Kiyevdə Yeni il qabağı reportaj
Birinci yazı
Ukraynaya dekabrın əvvəlindən
yağmağa başlayan
qar, ölkəni başına
götürən şaxta və çovğun bəxtimizdən nisbətən
ara verdi. Borispol Beynəlxalq Hava
Limanında təyyarədən enəndə havanın temperaturunun mənfi 6 dərəcə olduğunu öyrənincə çox
sevindik. Transferi həyata
keçirən SW Travel şirkətinin Ukrayna nümayəndəliyinin direktoru
Aleksandr Lisovik
havanın müsbət dəyişməsini günəşli
Bakının qonaqları ilə əlaqələndirdi. Dedi ki, bir həftə əvvəl
evin içində də soyuqdan
oturmaq mümkün deyilmiş. Şirkət nümayəndəsinin
“Qarşıdakı bir həftə ərzində
xoş hava davam edəcək” sözləri təbii ki, Kiyevdə Yeni ili qarşılamağa gələn qonaqlar üçün bəri
başdan ən böyük
sürpriz oldu.
Yol
boyu gələnləri müşayiət edən “Ukraynanı
sevək” reklamları içimizdə paralellər aparacaq dərəcədə
maraq doğurur. O mənada ki, Bakıda bu cür reklamlara rast gəlməzsən.
Yol kənarlarında balaca, qırmızı kərpicli və
taxta evlər, bacalardan çıxan tüstülər,
alçaq taxta hasarlar, qardan başını əyən
ağaclar kinolarda gördüyümüz Ukrayna həyatı
ilə qarşılaşdırır bizi.
Nümayəndəliyin rəhbəri
yerləşəcəyimiz otelə qədər – təxminən
saat yarımlıq məsafə boyunca demək olar ki, bələdçi rolunu
oynadı. A.Lisovik yol boyu Bakı ilə Ukrayna
arasındakı əlaqələrin möhkəmliyindən söz açır, yol kənarlarında
yer alan
SOCAR-ın yanacaqdoldurma məntəqəsini,
“Azerbaydjanskaya kuxnya"nı göstərib
ənənələrimiz, köklərimiz, hətta dilimiz arasında da
yaxınlıq axtarmağa
çalışır: “Azərbaycan dilində “qazan” Ukrayna dilində “kastrulya”, “meydan” isə
“maydan”dır. Ukraynalıların rus dilində
pozuq danışığı azərbaycanlıların
rusca danışığına bənzəyir”.
Bundan əlavə, Ukraynada
5 mindən artıq azərbaycanlı yaşayır. Hazırda
4 mindən artıq tələbə Ukraynanın ali məktəblərində təhsil
alır. Azərbaycanlı tələbələrin çoxluğu ilə fərqlənən Xarkov isə tələbə mərkəzi kimi tanınır. Bir
sözlə, Ukraynada Azərbaycanı
yaxşı tanıyır və sevirlər. Sonrakı günlərdə
isə özümüz də bu sevginin şahidi
olacağıq.
Turist şəhəri olsa
da
Kiyev başdan-ayağa
bəzənib - Yeni ili
qarşılayır. Hər addımda Yeni ilin gəlişini
hiss edirsən. Xüsusən axşam sanki rəngbərəng işıq
selinə düşürsən.
Ağappaq qarın üzərində işıqlara
qərq olan yamyaşıl “yolka”lar, rəngbərəng
oyuncaqlar, şüarlar,
reklamlar– hər şey Yeni ili
çağırır.
Şəhərlə tanışlığa təbii
ki, ictimai nəqliyyatın köməyi
ilə başladıq. Hərçənd Kiyevdə ictimai nəqliyyat elə də yüksək komfortu ilə fərqlənmir. 6 günlük
səfər boyunca gəldiyimiz nəticə təxminən belə oldu: nəqliyyatda bəzi məsələlərdə
Ukraynanı qabaqlasaq da, bir sıra
məsələlərdə onlardan geri qalırıq.
Məsələn, sərnişin avtobuslarının
eyni - “sarı” rəngdə və standart tutumda olmasını çıxmaq
şərtilə, xidmət
səviyyəsi elə
bizimki kimidir. Nəqliyyatda
hələ bilet sisteminə keçilməyib
– gediş haqqını
sürücüyə verməlisən.
Təkcə üstünlük odur ki, konduktorların
qulaqbatıran qışqırığını
eşitmirsən. Bir də
ukraynalılar növbəyə
ciddi riayət edirlər. Həm də təkcə
nəqliyyatda yox, ümumiyyətlə, bütün
ictimai yerlərdə növbəni sevir və hamını buna dəvət edirlər. Sərnişinlər avtobusda mobil
telefonla danışmırlar.
Sürücülərin də əlində
mobil telefon görməzsən.
Şəhərin əksər yerlərində
dayanacaqlar şüşəsiz
və köhnə vəziyyətdədir. İntellektual idarəetmədən söhbət
belə gedə bilməz (hərçənd
biz özümüz də
hələ bu xidmətdən yüksək
səviyyədə yararlana
bilməmişik- T.M.). Turist şəhəri olmasına
baxmayaraq, dayanacaqlarda heç bir xəritə-filan vurulmayıb.
