Serial rejissorlarının
95%-i qeyri-peşəkardır
Rejissor Elşən Zeynallı: “Necə olur ki, titrlərdə “dövlətin vəsaiti hesabına istehsal olunub” yazırlar, sonda isə sponsorların isimləri sadalanır?”
“Qayınana”, “Məhkumlar”,
“Həkimlər”, “Həyat
varsa” və bu kimi serilların
keyfiyyətindən danışmaq
nə dərəcədə
doğrudur? Hələ
Anton Pavloviç Çexovun
sanballı əsəri
hesab olunan “Qağayı”nı demirəm...
Bu
gün Azərbaycan tamaşaçılarının
böyük bir qisminin xarici teleseriallara, xüsusilə
qonşu ölkələrin seriallarına üz tutması
yerli seriallarımızda böyük problemlər olduğundan
xəbər verir. Respublika “Gənclər Mükafatı”
laureatı, 50-yə yaxın bədii, sənədli televiziya
filminin rejissoru Elşən Zeynallı bizimlə söhbətində
yerli serillarımızın ssenari cəhətdən problem
yaşadığını bildirdi. Onun sözlərinə
görə, serial çəkərkən bizim mühiti bilmək,
ona uyğun ssenari təklif etmək önəmlidir.
Dəhşətli bir məntiqsizlik
- Bu gün telekanallarımızda
yer alan serialların ümumi mənzərəsini necə
xarakterizə edərdiniz?
-Yerli
filmlərin çəkilməsi bizə böyük sevinc gətirdi,
çünki serialların hazırlanması xeyli sayda
insanın işə cəlb olunması deməkdir. Yəni
aktyorlarımız, rejissorlarımız artıq boş
qalmayacaqlar. Serial fəaliyyəti yaradıcı insanları həm
heyrətləndirdi, həm də sevindirdi. Onlara öz
yaradıcılıqlarını realizə etmək
üçün dövlət tərəfindən
böyük şans yaradıldı. Qeyd edim ki, bu təşəbbüs
biz yaradıcı insanlara dövlət tərəfindən
göstərilən ən böyük etimaddır. Əsas məsələ
odur ki, dövlət tərəfindən ayrılan maliyyənin
nəyə sərf olunacağı məsuliyyətlə dəqiqləşdirilsin.
Məhsullar
istehsal olunaraq efirdə göründükdən sonra problemlərin
nədən ibarət olduğu aydın şəkildə
göründü. Problem ondan ibarətdir ki, çəkilən
filmlərin hansı fikrə və ideyaya qulluq etdiyi
tamaşaçıya aydın olmadı. Yaradıcılıq
nöqteyi-nəzərindən yanaşdıqda, filmlərin
ssenariləri heç bir dramaturji qanunauyğunluğu
özündə əks etdirmir. Çəkilən filmlərdə
kinematoqrafiq qanunlara riayət olunmur. Bunun əziyyətini isə
aktyorlar, operatorlar və filmdə çalışan digər
yaradıcı insanlar çəkir. Obrazla desək, başda
duran komandana döyüş mövqeyi məlum deyil. Yerli
seriallarda tariximiz, milli dəyərlərimiz, mədəniyyətimiz
özünü göstərmədi. Ayrılan maliyyənin
müqabilində isə ucuz, keyfiyyətsiz, ideyasız,
zövqsüz məişəti əks etdirən filmlərin
şahidi olduq. Sonucda isə itirən Azərbaycan
tamaşaçısı oldu. Bu yaxınlarda eşitdim ki,
İctimai Televiziyanın bazasında “Qarabağnamələr”
adlı çoxseriyalı televiziya filmi çəkilir. Azərbaycanın
tarixindən bəhs edən filmin çəkilməsi
sevindirici haldır. Filmin hansı səviyyədə
alınması müzakirə obyekti olmasa da, təkcə nəyə
xidmət edəcəyi, fikir yükü və ideoloji məqsədi
bəllidir. Mən demirəm ki, bütün çəkilən
seriallarımız tariximizdən bəhs etsin. Əsas odur ki,
filmi izləyib bitirdikdən sonra “hə nə olsun?” sualı
yaranmasın. Bu gün
istehsal olunan seriallardan çox
narazıyam.
–
Narazılığınız nədəndir?
–
Çəkilən serialların rejissorları peşəkarlıq
nöqteyi-nəzərindən heç bir tələbə
cavab vermir. Serial çəkənlərin demək olar ki,
heç biri kinorejissor deyil. Filmi çəkən rejissor
peşəkar kino industriyasından anlayışı
olsaydı, bu filmlərin keyfiyyətinə də zəmanət
olardı. Sözümə görə məni heç kim
qınamasın. Rejissurada kinorejissor, teatr rejissoru, televiziya
rejissoru məfhumu var. Bunlar hər bir sənət növünə
uyğun estetik düşüncə tərzini özündə
əks etdirir. Kino nə deməkdir? Kino hərəkət edən
şəkildir. Filimdəki hadisələrdə rejissor fikri
tamaşaçıya kino dili ilə
çatdırılmalıdır. Gəlin görək, bu
gün çəkilən seriallarımızın
rejissorları bu dildə danışmağı bacarırlarmı?
