“Mənim rəngim rənglərimin
əksidir…”
“Rəssamlıq müxtəlif
duyğuların rənglərlə bəzənərək istənilən
dildə danışdığı bir dünyadır…”
“Dünyadakı bütün prezidentlər rəssam
olsaydı yer üzündə heç vaxt savaş baş verməzdi. İnsanlar
ömürboyu toy-bayram ovqatında yaşayardı.”
Rəssam
Nəvai METİN-lə söhbətimiz çox səmimi
alınsa da, yazıma azacıq rəsmi başlamaq istədim…
Nəvai
Məmməd oğlu İbrahimov 1965-ci il
iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində
dünyaya göz açıb. 1972-1982-ci illərdə
Ağsatafa rayonunun Zəlimxan kəndində orta təhsil
alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika
fakültəsində ali təhsil alıb.
1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri
nümayiş olunur. Fərdi və
qarışıq sərgilərin
iştirakçısıdır. Bir
çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. “METİN-X”
reklam şirkətinin rəhbəridir. Bu yaxınlarda mərkəzi
Türkiyənin İzmir şəhərində yerləşən
Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilşisi
və Azəbaycan
Rəsim Komitəsinin başkanı seçilib.
-Nəvai bəy, həyatınızda
“ikililiklər” çoxluq təşkil edir. İki
ana, iki vətən, iki iş, canınız qədər
sevdiyiniz iki ölkə. (Azərbaycan-Türkiyə).
İki imza, üstəlik sosial şəbəkədə iki
pofil. Və bəlkə də hələ bizə məlum
olmayan digər ikiliklər… (sonuncu cümlə,
əlbəttə ki, söhbətimizin səmimi
alınmasına təkan vermək üçün idi).
Bütün bunlar bir təsadüfmü, yoxsa ikiliyi sevənlərdənsiniz?
-(gülür)
Öncə ondan başlayım ki, ən asası xasiyyətcə
ikili insan deyiləm. Belələrinə də
nifrət edirəm. Həyatımdakı
ikililiklərə gəlincə isə, təsadüfdən
yarananlar da var, zərurətdən doğanlar da. Hələ
lap körpə ikən anama kömək məqsədilə nənəm
məni öz yanına aparıb. Ağsatafanın Saloğlu kəndindən
Zəlimxan kəndinə . Elə
orada da böyümüşəm. Həyatımın
ilk ikiliyi də burdan başlayıb. Həm
ikinci anam, həm də ikinci vətənim yaranıb. Mən Ağstafada böyüsəm də
özümü Qazaxlı hesab edirəm, bu da bir ikilik. Çünki köküm İncə dərəsinə
bağlıdı. İşə gəlincə,
mənim hər zaman bir sənətim olub o da rəssamlıq.
Düzdür xüsusi bizneslə də məşğul
olmuşam. O da madiyyatımı qurmaqdan ötrü idi. Baxmayaraq o da elə rəssamlığın bir təzahürü
idi, ancaq, sona qədər özümü o işdə görə
bilmədim. Hazırda həmin işi
oğlum davam etdirir. Azərbaycan-Türkiyə
deyəndə isə, burda ikilik yoxdur ki. Dövlət
anlamında ikilik olsa da, bir millətik deyilikmi?! İmzam hər zaman Nevai İ. Məmmədoğlu
olub. METİN-X yaranandan sonra çoxusu məni Metin kimi tanıdı. Getdickə
də bu ad imzaya çevrildi.
-METİN-gizli
imzanız olsa da, artıq sirri çözülüb. Ancaq X-hələ də sirr olaraq qalır.
-Bəli,
dostlar bu sirri açıblar. METİN-
qızım Məruzə, oğlum Elbəy, Oğlum Təbriz,
sonda da İbrahimov Nəvai. Düzdür,
X-i heç bir zaman açıqlamamışam. Qoy sirr olaraq da qalsın.
-Bu
yaxınlarda sizə yeni bir vəzifə də həvalə
etdilər. Uluslararası Aktivist
Sanatçılar Birliyinin Azərbaycan Rəsim Komitəsi
başkanı və təmsilşisi seçildiniz. Əvvəlcə sizi bir daha bu münasibətlə
təbrik edirəm. Və xahiş edirəm
ki, birlik barədə ümumi məlumat verəsiniz.
