Tənhalıq bilməyən şair
Yevgeni
Yevtuşenkonun Amerikadan Moskvaya gəlişi Maqnitski qanunu ətrafında
yaranan qalmaqallı günlərə təsadüf edib. “Uzun ayrılıqdan sonra vətənin
tüstüsü sizin üçün xoşagələndir?”
sualından ani təsirlənən şair “Moskovskiy
komsomoletc”-in suallarını həvəslə
qarşılayıb.
İnsanları
birləşdirən dəyər
-
Xeyirxahlıq hələ bizim insanlarda tükənməyib. Ədəbiyyata müraciət edək. Sizin
fikrinizcə, insanlarda poeziyaya maraq itib?
- Üç il bundan əvvəl
mən Volqa üzərində, Qruşinski festivalında 42 min
insan qarşısında çıxış etdim. Bu, bizim ən yaxşı festivallarımızdan
biridir. Televiziyalar isə ordan qısa
reportajlar verdilər. Festivala gələn
müxtəlif nəsillərin adamları cürbəcür
mahnılar eşitdilər. Mən heyrətə
düşmüşdüm. Mənim 55-ci
ildə yazdığım SSRİ və Almaniya
arasındakı futbol oyunu ilə bağlı şeirim var. Ora
veteranlar, qolsuz-ayaqsız, şikəst insanlar gəlmişdilər.
«Almanları vur», «Biz qisas alırıq” sözlərini
qışqırırdılar. Oyun
çox maraqlı idi. İnsanlar utanaraq
özlərinin aqressiv çağırışlarını
gizlətdilər. Lev Yaşin öz əlcəklərini
alman qapıçısı Fris Valterə hədiyyə etdi.
O zaman minlərlə insanın səsi stadiondan ucaldı. İnsanları birləşdirən, onları bir
araya gətirən dəyərlər var.
- Jenya, siz təkcə
vətəndaş deyilsiniz, hər şeydən əvvəl
şairsiniz. Keçən il Nobel
mükafatının nominantı olmusunuz. Kim sizi
nominant edib?
- Belə bir tarixçə var. Mən bu
yaxınlarda yeni «Dora Franko» poemama görə İtaliya PEN
klubunun mükafatını almışam. Bu mərasimi
İtaliyada keçirdilər. Sonra kitab
italyan dilində dərc olundu. Mən onu
İtaliyada italyan dilində oxudum Amma Rusiyada kitab hələ
“raskrutka” olunmayıb. Dora – real qəhrəmandır.
Mən latınamerikalı gözələ hələ
1968-ci ildə ilk şeirimi yazmışam. Onda mənim gələcək arvadım Maşa
uşaq bağçasına gedirdi. Ona
görə də o, məni bu məhəbbətə görə
qısqanmadı. Doranın taleyi həm
sevincli, həm də faciəlidir. Sevinirəm
ki, buna görə italyanlar mənə mükafat verdilər.
Bu, mənim 12-ci ədəbi
mükafatımdır. Heyrətlənmiş
italyan yazıçıları məni öz PEN
klublarının həqiqi üzvü seçdilər. Nobel mükafatı üçün də onlar məni
irəli çəkdilər.
- Yəqin
ki, onlar sonradan kədərləndilər. Mükafat
Çin yazıçısına verildi.
- Amma PEN klub bu il məni
yenidən nominant etmək məqsədindən əl çəkməyib.
Mən gülərək onlara: «Axı, mən italyan deyiləm»
deyəndə cavabında eşidirəm: «Sən italyansan».
- Siz hələ
italyan dilində də ünsiyyət qurursunuz! Sizin
temperamentiniz açıq, heyrət doğurandır. Siz
onlara nə qədər doğmasınız! Nə
qədər dil öyrənə bilmisiniz?
- Ola bilsin ki, 6 dil öyrənmişəm.
Mən poliqlot deyiləm. Danışıq
zamanı hansısa səhvləri də buraxa bilərəm.
«Dora»nı oxuyanda italyanlar mənə dedilər
ki, sən tələffüsdə bir dəfə də səhv
etmədin. «Dora Franko» hazırda ispan dilinə
çevrilir. İndi isə mən onu
Moskvada öz doğma dilimdə oxuyacağam.
Daxili
dünyamızı dondurmuşuq
-
Ümid edirəm ki, Rusiyada sizin etiraf poeziyanızı daha
çox qiymətləndirəcəklər. Yəqin ki, bu
intonasiya daha açıq səslənir.
- İndi etiraf yazıram.
Deyirəm ki, mən hələ etiraf etməmişəm.
