“Hakimiyyət daxilində hər hansı dəyişiklik
gözləmək əbəsdir”
Əli
Həsənov: «İlham Əliyev Azərbaycan xalqı və
seçiciləri tərəfindən dəstəklənir və
bu seçkidə də onun qələbəsinə
şübhə etmirik»
“Media
forum” saytının suallarını Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov cavablandırır.
- 2013 prezident seçkisi ilidir. Hakimiyyətin seçki planları nədir?
Seçkiyə bu komanda ilə gediləcək, yoxsa
qarşıdakı aylarda kadr dəyişiklikləri ola bilər?
- Hakimiyyət
komandasında hər hansı dəyişikliyin
olacağını, hər hansı ciddi ictimai-siyasi, yaxud digər
addımların atılacağını proqnozlaşdırmaq
doğru deyil. Hakimiyyət komandası sabitdir,
prezident İlham Əliyev ölkəni 10 ildir bu komanda ilə
idarə edir və bu komanda ilə ölkənin dinamik
inkişafına nail olub. Ona görə də
2013-cü ildə hakimiyyət daxilində hər hansı dəyişiklik
gözləmək əbəsdir. Ötən
9 ilin yekunu olaraq bütün dövlət proqramları,
islahatlar həyata keçirilib. Dövlət
başçısı İlham Əliyevin hakimiyyətdə
olduğu 10-cu ildə həyata keçirilən işlərin
yekunlaşdırılması mərhələsi gedir.
Hesab edirəm ki, 2013-cü il
bütövlükdə 10 ildə görülən işlərin
yekunu olaraq proqramların, işlərin tamamlanması və
qarşıdan gələn illər üçün yeni, daha
perspektivli dövlət proqramlarının qəbul edilməsi
ili olacaq. Düşünmürəm ki,
2013-cü ildə hakimiyyət daxilində ciddi dəyişikliklər
olacaq.
- Bir neçə ay əvvəl
Prezident Administrasiyasında struktur dəyişiklikləri
edildi, yeni təyinatlar oldu. Administrasiyada struktur islahatları
başa çatıbmı, yoxsa yeni təyinatlar ola bilər?
- Struktur
dəyişiklikləri cari məsələlər
sırasına daxildir, zaman-zaman olub. Dünən də olub, bu
gün də var, sabah da olacaq. Administrasiyada işlər artıb, işlərə
müvafiq olaraq təzə strukturlar yaradılıb, yaxud əvvəl
yaradılmış strukturlar öz funksiyalarını
başa vurur, ona artıq ehtiyac olmur, o ləğv olunur, yenisi
yaradılır. Hesab edirəm ki, bunlar
siyasətə ciddi təsiri olmayan hadisələrdir. Bunlar yalnız hakimiyyətin öz vəzifələrini
reallaşdırması baxımından səmərəni
artırır, yaxud azaldır.
- Prezident seçkisinədək
seçki qanunvericiliyində hər hansı dəyişiklik ola bilərmi? Eyni zamanda müxtəlif
dövrlərdə müzakirə olunan və beynəlxalq təşkilatların
da gündəmə gətirdiyi seçki
komissiyalarının paritet əsaslarla
formalaşdırılması mümkündürmü?
- Azərbaycanın
hazırkı Seçki Məcəlləsi Avropa
Şurası, ATƏT və onların tərkibində olan
institutların iştirakı ilə hazırlanıb. Müasir demokratik seçki prinsiplərinin əksər
tələbini məcəlləyə daxil etmişik. Ona görə də 2013-cü ildə Seçki Məcəlləsində
radikal dəyişikliklər ediləcəyi, seçki
komissiyalarının yenidən
formalaşdırılacağı, seçki
institutlarının tərkibinin hansısa radikal şəkildə
dəyişdiriləcəyi haqda proqnozların heç bir əsası
yoxdur. Azərbaycan bu məcəllə ilə
neçə ildir seçki keçirir, dünyanın
demokratik seçki institutları da bu seçkiləri
müşahidə edir. Bəzi nöqsanlar
istisna olmaqla bütövlükdə hazırkı məcəllə
ilə və bu komissiyalarla demokratik seçkilərin
keçirilməsi artıq ehtimal deyil, reallıqdır. Ona görə də düşünmürəm ki,
Seçki Məcəlləsinə hər hansı dəyişiklik
edəcəyik, yaxud seçki komissiyalarının tərkibində
hər hansı dəyişiklik olacaq. Seçki
komissiyalarının tərkibi paritet əsaslarla
formalaşdırılır, komissiyalarda iqtidar
partiyasının, parlamentdə azlıqda qalan partiyaların
nümayəndələri, eləcə də siyasətlə
məşğul olmayan bitərəflərin nümayəndələri
təmsil olunur. Hesab edirik ki, Azərbaycanın
mövcud şəraitində yaradıla biləcək ən
münasib, ən optimal seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə ilə növbəti
seçki keçirəcəyik. Növbəti
seçki də dünyanın demokratik seçki prinsiplərinə
cavab verəcək.
