Kiyevdə Yeni il fotolar
İkinci yazı
Yeni
ilin gəlişi Kiyevin məşhur Kreşatik keçəsində
daha çox hiss olunur. Bu küçə Azadlıq
meydanına aparır. Kreşatik bizim “Torqovıy” küçəsi
qədər məşhurdur. Hər həftənin şənbə
və bazar, həmçinin təqvimdəki bayram günlərində
bu yolda maşınların hərəkətinə qadağa
qoyulur və insanların gəzintisi, istirahəti
üçün şərait yaradılır. Üstəlik
Kreşatikdə yarmarkalar təşkil olunur. Ukraynanın
ayrı-ayrı rayon və kəndlərinin müxtəlif məhsullarını
sərgiləyən yarmarka kiyevlilərin sevimli
alış-veriş yeridir. Onlar məhsulların
çeşidlərinə maraq göstərirlər. Burada isə
hər cür ekoloji təmiz məhsula, əl işlərinə
və s. rast gəlmək olar. Bizdəki ənənəvi kənd
təsərrüfatı yarmarkalarından fərqi daha
çox milli xüsusiyyətləri nümayişə
çalışmalarıdır. Hər bir
satıcının qarşısındakı məhsulda
ölkənin milli ənənələrini əks etdirən
ornamentlər, dizayn aydın görünür. Ənənəvi
üsullarla ərsəyə gələn çörəklər,
şirniyyatlar, əl işləri, meyvələr, içkilər...
hamını ayaq saxlamağa və maraqlanmağa məcbur
edir. İnsanlar alacaqları hər bir məhsula təkcə
müştəri kimi yox, həm də tamaşaçı
kimi yanaşır, seyriçiyə çevrilirlər.
Qoyun-quzu
satan bir kəndliyə yaxınlaşıb
alış-verişlə maraqlanıram. Deyir ki, bayramlarda məhsullarını
daha yaxşı satırlar. “Bazarlarda alver etməkdənsə
yarmarka daha yaxşıdır. Bura adamlar daha çıx gəlir.
Sata bilməyəndə də, heç olmasa adamlar şəkil
çəkdirirlər, buna görə də pul
qazanırıq”-dedilər.
Timoşenko mövzusu
Ukraynanın
Jurnalistlər Fondu da Kreşatikdə yerləşir. Yeri gəlmişkən,
uzun illərdir Ukraynada çalışan jurnalist
dostlarımdan biri ölkə KİV-i haqqında da
danışdı. Ölkənin əhalisi mətbuata o qədər
də maraq göstərmir. Bu maraq son illər daha da azalıb.
Məktəbli yaşından təqaüdçü
yaşına qədər insanlar daha çox internetlə
maraqlanırlar. KİV üzərində dövlətin nəzarəti
güclüdür. Bəziləri senzuranın vacibliyini
sayırlar: “Azadlıq veriləndə istədikləri
mövzunu yazırlar. Mətbuatda xaos yaranır. Az qala
bütün qəzetlər “sarı” mətbuata çevrilir”.
“Seqodnya”
və “Fakt” kimi qəzetləri çıxmaq şərtilə,
mətbu orqanlar demək olar ki, satılmır. Bu qəzetlər
isə 80 və 120 min tirajla çıxır və
Ukraynanın bütün bölgələrini əhatə
edir. İnsanlar informasiyanı məhz bu qəzetlərdən
alırlar. “Svoboda” kimi bülletenlər isə yollarda pulsuz
paylanır. Ümumilikdə isə mətbuata maraq hiss olunmur.
Sözün düzü, şəhərdə olduğum
müddətdə insanların əlində də qəzetlərə
rast gəlmədim. Hazırda ukraynalılar üçün ən
maraqlı mövzu Yulya Timoşenko mövzusudur. Kreşatikdə,
Ali Radanın binasının yaxınlığında qurulan
Ümumrysiya Ukrayna Birliyi ("Batıkivşina") tərəfdarları
öz liderlərinə azadlıq şüarları ilə
çıxış edirlər. Yol kənarlarındakı
ağ çadırlar onların etirazlarının əlaməti
olmaqla həmçinin onlar üçün qərargah rolunu
oynayır. Bir az aralıda isə - V.İ.Leninin heykəlinin
yanında Kommunist Partiyası tərəfdarlarının
qırmızı çadırları yer alıb. Heykəlin
qarşısında çoxlu təzə-tər qərənfillər,
buketlər görünür. Sosializmin nostaljisi ilə
yaşayanlar bu abidəni tez-tez ziyarət edirlər.
