Altmış bir ilin qonağı
İsi Məlikzadə…
Müasir ədəbiyyat
Azərbaycan bədii nəsrinin XX əsrdə
yetirdiyi görkəmli söz ustalarından biri…
Ədəbiyyatda
heç kimə bənzəməyən, özünəməxsus
fərdi deyim tərzi, yolu və üslubu olan bir sənətkar…
Gözəl
hekayələr müəllifi…müasir Azərbaycan povestinin
yaradıcılarından biri…
Bədii
nəsrində ən doğru həqiqətləri sənət
dililə ifadə edən, XX əsr Azərbaycan
ziyalısının, kəndlisinin obrazlarını yaradan
ustad nasir…
Neçə
bədii filmin ssenari müəllifi
Və nəhayət,
heç vaxt xatirələrdən silinməyən,
yaddaşlarda yaşayan əziz dost, gözəl insan.
35 illik bir yaradıcılıq yolu keçdi İsi. Onu şəxsən
tanımayanlar, maddi və mənəvi qayğılarından
xəbərsiz olanlar üçün xoşbəxt sənətkar
idi. Bu təsəvvürü İsi Məlikzadə
öz zəngin yaradıcılığı,
sözünün qədr - qiymətiylə
qazanmışdı. Ancaq bu xoşbəxt
sənətkar İsi Məlikzadə 35 ildə heç də
rahat və firəvan, mənəvi itkilərsiz
yaşamayıb. Tay - tuşları, hətta
ondan cavanlar fəxri adlar, təltiflər içində
üzüblər, o isə başını aşağı
salıb yazıçı - əkinçi ömrünü
yaşayıb. Əslində, həyatın,
yaşayışın mənası, yazıçı
ömrünün mahiyyəti kimsədən pay ummamaq, zəmanə
adlanan qara divlə üz - üzə gəlmək, bu
amansız mübarizədə "mən bir həqiqətəm,
heç deyiləm" məramını təsdiq etmək
deyilmi? İsi Məlikzadə bu mübarizədən
qalib çıxdı…
Təsadüf elə gətirib ki, mən İsi Məlikzadənin
yaradıcılığı ilə bağlı bir neçə
məqalə yazmışam, onunla müsahibə
aparmışam, eyni redaksiyada - "Azərbaycan"
jurnalında işləmişəm. Yalnız hekayə və povestlərindən
tanıdığım və sevdiyim İsi Məlikzadə ilə
ünsiyyətim məndə belə bir fikir yaradıb ki,
İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar
arasında necə də bir doğmalıq var. Sanki o, öz
ömrünün ayrı - ayrı aylarını, illərini
obrazlarına paylayıb. İsi bütün əsərlərində
özünü yaradıb. Ancaq eyni zamanda,
o qəhrəmanların hər biri də öz
ömrünü yaşayıb. "İki günün
qonağı"ndakı mühəndis İslam sanki İsinin
özüdür, "Quyu"da, "Yaşıl gecə"də,
"Günəşli payız"da, "Dədə
palıd"da, "Gümüşgöl əfsanəsi"ndə
də təsvir olunan qəhrəmanlar İsinin mənəvi
dünyasından güc almışlar.
Əgər
biz keçən əsrin 50-90-cı illər Azərbaycan mənəvi
mühitini, Azərbaycan ziyalısının və kəndlisinin
həyat və məişətini, duyğular aləmini daha
yaxından izləmək istəsək, heç şübhəsiz,
İsi Məlikzadənin bədii nəsri və bu nəsrin qəhrəmanları
əlimizdən tutacaq, ən yaxın bələdçimiz
olacaq. Mənim İsi ilə ünsiyyətim,
birgə işlədiyimiz illərdə onunla bu və ya digər
dərəcədə təmasım onu həm də bir insan
kimi tanımağa, duymağa kömək elədi. Və
mən baxıb gördüm ki, İsi özü bir insan kimi
hər hansı bir əsərin baş qəhrəmanı ola bilər.
Bu BAŞ QƏHRƏMAN Ağcabədidə dünyaya
göz açmışdı. Atası Abbas kişi
çox baməzə adam imiş. İsidəki
o lətifə damarı, baməzəlik, adamı qəşş
edincəyə qədər güldürmək məharəti
ona qandan keçmişdi. O, ixtisasına görə neft
- qaz mühəndisi idi, mədəndə operator,
yerüstü avadanlıq ustası, mühəndis işləmişdi.
