“Mahmud və Məryəm”
tənqid olunur
Sentyabrın 26-da Azərbaycan və Türkiyə
arasında müştərək kino layihəsi
olan, Xalq
Yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında
çəkilən eyni adlı filmin premyerası olub. Kulis.az yazarları film
haqqında fikirlərini bölüşüblər.
Qan Turalı: Filmmi, fotoromanmı?
“İMDB-nin
ən yaxşı filmləri siyahısına ötəri bir
göz atsanız orda romanların ekranizasiya variantlarına
çox az rast gələrsiniz. Mahiyyət etibarı ilə
proza başqa, ssenari başqa janrdır və
hər birinin janr
xüsusiyyətləri mövcuddur. Lakin Azərbaycanda yazıçılar özlərini
anadangəlmə ssenarist üstəgəl
də dramaturq hesab
edirlər və belə düşünürlər ki, pyes və ssenarini də roman kimi yazmaq lazımdır.
Anarın
“Sizsiz” romanında maraqlı bir məqam var: “O atası Rəsul
Rzaya “Torpaq. Dəniz. Od. Səma” filminin ssenarisini göstərir.
Bir müddət kino naziri olan Rəsul Rza ssenarinin prozaikliyindən
şikayət edir. İl
olub 2013, hörmətli Anar
müəllim hələ də ssenarilərini proza
kimi yazır. Yeri gəlmişkən,
prozalarını da ssenari
kimi yazan yeni yazıçılarımız peyda olub.
Ssenariləri
proza kimi yazmaq, sonra da öz ədəbi hakimiyyətindən
istifadə edərək yazdığını sözbəsöz
filmə (ya da pyesə) köçürməyi təkid etmək,
rejissoru diktə altında saxlamaq Anar kimi Elçinə də
xas xüsusiyyətdir.
“Mahmud
və Məryəm” romanı “Əsli və Kərəm”
dastanının dekonstruksiyası əsasında
yazılıb. Romanda dastandakı əsas
sevgi süjetinə çoxlu
sayda əlavə kənar süjet
əlavə olunması tamamilə təbii və qanunauyğundur, çünki
söhbət dastanı romana
uyğunlaşdırmaqdan gedir. Lakin filmdə çoxlu sayda kənara çıxmalar var
və bunların kinematoqrafik həlli
verilməyib. Kənar süjetlər heç
cür əsas süjetə qovuşmur. Misal üçün filmdə nədənsə tez-tez vurğulanan
Çaldıran döyüşünün
ümumi süjetə nə
qatdığını anlamaq mümkün deyil. Bu guya Türkiyə
tamaşaçısına hesablanıbsa belə
tamaşaçı bundan bir
şey götürmür.
Üstəlik, sevgidən bəhs edən filmə bu cür geopolitik
əlavə tamaşaçıya heç
nə vermir.
Romanda
tülkü Qəmərbanuya oğlu olacağını
müjdələyir. Filmdə isə tülkü
dönüb qurd (canavar yox, məhz qurd) olur. Bu metamarfozanın xarakteri türkçülüyə salam vermək kimi
qavranılmalıdır, ancaq türk sözünün
işlənmədiyi, milli
özünüdərkə hələ dörd
əsr qalmış XVI əsrdə bu cür təbliğat filmdə yamaq
kimi görünür.
Filmin
afişasında yazılmış “İlahi bir eşqin izi ilə”
frazasının filmə aiddiyatını müəyyənləşdirmək
üçün müstəqil təhqiqat komissiyası
formalaşdırılmalı və müvafiq ekspertiza təyin
edilməlidir.
Filmin
son səhnəsində Mahmudun yanması faciəvi sonluqdan
çox komik sonluğa bənzəyir. Filmin
yaradıcıları yanma prosesinin
görüntüsünü
naşıcasına işləyiblər, biz
eyni naşılığı ssenarinin sonluğunda görürük. Ssenarist
hamımızın romandan və dastandan bildiyi sonluğa bizi inandırmaq
üçün heç
bir cəhd göstərmir. Nəticədə
biz filmə yox, orta əsrlərdən bəhs edən foto-romana baxmalı oluruq”.