Onların 95%-i qeyri-peşəkar, özünü bu sahədə
təsdiq edə bilməyənlərdir. Axı dövlətin
ayırdığı maliyyəni sınaqlara sərf etmək
ciddi məsuliyyətdir. Nədənsə bizdə bu, ilkin
olaraq belə baş verdi. Mən inanıram ki, zaman gələcək,
dövlət peşəkarlara daha çox etimad göstərəcək
və onlar diqqət mərkəzinə gətiriləcək.
O zaman milli teleseriallarımızın intibahı baş verəcək.
Filmlər efirdə yayımlanan zaman titrlərdə təxminən
belə bir mətn yazılır: “Azərbaycan dövlətinin
ayırdığı vəsait hesabına istehsal
olunmuşdur”. Sonda isə filmin istehsalına yardım göstərmiş
sponsorların isimləri sadalanır. Bunu necə başa
düşək? Bu filmlər dövlətin, yoxsa
sponsorların maliyyəsilə çəkilib? Burada dəhşətli
bir məntiqsizlik var. Onu da qeyd edim ki, Azərbaycan televiziya məkanında
nümayiş olunan filmlərin sırasında nisbətən
səmimi, tamaşaçının diqqətini özünə
cəlb edən film rejissor Rövşən İsaxın
çəkdiyi “Pərvanələrin rəqsi”
serialıdır. Amma onun da bir neçə seriyası
yayımlandıqdan sonra izləyən tamaşaçılarda
ruh düşkünlüyü yarandı. Serialın davamı
maraqsızlaşmağa başladı.
– Sizcə, buna səbəb nə
oldu?
–
Tamaşaçı serialı izləyir, ancaq serialda heç
bir nəticə əldə olunmur. Hadisələr uzandıqca
uzanır. Rejissorun burada nə demək istədiyi başa
düşülmür.
–
Komediya janrında çəkilən seriallar haqqında da eyni
sözləri deyərdiniz? “Bacanaqlar”, “Bir kəndin sevinci”,
“Üç bacı”, “Qayınana” və s. nəzərdə
tuturam.
- Bizdə komediya janrında serial filmləri
çəkilmir. Adlarını sadaladıqlarınıza film demək
böyük qəbahətdir.
Ardıcıllıqla davam
edən sitqomların sırasında nisbətən,
öz rəngarəngliyi,
şaqrarlığı və
ən əsas peşəkar aktyor ansamblına görə diqqətə layiq olan “Space” televizyasında yayımlanan “Üç bacı” sitqomudur. Bu serialda televiziya
estetikasına əməl
olunur və tamaşaçı bundan sadəcə, boş zamanını doldurmaq üçün istifadə
edir. Onu bu tip tamaşaçılar
üçün maraqlı
edən, gözəl aktyor ansamblı və peşəkar istehsalçı komandasının
olmasıdır.
Çexovun sadəcə adı
qalıb
– Yerli seriallarımız niyə
uğursuz alınır?
– Hansı sahədəsə
kompromisə getmək
olar, anacaq bu sənət kompromisi sevmir. Kinoda gərək düşüncəni
olduğu kimi həyata keçirməyi
bacarasan. Bu gün dövlətin ayırdığı vəsaiti
televiziyaların arasında
bölmək, düşünürəm
ki, məqsədəuyğun
deyil. Çünki bu sahədə
televiziyalar istehsalçı
deyil, məhz yayımçı rolunda çıxış etməlidirlər.
Televiziyalarda yayımlanan
yerli seriallarımızdan
danışmaq bir az gülüncdür.
“Qayınana”, “Məhkumlar”,
“Həkimlər”, “Həyat
varsa” və bu kimi serilların
keyfiyyətindən danışmaq
nə dərəcədə
doğrudur? Hələ
Anton Pavloviç Çexovun
sanballı əsəri
hesab olunan “Qağayı” nı
demirəm.
– Bu filmlə bağlı bir çox iradlar tutulub, ancaq yenə də çəkilişlər davam
edir...
– Sizə deyim ki, “Qağayı” serialının rejissoru çox istedadlı teatr rejissordur. Onun iki tamaşasını izləmişəm və çox da bəyənmişəm.
Bu onun ifasında
çox uğurlu alınıb. Bax görürsünüz
ki, rejissura sahəsində hər sahənin peşəkarlıq
bölümü var. Teatrda
uğur qazanan rejissor ona aidiyyəti
olmayan bir sahədə rejissor kimi fiaskoya uğrayır.
Bu hal hər
bir peşəkar insan üçün qəbuledilməzdir. Eləcə də,
A.P.Çexovun əsərindən
əsər-əlamət belə
saxlanılmadan bizim olmayaraq, bizim həyatımız kimi tamaşaçıya qəbul
etdirmək, kinematoqrafiq
baxımından qəbuledilməzdir.