Ancaq özü də hiss eləmişdi ki, onu başqa bir aləm
cəlb edir və 1966 - cı ildən taleyini ədəbiyyata
bağlamışdı. Heç bir filoloji təhsili
olmayan İsinin ilk hekayəsi çap olunanda (1960) 26
yaşı vardı. Ədəbiyyat aləmində
kimsə onu tanımırdı. "Baxmadı
getdi" adlı ilk hekayəsində o, bir oğlanla bir
qızın görüşünü təsvir etmişdi.
Elə hekayənin adından onun süjeti də
məlum olur. O hekayəni İsi "Azərbaycan gəncləri"
qəzetinə vermişdi və ona demişdilər ki, hekayən
sabah qəzetdə çıxacaq, qəzet
köşkünə gedib ala bilərsən. İsi
sevinirdi və uçmağa qanadı yox idi. Səhərə qədər yata bilməyən
İsi səhər sevinc içində, ayaqları titrəyə
- titrəyə köşkə getmişdi…Amma hekayəsini qəzetdə
görə bilməmişdi. Bu minvalla düz altı ay
gözləmişdi… hekayə çap olundu, amma İsi Məlikzadə
yox, İsi Məmmədzadə imzası ilə…
Ədəbi mühitdə onun ilk tanıdığı
şəxslər Fərman Kərimzadə, Əlibala
Hacızadə və Vasif Nəsiboğlu olub. O zaman redaksiyalara getməyə
utanırdı, fikirləşirdi ki, adlarını eşitdiyi
və pərəstiş etdiyi Mehdi Hüseyni, Mirzə
İbrahimovu, Əbulhəsəni, İlyas Əfəndiyevi
görsə, harada qaçıb gizlənəcək. O illərdə
ədəbi mühitdə "qocalarla" "cavanlar"
arasında əsl hədd - hüdud var idi, ağsaqqalın qədr
- qiyməti uca tutulurdu. İndiki kimi deyildi.
Bir dəfə İsi düz iki saat bulvarda
Süleyman Rəhimovu seyr etmişdi, onun dənizə necə
baxmasına, aralı durub gəzişməsinə heyran -
heyran tamaşa etmişdi.
El
arasında belə bir söz var: "Yetimə yiyə duran
çox olar". İsinin ilk
yazılarının çapında Sabir Əhmədlinin,
Salam Qədirzadənin, Əliağa
Kürçaylının böyük köməyi
olmuşdu. Amma o vaxtlar yazıya ciddi
yanaşırdılar, hər cızmaqaraçını
çap eləmirdilər və görünür, bu ağcabədili
balasında istedadı hiss eləmişdilər ki, ona qahmar
durdular.
İsinin mənsub olduğu ədəbi nəsil o
dövrün (60-cı illərin) gənc yazarları hesab
edilirdi. Yazmaq, çap olunmaq heç də asan, maneəsiz
deyildi. Axı canlı klassiklər yaşayırdı -
Azərbaycan sovet nəsrinin təməlini yaradan Mirzə
İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev,
Əbülhəsən, İlyas Əfəndiyev, Ənvər
Məmmədxanlı. Digər tərəfdən,
artıq yaradıcılığının bəhrəli
çağlarını yaşayan İsmayıl
Şıxlı, İsa Hüseynov, Sabir Əhmədli, Bayram
Bayramov kimi tanınmış yazıçılar vardı.
Bu iki ədəbi nəslin əhatəsində
sadəcə olaraq başqa bir yol yox idi, ya gərək
onları təqlid edəydin, ya da öz yolunu müəyyənləşdirəydin.
Və ikisinin mənsub olduğu ədəbi nəsil
birinci yolu yox, ikinci yolu tutdu.
