FƏRHAD MƏHƏBBƏTİ ŞİRİN MƏHƏBBƏTİNDƏN DƏ ÜSTÜNDÜR

 

Nizami Gəncəvinin “XosrovŞirin” poeması üstə

İnam Atanın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “XosrovŞirin” poeması üstə “Kaspi” qəzetinin sayğılı oxucularına təqdim olunan bu yazısı 1979-cu il fevral ayının 18-də, saat 19.30-da Azərbaycan Dövlət Televiziyasında müəllifi olduğu “Zirvələr” verilişində səslənib.

Atanın bu çıxışı birbaşa sinədən deyilib. Ona görə vəcdlidir, yüksək eşqlidir, coşqundur... İnam Ata eşqin insan ömründəki bənzərsizliyindən danışır, Nizaminin məşhur əsərini özünəməxsus təhlil edir.

İşıqlı Atalı, Mütləqə İnam Ocağının Yükümlüsü

 

***

Bütün müsbət və mənfi tərəflərilə adi məhəbbət. Heyrətlə həvəs və şəhvətlə vəcdin qarışığından yaranmış məhəbbət. Eyş-işrət meyli, həyatdan kam almaq ehtirası və böyük ali gözəlliyə əbədi bağlılıq. İki təzadlı duyğunun vəhdətindən doğmuş məhəbbət: əsl böyük sevgi və sadəcə əylənmək, nəşələnmək həvəsi, məhəbbəti tapmaq və itirmək.

 

Ehtiras atının cilovunu saxlaya bilməmək, böyük sevgini kiçik sevgilərə dəyişmək, lakin yenidən böyük sevgilərə qayıtmaq. Şirini Şəkərlərlə əvəz etmək. Ancaq Şirinsiz yaşaya bilməmək!

***

Xosrov əyyaş deyil. Əyyaşın ürəyində qüdsiyyət olmazdı. Lakin Xosrov eşq fədaisi də deyil. Eşq daxilində heyrət zirvəsi var. Xosrovun qəlbində pak və təmiz duyğular olduğu kimi, bulanıq duyğular da yaşayır. O, məhəbbətdə çox adi bir şəxsdir. Xosrov məhəbbət şahı deyil. Məhəbbətdə şahlıq etmək səlahiyyəti ondan uzaqdır. Bunun üçün onda qeyri-adilik çatmır. Məhəbbət tam mənada onun üçün məqsəd deyil, vasitədir. Gözəlliyi mənimsəmək eşqi gözəlliyə xidmət etmək eşqini üstəliyir. Güclü, çılğın, qarşısıalınmaz şəhvət duyğusu pərəstiş duyğusu ilə qəribə bir tərzdə birləşir. Hissi ehtiras adlanan dəli at Xosrovu Şirindən uzaqlaşdırır. Daşa salır. Böyük sevgi adlanan qüdrətli əl cilovu düz səmtə – Şirin səmtinə yönəldir.

***

Mayasına şəhvət qatılmış məhəbbətdir Xosrov ehtirası. Mayasına məhəbbət qatılmış şəhvətdir Xosrov ehtirası. Xosrov Şirinsiz yaşaya bilmir. Ancaq Şəkərlərə meylini salıb. Xosrov Şirinsiz cismən yaşayır, qəlbən yaşaya bilmir, həmişə Şirinlə olur. Xosrov gözəldir, qəhrəmandır, ədalətli və əzəmətli bir şahdır. Ancaq məhəbbət yoxuşlarında yıxılır. Məhəbbət yolçuluğunda yorulur. Çünki ayaqları möhkəm deyil. Çünki hiss atı iradə və ağıl cilovunu itirir. Çünki Xosrova təbiət ani ehtirasa uymaq adiliyi verib. Xosrovda Şirinə qarşı məftunluq var. Ancaq Şirini bütə çevirmək ilahiliyi yoxdur. Onun üçün Şirin bütün gözəlliyi ilə, qeyri-adiliyi ilə dərilməli, iylənməli bir güldür. Xosrov Şirinin gözəlliyini ilk növbədə bu baxımdan qiymətləndirir. Meyvə dərilməlidir, özüindi, bu saat. Həmin münasibət qarşısıalınmaz çılğın ehtiras yaradır və bu ehtiras Xosrov sevgisini bulanıq, çılğın bir selə çevirir.

