Nəsrimizin ağbirçəyi
Mən Ələviyyə
Babayevanı bir yazıçı kimi on yaşımda evimizdə
olan “Adamlar və talelər”
kitabından tanımışdım. Bu kitabda məni ən çox
cəlb edən, romanda kəndimizə gedən
yol üzərindəki kəndlərdən
birinin adının çəkilməsi,
təbiətinin təsvir edilməsi idi. O
zaman uşaq
düşüncəmlə istəmişdim ki,
bu yazıçı xanım kaş, bizim kəndi də
əsərlərinin birində təsvir edəydi. Həmin
dövrdə tez-tez kitabları
çıxsa da sonralar
nədənsə onun kitabları çox nəzərə çarpmadı.
Xüsusilə, müstəqillik dövründə Ələviyyə
Babayeva sanki tamam unuduldu.
Ələviyyə
Babayevaya canlı klassik desək daha yerinə düşər.
(İndi beş-on kitabı çıxan bəzi müştəbehlər
az qala özlərini klassik hesab edirlər.) Yetmiş yeddi ildən
artıq ədəbi yaradıcılığa malik nasir, tərcüməçi,
- sözün böyük mənasında yazıçı.
O, ədəbi fəaliyyətə 1935-ci ildə “Ədəbiyyat
qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı
hekayəsi ilə başlamışdır. 1950-ci ildə “Mənim
ilk müəllimim” adlı ilk kitabı çap olunub. 1951-ci
ildən – altmış iki ildir Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. Ələviyyə xanım AYB-nin ən
çox stajlı üzvüdür. (Ondan sonra İsa
Muğannadır, 1952-ci ildən.)
O,
hekayə, povest və romanlar yazmaqla yanaşı rus ədəbiyyatından
da xeyli tərcümələr etmişdir. A.Qaydarın,
V.Biankinin, K,Paustovskinin, V.Korolenkonun, Y,Sotnikin, V.Astafyevin, Y.
Çaruşinin və başqalarının əsərləri
onun tərcüməsində kütləvi tirajla çap
olunmuşdur.
Onun
Bakıda otuz dörd, ümumilikdə etdiyi tərcümələrlə
birgə isə altmışdan çox kitabı nəşr
edilib. Ələviyyə xanım 1951-ci ildən 1973-cü ilədək,
iyirmi iki il “Azərbaycan qadını” jurnalının məsul
katibi işləmişdir. Bundan əlavə "Gənclik"
nəşriyyatında müasir ədəbiyyat şöbəsinin
müdiri (1973-1976), sonra isə baş redaktor (1976-1985)
olmuşdur. Yeddi roman, onlarla povest, hekayələr müəllifi
olan bu xanım yalnız böyüklər üçün
deyil, uşaqlar üçün də əsərlər
yaratmışdır. “Mənim ilk müəllimim”, “Kənd
yolları”, “Yenə baharda”, “Sehirli pillələr” adlı
hekayələrdən ibarət kitablarını uşaqlara həsr
etmişdir. İki multiplikasiya filminin (Dınqıl sazım,
dınqıl” və “Sehirli küpə”) ssenarisini
yazmışdır.
Yazıçının
“Mən tək deyiləm”, “Tut ağacı”, “Adamlar və talelər”,
“Səni axtarıram”, “Bəlkə sabah olmadı”, “Haradasan
dost harada”, “Sönmüş ulduzların
işığı”, “Son döngə”, “Dəli Sona”, “Küləyin
tərkində”, “Rəngbərəng kölgələr”,
“Yanar su” adlı kitabları oxucular tərəfindən diqqətəlayiq
maraqla qarşılanmışdır.
Ələviyyə
Babayeva qadın yazıçılarımız arasında əsərləri
xarici dillərə ən çox tərcümə
olunanıdır. Onun kitabları alman, fransız, Çin,
fars, yəhudi, rus dillərinə tərcümə olunaraq
dünyanın dörd-bir nöqtəsinə yayılıb.
Ələviyyə
xanım yalanla, ikiüzlülüklə heç vaxt arası
olmayan, kimsədən qorxmayan, cəsarətli yazar olduğuna
görə onu bəzi həmkarları sevməmiş, daim
qaralamağa çalışmış, yəhudiyə ərə
getməsini böyük bir qüsur kimi göstərmişlər.
Yazıçının kəskin tənqidlərindən, həqiqətləri
çəkinmədən hər kəsin üzünə deməsindən
narahat qalan insanlar bu amili şişirdərək
başını çox ağrıdıblar. Lakin
yazıçı xanımın cəsarətliliyini
xoşlayanlar da olmuşdur. Xalq şairi və
yazıçılarından Nəbi Xəzri, Süleyman
Rüstəm, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Mir
Cəlal onu bu cəhətinə görə çox sevmiş
və yaradıcılığını qiymətləndirmişlər.
Ədəbiyyat
və mədəniyyətlə bağlı
çalışan məmurlarımızın
yazıçıya qarşı soyuq münasibətinin nəticəsidir
ki, hazırda ən qocaman yazıçımız olan Ələviyyə
xanımın ədəbiyyat sahəsindəki gərgin əməyi
demək olar ki, layiqincə qiymətləndirilməyib. Təkcə
1979-cu ildə “Əməkdar mədəniyyət
işçisi” adı verilib. Nəinki, “Xalq
yazıçısı” fəxri adı, hətta “Əməkdar
incəsənət xadimi” adı da onun üçün
çox hesab edildiyindən verilməmişdir.
Nə
yaxşı ki, dünya yaxşı insanlardan, sənətə
qiymət verənlərdən xali deyil. 2002-ci ildə ulu
öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə onun adı prezident təqaüdçüsü
siyahısına salınmışdır. Heydər Əliyevin
yazıçılara, sənət adamlarına xeyirxah
münasibəti, xüsusi qayğı və diqqəti hər
bir şəxsə parlaq nümunədir. Ələviyyə
xanım mətbuata verdiyi açıqlamasında bu hadisəni
belə xatırlayır: “Əliyev telefonda mənə dedi ki,
mən siyahıdan iki nəfərin adını
çıxardım, bax, özüm sənin adını
yazıram. O təqaüd də olmasaydı, mən ölərdim.
Bu günə qədər onunla dolanıram...”
On
ildən çoxdur yazıçının kitablarının
nəşrində fasilələr yaranıb. Kitablarının
əksəriyyəti kiril əlifbası ilə nəşr
olunub. Bu da həmin əsərlərin müasir nəsil tərəfindən
oxunmasına çətinlik yaradır.
Bütün
bunlara baxmayaraq Ələviyyə xanım onun gələcək
nəsillər tərəfindən oxunacağına əmindir.
Əmindir ki, indiki bədxahlarının olmayacağı gələcək
zamanda onun da əsərləri çap ediləcək kitablar
içərisində özünə qərar tutacaqdır.
Ömrünün
doxsan ikinci baharına yaxınlaşan nəsrimizin
ağbirçəyinə məndən yalnız can
sağlığı diləmək qalır...
Rövşən Yerfi
Kaspi.-2013.-12-14 yanvar.-S.21.