Mirmehdi Ağaoğlu:
Anoxronizm bataqlığı
“Baş rolun ifaçısının oynamağı açığı xoşuma gəlmədi. Məni daha çox Sofu obrazı özünə bağladı. Üstəlik uşaq vaxtından kitaba meyl salan Mahmudun, heç bir dəfə də olsun qılınc oynatmadığı (heç olmaya onun uşaqlıq illərinə belə bir səhnə atmaq olardı), amma sonradan bütün rəqiblərinə qalib gəlməsi bir az qəribə gəldi.
Filmdəki xronoloji nöqsanlara baxaq.
Ziyad xanla görüşə gələn Osmanlı nümayəndəsi ona türkçülükdən dəm vurur. Halbuki o dövrdə ən aktual mövzu sünni-şiə ayrımı idi. Sultan Səlim Osmanlıda minlərlə ələvini, Şah Xətai Təbrizdə minlərlə sünnini qılıncdan keçirmişdi. Həmin dövrdə məzhəb ayrı-seçkiliyi gündəmdə ikən səfirin türkçülükdən dəm vurması qəribədir.
Bir səhnədə qarğıdalı sahəsi göstərilir. Daha sonra kəndli qadınlar qarğıdalı qaynadırlar. Qarğıdalı ilk dəfə 1493-cü ildə Kolumb tərəfindən Amerikadan Avropaya gətirilmişdir. Nəzərə alsaq ki, hadisələr 1510-14-cü illərdə baş verir, o zaman qarğıdalı bizim ölkədə 13-17 ilə necə kənd təsərrüfatı məhsuluna çevrildi? Əlbəttə kimsə bunu şərtiliklə əlaqələndirə bilər, amma bəs niyə biz belə şərtilikləri Qərb və ya Hollivud filmlərində görmürük?
Digər
bir nüans isə Füzulinin “Məni candan usandırdı” qəzəli
ilə bağlıdır. Füzuli
filmdə hadisələrin baş verdiyi 1510-1514-cü illərdə cəmi 16-18
yaşlarında idi. Füzulinin
o yaşında məşhur
olmasını qoyaq bir
tərəfə. Tutalım məşhur idi.
Bəs “Məni candan usandırdı” qəzəli?
O da Füzulinin erkən
dövründə yazılmışdımı? Məncə
tamaşaçının ağlında bu
cür yersiz
sualların yaranmasına rəvac verməmək üçün orda xanəndəyə
başqa bir şairin, misal üçün Nəsiminin qəzəllərindən
birini oxutmaq daha münasib idi.
Mahmudla Məryəmin görüş səhnələri onların bir-birlərinə aşiq olub dəli-divanə olmaları üçün kafi olmur. Film başlamamışdan əvvəl söylənildi ki, “Mahmud və Məryəm” Çili, Argentina, Koreyada nümayiş olunacaq. “Əsli və Kərəm” dastanından, Elçinin “Mahmud və Məryəm” əsərindən xəbərsiz olan Koreya tamaşaçısı Mahmudla Məryəmin o kiçik epizodda görüşməsi ilə bir-birlərinə dəlicəsinə aşiq olmalarına inana biləcəkmi? Məncə yox. Sevgililərin görüş səhnəsi tamaşaçını onların məhəbbətinə inandıracaq şəkildə deyil. Dastanlarda bu aşiqlik səhnəsi buta ilə izah olunur ki, bunu da koreyalıya başa salmaq müşkül məsələdi.
Tarixi
detalların yer aldığı, ana xəttinin sevgi olduğu,
rejissorun fantazi filmlərinə bənzər çəkdiyi
filmə nə ad verək? Tarixi filmmi, sevgi dramımı, yoxsa Tolkeynin əsərlərinə
çəkilmiş filmlərə bənzəyən fantazi janrında bir filmmi?”
Aliyə:
Lələ dedi, gəl qayıdaq bu yoldan...