***

Şirinin məhəbbətini biz “gözəl məhəbbət” adlandırdıq. Çünki həmin məhəbbətdə ağlın keçici, ötəri, ani duyğular üzərində qələbəsi var. Çünki Şirin məhəbbəti həm son dərəcədə atəşin, həm də son dərəcədə müdrikdir. Çünki Şirin qəlbində çox böyük ehtiras gəzdirir. Ancaq həmin ehtiras idrakın, ləyaqətin qüdrəti ilə nizamlanır, ram edilir. Şirin ləyaqətini məhəbbətə qurban vermir. Həm də o məhəbbəti ürəyində söndürmür. Ləyaqət tələbi gənclik atəşini, cazibədarlığını, həyatsevərliyini məhv etmir, əksinə onlarla yeni mənəvi bir gözəllik gətirir. Bakirəlik həyat nəşələrinə biganəlik deyil. Həmin nəşənin, fərəhin mənəvi məzmun kəsb etməsidir. İsmət təbii duyğuların nizamlanması, xalisləşməsi, əslləşməsi deməkdir. Təbiət Şirinə hər şeyi verib. Onun gözəlliyində həm səma, həm də yer cazibədarlığı, möcüzəsi, əfsunu var. O, yer nəşəsinin zövqünü, dadını bilir. O, sevdiyinə cismani zövqün şəkərini, qəndini, balını təqdim edə bilir. Ancaq Şirin ona görə şirindir ki, dünya ləzzəti, eşq ehtirası, insani ləyaqət, “qadın namusuadlanan ali hakimin əmrinə həmişə tabe olur. Bu baxımdan, Şirin döyüşkəndir. Xosrovla Şirinin münasibətlərində döyüş anları çoxdur. Əslində Xosrovun məhəbbəti Şirinə baha başa gəlir. Şirin həm öz insani ləyaqətini, həm də məhəbbətin ülviliyini, zirvə mahiyyətini saxlayır. Əslində Şirinin məhəbbət dastanı öz ölkəsini düşməndən qoruyan bir dövlət başçısının, sərkədəsinin dastanını xatırladır.

***

Xosrov sonsuz dərəcədə qiymətli, əziz bir dostdur. Ancaq həm də düşməndir. Xosrovun ürəyində yaşayan əsl məhəbbət ali dostluq nümunəsidir. Ancaq həmin Xosrovun vücudunu sarsıdan, sümüyünün iliyinə qədər işləyən, qanına qarışan şahlıq tacı ilə, ana südü ilə bərabər verilən zadəganlığın üfunətli iqlimində yetişən qızğın şəhvət əsirliyi Şirinin qəddar düşmənidir. İkincisini Şirin daim lənətləyir, qapısından qovur. Birinci üçün ağlayır. Şirinin həyatında ali bir məqsəd var. Xosrovun şəhvət əsirliyini öldürüb, məhəbbətini qorumaq. Bunun üçün sonsuz əzablara düçar olur. Ancaq yolundan dönmür və qələbə çalır!

***

Şirinlə Xosrovun söz döyüşündə Şirin həmişə hücumçu, Xosrov həmişə müdafiəçidir. Çünki Şirin həqiqətə söykənir, Xosrov rütbəyə. Çünki Şirinin niyyəti təmizdir, Xosrovunku bulanıq. Çünki Şirin müdrikdir, Xosrov çılğın. Çünki Şirin namus keşikçisidir, Xosrovda isə namus oğrusu olmağa meyil var. Çünki Şirinin Xosrovdan başqa heç kimi yoxdur. Xosrovun isə Şirindən başqa Məryəmi və Şəkəri var. Çünki Şirin Xosrovun müəllimi, Xosrov isə Şirinin tələbəsidir. Məhəbbət müəllimliyi və məhəbbət tələbəliyi. Şirin Xosrovun arxasınca gedəndə belə əzəmətlidir. Xosrov Şirini təhqir edəndə belə zavallıdır. Çünki ismətlə gözəlliyin vəhdətindən yüksək qadınlıq idealı yoxdur.

