“Qoca kloun”un müəllifi - Matey Vişnek

 

26 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış “Qoca kloun tələb olunur” tamaşasının premyerası keçirilib.

Janrı iki hissəli səhnə oyunu kimi təyin olunmuş tamaşa sırf aktyor tamaşasıdır. Tamaşada Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov, Əməkdar İlham Hüseynov çıxış edirlər. Tamaşanın səhnə tərtibatçısı Ramin Bəykişiyevdir. Cəmi 95 dəqiqə (I hissə 45, II hissə 50 dəqiqə) davam edən tamaşanın qısa məzmunu aşağıdakı kimidir: “Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!..

Hər biri sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

Bəlkə də bu əhvalat təkcə klounlar barədə deyil, elə bizim haqqımızdadır?! Kim bilir...

Vişnekin dramaturgiyası Azərbaycanda o qədər də geniş yayılmayıb. Yaddaşım aldatmırsa, müəllifin ancaq bir pyesi - “Qoca kloun tələb olunur” – Gənc Tamaşaçılar Teatrında Nicat Kazımov tərəfindən tamaşaya qoyulub. Demək ki, Akademik Milli Dram Teatrının bu tamaşası Azərbaycan teatr tarixində Vişnek dramaturgiyasına ikinci müraciətdir. Əgər bu məqaləmdə Akademik Milli Dram Teatrının “Qoca kloun tələb olunur” tamaşası haqqında danışacağımı düşünürsünüzsə, səhv edirsiniz. Şəxsən mən, bircə dəfə baxmaqla tamaşa haqqında yazmağı qeyri-peşəkarlıq hesab edirəm. Hərçənd ki, bu gün Azərbaycanda birinci hissədən sonra tamaşaçı zalını tərk edən, hətta tamaşaya baxmadan da onun haqqında yazanlar tanıyıram. Nə deyim. Özləri bilər.

Bu yazıda isə bu tamaşanın ədəbi əsasının müəllifindən - Azərbaycanda o qədər də tanınmayan Matey Vişnekdən danışmaq istəyirəm.

Matey Vişnekin pyesləri bu gün dünyanın bir çox ölkələrinin teatrlarında tamaşaya qoyulur. Rumın yazarı, jurnalisti və dramaturqu Matey Vişnek (Matei Vişniec), 1956-cı ildə Rumıniyanın Redeutsi şəhərində anadan olub. Buxarest Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Yaradıcılığa nəzmlə başlayıb. Üç şeirlər kitabı çap olunub, Rumıniya Yazıçılar İttifaqının mükafatı da daxil olmaqla bir çox yüksək mükafatlar qazanıb. 1977-ci ildən pyeslər yazmağa başlayıb. Amma pyeslərinin çapına və quruluşuna senzura tərəfindən qadağa qoyulub. 1987-ci ildə siyası sığınacaq istəyərək Fransaya köçüb və yaradıcılığını orada daha geniş miqyasda və daha sərbəst şəkildə davam etdirib. BBC və RFİ kimi nüfuzlu teleradio kampaniyalarında jurnalist kimi çalışıb.

Matey Vişnek rumın dilində yazılmış iki romanın, yüzlərlə şeirin və dünyanın dörd bir yanında uğurla tamaşaya qoyulan onlarla müztəlif həcmli pyeslərin müəllifidir.

