Qoca və onun
qarısı(hekayə)
Fazil
İskəndər – 1929-cu ildə Suximidə iranlı kərpic
zavodu sahibinin ailəsində anadan olub. Atası İskəndərov
Abdul İbrahim oğlu 1938-ci ildə İrana sürgün
edilib və bir neçə ildən sonra orda
dünyasını dəyişib. Rus mənbələri atasının
mənşəyi haqda heç nə yazmasalar da, yalnız
abxaz anasına görə onu abxaz, rus dilində
yazdığına görə də çox vaxt rus
yazıçısı adlandırsalar da, Fazil İskəndərin
atasının azərbaycanlı olduğu heç kimdə
şübhə doğurmur.
Moskvada
kitabxanaçılıq, sonra da ədəbiyyat institutunu
qurtarıb. 1962-ci ildən yazmağa başlayıb. Nəsr,
şeir kitablarının müəllifidir, onun əsərlərinin
çoxu ekranlaşdırılıb. Əsərləri
dünyanın əksər dillərinə tərcümə
olunub. Hazırda Moskva şəhərində yaşayır.
Çeqemdə
bir kəndli qarının əri öldü. O hələ
müharibə vaxtından yaralı idi və
ayağının yarısını itirmişdi. O vaxtdan
ölənə kimi çəliklə gəzdi. Çəlikləriylə
də işləməyə davam elədi və müharibəyə
qədər necəydisə, eləcə də qonaqpərvər
ev sahibi oldu. Bayram qonaqlıqları vaxtı başqalarından heç də az içməzdi
və içəndən sonra
qonaqlıqdan qayıdırdanda çəlikləri ilə ona çatmaq olmazdı. Heç kim başa düşə bilməzdi, o ayıqdı, ya sərxoş,
çünki sərxoş vaxtı da, ayıq vaxtı da bir qayda olaraq
şən olardı.
Di
budur, o öldü. Onu ehtiramla dəfn elədilər,
yasına bütün kənd gəldi. Çoxusu da digər kəndlərdən
gəlmişdilər. O belə sevimli qoca idi. Qarısı da
ona görə çox dərd çəkirdi.
Dəfnindən
dörd gün sonra qoca qarısının yuxusuna girdi. Elə
bil hansısa dağa aparan çığırda
dayanmışdı, yöndəmsiz halda bir ayağı
üstə tullanır və ondan xahiş eləyirdi:
-
Allah xatirinə, mənim çəliklərimi göndər.
Onlarsız heç cür cənnətə gedib çata
bilmirəm.
Qarı
yuxudan oyandı və qocasına yazığı gəldi.
Düşünürdü: Bu nə yuxuydu belə? Həm də
mən çəlikləri ona necə göndərə bilərəm?
Qarı
növbəti gecə yenə həmən yuxunu gördü.
Yenə də qoca çəliklərinin göndərilməsini
xahiş eləyirdi, çünkü çəliklər
olmayacağı halda gedib cənnətə çata bilməyəcəkdi.
Amma çəlikləri ona necə göndərmək olar? –
qarı yuxudan oyanandan sonra düşündü. Əyər
bir də yuxuma girsə və çəlikləri göndərməyi
xahiş eləsə, özündən soruşaram, deyə
qarı qərara aldı.
İndi
qoca hər gecə qarının yuxusuna girir və hər gecə
çəliklərini istəyirdi, amma qarı yuxuda
özünü itirir, vaxtında soruşmaq yadına
düşmürdü, yuxu da harasa çıxıb gedirdi. Nəhayət
qarı özünü ələ aldı və yuxuda
ayıq-sayıq oldu. Qocanı görən kimi, hətta ona
ağzını açmağa belə imkan vermədən
soruşdu:
-
Axı çəlikləri sənə necə göndərim?
