Mustafa Topçubaşovun
Nobel almasına kim mane olub?
“Erməni barmağı” olmasaydı, o, bu mükafatı köməkçisi
Qəhrəman Qəhrəmanovla
birgə almalı idi
“Mustafa Topçubaşov görkəmli alim-cərrah
olub. Dünya tibb elmində
bir sıra yeniliklər məhz bu alimin adı
ilə bağlıdır.
O, həmçinin sadə
bir insan kimi sevilib. Ancaq zamanında
ona çox mane olublar”. Azərbaycanda
tibb təhsili və səhiyyənin təşkilatçısı, cərrahlıq elmi məktəbinin banilərindən
biri, SSRİ Tibb Elmləri Akademiyasının
akademiki, Sosialist Əməyi Qəhrəmanı
Mustafa Topçubaşov haqqındakı
bu fikirlər redaksiyamıza telefon açan Rövşən
Rüfətoğlu Eyyubovun
dilindən səslənib.
Manual terapevt kimi çalışan R.Eyyubov
“Kaspi”nin müxbirilə görkəmli
cərrah haqqında nənəsi Sayad Biləndərlidən və
dövrünün adamlarından
eşitdiyi, o cümlədən,
M.Topçubaşovun bioqrafiyasında
yer almayan bir sıra məqamları
bölüşüb.
Narkozsuz əməliyyat
«Nənəm Sayad
Biləndərli həkim
olub. Valideynlərim dövlət işində
çalışırdılar. Ona görə də mən 4 yaşımdan nənəmin himayəsində
böyümüşəm. Nənəmin dilindən və onun yanına
gələn xəstələrdən
Mustafa Topçubaşov haqqında
maraqlı söhbətlər
eşitmişəm” deyən
R.Eyyubov görkəmli
cərrah haqqında eşitdiklərini danışır:
“Mustafa Topçubaşov hələ
Kiyev Universitetinin tibb fakültəsində oxuyanda, o, həndəsə
və riyaziyyatla dərindən maraqlanıb.
Topçubaşovun necə bir alim olacağı onun oxuduğu illərdə özünü
göstərib. Təhsil aldığı
illər ölkədə
siyasi mübarizələrin
kəskinləşdiyi dövr
olub. Oktaybr inqilabı da
həmin illərə
təsadüf edib.
Ancaq bu çətinlik onun nə mükəmməl
təhsil almasına, nə də mükəmməl insan kimi formalaşmasına
mane olmayıb. O zaman
Kiyevdə qalmaq və oxumaq təhlükəli olsa da, bir çox
tələbələr bu
çətinliyə tab gətirməyib
geri dönsələr
də, o, dözüb.
Aldığı təqaüdlə dolanıb. Nəhayyət, 1919-cu ildə institutu
başa vuraraq Bakıya qayıdıb.
İlk dövlət universitetinin açılışı
da həmin il baş
verir. Gənc həkim universitetin
yeni yaranmış tibb fakültəsində birinci azərbaycanlı müəllim kimi çalışıb”.
Sonralar isə M.Topçubaşov tibb elminə daha dərindən yiyələnmək
üçün 1926-cı ildə Almaniyaya yollanıb. Uzun müddət Almaniyada
qalıb. O, həndəsi
hesabla insan bədəninin onurğa sütununun bərpa edilməsini öyrənib.
Onun müalicəsi cərrah əməliyyatı zamanı
heç bir əsəb toxumasına, heç bir damara ziyan dəyməməklə
həyata keçirilirdi.
19-cu əsrdə tanınmış
alman alimi İosif Gertl qadın onurğası ilə kişi
onurğasının fərqli
xüsusiyyətlərini üzə
çıxarmışdı. Topçubaşov Almaniyada olanda
həmin alimin tədqiqatlarını dərindən
mənimsəyir. Çünki alman aliminin mühazirələri, kitabları
dünyada çox qəbul olunurdu. Topçubaşov Azərbaycana qayıdandan
sonra həmin biliyə əsaslanaraq
1938-ci ildə unikal bir əməliyyat həyata keçirib.
Xəstə bir qadının
çürüyən böyrəyi
üzərində elə
əməliyyat aparıb
ki, onun heç bir əsəb toxuması zədələnməyib. 1941-ci
ilə qədər
Mustafa bəy böyrəyi
əməliyyat olunan qadını diqqətdə
saxlayıb və uzun müddət ərzində onda heç bir problem yaranmayıb.
Mustafa Topçubaşov minlərlə insan üzərində uğurlu
əməliyyatlar aparıb. Bu uğurlarına görə,
görkəmli cərrah
1953-cü ildə Stalin mükafatına
layiq görülüb.
Topçubaşov yeni kəşflər
haqqında fikirləşirdi.
Onu ən çox düşündürən insanlar
üzərində narkozsuz
əməliyyat aparmaq
təcrübəsinə yiyələnmək
idi.