Dramaturq Fransanın və Rumıniyanın dövlət mükafatlarına, Fransa dram müəllifləri və bəstəkarları cəmiyyətinin Avropa mükafatına (2009), Rumıniya Yazıçılar Birliyinin Dram mükafatlarına (1999, 2002, 2007), Rumıniya Akademiyasının Dram mükafatına (1998), Avinyon-Off Mətbuat mükafatına (1995, 1996, 2005, 2009) və digər mötəbər mükafatlara layiq görülüb. Yazarın “Qoca kloun” pyesi 1991-ci ildə Ruminiya Teatr Cəmiyyəti tərəfindən ilin ən yaxşı pyesi seçilib. Göründüyü kimi, Vişnekin yaradıcılığı həmişə diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Ancaq vətəni Ruminiyada Vişnek yaradıcılığındakı sosial və siyasi motivlərə görə təqib olunub, maneələrlə üzləşib. 10 il ərzində cəmi bir pyesi tamaşaya qoyulan Vişnek Fransaya köçdükdən, fransızca yazmağa başladıqdan sonra böyük nüfuz və dünya şöhrəti qazanıb. 1989-cu il inqilabından sonra Rumıniyada da yazıçıya münasibət dəyişib. Bu gün Vişnek rumın teatrının əsərləri ən çox tamaşaya qoyulan dramaturqlarındandır. Hətta 1996-cı ildə Timişoara Milli Teatrı Vişnekin pyesləri əsasında hazırlanan tamaşalardan ibarət teatr festivalı keçirib. Festivalda 12 müxtəlif teatr truppasının tamaşaları nümayiş olunub. Əsərləri Fransa, Rumıniya, Moldova, ABŞ, Finlandiya, Danimarka, Türkiyə, Polşa, İtaliya, Portuqaliya, Braziliya, Argentina, Yaponiya, Böyük Britaniya, Almaniya, İspaniya, İran İslam Respublikası, Ukrayna, Kanada, makedoniya, İsveç, Belçika, Bolqariya, Macarıstan, Serbiya və digər ölkələrin müxtəlif teatrlarında dəfələrlə tamaşaya qoyulub.

Anladığınız, Vişnekin yaradıcılığı olduqca rəngarəng və çoxşaxəlidir. Ancaq, nə yalan deyim, şəxsən məndən ötrü maraqlı olan onun dramaturgiyasıdır. Deyirlər, hər kəsə özündə olmayan nəsnə maraqlı gəlir. Milli dramaturgiyamızda Vişnek miqyasında dramaturq görmürəm desəm, yəqin böyük dramaturqlarımız məndən inciməz... Dramaturqlarımız keçsin günahımdan, belə müəllifləri oxuyanda istər-istəməz, “əjdaha” həsrəti çəkməli olursan. Düzü, bilmirəm M.Vişnekin cəmi neçə pyesi var. Onu bilirəm ki, bu pyeslərin sayı 20-dən az deyil. Təbii ki, nə rumın nə də fransız dilini bilmədiyim üçün (guya ingilis dilini bilirəm elə...) dramaturqun bütün pyesləri ilə tanış olmaq imkanından məhrumam. Ruscaya da bütün pyesləri tərcümə olunmyaıb. Ancaq tərcüməçi Anastasiya Starostinanın sayəsində Vişnekin bəzi pyeslərini rus dilində oxumaq imkanı var.

Hamısını oxumasam da, deyə bilərəm ki, Vişnekin “Qoca kloun tələb olunur”, “Bu ölkə sənin qədrini bilir”, “Düşünürsən ki, döyəcəklər?” “Mənim heç yerim ağrımırdı və mən ölümü gözləyirdim”, “Kofe, bir az süd və bir stəkan su”, “Welcome America” (“Xoş gəldin, Amerika”), “Avtostop” “Sən Allahsan, başa düşdün?”, “Təkər üstündə ürək”, “Çexov mexanizmi”, “Nina, yaxud qağayı müqəvvasının kövrəkliyi”, “Pəncərə altındakı atlar”, “Çörəklə dolu paketlər”, “Madoksla üç gecə”, “Qapı”, “Bir qanadlı insan”, “Dünya proqresi anamın dodaqlarında həqiqət kimi səslənmir”, "Panda ayılarının Frankfurtda rəfiqəsi olan saksafonçunun danışdığı macəraları" kimi pyesləri var.