-
Bizim kənddə birinci öləcək adamdan, - qoca cavab
verdi və yöndəmsiz halda bir ayağı üstə
taytıyaraq, cığırda oturub, ayağının kəsilən
yerini ovuşdurmağa başladı. Ona yazığı gələn
qarı hətta yuxuda göz yaşları axıtdı.
Lakin
yuxudan oyanandan sonra ruhlandı. İndi neyləməli
olduğunu bilirdi. Çeqemin kənarında bir qoca
yaşayırdı. Bu özgə qoca ərinin
sağlığında onunla dostluq eləyirdi və onlar
tez-tez birlikdə içirdilər.
- Sənin
üçün içmək asandır, - bu qoca ərinə
deyirdi, - sən nə qədər içmiş olsan da, həmişə
ayıq çəliklərə söykənirsən. Mənimsə
çaxır birbaşa ayaqlarıma vurur.
Onun
belə zarafatı var idi. Amma indi o ağır xəstə idi
və həmkəndliləri onun tezliklə öləcəyini
gözləyirdilər.
Qarı
qərara aldı bu qoca ilə danışsın və onun
razılığı ilə, öləndə ərinin
çəliklərini qocanın tabutuna qoysunlar, sonra da qoca o
dünyada əri ilə görüşəndə çəlikləri
ona versin.
Səhər qarı öz fikrini evdəkilərə danışdı. Evdə oğlu, gəlini və bir də böyük nəvəsi qalmışdı. Bütün digər uşaqları və nəvələri öz evlərində yaşayırdılar. Qarı onlara can verməkdə olan qocanın yanına getmək istədiyini və ondan ərinin çəliklərinin tabutuna qoyulmasına razılıq verməyi xahiş eləyəcəyini deyəndən sonra hamı bu avam qarıya gülməyə başladı. Xüsusi ilə də evdə ən təhsilli hesab olunan, onuncu sinfi qurtarmış nəvəsi hamıdan bərk gülürdü. Əlbəttə bu fürsətdən gəlini də istifadə elədi, o da ucadan qəhqəhə çəkirdi, halbuki oğlundan fərqli olaraq onuncu sinfi qurtarmamışdı. Gəlini qəhqəhə ilə gülərək dedi:
- Bu hətta münasib də deyil, sənin
ərinin çəliklərini onun tabutuna qoysunlar deyə sağ-salamat qocadan ölməyini
xahiş eləyəsən.
Amma
qarı hər şeyi düşünmüşdü:
- Mən
ki ondan dərhal ölməyini xahiş eləməyəcəyəm,
- qarı cavab verdi. – Qoy vaxtı gələndə
ölsün. Yalnız çəlikləri aparmağa
razılıq versin.
Bu
ağıllı və olduqca nəzakətli qarı belə
cavab verdi. Onu dilə tutsalar da, elə həmən gün bu
qocanın evinə gəldi. Yaxşı sovqatlar gətirmişdi.
Qismən xəstəyə baş çəkməyə gəldiyi
üçün, qismən də ölən qocanı və
onun ailəsini öz gözlənilməz xahişinə
razı salmaq üçün.
Qoca otaqda uzanmışdı və ağır xəstə olmasına baxmayaraq hələ də özünün saxsı qəlyanını sümürürdü. Onlar bir qədər həyatdan danışdılar, qarı isə hələ də öz xahişi ilə qocaya müraciət eləməyə utanırdı. Xüsusən də ona görə ki, otaqda qocanın gəlini və bir neçə nəfər də digər yaxınları oturmuşdular. Həm də qarının bizim əvvəl düşündüyümüzdən də nəzakətli qarı olduğu məlum olurdu. Amma xəstə qoca özü ona kömək elədi – qarının ərini yaxşı sözlərlə yad elədi, sonra isə köks ötürərək, əlavə elədi:
-
Görünür, mən də tezliklə orda olaram və sənin
qocanla görüşərəm.