-Uluslararası Aktivist Sanatçılar Birliyinin mərkəzi
Türkiyənin İzmir şəhərində yerləşir. . Türkiyədə
Birliyin üzvləri təkcə rəssamlar deyil. Orada rəssamlar,
musiqiçilər, şairlər , həkimlər, kaymakamlar,
stilistlər, emniyyət müdürləri, bir sözlə, ruhu oxşayan sənətlə
məşğul olan hər bir kəs var. Birliyin 30-dan
çox ölkədə nümayəndəlikləri var.
Birliyin çox maraqlı və bizimçün tam yeni olan bir
nizamnaməsi var. Heç bir siyasi məqsəd
daşımayan, tam sənət adına danışan bir
qurumdur. Nizamnamədə göstərilir ki,
birliyin məramı əməyin ən müqəddəs dəyər
sayıldığı, insanın insan tərəfindən
sömürülmədiyi bir barış dünyası,
farqlı rənglərdən, irqlərdən, dinlərdən,
dillərdən bir qardaş baxçası yaratmaqdır.
Bir “Dünya Sənət Mərkəzi”
oluşturmaqdır. Uluslararası
barış, sevgi, qardaşlıq, dostluq təməlində
qurulacaq işləri gücləndirmək, savaşa,
çevrə kirliliyinə qarşı çıxaraq sənətin
gücüylə xalqların sözcüsü olmaq, bu istiqamətdə
əmək və ürün verən sənətin hər
növündəki sənətçilərin
dayanışmasını təşkil edərək sənət
quruluşlarıyla ortak platformlar oluşturmakdır. İki ay olar ki, Birliyin Azərbaycanda da bölməsi
açıldı. Azərbaycan Rəsim
Komitəsinin başkanlığının tanıtımı
Atatürk mərkəzində keçirildi. Tədbirdə
Birliyin Genel Başkanı Ümit Yaşar Işıkhan,
Birliyin Resim Komitəsi
Başkanı rəssam-yazar Hülya Sezgin, millət vəkili
Nizami Cəfərov və bir
neçə sənətçi iştirak edirdi. Birliyin başkanı Ümit bəy
çıxışında çox gözəl
vurğulamışdı ki, “Toplumlar sadəcə ticarət və
siyasətdən ibarət olmamalıdır. Bir-birimizi tanımalıyıq. Bizi
sənətsal fəaliyyətlər də birləşdirə
bilər. Sənətçilər
çox önəmlidir, çünki onlar millətin ruhunu təmsil
edir. Millətin həm keçmişini, həm
də gələcəyini təmsil edir. Bizim
hədəfimiz dünya toplumlarına açılmaqdır.
Çünki onlar bizim barışdan, sevgidən və gələnəksəl
birlikdən yana olduğumuzu bilməlidirlər.
Biz bir birimizi tanıya bilərik, ancaq bizi ətrafımızdakılar
tanımır. Ona görə də biz
onlara gedəcəyik.” Bu sözlərlə
o birliyin məramını dəqiqliklə ifadə etdi.
Bəli biz çox vaxt sərgilərə, teatrlara, kinolara az adamın gəldiyindən şikayət
edirik. Birliyin bir məramı da odur ki, əgər
tamaşaçı sərgi salonuna, kansert salonuna, teatra gəlmirsə
demək sənətçi tamaşaçının
yanına getməlidir. O zaman tamaşaçı sənəti
daha tez anlayar.
Ancaq təəssüf olsun ki, Birlik burada hələ tam
fəaliyyətə başlamayıb. Bunun üçün
ilk öncə yerləşmək üçün yerimiz olmalıdır.
Ədliyyə Nazirliyində də qeydiyyatdan
keçməliyik. Ünvanımız olsa
birliyin işini, fəaliyyətini daha da genişləndirmək
mümkün olar. Bu istiqamətdə də
işlərimiz davam edir. Güman edirəm
ki, fəaliyyətimiz boşuna olmayacaq. Tezliklə
birliyin işini lazımi səviyyədə qurmağa müvəffəq
olacağıq.
-Belə bir Birlik bizimçün tam
yeni bir anlayış idi. Sizin birliklə
tanışlığınız necə oldu? Niyə
məhz başkan olaraq siz seçildiniz?