Yaradıcılıq məkanı
Kreşatik
meydanı həmçinin kreativ məkan kimi tanınır. Rəssamlar,
musiqiçilər öz istedadlarını nümayiş
etdirmək, həm də pul qazanmaq üçün bu
meydanı seçirlər. Maksim Malkoff adlı trubaçalan mənimlə
söhbətə həvəslə razılaşdı. Dedi
ki, həftənin adi günləri başqa küçələrdə
çalmağa üstünlük verir, çünki burada elə
də qələbəlik olmur. Maksim P.Çaykovski adına
Kiyev Konservatoriyanı bitirdiyini söylədi. Hər hansı
ansamblda çıxış etməkdənsə sərbəst
işləmək ona daha sərf edir. Dediyinə görə,
solo konsertləri də keçirilir. Aranjemançı kimi
bir neçə musiqi albomu da işıq üzü
görüb. Maksim dedi ki, daha çox öz musiqilərini ifa
etməyi xoşlayır: “Küçədə istədiyim
kimi çala bilirəm. Səhnələr məni
sıxır. Mənə elə gəlir ki, musiqi azadlıq
sevir, onu yalnız divarlar arasında ifa etmək düzgün
deyil. Küçələrdə məni tanıyırlar. Elə
adamlar var ki, məxsusi mənim musiqimi dinləmək
üçün gəlir”. Qazancından isə danışmaq
istəmədi: “Fərqli olur. Amma bütün hallarda çox
deyil”.
Ətrafda
içi mənqarışıq Maksimin musiqisinə laqeyd
qalmayanlar kifayət qədər idi. Hamısı da artıq
köhnəlmiş papağına xırda pul atır. Mən
də onlara qoşuluram.
Bir
akkardion ifaçısı isə qəpik-quruş
qazanmasından şikayətləndi. Özünü Leonid
kimi təqdim edən ifaçı dedi ki, ölkədə əhalinin
sosial vəziyyəti yüksək səviyyədə deyil.
Yaşayışlarını postsovet məkanından olan digər
dövlətlərlə müqayisə etdi. “Zavodlar və
fabrilkər tam gücü ilə işləmir, əmək
haqqı azdır, hər addımbaşı dilənçilərdir.
Özümüzə iş tapa bilmirik. Günlərlə
çörəkpulu qazana bilmirəm...”
Qəribədir
ki, bu gileylər ukraynalıların üzündən hiss
olunmur. Onlar rahat və razı görünürlər.
Atəşfəşanlıq
Kiyevdə səhərin açılması
ilə havanın qaralması elə bil göz qırpımında
baş verir. Bakı ilə
2 saat fərqi özünü aydın göstərir. Saat 16.00 üçün
artıq hava qaralmağa başlayır.
Amma bu həyatın gedişinə mane olmur.
Əksinə... Xüsusən
də Yeni il axşamı.
Yeni il və
Milad bayramı kiyevlilər üçün
nə deməkdir? Bu, bir tərəfdən
ən maraqlı və ənənəvi bayramlardır. Hətta ən
ümidsiz böyüklər
də kiçicik bir möcüzənin baş verəcəyinə
inanırlar. Digər
tərəfdən, Yeni
il və
Milad – bunlar nağıllardır, tarixdir,
ənənədir. Bir halda
ki, ukraynalılar bir neçə ay əvvəldən bayrama hazırlaşırlar. Bayramın bütün
sevinci uşaqdan böyüyədək hamının
üzünə hopub.
Şəhərin müxtəlif yerlərində
“Yolka”lar bəzənib. Ən böyük “Yolka”
isə Azadlıq meydanındadır. Kiyevdə bu
meydan daha çox “Maydan Nezavisimosti” kimi tanınır. Qısaca hamı
buranı “maydan” adlandırır. Yaxınlıqda eyniadlı metrostansiya da var.