Amma adamlar böyük həvəslə bələdçilik
etməkdən imtina etmirlər.
Metronun xidmətinə
gəlincə, mərkəzdəki
metro keçidləri istisna
olmaqla, bir çox keçidlər səliqəsiz, zir-zibilli və təmirə ehtiyac vəziyyətindədir. Metroda hələ
kart sistemindən istifadə
olunmur. Bir neçə il
əvvəl istifadə
etdiyimiz plastik göy jetonlar hələ onlarda işləkdir. Qatarlar bizdəki kimi
sovet dövründən
qalma vaqonlardan ibarətdir. Amma qatarların cədvəlindəki
interaktivliyə söz
ola bilməz.
Məsələn, intervallar bizdəki
kimi 6-8 dəqiqə deyil, 2 dəqiqə çəkir.
Avtobuslara nisbətən metro stansiyalarda
istiqamətlər aydın
göstərilib. Xəritələr, elektron tablolar
və bələdçilərin
köməyi ilə istədiyin stansiyanı asanlıqla tapmaq mümkündür. Paytaxtdakı 50 metro stansiyanı 3 terminal birləşdirir.
Daha bir xətt isə
istifadəyə verilmək
üzrədir.
Kiyevdə trolleybusları tarixin arxivinə göndərməyə
tələsməyiblər. Deyəsən, heç belə fikirləri də yoxdur. Çünki bu ölkədə
trolleybus ən rahat və ən çox istifadə olunan nəqliyyat növüdür.
Baxmayaraq ki, Ukraynada benzinin
qiyməti bizdəkindən
2 dəfə bahadır,
amma ictimai nəqliyyatda qiymətlər
münasibdir - 2 qrivna
(20 qəpik). Digər qiymətlər isə
bizlə müqayisədə
ucuzdur.
Böyük şəhərlərə xas
olan tıxac problemi Ukraynanın paytaxtında da yaşanır. Bəlli saatlarda yollarda
saatlarla yubanma ehtimalı qaçılmazdır.
Bu üzdən harasa getmək üçün istiqaməti
soruşanda adətən
metroya minməyi məsləhət görürlər.
Dneprə laqeydlik
Kiyev şəhəri
əsasən iki hissədən ibarətdir. Əzəmətli Dnepr çayı şəhəri
iki hissəyə bölür – tarixi Kiyev çayın sağında, müasir Kiyev isə solunda yerləşir.
Qeyd edim ki, kiyevlilər
və şəhərin
qonaqları Dnepr boyu gəzintiləri çox sevirlər. Şəhərə qədəm basan
hər kəs ilk növbədə Dneprin sahilinə tələsir.
Dnepr yamacları, yaxınlıqdakı landşaft
parkı kiyevlilərin
sevimli istirahət məkanıdır. Çayın
üzərindən salınan
piyada körpüsü
Dneprin əzəmətini
yaxından hiss etməyə
imkan yaradır. Həm də şəhər hündürlükdən əl
içi kimi görünür.
Kiyevdə çoxlu xırda və böyük çaylar var. Dnepr isə
Avropanın ən böyük çaylarından
biridir və ölkənin 3/2 hissəsini
su ilə təmin edir. Dneprin üzü
buz bağlasa da balıqçılar
FHN-in qadağalarına baxmayaraq,
həyatları ilə
risk edib buzun üzərində balıq
tuturdular. Gəmilər də çayda hərəkətsiz vəziyyətdə
Dneprin üzünü
donduran buzun nə vaxt əriyəcəyini
gözləyir. Amma dedilər
ki, Ukraynada qış hələ bundan sonra başlayır.
Yağan
qar bir də
apreldə əriyəcək.
Çayı diqqətlə seyr etdiyimizi görən paytaxt sakinlərindən biri başını bulayaraq “Dneprin qədrini bilmirlər”- deyə şikayətləndi. Sən demə,
eynən bizdəki kimi – Xəzərin çirklənməsinə səbəb
olan laqeydlik burda da rol
oynayır. Bütün bunlara
görə Dnepr paytaxt
müəssisələrinə “minnətdardır”. Ekoloqlar çirklənmənin
görünməmiş ekoloji
qəzaya səbəb
olacağından narahatdırlar.
Ukrayna mətbuatında
yer alan
məlumatlara görə,
təkcə keçən
il Kiyev prokurorluğu suyu çirkləndirən 20- dən
artıq qanunsuz müəssisəni bağlayıb.
Bununla belə məmurlar məsələyə laqeyd
yanaşırlar. Dnepr çirklənməkdə davam
edir.
Rus şəhərlərinin anası
Kiyevin bir-üzü
qədim, bir üzü müasirdir.
Müasir Kiyev yeni tikililəri
– brend otelləri, alıcısını gözləyən
hündürmərtəbəli binaları, bankları, əyləncə mərkəzləri,
restoran və kafeləri ilə tanınır. Şəhərin yeni hissəsində
sonradan xeyli insan məskunlaşıb.