-2010-cu ildə ildə Trükiyənin İzmir Dövlət
Rəsm Qalerisində iki azəri, iki türk rəssamla birgə
sərgimiz olmuşdu. Mən, sərgidaşım
İlqar Əkbərov, Türkiyədən Nurullah Aydın və
Dizar Ercivan Zecirci
ilə . O sərgidə birliyin başkanı da
tamaşaçı kimi iştirak edirdi. Və biz orada təsadüfən
tanış olduq və
tanışlığımız qısa zamanda genişləndi.
Sonra bizi birliyin üzvlüyünə qəbul
etdilər. 2012-ci ildə birliyin Aydın
şəhərinin Qaracasu qəsəbəsində təşkil
etdiyi festivala da qatıldıq. Festivalda bir çox dövlətlərdən olan nümayəndələr
iştirak edirdi. Həmin festival həm bizim onları
tanımağımıza, həm də onların da bizi daha
yaxından tanımasına təkan verdi. Birliyin məqsədini, məramını daha
yaxından tanıdıq. Bir atalalar
sözümüz var, qardaşını
tanıyırsanmı deyir yoldaşlıq etməmişəm.
Düz 15 gün gecə-gündüz bir yerdə
olduq. Orada belə qərara gəldik ki, birliyin
Azərbaycanda da özəyi olsun. Azərbaycanın orada
ideoloq kimi nümayəndəsi Elçin İsgəndərzadədir..
Lakin Elçin bəyin işlərinin, səfərlərinin
çoxluğu ilə əlaqədar onunla tez-tez
görüşmək çətin olur. Ona
görə də Azərbaycanda təmsilçiliyi mənə
həvalə etdilər.
-Nəvai bəy, bəs Azərbaycanda
bu birliyə kimlər və hansı şərtlər
altında üzv ola biləcəklər?
-Mən
bu birliyin bir növ sözcüsüyəm. Yeni
qayda-qanunlar yaratmaq da mənim səlahiyyətlərimdə
deyil. Bu birlik Azərbaycan mədəniyyətinin
dünyaya inteqrasiya yoludur. Birliyə, şairlər, rəssamlar,
musiqiçilər, sözün həqiqi mənasında sənətlə
məşğul olan insanlar və sənətkarlar üzv ola bilərlər. Birliyin Genel
Başkanı Ümid Yaşar Işıkhan da şairdir.
Sözsüz ki, Azərbaycanda sənət adından
danışa biləcək yetərli qədər sənətkarlar,
istedadlı səxslər var. Əlbəttə ki, onların hər
biri birliyə üzv ola bilər. Burada könüllülük prinsipidir. Heç kəsi məcbur etmək olmaz, Bəzilərinin
adət etdiyi qonaqlıq, hörmət, dost-tanış,
xahiş-minnət kimi yaramaz hallar burda işə keçməyəcək.
Bura ancaq tam səmimi, bəşəri hisslərlə
yaşayan sənətkarlar üzv ola biləcəklər.
Bir rəssam dostumuz deyir ki, dünyadakı
bütün prezidentlər rəssam olsaydı yer üzündə
heç vaxt müharibələr, savaşlar baş verməzdi.
İnsanlar ömürboyu toy-bayram əhval ruhiyyəsində
yaşayardı. Təbii ki, burda bəşəri hisslərlə
yaşayan sənətçilərdən söhbət gedir.
Kürsüdə gödən bəsləyən, çəpik
çalan o
qədər şair , rəssam görmüşük ki.
-Türkiyə ilə Azərbaycanı
müqayisə etsək, sənətə, xüsusilə rəssamlığa
verilən dəyər çoxmu fərlidir?
-Əlbəttə ki, arada göylə yer qədər fərq
var. Türkiyədə sənətçilər, sözün
həqiqi mənasında, millətin ruhunu təmsil edir. Bu təmsilçiliyin
ardında heç bir maaddiyyat düşünülmür.
