Doğulduğu boyda qalan adam

 

(Saday Şəkərlinin "Lənətlənmiş cənnət" kitabını oxuyarkən aldığım təəssüratlar)

 

Şəkərli şeirimizin o nəslini və cərəyanını təmsil edir ki, həmin nəslin nümayəndələrinin əksəriyyəti ədəbiyyata gələndə dünyaya heyrətli bir uşaq gözü ilə baxır, gördüklərini, göstərmək istədiklərini reallıqda olduğundan daha parlaq, daha rəngli, daha dolu təqdim etməyə üstünlük verirdilər.

Nəsrə bir qədər əvvəl nüfuz eləmiş işıqlı uşaq baxışları şeirdə 70-ci illərin sonunda nəzərə çarpmağa başlamışdı. Hələ dünyanın günahlarına bulanmamış uşaq heyrəti, məsum və saf uşaq səmimiyyəti 70-80-ci illər şeirinin məzmunu ilə yanaşı, poetikasına, sözün bədii düzümünə, dilin estetik keyfiyyət dəyişmələrinə də ciddi sirayət edir və təsir göstərirdi.

O illərdə mif, dastan, nağıl poetikasına güclü maraq da, yəqin ki, öz qaynağını bundan alırdı. 80-ci illərin ortalarında ədəbiyyata hiss olunmadan, səssiz-küysüz gələn Saday Şəkərlinin də şeirlərindən gözlərində qəm dolu qədim bir yaddaş qaynayan uşaq boylanır. Ürəyində hələ mahiyyətini tam dərk etmədiyi sevgi və heyrət daşıyan bir uşaq.

 

O uşağa məxsus

"Gözlər sevgidən

xumarlanar

yuxudan yox..."

O uşağın gözləri ilə

"Sevgilər boylanar

Körpə pöhrələrin

tumurcuğundan".

O uşağın gözlərində

"Ağrılar şirinliyindən

çatlayan nar kimi

ləzzətli, dadlı..."

 

İllər keçəndən sonra o uşağın gəldiyi həyat qənaəti isə xeyli hüznlüdür:

 

"göz yaşları

sellər kimi yuyur

gözümüzün çəkdiyi

yolları..."

 

Bir vaxtlar mənim "itirilmiş nəsil" adlandırdığım ədəbi nəsil - Sadayın da arasında olduğu yazarların əksəriyyəti özlərini zamanın içində təsdiqləməyə macal tapmamış, necə deyərlər, onların yaradıcılığındakı uşaq böyüməmiş dövran dəyişdi, yeni epoxa gəldi. Çox şeylər kökündən qopdu, axarından sapdı, yolundan çıxdı. Təbii ki, zamanın qatı tozanağında şeirimizin gözündəki heyrət, içindəki uşaq da itkin düşdü. Ancaq həmin uşağın, həmin məsum heyrətin yeri heç itmədi, boş qalmadı. O uşaq (uşaqlar) həmişə xatırlandı, arzulandı...

İndi ömrün kifayət qədər oturuşmuş mərhələsində olan Saday Şəkərli gözündə hələ də o uşaq heyrətini yaşayan, içindəki uşaq sadəlövhlüyünü gizlətməyən şairlərmizidəndir. Onun əksər şeirlərinin istinad nöqtəsi uşaqlığın rəngli təsəvvür və təəssüratlarıdır. Sadayın şeirlərində elə məqamlar var ki, zaman uşaqlıq çağında lövbər salaraq dayanıb. Şair özü haqqında, zamanın içi ilə keçib gəldiyi ömür-gün barədə söz açmaq istəyəndə zamanın dayandlığı həmin məqamın cazibəsinə düşür, keçmişindən qopa bilməyən uşağın ömrü boyu çəkdiyi ağrılar yenidən dinir. Sadayın yazılarındakı zamanın dayandığı məqamlardan biribu dünyada min bir əzabla yaşamış, sürgün hətanının ağrılarını görmüş atanın vaxtsız ölümüdür. Ölən axşamı cibindən "qara-quruş qəpiklər" çıxan ata və uşağın gözündə donub, əbədi buzalaşan dondurma istəyi... Atadan dondurma istəmək halal haqqı olan uşaq yaşlandıqca ona daim əzab verən həmin istək sonradan əbədi bir günaha, peşmançılığa çevrilir, onu təqib edir. Tövbə kimi səslənən "Atam ölən axşamı" şeirinin müraciət olunduğu ünvan da uşaqlardır. Saday şeiri bir öyüd kimi bu günün uşaqlarına xitabən yazıb:

 

Qırx ildi ağlayıram

atasını öldürmüş qatil kimi

zəhləm gedir çiyələkdən,

dondurmadan,

ona ölüm gəlməmişdi

Sibirdə donvurmadan,

ona ölüm məni

tamarzı qoyan

qəpik-quruşdan gəlmişdi,

ahdan, nalədən,

qarğışdan gəlmişdi...

Qulaq verib sözümə,

yaxına gəlin, uşaqlar,

yaxına

atanızdan dondurma

istəməyin, heç vaxt...

 

Böyüklər adından "Dünyayı çocuqlara verəlim" və ya "Çalıyorum kapınızı, teyze, amca, bir imza ver. Çocuklar öldürülmesin, şeker de yiyebilsinler" yazan Nazim Hikmətdən fərqli olaraq Saday Şəkərlinin yaradıcılığında uşaq və yaşın uşaqlıq çağı dünya ilə təmasın, dünyaya çıxan yolun başlanğıcıdır. Saday bizə şeirlə təqdim etdiyi dünyaya əksər hallarda həmin başlanğıcda dayanıb baxır. Şairin poetik inamına görə, o uşaq yer-göy bina olandan doğulubdünya durduqca da duracaq. Bu bəlkə də bir aldanış və ya özünüaldatmadır - ancaq Saday Şəkərlinin yaradıcılığını daha aydın səciyyələndirməyə imkan verən poetik avtoportretdir:

 

Min il qabaqlar məni

bu dünyada görən olub,

deyirlər...

