Brodski istedadlı, amma çətin taleli insan idi
Yevgeni Reyn: “Hər bir yaradıcı insana özünü ifadə etmək üçün azadlıq
hava və su kimi lazımdır”
III Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının bir xüsusiyyəti də buraya təşrif gətirən kitabsevərlərin
istər elmi, istər bədii və başqa mövzularda nəfis tərtibatda çap olunmuş kitablardan seçib almaqdan savayı, həm də dünyagörüşlərini
genişləndirmək, tanıdıqları,
hörmət bəslədikləri
müəllifləri görmək,
hətta fürsət
yaranarsa əvvəllər
yalnız adını
eşitdikləri müəlliflərlə
söhbət etmək
imkanını qazanmalarıdır.
Sərgi münasibətilə
Bakıya gələn
hörmətli qonaqlar
arasında Rusiyanın
tanınmış nasiri
və şairi, Rusiya Dövlət Mükafatı lureatı
(1996), Rusiya Puşkin Mükafatı sahibi, Sarsko Selo Ədəbi
Mükafatı sahibi
(1997) Yevgeni Reyn də var.
«Kaspi»nin əməkdaşı
cənab Reynlə həyat yoldaşı, Rusiyanın tanınmış
sənətşünası və naşiri, V.Mayakovski adına Rusiya Dövlət Muzeyinin direktor müavini Nadejda Reynlə bir yerdə görüşdü.
Bu da müasir
cəmiyyətdə ədəbiyyatın
yeri və rolu barədə söhbət üçün
gözəl fürsət
yaradırdı.
- Yevgeni Borisoviç, səhv etmirəmsə, Bakıya
ilk dəfə gəlmirsiniz.
- Bəli, haqlısınız, otuz il əvvəl
“Oqonyok” jurnalının
əməkdaşı qismində
buraya ezam olunmuşdum. O səfərdən
yadımda qalan qarlı-şaxtalı qış
oldu, boran əlindən bayıra çıxmaq mümkün
deyildi. Aradan keçən uzun
illər sonra şəhəriniz inanılmaz
dərəcədə dəyişib,
heç tanımaq olmur.
- Müasir ədəbi məkanda kitabın və nəşriyyatların
təbliği baxımından
Bakı Beynəlxalq Kitab Sərgisi kimi tədbirlərin əhəmiyyəti haqqında
nə deyərdiniz?
- Bu kimi tədbirləri, o cümlədən
bu ilki yarmarkanı
çox müsbət
qarşılayır və
məmnuniyyətlə burada
iştirak edirəm. Bugünkü toplumda şahid
olduğumuz mədəniyyətə
ögey münasibət
nəzərə alınsa,
əminəm ki, kitabın hələ də yaşadığını,
müxtəlif müəlliflərin
əsərlərinin nəşr
olunduğunu, bu əsərləri oxumaq məsləhət olduğunu
insanlara vaxtaşırı
xatırlatmaq vacibdir.
Həm də indi sərgidə də təqdim olunan “Görkəmli insanların həyatı”
silsiləsindən, Moskva
haqqında, din haqqında
oxumalı bir çox maraqlı kitablar nümayiş olunur.
- Rusiyadakı vəziyyəti deyə bilmərəm, amma bizim ölkədə son illər gənclərin mütaliəyə maraq göstərdiyi göz qabağındadır.
- Belə meylləri bizdə də görmək olar, amma dərd
orasındadır ki, kitab oxuyan gənclər
daha çox detektiv, fantastika, həmçinin yemək tərifləri, cadu, bürc falı kimi ədəbiyyata meyl göstərirlər. İnanın
ki, bunlar təsəlli etmir. Rusiyada ciddi ədəbiyyatla maraqlanan azdır.
- Uzun müddətdir ənənəvi kitabların
internet tərəfindən sıxışdırıldığından gileylənirdik. Son vaxtlar cəmiyyətdə
kitaba dönüşün
olduğunu söyləyə
bilərikmi?
- (Nadejda
Reyn) Həmişə
hesab etmişəm və edirəm ki, normal insan normal kitab oxumalıdır, bunu istər naşir kimi, istərsə də tənqidçi kimi deyirəm. Bizim Rusiyada hazırkı
vəziyyət belədir
ki, elə internet çıxmazdan əvvəl
də oxuyanlar oxumağa davam edir, əvvəl oxumayan isə indi də kitaba
biganədir.
- Bəlkə məsələ
kitabın baha olması nəticəsində
artıq əvvəlki
kimi bilik mənbəyi olaraq qəbul olunmağındadır?