“Elçinin
əsəri əsasında Azərbaycan və Türkiyə
kinematoqrafçılarının birgə çəkdiyi
“Mahmud və Məryəm” filminə “Əsli və Kərəm”
dastanının havası, “Mahmud və Məryəm”
romanının izi ilə baxmağa başladım. Az sonra dastanın
havası çəkilib getdi. Amma bunun yerini filmin
öz ruhu almadı. “Mahmud və Məryəm” filminin
əslində həvəskar rəssamların sevgi
mövzusunda işlədikləri
“açıqcalar- kartlar- ucuz
mənzərə rəsmləri” formatında bir-birini
əvəzləyən şəkillər olduğunu
görmək üçün belə rəsmlərə
kasıb evlərin divarlarında rastlaşmaq
(qızılgüllər, dupduru çay, ağ çəpiş,
alagöz oğlan, qaragöz qız və s.)
və ya ömründə bir-iki
ortabab filmə baxmaq
kifayətdir.
Əlbəttə,
"Mahmud və Məryəm”i həvəskar illüstrasiyalar
də adlandırmaq olardı. Ona
görə həvəskar ki, məzmunu, dramatizmi dərinləşdirən, təsvirə
metaforik mənalar gətirən detallar-obrazlar görmək arzumuz
gözümüzdə qalır. Film irəlilədikcə,
iştahımın nə qədər böyük
olduğunu anladım. Obrazlar
canlılıqdan uzaq, təsir gücü zəifdir. O qədər ki, filmin kadr-kadr
necə çəkildiyini hiss edirsən. Dillərə dastan,
yazıçıya roman olmuş
bunca kədərli bir
sevgi əhvalatı, böyük,
əbədi sevginin ölümcüllüyü
kimi kədərli həqiqəti bir daha anladan
onlarla sevgi əfsanəsindən
ən yaxşılarından biri - “Əsli
Kərəm” “Mahmud və Məryəm” filmi ilə öz əlçatmazlığını
sübut edir. Rejissorun,
aktyorların, rəssamın o əhvalata əli
çatmır. Rejissor (Mehmet
Ada Öztəkin) ona bir yaradıcı şəxs kimi
yanaşa bilmir və
beləliklə, “Mahmud və Məryəm”
ən yaxçı halda həvəskar illüstrasiyalara bənzəyir...
Ziyad
xanın yeganə oğlu Mahmud keşiş qızı Məryəmə
aşiq olur. Əhvalatın sonunu bilən
rejissor elə ilk
görüşdükləri, baxışdıqları səhnədən
onları ayırmaq istəyir: Məryəmin arxasında keşiş atası dayanır, Mahmudun arxasında Sofu
gözləyir. Gözləyir ki, onlar bir birinə aşiq olsun və
obrazların əsas yükü artsın.
Bu qədər bəsit.
Filmin
boyu rejissorun mənzərə həvəskarlığından
yaxa qurtara bilmirsən. Təbiət gözəllikləri
fonunda insanların
dağıdıcılığı kontrast
olacaq deyə, düşünmək olar, amma hətta batal səhnələr, döyüşdən
sonrakı qanlı-quzğunlu meydan belə
bu ruhda çəkilib.
Bununla belə, döyüş
səhnələrinin ölünün
yaddaşından canlandırılması yaxşı üsuldur, hətta fikir də
ötürür - dirilər unudur, ölülərsə daha
yaxşı xatırlayır!
...Tarixilikdə nağılvarilik cəlbedicidir (Qısır qarı əsl nağıl obrazıdır), həm də ona görə qəbul olunandır ki, filmdəki tarixi xronologiya uydurulub. Bəlkə də bu, Eşq adamları ilə torpaq, hakimiyyət, var-dövlət uğrunda bir-birini amansızca məhv edən Yer adamları arasındakı keçilməz uçurumu göstərmək üçün uydurulub. Bunlar rejissora kontrastda nəsə demək əvəzinə, özünü tarixi-döyüş janrında epizodlar işləmək üçün sınaq imkanı, daha doğrusu, təxəyyülündəki gördüyü ştamp döyüş səhnələrini canlandırmaq imkanı verib.
...Xristian
–müsəlman barışmazlığı romanda bir
başqa situasiya ilə qarşılaşdırılır:
iki müsəlman hökmdarı (Sultan Səlim və Şah
İsmayıl) döyüşə qərar verir-ölən də,
öldürən də müsəlman olur. Din təəssübü yoxa
çıxır. Bununla romanda
hamının ümumi dininin
sevgi olduğuna aksent olunur. Film bunu ssenari
üzrə təqdim etsə də, vurğulamır. Əlbəttə
öz işidir, amma film ümumiyyətlə
heç nə demir.