Vişnek, əsasən, birpərdəli, qısa pyeslərə üstünlük verir. Onun səhnə üçün yazdığı əsərlər səmimiliyi, ifadə vasitələrinin əlvanlığı və orijinallığı, hadisənin latentliyi ili fərqlənir. Vişneki hansısa “izm”ə aid etmək çətindir. Nədən ki, dramaturqun pyeslərində absurd teatrın, realist teatrın, maqik teatrın elementlərinə rast gəlmək mümkündür. Dramaturq ifadə vasitələrini tez-tez dəyişir, hər pyesdə fərqli ədəbi priyomlardan istifadə edir. Onun pyeslərində ilk baxışda hadisəni görə bilmirsən. Amma bu o demək deyil ki, bu pyeslərdə heç nə baş vermir, yaxud hadisə yoxdur. Sadəcə, Vişnek hadisələri qabartmağa, kolliziya yaratmağa yox, qəsdən gizlətməyə çalışır. Bu, əgər belə demək mümkündürsə, dramaturqun fərdi metodudur. Bu pyeslərin mərkəzində Oyun dayanır. Müəllif böyük ustalıqla oyunun şərtlərini müəyyən edir, bəzən hadisənin xarakterini, məkanını dəyişir. Oxucunu (tamaşaçını) aldadır. Bu pyeslərdən birini oxumaq kifayətdir ki anlayasan: Vişnek məharətli oyunçudur. O oyundan zövq alır. Amma diqqətlə baxdıqda bu qəribə, qeyri-konkret hadisələrlə müşayiət olunan oyunun arxasında ali məqsədi, sevgi, ölüm, müharibə, xoşbəxtlik, mübarizə kimi hər birimizdən ötrü önəmli məsələləri yüksək səviyyədə teatrallaşdıraraq oxucuya çatdırmaq məramını görmək mümkündür. O, oxucusunu hər an təəccübləndirməyə, hərdən tutub silkələməyə, hərdən tumarlamağa, hərdən şok yaşatmağa çalışır. Hadisələrin dəyişən amplitudası Vişnekin pyeslərinin gərgin, qırıq-qırıq, gah düzxətli, gah ziqzaqlı xətt üzrə inkişaf edən temporitmini təyin edir. Bu pyeslər ən çox yanaşmanın orijinallığı ilə, müəllifin baxım bucağının fərdiliyi və fərqliliyi ilə maraqlıdır.

Bəlkə də radioda işləyərkən eşitdiyi, topladığı, qeyri-adi hadisələr də yazarın süjet bolluğunu təmin edən səbəblərdən olmuşdur.

Qəribə də səslənsə, deməliyəm ki, Vişnekin pyesləri sözlər üzərində qurulmayıb. Bu pyeslərin heç birində uzun-uzadı monoloqlara, dialoqlara rast gəlməzsən. Burada sözün mənasından daha çox energetik yükü, kip sıxılmış informativ məzmunlarla dolu mətnin dramatik potensialı rol oynayır. Bəlkə də ana dilində deyil, fransız dilində yazması, bəlkə də hansısa başqa səbəb Vişneki sözün əsarətindən qurtarmağa, “sözlə mübarizə aparmağa”, transverbal teatra yaxınlaşmağa sövq edib.

Vişnekin “Pəncərə altındakı atlar”, “Madoksla üç gecə”, “Qapı”, “Bir qanadlı insan” kimi absurd pyeslərinə xas olan bir cəhət də ondan ibarətdir ki, bu pyeslərə ümidsizlik, tərki-dünyalıq hakim deyil. Ən mənasız situasiyalarda, klounadada, ən qəddar səhnələrdə belə sevgi, çox güclü bir ümid, insan ləyaqətinə, xeyrin qələbəsinə inam özünü göstərir.

Postmodernizmə xas olan “dırnaqsız sitatlar”a da Vişnekin pyeslərində kifayət sıx-sıx rast gəlmək mümkündür. Xüsusən, Çexova istinadlar, Çexovun əsərlərindən götürülən “dırnaqsız sitatlar” Vişnekin pyeslərində xüsusilə maraqlı görünür. Ümumiyyətlə Vişnekin A.P.Çexovu özünə müəllim hesab etdiyi yazıçılar içində olduğunu vurğulayaraq, deməliyik ki, özünün “Çexov mexanizmi” əsərində o, rus klassikini absurd teatrın banilərindən biri kimi təqdim edir. Vişnek məqalələrində Çexovla yanaşı, Bekket, İonesko, Borxes, Kafka, Lotreamon, Edqar Po və Dostoyevskini də özü üçün müəllim kimi qəbul etdiyini dəfələrlə qeyd edir.

Vişnekin adlarını çəkdiyi müəlliflərin, gümün edirəm ki, hamısını (bu və ya digər dərəcədə) tanıyırsınız. Bəs, Vişneki? Çətin. Əgər bu yazını oxuyandan sonra içinizdə müəllifin bir kitabını əlinizə götürüb oxumaq istəyi baş qaldırsa, türkün sözü, nə mutlu mənə.

 

Elçin Cəfərov

Teatrşünas

Kaspi.-2013.-28-30 sentyabr.-S.12.