O ruhu təmsil etmək üçün də sənətçilərin
imkanları, iş şəraitləri
çox genişdir. Misal üçün elə
Aydındakı festivaldan danışmaq istiyirəm. Festival Qaracasu qəsəbəsinin Bazar meydanında
açıq havada təşkil olunmuşdu. İnanın ki, ora o qədər insan
toplaşmışdı ki, biz heyrətlənirdik. Uşaqdan tutmuş böyüyə qədər
festival barəsində eşidən hər kəs meydana üz
tutmuşdu. Rəsimlərə də
ötəri baxıb keçmirdilər. Hər
bir rəsmə xeyli müddət maraqla baxır, o rəsmi
oxumağa çalışırdılar. Onlar
təkcə əsərləri izləmir, əsərlərin
yaranma prosesi ilə də maraqlanırdılar. Həqiqətən
də hiss edirdin ki, insanlar bura baxmaq xatirinə yox, gözəllik
görmək, sənət görmək üçün gəlirlər.
Orada uşaqlar da sənətdən, sənətkartdan
doğru, düzgün baş çıxara bilir. Bir rəsmimin Quş adasında etüd
variantını işləyirdim. Yanıma
bir uşaq gəldi. Sevinclə anasına səsləndi
ki, anne-anne burda rəssam var. Mən işlədikcə o
yan-yörəmə keçib diqqətlə məni izləyirdi.
Uşaq o qədər sevgiylə baxırdı,
danışırdı ki, çəkdiyimi tərəddüssüz
ona bağışladım. Uşaq rəsmi
götürüb azı on dəfə çimərlikdə
dairə vurdu. Bu gün bizim ailələrdə
uşaqlara daha az şey öyrədirik. Uşaq evdə gördüyünü
götürür. Uşaqlarda sənətə
təbliğatı gücləndirmək lazımdır.
Onlara sənət sevgisini aşılamaq
lazımdır. Tanınmış sənətkarlar,
onların yaratdıqları barədə geniş məlumat
vermək gərəkdir. Bu uşağa
düzgün sənət seçimində də böyük
kömək olacaqdır.
Başqa bir misal çəkim. Türkiyədə rəssamların
sərgi təşkil etmələri üçün də
böyük maaliyyə vəsaiti tələb olunmur.
Orada Qalereyalar rəssamdan
heç bir vəsait tələb etmir. Onların
qazancı sonda rəssamın salona hədiyyə etdiyi bir əsər
olur. Birini də Qalereyanın rəhbəri
özü seçir. Rəssam iki işini
hədiyyə etməklə öz sərgisini təşkil
edir. Ama bizdə
hər gün üçün pul ödənilməlidir.
Ümumiyyətlə bizim pula olan sevgimiz
heç nə ilə müqayisə olunmaz. Təəssüf.
-Nəvai bəy, söhbətimizin səmtini
şəxsinizə, sənətinizə doğru dəyişmək
istəyirəm. Bilirik ki? rəssam
olmağınızı ailədə heç kim istəməyib.
Lakin siz bütün maneələri dəf etməyi
bacarmısınız. Rəssamlıqdan əlavə
şair, yazıçı da ola bilərdiniz.
Niyə məhz rəssamlığı
seçdiniz? Rəssamlığın sizin
üçün anlamı nədir?
-Rəssamlıq
məni seçdi desəm daha doğru olar. Elə
uşaq vaxtlarımdan rəsm çəkməyə,
gördüyüm gözəllikləri nəyəsə
köçürməyə, yaşadığım hissləri
kağız üzərində ifadə eyməyə can
atırdım. Ancaq hələ də
özümü rəssam hesab etmirəm. Rəssam
olmaq böyük məsuliyyətdir, böyük addır.
Mənimçün rəssamlıq müxtəlif
duyğuların rənglərlə bəzənərək istənilən
dildə danışdığı bir dünyadır. Düzdür, rəssamlıq çox bahalı sənətdir.
Şairə nə var ki, heç nə tapmasa da
adi salfetin üzərinə də yaza bilər, və yaxud da
heç yazmadan da yaddaşlarda qala bilər. Bir sadə portreti yaratmaq üçün ən
azı 30-40 manat lazımdır. Hər
zaman şairlərə söyləyirəm ki, sizin probleminiz
yoxdur. Ancaq rəssam istiyir ki, hər
hansı bir işə başlasın, baxıb görür ki,
məsələn, qırmızı rəngi yoxdur. Almağa imkanı da yoxdur. Vaz
keçməyə məcbur olur. Adam da var
ki, daxilən coşub, daşır ancaq çəkməyə
nə imkanı, nə də şəraiti. O zaman
içindəkini biruzə vermək üçün neftlə,
mazutla, qumla çəkir.