Bu yerdə qarı canlandı:
- Sözünün qüvvəti, - qarı sözə başladı və qocaya öz yuxusunu, birinci öləcək həmkəndlisi ilə ona çəliklərini göndərmək xahişini danışdı. – Mən səni tələsdirmirəm, - qarı əlavə elədi, - amma əyər nəsə olarsa, icazə ver, çəlikləri tabutuna qoyaq, ərim də çəlikləriylə cənnətə gedə bilsin.
Ağzında qəlyan ölən
bu qoca dilli-dilavər
və hətta qonaqpərvər adam idi, amma öz
tabutuna özgəsinin çəliklərinin
qoyulmasına razılıq verəcək qədər də üzü yola deyildi. Öz tabutuna özgə çəliklərinin
qoyulmasını dəhşətli dərəcədə istəmirdi.
Utanırdımı? Bəlkə başqa
kəndlərdən dəfninə gələn adamların onun əlil olduğundan
şübhələnəcəklərindən qorxurdu? Amma birbaşa imtina eləmək
münasib deyildi. Ona görə də qarıyla siyasətlə
danışmağa başladı.
- Məyər
bolşeviklər cənnəti bağlamayıblar? – qarıdan
bu bəhanə ilə yaxasını qurtarmağa cəhd elədi.
Amma
qarı təkcə nəzakətli yox, həm də
hazırcavab imiş. Qoca ilə çəlikləri o
dünyaya göndərməyi çox istəyirdi.
-
Yox, - qarı inamla dedi, - bolşeviklər cənnəti
bağlamayıblar, buna görə də Lenini Movzeleydə
saxlayıblar. Bu digərlərinin də gücü çatan
iş deyil.
Onda
qoca yaxasını zarafatla qurtarmağı qərara aldı.
-
Yaxşısı budu sən mənim tabutuma bir şüşə
yaxşı çaçi qoy, - təklif elədi, - biz orda sənin
qocanla görüşəndə vurarıq.
- Sən
zarafat eləyirsən, - qarı ah çəkdi, - o isə
gözləyir və hər gecə çəlikləri
göndərməyi xahiş eləyir.
Qoca
bu qarıdan yaxa qurtarmağın çətin olduğunu
başa düşdü. Onun ümumiyyətlə ölmək
ürəyincə deyildi, tabutuna çəliklərin
qoyulması isə heç ürəyincə deyildi.
- Bir də mən indi ona çata bilmərəm, - qoca fikirləşib dedi, - o artıq bir ay əvvəl ölüb. Hətta məni həmən cığırla cənnətə göndərərlərsə də, buna mənim elə də inamım yoxdur. Günahlarım var…
- Sənin günahlarından xəbərdaram,
- qarı razılaşmadı. – Mənim qocamı gördüyün kimi, elə
həmən günahlarla cənnətə
yola salıblar. Çatmağa
qalanda isə, adamları özünə
güldürmə. Mənim qocam tək
ayağı üstə uzağa
taytıya bilməz. Əyər deyək ki,
sabah ölsən, hərçənd mən
səni tələsdirmirəm, birisi gün ona çatarsan.
O sənin əlindən heç yerə
gedə bilməz…
Qoca fikrə getdi. Amma bu zaman indiyə qədər onların danışıqlarına dinməzcə qulaq asan gəlin söhbətə müdaxilə elədi.
- Əyər orda nəsə varsa, - dodaqlarını büzərək dedi, - biz sənin tabutuna bir kisə qoz qoyarıq. Mənim rəhmətltik yazıq qardaşım qoz yeməyi elə xoşlayırdı…
Bütün gəlinlər eynidir, qarı düşündü, həmişə başqalarının işinə qarışırlar.
- Hə, mən görürəm siz mənim tabutumdan araba düzəltmək istəyirsiniz! – qoca qışqırdı və qarıya üz tutaraq əlavə elədi: - Bir həftədən sonra gəl, onda mən sənə qəti cavab verərəm.