Efir-yağ
qarışığı
Müharibə
illərində və ondan qabaq da çoxlu insanlar narkozla
aparılan əməliyyatdan sağ çıxmırdı. Topçubaşov
ümumiyyətlə, narkozun tamamilə sıradan
çıxması üçün
çalışırdı. O, həmçinin onurğa
sütununda əməliyyatın narkozsuz aparılması
üçün yollar axtarırdı. Topçubaşovun
1937-ci ildə kəşf etdiyi yeni preparat - efir yağı ilə
bitki yağlarının riyazi hesablarla eyni miqdarda
qarışdırılması alimin dərin tədqiqatlarının
nəticəsi idi. Efir-yağ qarışığı
inyeksiyaları həm də öddaşı xəstəliyinin
sancıları, travmatik şok, qıcolma hallarında,
müalicə və doğuş zamanı
ağrısızlaşdırma vasitəsi kimi istifadə
edilirdi. Bu üsul narkoz zamanı meydana gələn bir sıra
mənfi halların, məsələn, dərin narkoz yuxusunun,
qanda narkotik maddələrin toplanmasının aradan
qaldırmasına görə geniş tətbiq olunmağa
başlanır. Topçubaşov anelgeziya üsulunu musiqi ilə
birlikdə həyata keçirib. Əməliyyatın bu
qeyri-adi üsulu çox sayda xəstələrin həyata
qayıtmasına imkan yaradıb. O, həmkarlarına da bu
üsulu öyrədib.
Müharibə
bitəndən sonra - 1945-ci ildə SSRİ Xalq Səhiyyə
Komissarlığı Elmi Tibbi Şurası tərəfindən
Farmakologiya Komitəsinin iclasında alim-cərrahın
hazırladığı efir-yağ
qarışığının "Analgezin" adı
altında istehsal edilməsinə icazə verilir. Beləliklə,
“Analgezin” satışa buraxılır.
Nobel mükafatına maneə
«Analgezin»in
yaradıcısı kimi Mustafa Topçubaşovun adı Nobel
Komitəsində tanınırdı. Lakin özü bu haqda 25
il sonra eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi
məktub gəlir. Nobel Komitəsi alimə müraciət edərək
özü haqqındakı bütün məlumatları komitəyə
çatdırmasını yazırdı. Topçubaşov da
özü haqqında sənədləri toplayaraq komitəyə
göndərir. Lakin bu dəfə bədxahların siyasəti
öz işini görür. Ona görə də Nobel
mükafatını Topçubaşova vermirlər. O, bu
mükafatı köməkçisi olan cərrah Qəhrəman
Qəhrəmanovla birgə almalı idi. Topçubaşovun bu
mükafatı almasına ermənilər mane olur. O zaman
SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni
çalışırmış. Həmçinin onlar Nobel
Komitəsinə də yol tapıblar. Burada siyasi məsələlər
vardı. Amma Topçubaşov siyasətdən uzaq adam idi. Bəlkə
onun üçün heç mükafatın da əhəmiyyəti
yox idi. Müalicə edib həyata qaytardığı xəstələrin
təşəkkürü onun üçün ən
böyük mükafat idi.
Qaranlıq məqamlar
Müsahibimiz
davam edir: “Mustafa Topçubaşovun oğlu İbrahim
Topçubaşov haqqında nənəmin və atamın
dilindən çox sözlər eşitmişəm. O zaman
İbrahim Topçubaşov haqqında da mətbuatda heç
nə yazılmırmış. İbrahim bəy özü
bunu xoşlamırmış. Atamın İbrahim
Topçubaşovla çoxlu fotoları var. Sovet
dövründə əsli-nəcabəti bəyliyə,
xanlığa söykənən adamlar bir-biri ilə yaxın əlaqədə
idilər. Topçubaşovlar aristokrat nəsli olub. O cümlədən,
biz də xan nəslindənik. Atam 1990-cı ilin sonlarında
«Neft kadrları uğrunda» qəzetinin baş redaktoru idi. O,
İbrahim Topçubaşov haqqında qəzetdə məqalə
yazdı. Ancaq buna görə çoxlu təzyiqlərə məruz
qaldı. Onda siyasi proseslər indiki kimi deyildi.
Mən o
zaman Moskvada idim. Sonra atam qəflətən
vəfat etdi. Mən onun qəfil ölümünün səbəbini
başa düşmədim.
Dərhal Bakıya gəldim.
Ancaq onun dəfnini özüm təşkil edə bilmədim. Artıq onu dəfn etmişdilər”.
90-cı illərdə ölkədə gedən siyasi proseslər çox görkəmli insanların nəinki qarşısına sədd
çəkir, onların
fəaliyyətinə mane olur,
həmçinin gələcək
nəsillər üçün
onların həyatları
haqqında məlumatları
da qaranlıq saxlayırdı. Elə bu üzdən,
Topçubaşov kimi
görkəmli şəxsiyyətlərlə
bağlı bir sıra məqamlar qaranlıq qalıb.
Təranə Məhərrəmova
Kaspi.-2013.-24 yanvar.-S.15.