Digər bir tərəfdən isə dünyaya
çıxmaq şairdən çox rəssam
üçün daha asandır. Şairin dünyada
tanınması üçün yazdıqları mütləq
tərcümə olunmalıdır. Rəssam
əsərində isə tərcüməyə ehtiyac yoxdur.
Burada rənglər danışır. Türkiyədəki sərgilərin birində bir nəfər
rəsmimə çox diqqətlə baxırdı. Ona yaxınlaşıb bəyənib bəyənmədiyini
soruşdum. Bildirdi ki, çox gözəldir.
Rəsmin adını soruşdu məndən.
Söylədim ki, bu rəsmə hər kəs
özü ad verə bilir. O bildirdi ki, mən bu rəsmə
baxdıqda həyatın oyun olduğunu duyuram. Rəsmin
arxasını çevirdim, həqiqətən də
adı “Oyun həyat” idi. Fikirlərimiz tam
üst-üstə düşür. Ancaq
başqa biri isə o rəsm barəsində bambaşqa fikir
söyləyir.
-Bəzi
şairlər şeir yazmağı Allah vergisi kimi dəyərləndirir
və bunun
üçün mütləq ilham pərisi gəlməlidir
deyirlər. Bəziləri də isə şeir
yazmağı savadla, çoxlu mütaliyəylə əlaqələndirirlər.
Bəs rəssamlıqda necədir? Gözəl əsər yaratmaq üçün
hansı şərtlər gərəkdir?
-Bir dəfə
mənə bir sual verildi ki, əsərləriniz haqqında nə
deyə bilərsiniz. Cavabım belə oldu ki,
onu deyə bilərəm ki, onları mən çəkmişəm.
Rəssamlıqda mütləq bunu çəkməliyəm
prinsipi mümkün olan iş deyil. Mən hər hansı bir
digər iş görəndə qəfildən hansı əsərin
hansı hissəsində dəyişiklik etmək fikrinə
düşürəm. Dərhal özümü
evə çatdırıb o işi həyata keçirməliyəm.
Bir işə adaptasiya olmadan onu başlamaq
çox çətindir. Elə iş var ki, beynində
3-4 saat işləyirsən. Onu kətana
köçürməyə cəmi 10 dəqiqə vaxt
lazım olur. Ola bilər ki, bir mövzu
beyninə gələr, heç bir ilə də onu işləyib
qurtarmaq mükün olmaz. Şərait də
burada əhmiyyət kəsb edir. Bir də
gördün ki, hər hansı bir musuqimi, şeirmi səni
yaratmağa ruhlandıra bilər. Hətta
kədərlənəndə, ağır hisslər keçirəndə
də yaratmaq mümkündür. “Dunyanın
dağılması” rəsmim var. O rəsm Türkiyədə yaxın bir dostumun gözləmədiyim
bir hərəkətinin nəticəsində yaranıb. Fikirləşdim ki, bir dahi kimi
tanıdığım insanın bu cür hərəkətə
yol verməsi dünyanın dağılması kimi bir
şeydir. Həmin gün çox pis vəziyyətə
düşdüm və Dünyanın dağılması rəsmim
də o gün yarandı. Mənimçün
zamanın, məkanın, ampulanın əhəmiyyəti
yoxdur. Bəzən rayondan gələrkən
gördüyüm bir mənzərə məni çəkməyə
məcbur edir. Yol boyu beynimdə yalnız o
rəsmi canlandırıram. Həmin anda fikirləşdiyim
yeganə iş evə tez çatmaq olur. Evə
çatan kimi bir başa emalatxanama girirəm. Və beynimdəkiləri kətana
köçürürəm. Adətən
rayondan gələndə yorğunluğumu atmaq
üçün günlərlə yatdığım halda həmin
gecə gözümə yuxu girmir. Bununla həm
də bir növ dincəlirəm, rahatlıq tapıram. Hərdən fikirləşirəm ki, yaxşı
ki, rəssamlıq var. Elə ki, emalatxanama girdim bütün kədərimi,
hirsimi unudub rənglərin dünyasına qərq oluram.