***
Ədəbiyyatda, xüsusilə bədii nəsrdə
yeni meyllər və tendensiyalar diqqəti cəlb edirdi. Bütünlükdə
ədəbiyyatın özü yeniləşməyə
başlayırdı və bu mərhələni bütün ədəbi
nəsillər yaradırdı. Diqqət
yetirsək, görəcəyik ki, Mirzə İbrahimov, Mehdi
Hüseyn, İlyas Əfəndiyev kimi "baniyi -
kar"ların yaradıcılığı da əvvəlki
yazdıqlarından fərqlənirdi, ilk povestləri 50-ci illərdə
çap edilən və ədəbi aləmdə elə bir
reaksiya doğurmayan İsa Hüseynov tamam başqa bir
yazıçı olmuşdu, İsmayıl Şıxlı,
Sabir Əhmədli yeniliyi vaxtında duymuşdurlar. Anar,
Elçin, M. İbrahimbəyov, İ.Məlikzadə,
S.Süleymanov, F. Kərimzadə, S.Azəri kimi gənc nasirlər
isə birbaşa fərqli, özünəməxsus ədəbi
düşüncə nümayiş etdirirdilər.
Bədii nəsrdə əvvəlki illərdən fərqli
olaraq insanın mənəvi - əxlaqi dünyasının təsvirinə
meyl və maraq artmışdı, şəxsiyyət
başlanğıcı, ədəbi qəhrəmanın hərtərəfli
(həm müsbət, həm də mənfi) təsvirinə
meyl, onu bütün mürəkkəbliyi ilə
canlandırmaq səyi getdikcə aparıcı xəttə
çevrilirdi.
Bir janr kimi roman - vüsətli, epik roman xətti
tədricən öz yerini yığcam povest janrına təhvil
verirdi. 60-70-ci illər Azərbaycan nəsri
üçün bu mənada povestin çiçəklənməsi
mərhələsi oldu. Lakin ən
başlıcası bu idi ki, ədəbiyyatda reallıq, həyat
həqiqətinin təsviri üstünlük təşkil
edirdi.
***
İ.Bexer
məqalələrinin birində yazırdı: "Yeni incəsənət
heç vaxt yeni formalardan başlamır, həmişə yeni
insanla doğulur".
İsi Məlikzadə və onun mənsub olduğu
"altmışıncılar" ədəbi nəsli ədəbiyyata
məhz yeni qəhrəman tipini gətirdilər.
***
"Evin kişisi" povestində İsi Məlikzadə
adi bir insanı - sıravi milis işçisi Qaçayın
həyatını təsvir edir. Qaçay öz hərəkətləri
və davranışı ilə sovet ədəbiyyatının
"müsbət qəhrəmanı" tipi ilə heç
cür uyuşa bilməz. Çünki o,
mənfiliklərə qarşı mübarizə apara biləcək
qəhrəman səviyyəsində deyil. Hətta
Qaçay "müsbət qəhrəman"a xas olmayan avam
və sadəlövh düşüncə tərzilə
gülüş də doğurur.
Rəisi Qaçayı ironiya ilə "Koroğlu"
adlandırır, lakin Qaçay nəinki Koroğlu, heç
onun dəlilərindən də deyil. Amma Qaçay daxilən
saf və təmiz insandır. O, kiminsə
qarşısında əyilir, sınır, amma bu təmizlik
onu tərk etmir. Məsələ burasındadır
ki, Qaçay tipli insanlar ədəbiyyatın qəhrəmanı
olmamışdılar. Onlar adi həyat tərzi,
gün - güzəran ağırlığı, maddi və mənəvi
qayğıları ədəbiyyatın predmetinə
çevrilməmişdi. Təsadüfi
deyil ki, "Evin kişisi" çap olunandan sonra bəzi tənqidçilər
"bu necə qəhrəmandır? bu
qəhrəman niyə passivdir?" deyə haray qopardılar.
Lakin unudulurdu ki, ədəbi qəhrəmanın tipləri
müxtəlif ola bilər və Qaçay
kimi insanlar isə həyatda, reallıqda mövcuddurlar. İsi Məlikzadə isə süni şəkildə
Qaçaya "müsbət qəhrəman" pasportu,
"mübarizlik" vəsiqəsi bəxş etməmişdir.
Lakin əlbəttə, İsi Məlikzadənin
yaratdığı ədəbi qəhrəmanların
heç də hamısı Qaçaya oxşamır. Qaçay sadəcə
olaraq sadə, təmiz və mənəviyyatlı
insanların bir nümunəsidir. Bu qəhrəmanların
hamısının qarşısında istisnasız və tərəddüd
eləmədən "işıqlı" sözünü
bədii təyin kimi işlətmək mümkündür.