O, yalnız mənzərə gözəlliklərinin
ardıncadır. Dastanın dili ilə desək,
“Mahmud və Məryəm” filmi
hələ “Ərzurumun gədiyində” qalıb...
Qismət: Milli təbliğat
vasitəsi
“Bizim
kinomuz nə qədər ki, yeri gəldi-gəlmədi,
uğursuz formada milli mesaj verməkdən əl çəkməyəcək,
hələ çox illər böyük büdcələri
havaya sovuracağıq. Filmdə, fikrimcə,
qayçı yerləri həddindən çox
gözə dəyirdi. Kəsəsi, bir-iki
aktyor oyununu
çıxmaq şərtilə, filmi bəyənmədim”.
Damara işləyən
söhbətlər
Cavid Zeynallı: “Məncə, Azərbaycan kino sənayesinin hazırkı vəziyyətini nəzərə alsaq, “Mahmud və Məryəm”i uğursuz film hesab etmək olmaz. Son illərdə çəkilən bir neçə tarixi filmdən bəzi üstünlükləri ilə seçildi. Filmin vizual ekran effektlərini, geyimləri, aktyor oyununu müsbət dəyərləndirirəm. Təəssüf ki, ümumən, çağdaş filmlərimizin ən böyük qüsurlarından olan dramaturgiya problemindən “Mahmud və Məryəm” də sığortalana bilmədi. İki saatlıq filmdə peşəkarlar bir tərəfə, orta statistik tamaşaçını “tərpədən, damarına işləyən” uğurlu səhnələr sanki xəsisliklə işlənmişdi. Söhbət isə sevgi filmindən gedir. Filmin ən böyük qüsurlarından biri dublyaj məsələsi idi. Səsləndirmə süni, fondan eşidilən təsiri bağışlayırdı. Şamil Süleymanovun (Mirzə Salman) rolunun səsləndirilməsi haqqında isə, danışmağa dəyməz. Ən uğurlu aktyor oyununu Aras Bulut İynemli (Mahmud), ən uğursuz oyunu Məlahət Abbasova (Qəmərbanu) göstərdi.
Filmdə Çaldıran döyüşü
haqqında olan dialoqları, səhnəni
izləyəndə “axı nə dəxli var?”
deməkdən savayı yol qalmır. Bu məsələnin
uğurlu süjet həllini
tapmaq mümkün
olsaydı, başqa məsələ. Di gəl, rejissor yozumu üzdən aparıldığı üçün bu arzumuz da ürəyimizdə
qaldı. İkinci məsələ erməni
amilinin ümumiləşdirilib
xristian-müsəlman kontekstində təqdim olunmağıdır.
Bu məsələdə mənim kimi “humanist və
başadüşən” tamaşaçı məcburiyyət
üzündən anlayış göstərsə də, sənətin
və tarixin bu qədər
humanist olacağına inanmıram.
Hər
halda, “Mahmud və Məryəm”ə uğurlu ekran taleyi arzu
edirəm. Ümid edək, tamaşaçı çoxluğu
mənim gördüyüm qüsur və problemləri vecinə
almayıb, sevimli filmi
kimi bu ekran
əsərini yaddaşının bir
küncünə yazacaq”.
Ağa Cəfərli: Kərəmin
yanmaqlığı
“Əsli
və Kərəm" dastanını, "Mahmud və Məryəm"
romanını oxumuş, "Əsli və Kərəm"
operasına baxmış biri kimi mənim üçün daha
çox o maraqlı idi ki, filmdə Mahmudun yanması səhnəsi
necə veriləcək, rejissor maraqlı bir ideya tapa bilibmi?
Ümidlərim doğrulmadı, final multfilmi
xatırlatdı”.
Tanınmış
kinoşünas Ayaz Salayev AzNews.az-a “Mahmud və Məryəm”
haqqında açıqlama verməkdən imtina edib: “Xahiş
edirəm, beləcə də yazın. Mən bu suala cavab
verməkdən imtina edirəm. Belə də
yazın”.
Kaspi.-2013.-28-30 sentyabr.-S.16.