Tarixi Kiyev isə Ukraynanın vizit kartıdır. Qədim
və arxitektor binalar, qırmızı və ağ
kərpicli tikililər
şəhərin tarixiliyindən
xəbər verir. 1991-ci ildə isə
ölkə müstəqillik
əldə edib.
Qədim Kiyev “Rus şəhərlərinin
anası” kimi tarixə düşüb. Ölkənin mədəni-tarixi arxivi sayılan paytaxt şəhəri tarixi xidmətlərinə görə
Kiyev xristian Rus dövlətinin, Kiyev knyazlığının
və Kiyev Xalq Respublikasının paytaxtı olub. Qədim rus dövlətinin paytaxtı yüksək mədəniyyətə malik
beynəlxalq mərkəz
kimi tanınıb.
Rusiya tarixində Kiyev dövrü mədəniyyətin
coşqun təkamülü
ilə tarixləşib.
Bu gün qədim mədəniyyətin izi ilə tanış
olmaq üçün
təkcə Kiyevi başdan-ayağa gəzmək
yox, həm də muzeylərini, sərgi salonlarını ziyarət etmək, milli mətbəxlərinə,
yaşayışlarına bələd
olmaq lazımdır. Ukrayna paytaxtının təkrarolunmaz gözəlliyini
görmək üçünsə
tarixin izi adamı çəkib aparacaq...
Kiyev Ukraynanın
ən böyük şəhəridir. Həmçinin ölkənin ayrıca
mədəni, siyasi, sosial-iqtisadi, nəqliyyat və elmi mərkəzi
sayılır. Əhalisinin sıxlığına
görə Avropada İstanbul, Moskva, London,
Sankt-Peterburq, Berlin və
Madriddən sonra 7-ci yerdədir. Elə tarixiliyinə görə
də bu şəhərlərlə yarışa
girmək iqtidarındadır.
Buna əmin olmaq
üçün elə
təkcə şəhərin
tarixi binalar yerləşən Mixaylovski
meydanına və “Andreyevski spusk” deyilən qədim hissəsinə baş çəkmək kifayətdir.
Köhnə şəhərdə addımbaşı tarixi binalar adamı izləyir. Ölkə müxtəlif xalqların
dinlərinə hörmətlə
yanaşır və şəhərdə kilsələr,
sinaqoqlar və məscid fəaliyyətdədir.
Ekskursiya
bələdçiləri Taras
Şevçenko adına Milli Universitetin qırmızı
binasını gələn
turistlərə qürurla
göstərirlər. Bu elm mərkəzi Ukraynanın
əsas və ən böyük ali məktəblərindən
biri, həmçinin milli elm və mədəniyyət mərkəzi,
o cümlədən ən
qədim universitetlərindən
biridir. Elmi kompleksin bazasında
14 humanitar və təbii-elmi istiqamətli fakültə və 7 tədris institutu işləyir. Ümumilikdə universitetdə təxminən
25 min tələbə təhsil
alır. KMU mütəxəssislərin 70 təbii
və ictimai-humanitar ixtisas və 153 ixtisaslaşma üzrə hazırlanmasını həyata
keçirir. Universitetdə 2000-dən çox elmi-pedaqoji və 1000-dən artıq elmi işçi işləyir.
Mixaylovski
meydanı boyunca dünyaca məşhur “Sofiyskiy sobor”, Andrey
kilsəsi, Qızıl darvaza, Xarici İşlər Nazirliyi,
Vladimir kilsəsi, ilk qadın monastrı və s. bənzərsiz
tarixi tikililərlə tanışlıq qədim dövlətin
tarixi səhifələrini bir-bir vərəqləyir.
“Andreyevski
spusk” kiyevlilərin ən çox sevdiyi yerdir. Təxminən
bizim İçəri şəhəri xatırladır.
Kiyevlilər deyirlər ki, bura əsl Kiyev küçəsidir
və şəhərin vizit kartıdır. Burada insan əlindən
tərpənmək olmur. Küçə boyunca suvenirlər, əl
işləri satılır. Ukrayna mədəniyyətini,
tarixini və ənənəsini nümayiş etdirən hər
şeyə burada rast gəlmək mümkündür –inqilab
dövründən, müharibə illərindən qalan əşyalardan
tutmuş ölkənin bu gününü əks etdirən
suvenirlərə qədər. Yol boyunca sərgilər təşkil
olunur, əsərlər satılır. Satıcılar nəyisə
müştəriyə sırımağa
çalışmırlar. Maraqlanıb uzaqlaşanda da xoş
sözlərini əsirgəmirlər. Bəlkə də Yeni
ilin gəlişi insanların münasibətinə ayrıca rəng
qatıb? Hər halda dekabrın 31-də Azadlıq
meydanında yaşanacaq əhval –ruhiyyəni hamının
üzündə hiss etmək mümkündür.
Təranə Məhərrəmova
Kiyev-Bakı-Kiyev
Kaspi.-2013.-8 yanvar.-S.9.