Ora mənim qapalı dünyamdır. Orda
özümü rahat ve özgür hiss edirəm. Bir söz var , deyir sən mənim hara
baxdığımı deyə bilərsən amma nə
gördüyümü deyə bilməzsən. Orda nə hiss
keçirdiyimi ancaq özüm bilirəm.
-Sifarişləriniz olurmu? Ümumiyyətlə, sifarişlə yaranan əsərdə
sənətdən danışmaq nə dərəcədə
düzgündür?
-Bəli,
sifarişlər də götürürəm. Bu
sifarişlər maaddiyatımı təmin etməsə də,
sənətimin inkişafında mənə kömək olur.
Kətan, boya, fırça, çərçivə
və sair ləvazimatlar almaq üçün sifariş
götürmək də gərəkir. Əlbəttə
ki, çəkdiyim hər bir rəsmdə sənətdən
danışmaq olar. Sənətkar
yaratdığı hər bir əsərə ürək
qoyur. Ürəkdən gəlməsə də, ürək
qoymadan yaratmaq mümkün olası iş deyil. Ürək
qoyulan hər bir işdə də sənət
danışır. Və bir şey də var ki, ressamlıqdan
qazandığım 10 manat biznesdə qazandığım 100
manatdan şirindi mənə.
-Hansı mövzuda, hansı
üslubda daha çox yaradırsınız və sizin
üçün daha çox dəyərli olan əsəriniz
hansıdır?
-Özümə
yaxın hiss etməsəm heç bir mövzuda çəkə
bilmərəm. Bəyənmədiyim bir
mövzuda necə çəkə bilərəm axı.
Üsluba gəlincə, daha çox realist
üslubda çəkirəm. O üzdən çoxu mənim
əsərlərimdə doğmalıq tapa bilir. Digər üslublarda da işlərim olsa da realist
üslub mənə daha yaxındır. Abstrak
şəkillərdə də fikir demək olur. Ən azınnan rəssam nə demək istədiyini
özü bilir, baxan anlamasa da. Ancaq elə
fikirləşirəm ki, abstrak əsərlər bir ad
altında çəkilməlidir, “Yuxu”. Çünki
abstark çəkilənlər reallıqda mümkün
olası işlər deyil. Mənimçün abstrak rəsimdən
ağ kətan daha maraqlıdır. Bir dəfə sərgiyə baxırdım. Divarda çərçivəsiz boş kətan
asılmışdı. Fikirləşdim
ki, yəqin kiminsə işinin yeridir, gətirib asacaqlar.
Yaxınlaşanda gördüm ki, kətanda rəssamın
da, işin adı yazılıb, “Sənsiz”. Bax mənimçün
o düm ağ kətan abstraksionistlərin
işindən daha çox məntiqli gəldi. Rəssamlıqda
fikirləşmədən çəkilmiş, tam təsadüfdən
yaranan əsərlər də var. Bu hallar məndə də
olur. Rəngləri qarışdıranda
da gözlənilmədən bir rəsim çıxır
ortaya. Dəyərli əsərimə gəldikdə
isə, bütün əsərlərim mənimçün dəyərlidir.
Çünki onların hamısını mən
çəkmişəm.
-Nədənsə mənə elə
gəlir ki, “Ana” əsriniz bir ayrıcalıq təşkil
edir.
-Bəli,
Ana rəsmim ayrıca bir aləmdir. Anam (məni 6
aylığımdan ana nənəm saxlayıb
böyüdüb) 94 il yaşadı. Heç zaman eşitmədim ki, kiminsə barəsində
pis bir söz danışsın. Anam məni
çox ərköyün böyütdü. Bir kimsənin
ixtiyarı olmazdı ki, onun yanında mənə güldən
ağır bir söz desin. Əziz xələf
övladı olmuşam. Yeməyimə qədər
nazımı çəkirdi. Anamın tərbiyə edib
böyütdüyü bütün uşaqlar ali
təhsil alıb. Mən instituta daxil olan il
instituta qəbul olanların evlərinə təbrik məktubu
yazırdılar. Mən də imtahan verib kəndə
getmişdim, evimizə məktib gəldi. Məktubu
görəndə əvvəlcə qorxdum, açanda
gördüm ki, anama təbrik yazıblar. Sevinclə
məktubu aparıb anama verdim. O məktubu
götürüb bütün kəndi gəzdirirdi. Hər kəsə də deyirdi ki, indiyə qədər
heç bir balam mənə məktub gətirməmişdi.
