«İnsana yönəlməyən ideya heç vaxt uğurlu ola bilməz» 

 

 Asim Mollazadə: «Azərbaycanın inkişaf konsepsiyası hər bir azərbaycanlının inkişafına yönəlib»

 

Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. Konsepsiya hazırlandıqdan sonra ictimaiyyətə təqdim edilib, müzakirələr aparılıb. Dövlət başçısının ötən il dekabrın 29-da imzaladığı fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq olunub. Konsepsiyanın həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət səlahiyyətləri yenə də Prezident Administrasiyasına həvalə olunub. İqtisadi İnkişaf Nazirliyinə isə tapşırılıb ki, konsepsiya ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması və onun tərkibi haqqında təkliflərini iki ay müddətində Prezident Administrasiyasına təqdim etsin. Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADIP) sədri, millət vəkili Asim Mollazadə ilə söhbətimiz məhz bu Konsepsiya, orada yer alan müddəalarla bağlıdır.

- Asim müəllim, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası sizin üçün nə deməkdir?

- Bu konsepsiya əslində Azərbaycanın strateji inkişafı üçün müəyyən sahələrdə görülən işlərlə bağlı, bir növ strateji plandır. Bir növ yol xəritəsidir ki, Azərbaycan 2020-ci ildə necə olmalıdır? Azərbaycan bu istiqamətdə hansı addımlar atmalıdır ki, ölkəmiz müasir, güclü və demokratik dövlət kimi inkişaf edə bilsin? Təbii olaraq bu strategiyanın əsas mahiyyəti ilk növbədə iqtisadi addımlarla bağlıdır. Ölkənin qarşısında duran əsas məsələlərdən biri Azərbaycan iqtisadiyyatının dversifikasiyasıdır. Yəni, biz, neft, enerji, qaz sahəsində əldə edilən gəlirləri ölkə iqtisadiyyatının bir neçə sahələrinə yönəltməyi düşünməliyik. Bu sahələrin inkişafı da gələcəkdə ölkənin iqtisadiyyatını güclü etməlidir. Ölkədə sosial rifahı təmin etməlidir. Konsepsiyada əsas hədəf ilk növbədə insanların inkişafına yönəlmiş bölmələrlə bağlıdır. Çünki konsepsiyanı gerçəkləşdirmək, Azərbaycanı müasir bir ölkə kimi inkişaf etdirmək üçün daha da peşəkar, savadlı və yüksək mədəni səviyyəyə malik olan vətəndaşlarımız olmalıdır.

- Siz Konsepsiyanın əsas hədəfindən söhbət açdınız, bəs, bu sənədin bütövlükdə prioritetləri nədən ibarətdir?

- Konsepsiyanın özündə də göstərildiyi kimi bu sənədin başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artıma, yüksək sosial rifaha, səmərəli dövlət idarəetməsinə, qanunun aliliyinin, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunmasına, həmçinin vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Ölkədə həyata keçirilən islahatlar, görülən zəruri tədbirlər, sözügedən konsepsiyanın reallaşması onu deməyə əsas verir ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi iki dəfə artaraq 13 min ABŞ dollarına çatacaqdır. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, Azərbaycanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır. Qarşıda duran məqsədlərə çatmaq üçün Azərbaycanın bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir.

- Konsepsiyada diqqət çəkən məqamlardan biri də qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsidir. Siz bunu necə izah edərdiniz?

- İlk növbədə ölkənin təhsil sisteminin islahatları burada mühüm rol oynamalıdır. Çox təəssüf ki, indiyə qədər Azərbaycanda ali təhsil, elm haqqında, peşə təhsili, orta təhsil haqqında qanunlar qəbul olunmayıb. Zəruri islahatlar üçün, inkişafa yönəlmiş addımlar atmaq üçün hüquqi baza lazımdır. Bu hüquqi bazanın müəyyənləşdirilməsi üçün də parlamentin üzərinə böyük işlər düşür. Addımlarla irəli getmək üçün biz müvafiq bir hüquqi sistemi formalaşdırmalıyıq. Əgər söhbət müasir, demokratik ölkədən gedirsə, hüququn aliliyi bu ölkədə əsas amillərdən biri olmalıdır.

- Sözügedən sənədin reallaşması, hansısa formada Azərbaycanın xarici siyasətinə təsir göstərə bilərmi?

- Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilən, prezident tərəfindən təsdiq olunan milli təhlükəsizlik konsepsiyasında ölkənin strateji inkişafını və xarici siyasətini formalaşdıran xüsusi bənd var. Azərbaycanın beynəlxalq münasibətlərlə bağlı strategiyası ölkəmizin Avroatlantik sistemə inteqrasiyasından ibarətdir. Burada söhbət hansısa Avropa təşkilatının və yaxud hansısa Avroatlantik alyansın üzvü olmaqdan getmir. İlk növbədə strateji olaraq bu sistemə inteqrasiya etmək, zəruri islahatları həyata keçirmək, bu sistemin müdafiə etdiyi dəyərləri mənimsəmək və bölüşmək, zənnimcə, bu strategiyanın əsas mahiyyətidir. Azərbaycan bununla yanaşı, öz xarici siyasətində hər zaman bir amili üstün tutub. Bu da xarici siyasətdə məhz tərəfdaşlıq prinsipinə söykənməkdir. Yəni, Azərbaycan həm qonşularla, həm də dünyanın üfüqlü mərkəzləri ilə tərəfdaşlıq edərək, bu əsasda öz siyasətini formalaşdırmağa üstünlük verir. Azərbaycanın xarici siyasəti məhz sülhə, əmin-amanlığa, stabilliyə və stabilliyin yaratdığı şəraitdə inkişafa nail olmağa yönəlib. Bununla yanaşı, Azərbaycanın xarici siyasətinin bir də mühüm tərəfi ondan ibarətdir ki, bu da strateji İpək Yolu sistemində önəmli rol oynamasıdır. Bu istiqamətdə də Azərbaycan artıq bir neçə beynəlxalq layihələr həyata keçirib. Bu həm neft sahəsini əhatə edir, həm də kommunikasiya, nəqliyyat sistemlərini formalaşdırmağı. Bununla Azərbaycan Şərqlə Qərbi birləşdirən sistemi formalaşdıraraq müəyyən qədər öz strateji missiyasını həyata keçirir. Bu strategiyada mühüm amil eyni zamanda, sivilizasiyaların əməkdaşlığı, müvafiq mədəniyyətlərin əməkdaşlığıdır ki, zənnimcə, bu da çox mühüm bir amildir. Azərbaycan tarixən fərqli sivilizasiyalarla əməkdaşlığa önəm verib. Azərbaycan fərqli dinlər, fərqli mədəniyyətlər sistemini formalaşdıraraq tolerantlığa və əməkdaşlığa böyük əhəmiyyət verdiyini ortaya qoyub. Bu da İpək Yolu strategiyasının çox mühüm bir hissəsidir. Ona görə də, hesab edirəm ki, mədəniyyətlərin tərəfdaşlığı və mədəniyyətlərin əməkdaşlığı sahəsi də Azərbaycan inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

- İnkişaf Konsepsiyasının həyata keçirilməsi Azərbaycanın dünyada, eləcə də Cənubi Qafqazdakı mövqeyinə necə təsir göstərə bilər?

- Zənnimcə, bu sənədin reallaşması, ilk növbədə Azərbaycanı dünyada tanıdacaq. Bu Azərbaycan xalqının istəklərini və Azərbaycan xalqının missiyasını anlatmaq üçün də çox mühüm bir amildir. Təbii ki, burada iqtisadiyyat, neft sahəsinin böyük rolu var. Lakin Azərbaycan xalqının tarixi bir rolu ilk növbədə onun zəngin mədəniyyəti ilə bağlıdır. Onun zəngin mədəni irsi ilə yanaşı, hər zaman müasir mədəniyyəti və dünya mədəniyyətini qavraması ilə bağlıdır. Tarixən Azərbaycan xalqı Şərqin birinci operasını, birinci baletini, birinci simfoniyasını yaradıb. Azərbaycan iqtisadi imkanlardan istifadə edərək öz mədəniyyətini və öz baxışlarını dünyaya açmalıdır. Əminəm ki, bu istiqamətdə Azərbaycan mədəniyyətinə və Azərbaycan xalqının ruhuna dost olan, dünyanın fərqli yerlərindən daha çox dost əldə edəcəyik. Bütövlükdə isə güclü, müasir, demokratik Azərbaycan bizim bölgəyə tamamilə fərqli bir atmosfer gətirə bilər. Ölkəmizin daha yaxşı dövlətlər sırasında tanınması, daxildə və Azərbaycandan kənarda həyata keçirilən strateji layihələrə olan dünya marağı imkan verəcək ki, biz bu bölgənin stabilliyinə yönəlmiş bir çox işləri həyata keçirək. Əminəm ki, bu işlərin gedişatı zamanı Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsi, Azərbaycanın ümumi təhlükəsizliyinin təmini məqsədi ilə dünyanın nüfuzlu mərkəzləri Azərbaycana çox ciddi dəstəklər verə bilər. Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyim kimi, Konsepsiyanın reallaşması, bu sənədin əsas məqsədi insanlarımızın həyatında müsbət dəyişikliklərə nail olmaqdır. Çünki Azərbaycanın inkişaf strategiyası hər bir azərbaycanlının inkişafına yönəlib. İnsana yönəlməyən strategiya, ideya, heç vaxt uğurlu ola bilməz.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2013.-9 yanvar.-S.5.