***

Fərhad məhəbbəti dahi məhəbbətdir. Fərhad dahi aşiqdir. Çünki onun üçün sevgi mövcudluqdur. Çünki onun gözündə Şirin bütdür. Fərhad məhəbbətdə məhəbbətin özündən başqa heç nə axtarmır. Fərhad üçün Şirin pərəstişə layiq ilahi qüdrətdir. Fərhad üçün məhəbbətdə tanınmaq, özünü tamamilə unutmaq, məhəbbətdə itmək deməkdir. Məhəbbət ehtirası Fərhadın bütün ömrünə, bütün həyatına hakim olur və Fərhad məhəbbətlə eyniləşir. Məhəbbət ehtirası Fərhad şəxsiyyətinin mənasını bütünlüklə ifadə edir. Dahiyanə bir pərəstiş yaranır. Müxtəlif rənglərlə dolu olan dünyada bir rəngi seçmək, müxtəlif hisslər və həyəcanlar dənizində bir dalğanı seçmək və bu dalğanı dənizə çevirmək, müxtəlif həvəslər, arzular dünyasında yalnız bir arzuya qovuşmaq, onun arxasınca getmək! Fərhad daim kədərlidir. Çünki onun ürəyini, iradəsini çəkib aparan möhtəşəm qüdrətin gücünü duyur. Çünki möhtəşəmliyin özündən hədsiz dərəcədə böyük olduğunu anlayır. Eyni zamanda duyur ki, bu ali, qeyri-adi dahi məhəbbət onu cılızlardan, ortalardan, yarımaşiqlərdən ayıracaq, onu tənhalığa düçar edəcək. Eyni zamanda dahiyanə məhəbbətin uğursuzluğunu, Xosrovlar dünyasına sığmadığını da hiss eləyir və qəmlənir. Təbiət Fərhada, möhtəşəmliyə qovuşmaq səadəti verdiyindən kiçiklikdən, cılızlıqdan, adilikdən, bəsitlikdən təcridolunma faciəsini də verib.

***

Əslində Fərhad Xosrov məhəbbətinin inkarıdır. Fərhadın peyda olması Xosrov üçün gözlənilməz haldır. Xosrov miqyaslı rəqibin yaranması təbii olardı və Xosrovu oyadan təsəvvürləri çərçivəsində saxlardı. Lakin Fərhad dahi aşiqdir. Dahilər hər zaman doğulmur. Ancaq doğularsa, bəsit təsəvvürləri, yalançı dahiliyi, dahiliyə bənzərliyi darmadağın, alt-üst edər. Fərhadın Xosrovu təlaşa salmasının səbəbi budur. Fərhad öz mövcudluğu ilə Xosrovu məhəbbət taxtından salır. “Fərhad” adlanan mənəvi pəhləvanın yanında Xosrovlar cırtdan görünürlər. Həmin cılızlığı pərdələmək üçün miskin təskinlik xəyalən tərəfləri kiçildir. Onları “dəli” adlandırırlar. Ancaq dəlilər nədənsə ağıllıları dəli eləyirlər. Onların fikrini özlərinə cəlb edirlər. Dəhşətli bir təhlükəyə çevrilib qəlb evlərini tar-mar edirlər. Və bu zaman məkr işə düşür və dünyanı Xosrovların xeyrinə Fərhadlardan təmizləyirlər. Onlar sevinir, fərəhlənir, çünki dəhşətli bir təzyiqdən – dahilik təzyiqindən xilas olurlar. Əgər Fərhadlar məhv olmasaydılar, Xosrovlar sevilməzdilər. Fərhad məhəbbəti Şirin məhəbbətindən də üstündür. Çünki təmənnasızdır, çünki ülvidir, çünki sonsuzdur, çünki gözəlliyin qarşısında əyiləndir, çünki vəcdlidir, çünki Şirini Şirindən yaxşı qiymətləndirir.

***

Əslində əsərdə Fərhada layiq aşiq yoxdur. Fərhadın amal dostu, məqsəd yoldaşı, qardaşı Məcnun ola bilərdi. Lakin Fərhadın Leylisiyoxdur. Şirin gözəldir, cazibədardır, ismətlidir, ancaq Leyli deyil. Leyli Xosrovu sevməzdi, Şirin Fərhadı sevmədiyi kimi. Əsərdə əslində Fərhad qədər məhəbbətdən faydalanan da yoxdur.