Bayramlarla bağlı əksər dövlət tədbirləri
də bu meydanda keçirilir. Meydanda – Azad qadın
heykəlinin düz yanında qurulan böyük səhnə Ukrayna ifaçılarının
ixtiyarına verilib.
Onlar səhərəcən çalıb-oxuyurlar.
Canlı musiqinin səsi az
qala şəhəri başına götürür.
Saatlar adladıqca meydandakı insan axını da çoxalır. Meydana toplaşanların demək
olar ki, hamısı musiqi sədaları altında rəqs edir. Tanıdı-tanımadı hamını da
rəqsə, şənlənməyə
dəvət edirlər.
Şaxta babalar, Qar qızlar insanları onlarla şəkil çəkdirməyə
az qala
məcbur edirlər. Bunun üçün pul da istəmirlər.
Bu əhval-ruhiyyənin insanda
yaratdığı xoş
hissləri təsvir etmək asan deyil...
Yaşlı qadınlardan biri
Bakıdan olduğumuzu
bilincə Müslüm
Maqomayevi xatırladı:
“Bilirəm ki, onu Bakıda dəfn etdilər. O mənim ən çox sevdiyim müğənni idi. Daha o cür müğənnilər
yoxdur. O cür səslər qalmayıb”- dedi. Sonra isə
məni Kiyevlə tanış edirmiş kimi həvəslə yaxınlıqdakı
Konservatoriyanın, Poçtun
binalarını göstərdi,
tarixləri haqda məlumat verdi: “Kiyev xoşunuza gəldi?” deyə maraqla soruşdu.
Havanın soyuğuna baxmayaraq meydan daha da
sıxlaşır. Az qala bütün
Kiyev camaatı meydana axışır. Onlar atəşfaşanlığı bu meydanda qarşılamağa
adət ediblər.
Bu onların ənənəsidir.
Kiyevlilər şənlənməyi bacarırlar. Onlar həmin
anlarda heç nə haqda düşünmürlər.
Musiqi, rəqs, mahnı bir də gülüş – bu onlar üçün
həyatdır, arzulardır,
gələcəkdir...
Etiraf
Açığını deyim, mən Yeni il bayramının təntənəsini ilk dəfə
bu şəhərdə
hiss elədim. Bir az da loru dildə desəm, ürəkdən
şənlənməyi də,
sevinməyi də, gülməyi də...
Kiyevə
gələndən sonra da başa düşdüm ki, bu şəhər
haqqında nə qədər yazsın da azdır. İndiyə
qədər haqqında oxuduğum, ədəbiyyatı, kinosu,
musiqisi, tarixi ilə maraqlandığım ölkəni elə
ən yaxşısı öz gözünlə görmək,
addım-addım gəzməkdir. Mixail Bulqakov əbəs yerə
bu şəhəri “Dünyada Kiyevdən gözəl şəhər
yoxdur” deyə vəsf etməyib ki. Bu gözəlliyi görmək
üçün nə qışın soyuğu, nə dizəcən
yağan qar, nə şaxta bu istəyin qarşısına sədd
çəkə bilməz.
Kiyevdə
isə adətən qonaqlara belə deyirlər: yolunuzu may
ayında buraya salın. Onda siz unudulmaz mənzərə ilə
qarşılaşacaq, təkrarsız anlar
yaşayacaqsınız: çiçəkləyən
şabalıdları və rəngbərəng yasəmənləri
görəcəksiniz. Bu ağacların ətri, rayihəsi
bütün şəhəri bürüyür. Yol kənarlarında
yer alan çılpaq ağaclar yamyaşıl dona
bürünür, Dneprin sakit suları ulduzların
işığına qərq olur...
Hərçənd
mənim Ukraynada olduğum günlərdə - havanın
soyuğuna, qarına, şaxtasına baxmayaraq, Kiyev
yaddaşımda isti şəhər kimi qaldı. İnsanlarının
mehribanlığı, səmimiliyi, şəhərin
yaddaşdan silinməyən qədimliyi, tarixiliyi ilə. Bir də
Azərbaycanı tanımaları və sevmələri ilə...
Təranə Məhərrəmova
Bakı-Kiyev-Bakı
Kaspi.-2013.-9 yanvar.-S.9.