- İnanmıram. Kitabın ucuz
qiymətə satılmasına
heç vaxt tərəfdar olmamışam.
Ucuz qiymətə araq, keyfiyyətsiz yemək və geyimlər satıla bilər, kitab isə insanın mənəvi zənginliyi, mədəni,
əqli səviyyəsini
yüksəltmək vasitəsidir
və buna müvafiq də qiymətləndirilməlidir. Həmçinin hamımızın bildiyi kimi, neçə
illərdir kitab nəşri yalnız
sponsor dəstəyilə mümkündür.
Yalnız bu yolla nəfis tərtibatda, göz oxşayan, başqasına da hədiyyə etməyə
layiq çap məhsulu ortaya çıxarmaq olur.
- Yevgeni Borisoviç, hazırda Moskvadakı Qorki adına
Ədəbiyyat İnstitutunun
ədəbi yaradıcılıq
kafedrasında dərs
deyir, həm də şairlər seminarına rəhbərlik
edirsiniz. Tələbələriniz arasında SSRİ-nin dağılmasından sonra böyümüş
kitabsız nəslin nümayəndələrinə çoxmu rast gəlirsiniz?
- Açıq desəm, Sizin
bəlkə də düşündüyünüzdən daha çox. Həmin şəxslərin ömründə
oxuduqları kitab varsa belə, yenə də yalnız detektiv və fantastikadır.
Yəni ən bayağı ədəbiyyat. İndi özünüz
nəticə çıxarın.
- Rusiyalı, o cümlədən
Moskva oxucusu Azərbaycan şair və yazıçılarla
nə dərəcədə
tanışdır?
- İlk
növbədə Rusiyada
Müslüm Maqomayevi
tanıyır və sevirlər. Yazıçı
və şairlərə
gəlincə, məsələn,
Səməd Vurğunu,
Rəsul Rzanı, Çingiz Abdullayevi, Çingiz Hüseynovu tanıyırlar. Klassiklərinizin isə çoxları
heç adını eşitməyib.
- Sizi öz ustadı
hesab edən İosif Brodski ilə uzun illər
davam etmiş dostluğunuz barədə
nələr demək istərdiniz?
- Nə deyim ki? O, istedadlı,
amma çətin taleli insan idi.
Brodski ilə 1958-ci ildə demək olar, təsadüfən tanış olduq, elə həmin vaxtdan da dostlaşdıq. Dostluğumuz
onun son gününədək
davam etdi. Onun yaradıcılığının lap əvvəlində rastlaşmışdıq.
Ondan yaşca böyük olaraq yazdıqlarını
bir qədər “çiy” hesab edirdim, - bəlkə də bu, təbiidir.
Az keçmiş
birdən-birə yüksəlib
həm ədəbi ictimaiyyətin, həm də, əfsuslar olsun, başqaların diqqətini özünə
cəlb etdi. Sonradan da, bildiyiniz kimi, xaricə getdi, ondan sonra
heç məktublaşa
da bilmədik, ona Nobel mükafatının
təqdimatı mərasimində
də iştirakıma
icazə verilmədi.
Onun kədərli sonu haqqında isə məncə, hamı xəbərdardır, nəsə
təzə bir şey deyə bilmərəm.
- Amma Sizin də
əsərləriniz uzun
illər boyu nəşr olunmadı. Bir çoxlarını belə qadağalar hətta daha məhsuldar yaradıcılığa
sövq edir. Bəs Siz necə?
- Sizə deyim ki, birinci “Körpü adları” kitabım işıq üzü görəndə artıq 49 yaşım vardı. Bu da yaradıcı insan üçün çox gecdir, çox pisdir. Bəli, uzun müddət qadağan olunmuşdum və bu da ədəbiyyatda istədiyim sözləri deməyə imkan vermədi. Belə şey yaradıcılığa sövq edə bilməz, çünki hər bir yaradıcı insana özünü ifadə etmək üçün azadlıq hava və su kimi lazımdır. Şükürlər olsun, bu gün azadlığımız var, hamımıza senzuranın ləğvini görmək qismət oldu. Məncə, indi ən mühüm məsələ müxtəlif ölkələrin xalqları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər vəchlə toplumun ciddi mütaliəyə marağını təşviq etməkdir. Ümidvaram ki, bunlar baş tutacaq.
Lalə
Bağırzadə
Kaspi.-2013.-28-30 sentyabr.-S.24.