Həmçinin kinoya qayıtmaq niyyətindəyəm.
Mən «Göyərçin və Santyaqo»
poemasını yazanda hesab edirdim ki, bu, mənim ən
yaxşı işimdir. O, bir çox gənc insanları
intihardan qurtardı. Amma indi intihar yeniyetmələr
arasında epidemiya kimi yayılıb. Fellini mənim
poemamı italyan dilində oxuyanda mənə zəng vurub dedi
ki, sən ssenari yazmısan, bunu ancaq kinoya çevirmək
olar. Müxtəlif ölkələrdən mindən
çox məktub aldım. Bişkekdə
olanda bir kitabxanaçı mənə yaxınlaşaraq «Mən
sənin poemanla xilas oldum» deyə bildirdi. Mənim
axırıncı şeirlərimdən biri hündürmərtəbəli
evin damından özünü atmaq istəyən iki qız
haqqındadır. Sonradan onlar ani olaraq
aşağı eniblər. Axı, o qızların elə
də uğursuz taleləri yox idi: zorlanmamışdılar,
narkoman deyildilər. Onlar sadəcə, mənəvi
boşluq hiss edirdilər. Bunda nə cinayət
var? Biz böyük insanlarıq. Başa düşürük ki, onların qəlbini
ideallarla doldurmağa kömək etməliyik. Amma ideologiya ilə yox. Rəsmi
ideologiya - bu, idealın ölümüdür. O həyatı
darıxdırıcı, maneəli edir. Biz
çoxdandır ki, bundan yaxa qurtara bilmirik. Biz qarşılıqlı demonizmlə məşğuluq.
Bir-birimizə şeytanlıq edirik. Nəticədə həyatımızı zəhərə
çeviririk. Bizi nə xilas edə bilər?
Ona görə şeirlərimizdə daha
çox ürəyimizi açmalıyıq. Biz qəlblərimizi bağlamağa
başlamışıq. Bir də
başımıza gələnləri çox nadir hallarda
başqaları ilə bölüşürük. Öz daxili dünyamızı sanki dondurmuşuq.
Bu, təkcə şairlərin problemi deyil,
bütün cəmiyyətin problemidir.
- Prinsipcə
siz haqlısınız. Ancaq hər kəsin əhval-ruhiyyəsi,
mənəvi narazılığı hakimiyyətin hansısa mənasız
qərarlarından, qanunlarından qaynaqlanır.
- Ən asan üsul «Yeşik»
qarşısında oturub hakimiyyəti söyməkdir.
Amma nə üçün nə səndən,
nə də məndən konkret təkliflər eşitmirik?
Biz ilk dəfə bunu Soljenitsından eşitdik.
Amma nə ölkənin yeni xilas layihələri
haqqında, nə də ümumxalq müzakirələrini
eşitmədik. Bizdə nədənsə
ölkənin iqtisadi inkişafını mənəvi cəhətdən
dağıtmaq qəbul olunub. Əlbəttə, cəmiyyət
təkcə ziyalılardan ibarət ola bilməz.
Peşəkarların da işi hiss olunmalıdır. Mən hərdən öz siyasətçilərimizi
eşidəndə aydın olur ki, onlar hətta, hansı cəmiyyəti
qurduğumuzu da bilmirlər. Bax, bu
qızlar - həyatdan getməyə qərar verənlər -
özlərini lazımsız hiss ediblər. Onlardan biri
yazıb: «Məncə həyat mənsiz daha gözəl
keçər...»
- Bizim cəmiyyət
mənəvi baxımdan rəhmsizdir...
- Məsələ də bundadır. İndi bizdə sürətli savadsızlaşma
prosesi gedir. Həssaslığı
itiririk. Bu bizim üçün çox əhəmiyyətli
məsələdir.
İstedadlı
şeirlərdən yan keçə bilmərəm
-
Yevgeniy Aleksandroviç, siz nə qədər
yaralarımız haqqında danışdınız, amma
ümumi iş öz yerində qalır. Şəxsən
biz Antraktida buzlarını əridə bilmərik.
Siz 23 il ərzində 10 əsri əhatə edən
rus poetik obrazlarını toplayaraq beş cildlik rus
antologiyasını nəşrə
hazırlamısınız. Cəsarətli
addımdır. Qurmaq, rus poeziyasının nəhəng
heykəlini ucaltmaq…
- Antologiya üzərində iş şəxsən
mənim özümü dəyişdirdi. Mənim
əlimə hələ Stalin dövrünün 1925-ci ilə
aid köhnə antologiyası düşəndə heyrətləndim.