Həmin
serialda Çexovun sadəcə adı qalıb. Bu dözülməz
hadisədir. Mən Rusiya
səfirliyinin yerinə
olsaydım, bu filmin yayımlanmasına rəsmi olaraq etiraz edərdim. “Qağayı” serialından
A.P.Çexovun adının
çıxarılmasına cəhd edərdim. Şəxsən mən bir azərbaycanlı olaraq görsəydim ki, hansısa bir əcnəbi ölkədə Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun,
Cəlil Məmmədquluzadənin,
Hüseyn Cavidin əsərlərini bu halda təqdim edirlər, onun nümayiş olunmaması
üçün əlimdən
gələni edərdim.
- Prodakşnların
hazırkı səviyyəsi
barədə nə deyə bilərsiniz?
– Azərbaycanda yeni nəsil prodüserlər yaranmaqdadır. Onları zaman yetişdirir.
İndi prodakşınların heç
bir dəstəkləri
də yoxdur. Prodüser filmin tək maliyyə tərəfini həll etmir. Prodüser generatordur, enerjiverici bir mənbədir. İstərdim ki, peşəkar
insanları bir masa ətrafına dəvət edib, bu mövzunu yenidən müzakirə edək. Prodakşnların yaşam həyatı
demək olar ki, yox səviyyəsindədir.
Bəzi prodakşnlar var ki, film yox, filmdən
pul çəkənlərdir.
Bu gün dövlətimiz
filmlərə maliyyə
ayıranda kino çəkilir, ayırmayanda
isə çəkilmir.
Bu isə bütün
bu sahənin inkişafı üçün
kiçicik hərəkətverici
stimuldur. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır.
“Zibil” cızma-qaralara necə maliyyə tapılır?
- Sizə maliyyə dəstəyi olsaydı, nə haqda film çəkərdiniz?
- Hazırda Mikayıl
Müşfiqin həyatından
bəhs edən psixoloji-triller janrında
45 seriyadan ibarət çoxseriyalı bədii
televiziya filminin layihəsi üzərində
işləyirəm. Bu iş
alınsa, böyük
ictimai rezonansa səbəb olacaq. Çünki burada zaman, tarix, məkan və keşməkeşli
insan taleyinin təzadları tamaşaçını
ekran başında saxlayacaq. Tamaşaçı arxivlərdən qaldırılmış, damarlarda
qanı donduracaq faktlar əsasında danışılan bir hekayətin şahidinə
çevriləcək. Gərək bununla əlaqədar hər yerə “xahişnamələr” yazım
ki, bu filmi
ekranlaşdıra bilim.
Dövlətimizin ayırdığı maliyyə dəstəyini belə mövzulara yönəltmək lazımdır.
- Çox zaman yerli seriallarda ideyalar da türk
və rus seriallarından götürülür...
- Serial çəkərkən bizim
mühiti bilmək, ona uyğun ssenari təklif etmək önəmlidir. Çox zaman rejissorlar Türkiyədən gələn
hadisələri bizə
adaptasiya edirlər.
Misal üçün, “Xəzər”
televiziyasında yayımlanan
“Həyat varsa” serialı qısa filmlərdən ibarətdir.
Dramaturji
hadisələrin Türkiyədən
gətirilərək Azərbaycan
həyatına mümkün
olmasa belə, adaptasiya etdirilməyinə
ehtiyac varmı? Əli Əmirli, Elçin Hüseynbəyli, Fehruz
Mustafa, Kamal Abdulla kimi
peşəkar dramaturqlarımızdan
lazımınca istifadə
olunmalıdır. Ssenari kino
istehsalının bir hissəsi, etapıdır.
Ona görə də bu sahəyə peşəkar dramaturq ssenaristlərin cəlb olunması vacibdir. Dramaturgiya özü bir peşədir. Bu, kinonun bir hissəsidir.
Ədəbiyyatı yaxşı bilən
gənc nəslimiz yetişir. Onlarla çox işlər
görmək olar.
Onlar ssenarist kimi formalaşsalar, uğurlu işlərin öhdəsindən
gəlməyi bacararıq.
Amma bu sahəyə aidiyyəti olmayan, işi bacarmayan, ssenari və dramaturgiya sözünün
mənasını anlamayan
insanlar bu gün bu işlə
məşğuldurlar. Ola bilər, desinlər
ki, Elşən Zeynallı özü
serial çəkmir deyə
belə sərt danışır. Əslində bu belə deyil,
yaxşı, mən çəkmirəm. Siz çəkirsiniz,
ancaq ortalıqda gözə dəyə biləcək elə bir nümunə yoxdur. Mən də çox
şeylər iddia edə bilərəm.
Gərək hər kəs
öz işi ilə məşğul olsun. Klipmeykerlər indi də
film çəkməyə meyillənib. Necə
ola bilər
ki, belə “zibil” cızma-qaralara maliyyə tapılır.
Bu gün Elçin Musaoğlu, Vasif Məmmədzadə, Əli
İsa Cabbarov, Tahir Əliyev, Vüqar Həmidov, Emin və kinorejissor
nəslinin bir çox nümayəndələri
istehsal olunan çoxseriyalı filmlərdə
rejissor deyillər.
Xəyal Rəis
Kaspi.-2013.-16 yanvar.-S.15.