Şirin vüsala yetir. Xosrov əsilliyə qovuşur məhəbbətdə. Fərhad müqəddəs hislər, duyğular axarına qovuşur məhəbbətdə. Əsl güc, qüdrət gəlir biləklərinə, Büsutun dağını parçalayır. Şirini qucağında dağların arasından keçirir. Yeri-Göyü titrətməyə qadir, müqəddəsliyə həmahəng olan ürək məhəbbətin Fərhad səviyyəsini yaradır. Və bu səviyyə dastana görünməz bir ülvilik bəxş edir. Adi gözəlliyin yeri, miqyası, istiqaməti tamamilə aydınlaşır.

Xosrov məhəbbətində öz şəhvanəliyi üzərində qələbə çaldı. Şirin məhəbbətində öz insani ləyaqətini təsdiq etdi. Fərhad məhəbbətində yeni sevgi zirvəsi yaratdı.

***

Dastanın digər qəhrəmanı Şuriyyə həm Xosrovun, həm də şərin övladıdır. Xosrov natamlığında, qeyri-kamilliyində, nəfs düşkünlüyündə şər imkanı var. Şəhvət odundan qəbahət külü tez seyrəlir. Şuriyyə əslində Xosrovun daxili aləminin gizlin guşələrində yaşayan ehtirasların eybəcər şəkildə ifadəsidir. Əsl böyük ali məhəbbətdən Şuriyyələr törəmir. Şuriyyə Xosrov mənəvi dünyasının ikiliyinə dəlalət edir. Xosrov mənəvi aləmində gözəl, parlaq nə vardırsa, onlar Şirinə olan məhəbbətdə biruzə verir. Xosrov şəxsiyyətində naqis, bəsit nə vardırsa Şuriyyə timsalında üzə çıxdı. Biz həmin cəhətləri əvvəldən də görürdük. Şuriyyə onların mənəvi mahiyyətini daha da bariz şəkildə göstərdi.

***

Şahlığın zadəgan eyş-işrətinin süni, murdar nəşəsevərliyinin bir Şuriyyə bataqlığı mütləq var! Xosrov Şuriyyə kimi qeyrətsiz, pozğun şəxs deyil. Ancaq Xosrov qızğınlığı, hərisliyi Şuriyyə azğınlığını hazırlayırdı. Əslində Şuriyyə hərcayi həvəs və şəhvət mayasının gətirdiyi zəruri qazancdır. Əxlaqi naqislik, şər və cinayət arasında məsafə qısadır. Nizami bunu görmüşdü:

O belindən gələn bir damla şəhvət,

Sənin öz belini əydi nəhayət.

 

Təbiidir ki, hətta Xosrov mühitində belə analığa eşq elan etmək qəbahət sayılır. Ancaq buna yaxın cinayətlər, hərəmxana dəhşəti, ölümə çevrilmiş başıbəlalı eşq, məkr qəbahəti, zərif nəzakətli rəzalət adi hal sayılır. Şuriyyə iradə zəifliyi, eyş-işrət hərisliyinin yetirdiyi çirkinlikdir. Hətta Xosrov mühitində belə ataya əl qaldırmazlar. Şuriyyə atasını öldüdür. Çünki ehtirasın ağlı söndürdüyü bir mühitdə hər şeyata qatilliyi mümkündür. İndi Şirinin böyüklüyü, qadirliyi, nəcibliyi daha da aydın oldu. Əslində Şirinin Xosrov əxlaqı üzərində qələbəsi Xeyirin Şər üzərində qələbəsi imiş. Əslində Şirin Xosrovun Şuriyyəlikdən xilas edir. Şirin Xosrovun daxilində yaşayan Şuriyyəliyi öldürür.

***

Xosrov Şirinməhəbbət dastanıdır. Şirinin böyük qələbəsidir məhəbbət! Xosrovun həyat dərsidir məhəbbət! Fərhadın hünər dünyasıdır məhəbbət! Şuriyyənin məğlubliyyətidir məhəbbət! Nizaminin dünya ilə söhbətidir məhəbbət!

 

İnam ATA

Kaspi.-2013.-28-30 sentyabr.-S.21.