- Gec olmaz?
– görünür qarı öz nəzakətinə qalib
gələrək soruşdu. – Hərçənd
mən səni tələsdirmirəm.
-
Olmaz, - qoca inamla dedi və qəlyanını
sümürdü.
Bununla da qarı çıxıb getdi. Axşama yaxın evə
qayıtdı. Mətbəxə girərkən tamami ilə gözləmədiyi
bir mənzərə ilə qarşılaşdı.
Onun adam
ələ salan nəvəsi ayağı sarınmış halda babasının çəlikləri
ilə mətbəxin
ortasında dayanmışdı.
- Sənə nə olub? – qarı
həyəcanla səsləndi.
Məlum oldu ki, o, ölüm
ayağında olan qocaya baş çəkməyə gedəndən
sonra nəvəsi yunan qozu çırpmaq
üçün ağaca
dırmaşır, ehtiyatsızlıq
eləyərək ayağını
quru budağın üzərinə qoyur, ağacdan yıxılır
və ayağı möhkəmcə burxulur.
- Çəliklər məşğuldur,
- nəvəsi dedi, - babam bir ay gözləyəsi
olacaq.
Qarı öz qocasını sevirdi, amma lağlağaçı
nəvəsini də çox sevirdi. Düşündü ki, nəvəsinə çəliklər doğrudan
da lazımdılar.
Bir ay gözləmək olar, qarı qərara aldı, cənnətə
gedən yolun havası korlanmaz. Hə, bir də baş
çəkdiyi qoca onun müşahidələrinə
görə bir ay duruş gətirə bilərdi, bəlkə lap
çox. Bir gör
qəlyanını necə
tüstülədirdi.
Amma
hamısından qəribəsi – daha qoca çəliklərini
ona göndərmək xahişi ilə yuxusuna girmədi. Ümumiyyətlə
yuxusuna girmədi. Hardasa gizləndi. Görünür, nəvəsinin
ayağının sağalmasını gözləyir, səhərlər
öz yuxularını xatırlayan qarı mütəssir
olurdu. Amma budur, nəvəsi çəlikləri bir kənara
tulladı, amma qoca daha onun yuxusuna girmədi.
Görünür, bəlkə də yolun kənarındakı
kollardan yapışıb taytıyaraq cənnətə qədər
gedib çıxa bilib, qarı düşündü və
tamami ilə sakitləşdi.
Həmən
ölən qoca isə qarının təşrifindən sonra
qeyri adi və hətta qocalara xas olmayan cəldliklə
sağalmağa başladı. Tabutuna özgə çəliklərinin
qoyulmasını heç istəmirdi. Ona ağır gəlirdi:
sağlığında bircə dəfə də
axsamamışdı, tabuta isə çəliklərlə
birgə uzanır. O indi də sağdır, hərçənd
o vaxtdan beş il keçib. Öz keçilərini meşədə
otarır, hərdənbir onlar üçün cavan qoz
zoğları qırır, hətta bu zaman belə qəlyanını
ağzından çıxartmır.
Baltayla taraq! Qəlyanına bir qullab vurur!
Baltayla taraq! Qəlyanına bir qullab vurur! Baltayla
taraq! Qəlyanına bir qullab vurur!
Şeytan ona uzaqdan baxır və dişlərini qıcayır: bu dünyanı partladardı,
amma lənətə gəlmiş qəlyanlı
qoca hətta dönüb partlayışa
baxmayacaqdı! Onun keçilərinin
yeyib doymasını gözləmək lazım
gəlirdi.
Bax, biz də nə vaxta kimi qoca
baltasıyla taqqıldadacaq,
qəlyanına bir qullab vuracaq – yaşayacağıq! Keçilər isə heç vaxt doymayacaqlar.
Ruscadan çevirən: Aslan Quliyev
Fazil İskəndər
Kaspi.-2013.-12-14 yanvar.-S.22.