Əziyyətinin mükafatını
almışdı sanki. Dünyasını
dəyişən günə qədər ən çox mənim
yanımda yaşadı. Bizdə özünü
çox sərbəst hiss edirdi. Bu gün də
onun xatirəsi mənimçün çox əzizdir və
sona qədər də əziz olacaq. Kənddə
onun xatirəsini əbədiləşdirmək
üçün bulaq tikmişəm. Sədət
bulağı. Adı Səadət olsa da kənddə
hamı ona Sədət ana deyirdi.
-Daxilinizdəki
fırtınanı yalnız rəsm çəkməklə
söndürüsüz, yoxsa arada şeir yazmağınız
da var. Nəzərə alsaq ki, şeiri heç də rəsmdən
az sevmirsiz.
-Yox
şeir yazmıram. (gülür) şəkil
çəkmək elə şeer yazmaqdı da. Şeer
hara mən hara. Ramiz Rövşənin tələbə
yoldaşı eşidəndə ki, Ramiz şeer yazır, deyib
ki, ola bilməz, o ağıllı
oğlanıydı axı…
-Yazmırsınız yoxsa, gizlədirsiz?
-Mən
heç rəsim çəkmirəm ki, cızmaqara edirəm.
O ki, qaldı şeir yazam. (müsahibimi
danışdırmaq elə də asan olmasa da, güclü
yumor hissinin olması köməyimə çatır) Bir dəfə dostlarım zəng vurub soruşurlar
ki, şair necəsən. Məttəl
qaldım ki, nə şair, nə danışırsız.
Dedilər ki, bəs qəzetdə şeirin
çap olunub. Dostum şair İbrahim
İlyaslı mənə bir şeir yazmışdı.
“Ay Nəvai,
bilirsənmi,
Nədir
mənim davam sənnən,
Dost-dostuyla
nəfəs alar, -
Şəriklidir havam sənnən.”
Həmin vaxtlar da İbrahimlə İrana getməliydik. Elə
alındı ki, o gedə bilmədi və mən tək gedəsi
oldum. Araz boyu getdikcə gördüyüm
mənzərələr məni çox təsirləndirmişdi.
Elə ordaca bir şeir keçdi ürəyimdən.
Bu İbrahimin mənə yazdığı
şeirə bir cavab kimi səsləndi.
Ay
İbrahim, bilirsənmi,
Araz boyu nələr
gördüm,
o
dağları bizə sarı
ağlar
baxar, mələr gördüm.
Biz
qurbanı olammadıq,
bir
başına dolanmadıq,
çiçəyini yolammadıq,
həsrət əyən güllər gördüm.
Arazın
suları gurdur,
damarımda qanım durdu.
Elə
bil ildırım vurdu,
Alovlanan çöllər gördüm.
Dostumuz Həmid Ormanlı da hər iki şeiri qəzetdə
yan-yana çap etdirmişdi. Mən şeir
yazmıram. Heç fikrim də yoxdur.
Ancaq gözəl şeiri, nəinki şeiri,
gözəl deyilmiş, yazılmış hər bir
sözü oxumağı, dinləməyi çox sevirəm.
-Bildiyimə
görə oğlunuz Təbriz də şeir yazır. Ancaq nədənsə onun şeirlərinə mətbuatda
rast gəlmirik.
-Bəli,
oğlum Türkiyə türkcəsində şeir yazır. Elə ən çox da Türkiyə türkcəsində
yazmağını bəyənirəm. Çapına
ona görə izin vermirəm ki, mütləq əvvəlcə
maddiyyatını qurmalıdır. Deyirəm
ki, yaz saxla, zamanı gəlincə çap etdirərsən.
Mən də bir ara maddiyyata görə sənətdən
uzaqlaşdım. Məni sənətə
qaytaran Əbülfəz Elçibəy oldu. O zamanlar mənim
1988-ci ildə şəhriyar əsərim hansısa mətbuat
orqanında çap olunmuşdu. Elçibəy
o rəsmi görüb rəssamı axtarmışdı.
