyabr.-S.13.