- Ekspertlərin
əksəriyyəti hesab edir ki, 2013-cü il
seçkisi hakimiyyət üçün çox çətin
keçəcək. Ekspertlər bunu dövlət
başçısı İlham Əliyevin
üçüncü dəfə prezidentliyə namizəd
olması və beynəlxalq ictimaiyyətin, demokratik ölkələrin
buna müsbət yanaşmayacağı ilə izah edirlər...
-
1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən
bütün seçkilərin iştirakçısı
olmuşam. İlk təcrübəmiz 1993-cü
ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident
seçildiyi seçki olub. Biz indiyə qədər
keçirdiyimiz seçkilərin heç birinə səthi
yanaşmamışıq. Heç birində
lovğalanıb söyləməmişik ki, bu seçkidə
biz çox asanlıqla qələbə qazanacağıq.
Hər bir seçki hakimiyyətdən ciddi, məsuliyyətli
addımlar tələb edir. Biz 2013-cü
ilin prezident seçkisinə də ciddi, məsuliyyətli bir
proqramla gedirik. Bu proqramın əsasında dövlət
başçısı İlham Əliyevin son 10 ildə
gördüyü işlər, prezident olaraq həyata
keçirdiyi daxili, xarici siyasət, ölkənin ümumi
iqtisadi inkişafı ilə bağlı dövlət
proqramlarının reallaşması iradəsi dayanır. Proqramımızın ən əsasını isə
xalqın etimadını doğrultmaq təşkil edir. Bu gün İlham Əliyev üçün də,
onun komandası üçün də ən əsas məsələ
xalqın etimadını doğrultmaq və xalqın verdiyi
mandata layiqincə xidmət göstərməkdir. Ona
görə 2013-cü il seçkisinə də
biz sadə, suiçimi kimi bir proses kimi baxmırıq. Biz
2013-cü il seçkisinə
hazırlaşırıq, bu seçkidə də xalqın
arasına gedəcəyik. Necə ki, 10 il ərzində
xalqın arasına çıxmışıq, yenə xalqa
öz hesabatımızı verəcəyik.
Əslində
bu hesabat hər il, ildə dörd dəfə
verilir. Biz hər seçkidə ciddi rəqabət
gözləyirik, belə rəqabət indiyə qədər
olub və bundan sonra da olacaq. İnanıram
ki, bu seçkini də biz məsuliyyətlə başa
vuracağıq. O ki qaldı İlham Əliyevin qalib gəlməsini
proqnozlaşdırmağa, əlbəttə ki, bizim də
öz sorğu mexanizmlərimiz var. Bunlar həm daxili sorğu
mexanizmləri, həm də xarici sorğu mexanizmləridir, tərəfsiz
araşdırma mərkəzləridir. Biz də
onlara söykənərək deyirik ki, İlham Əliyev Azərbaycan
xalqı tərəfindən, Azərbaycan seçiciləri tərəfindən
dəstəklənir və bu seçkidə də onun qələbəsinə
şübhə etmirik. Amma şübhə
etmirik demək o demək deyil ki, biz seçkiyə
hazırlaşmırıq. Hazırlaşırıq,
bu seçkidə qalib gəlmək üçün fəaliyyət
göstəririk.
- Prezident İlham Əliyev Azərbaycanın
2020-ci ilə qədər dövr üçün inkişaf
strategiyasını təsdiqləyib. Siz AzərTAc-a
müsahibənizdə bu məsələdən
danışmışdınız və bu, mətbuatda belə
qiymətləndirildi ki, İlham Əliyev 2020-ci ilədək
prezident postunu tutacaq. Qarşıdan 2013-cü
ilin seçkisi gəlir və yenə də qələbə
qazanacağınıza şübhə etmədiyinizi
deyirsiniz. Bu isə İlham Əliyevin
2018-ci ilədək hakimiyyətdə qalacağı deməkdir.