O vaxtlar mən rəssamlar ittifaqının üzvü də
deyildim. Bir gün
profesor Mürsəl Həkimov Elçibəyin
yanında olub və bəy ondan məni soruşub. Mürsəl müəllim də məni
yaxşı tanıdığını bildirib. Günlərin
birində Mürsəl müəllim dedi ki, bəs bəy səni
görmək istiyir. Düzdür, əvvəlcə
inanmadım. Bildirdim ki, bəy hara, mən
hara. Dedi ki, sənin əsərini görüb və səninlə
görüşmək istiyir. Yaxşı
yadımdadır, cümə günü idi, BAB-ın
toplantısı vardı. Toplantıdan
qabaq görüşdük. Məndən
soruşdu ki, təzə hansı əsərlərin var. Mən
də cavab verdim ki, mən artıq rəssamlıq etmirəm,
şəxsi bizneslə məşğulam. Bəy mənə bildirdi ki, maaddiyyatını
qurmağını çox bəyənirəm və
alqışlıyıram. Ancaq o maddiyat mənəviyyatına
xidmət etməldir. Əks təqdirdə
mənəviyyatın cılız qalmış olar. O
görüüş mənim həyatımı dəyişdi
və mən yenidən sənətə qayıtdım. İndi Elçibəyin həmin sözlərini
öz övladlarıma nəsihət edirəm. Qoy Təbriz də maaddiyyatını qursun, sonra
şeirlərini, kitablarını çap etdirsin.
-Bir
qədər də, qarşıdakı planlarınızdan, həyata
keçirmək istədiyiniz işlərdən
danışardınız. Əlbəttə ki, sirr deyilsə…
-Çox
istiyirəm ki, xüsusi bir emalatxanamı deyim, qalereyamı
deyim, ofismi deyim, ümumiyyətlə, sənətçilərin
toplanması üçün xüsusi bir yerimiz olsun. Düzdür,
öz həyətimdə balaca bir emalatxanam var. Ancaq ora daha
geniş formada işləmək, qonaqları qarşılamaq
üçün elə də əlverişli deyil. Elə bir
yerimiz olsa yaşından və peşəsindən
asılı olmayaraq rəsm çəkməyi sevən hər
bir kəs bizimlə işləyə bilər. Həmçinin,
tələbələr də yetişdirmək, öyrətmək
mümkün olar. Balaca bir torpaq sahəmiz belə olsa orada
özümüzə yer-yurd qurmağımız mümkün
olar. Bununla bağlı bir neçə ünvana müraciət
etmişəm. İnanıram ki, məni naümid
qaytarmayacaqlar.
Yanvar ayının 26-dan fevralın 10-a kimi mənim
Ankarada sərgim olacaq. Birliyin orada bir üzvü var, Savaş
Simitli. O əməkli
əmniyyət müdiridir. Türkiyənin
yeterincə tanınmış rəssamıdır. ANTİGONE Sanat evinin sahibidir. Məni
Ankaraya sergiyə də o dəvət edib, sağolsun.
Birliyin də bir neçə yeni planları var.
Bu yaxınlarda Birliyin Amerikada,
Gürcüstanda sərgiləri keçirilməsi gözlənilir.
Bu sərgilərdə bizim də
iştirakımız olmalıdır.Məni Ankaraya daha bir sərgiyə
də dəvət ediblər. Çox arzu
edirəm ki, birliyin Azərbaycanda da festivalını təşkil
edək. Təəssüflər olsun ki,
bununçün böyük miqdarda maaliyyə vəsaiti tələb
olunur. Biz
indiyə qədər bütün festivallarda, sərgilərdə
öz maaliyyə gücümüz
hesabına iştirak etmişik. İstərdim
ki, bu işə dövlət səviyyəsində, nazirlik səviyyəsində
baxılsın, festivalın keçirilməsinə köməklik
göstərilsin. Ümid edirəm ki, məsul şəxslər
bu işə çox müsbət yanaşacaqlar,və yaxın zamanda Uluslararası Aktivist
Sanatçılar Birliyinin Azərbaycanda böyük bir
festivalının keçirilməsinə köməklik edəcəklər.
Rumiyyə MİRASLAN
Kaspi.-2013.-18 yanvar.-S.15.