Deyirlər, günəş olmasan

da, hər gün bu dünyanın

gedib-gələn nəfəsi kimi

safıydın o vaxtlar...

O vaxtlar hamı

sənə baxırdı,

sənə-min il sonraya,

işığına, nuruna baxırdı

hamı,

beləcə-beləcə, aldadıb

min il yaşadırlar

doğulduğu boyda

qalan adamı...

 

Sadayın şeirlərində insan harada, hansı coğrafiyada, hansı əhatədə, kimlərin yanında yaşamasından asılı olmayaraq həmişə tək qəribdir. Şair qəribliyi isə tam fərqlidir - ömür boyu ondan əl çəkməyən, həyatına hökm edən bir məhkumluqdur. Burada istedadla, həyat təcrübəsi ilə yanaşı, fərqli bir amil var - şair taleyi. Şair taleyinin vaxt içindəki qəribliyi, uyuşmazlığı.

 

Dənəm, yer altına girib,

qayıtdım,

Gedib o dünyanı görüb,

qayıtdım...

Mən qərib getmişdim,

qərib qayıtdım,

Allahım, bu qərib

o qərib deyil.

 

Əslində, Sadayın şair kimi təyinatı uşaq gözlərinin məsumluğunu, uşaq dünyasının təmizliyini munisliyini bir dəyərə çevirmək, qoruyub saxlamaqdır. Onun şeirlərindən üzümüzə boylanan uşaqlıq itirilməsi heç arzu olunmayan bir dəyərdir. Saday sözün gücü çatdığı qədərincə bu dəyərin itirilməsinə müqavimət göstərir. Şeirlərində bu qəriblik duyğusunu yaşadan Sadayın böyük gözü, yetkin insan nəzəri ilə baxdığı dünya ona yuxu kimi irreal görünür:

 

Daha böyümüşəm,

fikir, qəm,

Başımı yuxular

qatacaq indi.

Uşaqlıq deyəndə,

elə bilirəm

Uzatsam əlimi,

çatacaq indi,

Mənə yuxu kimi

gəlir bu dünya.

 

Bəs gedişata qarşı bu cür inadla dirənməyə, müqavimət göstərməyə ehtiyac varmı? Onsuz da bizim istəyimizdən, dirəncimizdən çox-çox güclü olan zaman öz bildiyini eləyir eləyəcək.

Hər şeyi zamanın axarına ixtiyarına təslim etmək işin daha rasional həllinə şərait yaratmazmı? - Sadayın son vaxtlar qələmə aldığı (ola bilsin, mənim son vaxtlar oxuduğum) "Tar danışır" "Lənətlənmiş cənnət" poemlarını oxuyanda ağıla ilk gələn bu suallar olur.

Yaşadığımız son dərəcə mürəkkəb zəmanə, xüsusən də bizim nəsil üçün dərk və qəbul edilməsi çətin olan yeni münasibətlər sistemi - qloballaşan dünya, tanıdığımız ölçüləri və dəyərləri qarışıq salan, bizi dünyanın, dünyanı bizim ayağımıza gətirən "informasiya cəmiyyəti" və özümüzün bir toplum olaraq dünyanı və dünyada baş verən prosesləri dərk etmək "tutumumuz", intellektual səviyyəmiz indi bizi ciddi dilemmalar qarşısında qoyur. Bu gün bizi bir araya gətirən sosial media bir yandan həyatımıza yeni imkanlar, yeni dəyərlər gətirir, digər yandan da mövcud dəyərlərimizi və dəyərsizliklərimizi silkələyir, çalxalayır, yerindən oynadır. Böyük çalxantılarla müşayiət olunan elə bir zəmanədə və mühitdə yaşayırıq ki, bəzən bizi var eləyən, bizim kimliyimizi müəyyənləşdirən dəyərlərdən danışmaq nəinki qəbahət hesab edilir, bu mövzuda danışanları daşqalaq edirlər. İndi milliya mənəvi dəyər anlayışı mediamızın, xüsusilə də sosial şəbəkələrin istehza obyektidir.

Əlbəttə, bunun çox ciddi səbəbləri var. Səbəblərdən biribu ola bilər ki, ifrat mühafizəkarlıq özündən qat-qat ifrat nihilizm yaradır. Ancaq səbəb nə olur-olsun biz öz dəyərlərimizi yaşatmağaöz dəyərlərimizlə yaşamağa borcluyuq. Böyük millətlər bu ölçü ilə yaşayır. Bu mənada, Saday Şəkərlinin iki əsərini - "Tar danışır" və "Lənətlənmiş cənnət" poemalarını sənətin zamana reaksiyası kimi qiymətləndirə bilərik: "informasiya cəmiyyətinin" amansız burulğanında özünü salamat qurtarmaq üçün bədii söz öz borcunu yerinə yetirir...

Assosiativ lövhələr şəklində tərtib olunmuş "Lənətlənmiş cənnət" əzəli dəyərlərimizi indiyə qədər itirməyimizə və indi də itirə-itirə getməyimizə qarşı içindəki uşaq səmimiyyətini itirməmiş sözün üsyanıdır. Bu, yaxıb-yıxan, uçurub-dağıdan, asıb-kəsən çılğınlıq deyil. "Adamları Allahdan, itləri adamlardan qorxmayan" zəmanədə insanlara "Allahı aldatmayan din tərəfə keçməyin" çağırışıdır...

 

Məti Osmanoğlu

Ədalət.-2013.-28 sentyabr.-S.12.