Lakin İsi Məlikzadənin təsvir etdiyi bu
işıqlı insanların hər birinin öz fərdi
dünyası, mənəvi aləmi var. Və İsi Məlikzadə
hər bir qəhrəmanı təsvir edəndə
özünəməxsus bədii boyalar, təravətli ifadə
vasitələri tapa bilmişdir.
İsi Məlikzadənin təsvir etdiyi KƏND keçən
əsrin 60-90-cı illərindəki Azərbaycan kəndidir.
İsi bu kəndi yaxşı tanıyırdı və
yaxşı tanıdığı üçün də
özündən heç nə uydurmurdu. O, kəndi
ideallaşdırmırdı, özündən əvvəlki
yazıçılardan fərqli olaraq bu kəndin ordenli -
medallı, şöhrətli qəhrəmanlarından söz
açmırdı (onsuz da bu mövzuda onlarla əsərlər
yazılmışdı). İsi bu kəndin
ağrı-acılarından, mənəvi baxımdan ekoloji tənəzzülündən,
kənddə yaşayan insanların müxtəlif
qayğılarından danışırdı. Bu
baxımdan onun üç povestini xatırlatmaq kifayətdir:
"Quyu", "Yaşıl gecə" və "Dədə
palıd".
Elçin
Əfəndiyev "Quyu" müəllifinə məktub
göndərmişdi və həmin məktubda yazırdı
ki: "Bu məktubun əsas səbəbi Sizin
"qazdığınız" "Quyu"dur və lap əvvəldən
deyim ki, yaxşı "quyu" qazmısınız, suyunun
"mət kimi şipşirin, göz yaşı kimi
dumduru" olması barədə bir söz deyə bilmərəm,
amma bu quyu bədii psixoloji mənada gələcəyin daha dərin
"Quyu"larından xəbər verir, Sizin
yaradıcılığınızdakı inkişafı, bədii
- estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani
şəkildə göstərir". Elçin
Əfəndiyev həmin məqaləsində İ.Məlikzadənin
"bədii cəhətdən dürüst və aktual"
yaratdığı ayrı-ayrı obrazlardan söz
açır və bu povesti İsi Məlikzadə
yaradıcılığında irəliyə doğru
böyük addım hesab edirdi.
"Quyu"da İ.Məlikzadə yetmişinci illər
Azərbaycan kəndinin mənəvi - əxlaqi mənzərəsini
əks etdirirdi. Əlbəttə, demək olmaz ki, bu mənzərə
tam və bütöv idi, amma tam və bütöv olmasa da,
real idi, inandırıcı idi, yalan deyildi. İsinin təsvir
etdiyi insanlar - Umud, Məcid kişi, kolxoz sədri Xalıq,
onun arvadı Əsli, qızı Solmaz, qoca anası və bu
ailəyə məhrəm olan Piri bir obraz kimi son dərəcə
təbii idilər - bütün müsbət insani keyfiyyətləri
və qüsurları ilə birgə. Quyu sözünün
özü də simvolik, rəmzi bir məna daşıyırdı
və oxucu əsil quyu qazanlarla QUYU QAZANLARI seçib fərqləndirə
bilirdi..
İ. Məlikzadənin
"Yaşıl gecə" povestindəki Qərib də eyni
yolu seçir. Fərq burasındadır ki, Umud
üçün yol açıqdır - o, artıq
özünü dərk edib, bundan sonra həyatda
özünü bir şəxsiyyət kimi təsdiq etməyə
çalışacaq. Qərib isə o
dünyalıqdır, mənən saf və təmiz olan bu
insanın fiziki qüvvəsi tükəndi. "Dədə palıd"dakı Nurcabbar isə təbiət
aşaqidir. Lakin təbiətə bu vurğunluğu təkcə
heyranlıqla bağlamaq doğru olmazdı, burada həm də
rəmzi - simvolik bir çalar var. Nurcabbar təbiətlə
insan harmoniyasının pozulduğunu, insanın təbiətə
qəsd etdiyini böyük ürək ağrısı ilə
dastana, nağıla çevirir: "Quruyacaq Dədə
palıd, ayaq üstə can verəcək…" İsinin
bu povestində bir haray var - təsadüfi deyil ki, Dədə
palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk
edir.