YAP-ın hakimiyyətdən gedəcəyi təxmini bir zaman
söyləyə bilərsinizmi?
- Bu
proqnozu siyasətdən başı çıxmayan, digər sənətlə
siyasətin ortasında vurnuxan adamın dilindən eşitmək
olar. Yalnız belələri deyə bilərlər
ki, mütləq şəkildə bu seçkidə namizəd
dəyişəcək, mütləq şəkildə bu
seçkidə prezident dəyişəcək. Xalqın
adından mütləq şəkildə yalnız siyasətdə
peşəkar olmayan adam danışa bilər.
Necə ki, bu gün Azərbaycanda bu cür
proqnozlar verilir, belə danışanlar olur. Yalnız Azərbaycan
xalqı müəyyən edir ki, hansı partiya, hansı lider
neçə il hakimiyyətdə qalacaq,
yaxud hansı qüvvə hakimiyyətə gələcək,
yaxud gəlməyəcək. Hakimiyyətə
mandatı xalq müəyyən edir və biz seçicinin iradəsinə
söykənirik. Bu seçkidə də
Azərbaycan xalqı etimad göstərəcəyi halda
İlham Əliyev prezident seçiləcək, onun rəhbəri
olduğu Yeni Azərbaycan Partiyası hakimiyyətdə qalacaq.
Xalq etimad göstərməyəcəksə, əlbəttə
ki, bu bizim qarışacağımız siyasət deyil, yaxud
bizim məşğul olacağımız siyasət deyil.
Biz yalnız xalqın iradəsinə söykənirik,
İlham Əliyev xalqı idarə edir və onun komandası
da İlham Əliyevin ətrafında onun siyasətini həyata
keçirir. Neçə il hakimiyyətdə
qalacağımızı, partiyanın, yaxud İlham Əliyevin
neçə il hakimiyyətdə qalacağını Azərbaycan
seçicisi, Azərbaycan xalqı müəyyən edir.
- Hakimiyyət rəsmiləri bəyan
ediblər ki, 2013-cü il seçkisində
YAP-ın namizədi hazırkı dövlət başçısı
İlham Əliyev olacaq. Artıq daha bir namizəd
müəyyənləşib. Müsavat
Partiyasının Məclisi başqan İsa Qəmbərin
namizədliyini rəsmən irəli sürüb. Hakimiyyət müxalifət düşərgəsindən
neçə namizəd olacağını gözləyir?
YAP öz qərarını nə vaxt rəsmiləşdirəcək?
- Azərbaycanda
qüvvədə olan Seçki Məcəlləsinin tələblərinə
görə, namizədliyin irəli sürülməsinin
müddəti var. Ona müvafiq olaraq YAP lazım olan vaxt öz
qurultayını, yaxud digər qurumlarını yığaraq
öz namizədini irəli sürəcək və bununla
bağlı öz proqramlarını açıqlayacaq. Bu məsələdə tələsməyə
ehtiyac yoxdur. Seçki Məcəlləsinə
uyğun olaraq müvafiq vaxtda bu məsələ həll
olunacaq. O ki qaldı rəqiblərə, əlbəttə
ki, biz alternativsiz prezident seçkisi keçirilməsini qəbul
etmirik. Hər bir demokratik seçki mütləq
şəkildə alternativlərin olmasını tələb
edir. Azərbaycanda da bu alternativlərin sayı çox ola bilər. İndiyə qədər
prezidentliyə namizədliyini verənlər də ola bilər, yeniləri də ola bilər. Nə qədər namizəd olacaqsa, bunu həmin
şəxslərin özləri, yaxud təmsil olunduqları təşkilatlar
müəyyən edəcəklər. Amma onlardan kim nə qədər səs toplayacaq, bunu
artıq seçici müəyyən edəcək. Sağlıq olsun, yaşayarıq, görərik.
- Ziyalılar Forumunun təmsilçilərindən
olan Rüstəm İbrahimbəyov ötən il dekabrın
30-da Moskvadan Bakıya qayıdan zaman aeroportda saxlanılıb.
Rüstəm İbrahimbəyov bunu özünə
qarşı siyasi xarakterli təzyiq hesab edir. Əslində
aeroportda nə baş verib? Hakimiyyət Ziyalılar Forumunda təmsil
olunan şəxslərlə niyə belə davranır?
-
Rüstəm İbrahimbəyov bəlli bir sahə ilə məşğul
olan insandır, həmin sahədə müəyyən
uğurları da olub, yaxşı ssenarilər də yazıb,
filmlər də çəkib, amma keçmişdə
yazdığı yaxşı ssenarilər, çəkdiyi
yaxşı filmlər heç vaxt əsas vermir ki, o, Azərbaycan
ziyalılarının adından, yaxud Azərbaycan xalqı
adından danışsın. Rüstəm İbrahimbəyov
yalnız öz adından danışa bilər. Aeroportda
baş vermiş hadisəyə gəlincə, mən onu
insident də adlandırmıram. Aeroportda VİP-dən də
keçmək olar, adi vətəndaşların keçdiyi xətlə
də keçmək olar, ləngimək də olar, bunlar təbii
prosedurdur, bunu şişirtmək üçün gərək
Rüstəm İbrahimbəyov xarakterli adam olasan. Bu kimi
problemlərlə həm xaricdə, həm daxildə hər kəs
qarşılaşır.
O ki
qaldı Rüstəm İbrahimbəyovun bir siyasətçi
kimi danışmasına, yaxud ziyalıların adından
danışmasına, birinci onu deyim ki, burda naşılıq
görürəm. Məsələn, o, deyir ki, bu seçkidə
mütləq şəkildə prezident dəyişəcək.
Mütləq şəkildə prezidentin dəyişməsini
yalnız Azərbaycan seçicisi müəyyən edir,
xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi
bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir
seçkiyə ehtiyac olmazdı. Ümumiyyətlə, onun
siyasi açıqlamalarında bir naşılıq
görürəm. Düzdür, Rüstəm İbrahimbəyovun
kürəyinin arxasından Eldar Namazovun kölgəsi
görünür. Çünki onun son
açıqlamaları buna hesablanıb ki, Eldar Namazov
prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov
olacağı, yaxud kimin olacağı təqdirdə biz
onların irəli sürülməsi proseduru, kimlər tərəfindən
irəli sürülməsi məsələsinə münasibət
bildirməyi özümüzə rəva bilmirik. Yalnız
seçki günü Azərbaycan seçicisi müəyyən
edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə
addımlayacaq. Hansısa Ziyalılar Forumu adından
çıxış edən kinorejissor, ya da keçmişdə
hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə
siyasətlə məşğul olan bir siyasətçi, yaxud
hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu
müəyyən etmir. Əlbəttə, biz hamımız
çalışırıq ki, xalqın etimadını
qazanaq, onun içərisinə gedək. Bəyan edirlər
ki, rayonlarda camaatla görüşürük, camaat
narazıdır. Halbuki o insanları rayonlarda heç kim
görməyib və heç bir görüşünü
kimsə müşahidə etməyib. Amma danışırlar
da, hər halda öz emosiyalarını bu şəkildə
ifadə edirlər. Bunların isə heç bir real əsası
yoxdur.
- Sizin dediklərinizdən belə
çıxır ki, hakimiyyət Eldar Namazovun namizəd
olacağını gözləyir?
-
Hakimiyyət olaraq Azərbaycanda siyasi iddiası olan əksər
siyasi partiya sədrinin, yaxud onların bloklarının namizədlərini
bu seçkidə gözləyirik. Normal demokratik seçkidə
bu, normal prosedur qaydasıdır. Biz indiyə qədərki
müvəffəqiyyətimizə görə kimsədən nə
çəkinirik, nə qorxuruq, nə də
öyünürük. Bu uğurlar bizim
üstünlüyümüzü təşkil edir, amma Azərbaycan
seçicisini heç kim aldada bilməz, Azərbaycan
seçicisinin adından heç kim qərar verə bilməz.
Azərbaycan xalqının adından yalnız seçdiyi
prezident danışa bilər və bu da yalnız mandat
müddətində. Mandat bitəndən sonra yenə də
xalqın iradəsi ortaya çıxır və hakimiyyətdə
kimin təmsil olunmasını xalqın səsi təyin edir.
(Ardı var)
İmdad ƏLİZADƏ
Aynur İMANOVA
Kaspi.-2013.-9 yanvar.-S.3.