Doxsanıncı illərdə İsi Məlikzadə
"Qırmızı şeytan" povestini yazdı. Bu povestdə
İsi Məlikzadə illərdən bəri içində
püskürən qəzəb və etirazını,
yaşadığı cəmiyyətdən
narazılığını bədii sözlə ifadə
etdi. Onun qəhrəmanı Səməndər
20 Yanvar gecəsi şəhid olur.
***
Və 90-cı illərdə İsi Məlikzadə
müstəqilliyin bəhrəsini gördü. Amma… öz
yazıçı təbiətinə sadiq qaldı -
kapitalizmin özü ilə gətirdiyi mənəvi, ictimai,
iqtisadi qüsurlara da kəskin etirazını bildirdi. O
illərdə İsi Məlikzadə deyirdi: "Mənim
fikrimcə, nə olur-olsun, hansı partiya, hansı siyasi xadim
hakimiyyətə gəlirsə-gəlsin, mədəniyyət,
sənət biganəliklə üzləşməməlidir.
On-on beş ilə əvvəl hər
hansı bir şəxs fəxrnən deyərdi ki, mənim filan
şair qohumum var, indi isə adamlar yazıçılarla,
şairlərlə yox, biznesmen, tacir, kommersant qohumları ilə
fəxr edirlər.
Ədəbiyyat hər bir dövrdə insan
üçün təkcə estetik zövq, mənəvi qida
mənbəyi olmayıb, həm də xalqın sözlə
yaradılan tarixidir. Lakin doxsanıncı illərdə mənzərə dəyişmişdi:
sənət, bədii söz arxa plana keçib, mənəviyyatda
dərin bir çat əmələ gəlmişdi. Müharibənin
doğurduğu əhval-ruhiyyə, gün-güzəranın
pisləşməsi, əhalinin təbəqələşməsi,
Azərbaycanın qaçqın-köçkün ölkəsinə
çevrilməsi, soyumaq bilməyən hakimiyyət
ehtirasları… bütün bunlar dəhşətli bir xaos
yaratmışdı.. Ədəbiyyat
kimsəyə lazım deyildi, adamlar povest ya roman oxumaq
halında deyillər, onları gündəlik ruzi daha çox
düşündürürdü. .İsi onda müsahibələrinin
birində belə söyləyirdi:
"… Mənim atam deyərdi ki, vallah, oğul, biz
Allahın qəzəbinə gəlmişik, bizim
axırımız pis qurtaracaq. Kişi düz deyirdi,
çünki bilirdim ki, daha belə yaşamaq olmaz, bu cür
yaşayış - bir-birimizi aldatmağımız, kələklə,
hiyləylə ömür sürməyimiz, hər sahədə
"pripiska", total rüşvətxorluq,
kökümüzü danmağımız bizə baha başa
gələcək.
…Mən
döyüş bölgələrində və onlara yaxın
olan rayonlarda çox olmuşam. Orada olanda özümü daha
rahat hiss edirəm, çünki hər şey gözlərimin
qarşısında baş verir. Yanan evlərində,
qaçan adamları da, talan olmuş kəndləri də,
Laçından, Xocalıdan, Kəlbəcərdən,
Ağdamdan gələnləri də görürəm, bu faciə
ürəyimdən keçir. Bəli,
sevinirdim ki, Qarabağdayam, bu səbəbdən rahat idim.
Sonra Bakıya gələndə gördüm ki, Qarabağla
çox az maraqlanırlar, çoxu öz
alveriylə məşğuldur.
Ancaq mən heç vaxt ümidimi itirməmişəm. Həmişə
düşünürəm ki, ola bilməz
ki, bu xalq basılsın. Gücümüz də, enerjimiz də,
mənəvi qüvvəmiz də, igid oğullarımız da
kifayət qədərdir…"
…İsi Məlikzadə - görkəmli Azərbaycan yazıçısı, gözəl povestlər müəllifi bu ümid və inamla da dünyadan köçdü. Ancaq dünyadan köçən onun cismi oldu, İsi Məlikzadənin yaratdığı SÖZ DÜNYASI yaşayır. İsi Məlikzadənin əsl ömrü o SÖZün ömrü qədərdi.
Vaqif Yusifli,
filologiya elmləri
doktoru
kaspi.-2013.-28-30 sentyabr.-S.17.