Baxmayaraq ki, Svetayeva emiqrasiyada idi, tərtibçilər
hansısa möcüzə nəticəsində onun şeirlərini
çap etdirmişdilər. Qumulyov güllələnərək
həyatdan getmişdi, ancaq kitabda onun şeirləri vardı.
Bu, mənim üçün bir kəşf idi.
Mənim «Əsrin strofikası» adlı ilk
antologiyam 1995-ci ildə çap olundu. Mən
onun üzərində hələ Brejnevin dövründə
işləməyə başladım. Parisə
getdim, emiqrantlarla görüşdüm, gözəl şair,
intellektual insan Georgi Viktoroviç Adamoviçlə söhbətləşdim.
O, məni heyrətləndirdi. Birdən mənim şeirlərimi
əzbərdən dedi. Heyrətini gizlətmədi: «Necə
gözəl yazılıb, necə maraqlı səslənir». Bilirsinizmi, poeziya siyasətdən yüksəkdədir.
O, birləşdirir. Ayırmır. 60-cı ildə poeziyanın antologiyası ideyası
yarananda o, bütün əsrə aid idi.
- Hazırda
antologiyanın vəziyyəti nə yerdədir?
- Antologiya 11-ci əsrdən - «İqor polku
haqqında dastan»dan başlayır. Min səhifəlik
birinci cild Puşkinlə bitir və tərtibata
hazırdır. Biz Vladimir Radzişevski ilə
eyni zamanda iki cildi buraxmaq istəyirik. İkinci
cild Sluçevski ilə bitir.
Üçüncüsü Blokla, Axmatova ilə
başlayır…
-
Müasir şairlərdən kim bu
antologiyaya düşəcək? Kim görkəmli
şairlərin izini davam etdirməyə layiq olacaq?
- Mən ümumiyyətlə, bu nəşri
“təkcə böyük şairlər üçün”
deyib, sıralamıram. Bəziləri dörd, bəziləri
isə ikimisralı şeirlərlə təmsil olunub. Gilyarovski ümumiyyətlə, şair deyil. Ancaq onun gözəl və aktual beytləri var. Əyalətlərdən
də yaxşı şairlər var. Mən istedadlı
şeirlərin müəlliflərindən yan keçə
bilmərəm.
Məgər
keçmişi dəyişmək olar?
- Siz
geniş qəlbli adamsınız. Yəqin ki,
arvadlarınız – mənəvi dünyanızın əsas
hissəsidir.
- Əlbəttə ki, belədir.
Mən hər arvadımı ürəkdən
sevmişəm. Onların heç birindən
boşanmaq istəməmişəm. Mənim
belə bir xüsusiyyətim var, yəqin ki, bu, qadınlar
üçün asan deyil - mən hər işə
qarışan, maraq göstərən adamam. Başa düşürsünüz? Başqa qadınlara gözümü yummağı
bacarmıram. Özümə haqq
qazandırmıram, ancaq mən heç vaxt ədəbsiz
olmamışam. Heç vaxt öz ailəmi
dağıtmaq niyyətində olmamışam.
- Siz cəngavərsiniz.
Məhəbbətinizdə açıq və
vicdanlı olmusunuz. Sevirdiniz və evlənirdiniz.
Amma boynunuza alın, birinci arvadınız - sevimli Bella sizə
necə təsir bağışladı?
- Onunla qəlblərimiz arasında
yaxınlıq vardı. O, hansısa xəyali, gerçək
olmayan quş kimi idi. O, necə gözəl şeirlər
oxuyurdu! Mən ona qədər belə gözəl
səs eşitməmişdim. Çox
adamlar onu gözəlliyinə görə qınayırdı.
Bu, təbii gözəllik idi. Bella şeirə həvəs göstərirdi və
bir neçə gözəl şeir yazmışdı. Bunlar ölməz şedevrlərdir. Onlardan biri mənə həsr olunmuşdu. Mənim hətta onun şeirlərini Bellanın yas mərasimində
də oxumağa ürəyim gəlmədi. Məgər keçmişi dəyişmək olar?
Keçmişə qısqanclıq etmək
olmaz. Keçmişi özünün bir
hissən hesab etməlisən.
-
Dörd oğlunuzdan hansı daha çox Yevtuşenko yolu ilə
gedir?
- Fikrimcə, onların hamısında bu
hiss var. Ancaq daha çox Maşadan olan böyük oğlum
Jenyadadır. O, politoloq olacaq. Saşa isə rus
və ingilis dillərində şeirlər yazır, amma
heç kimə göstərmir. O, universiteti bitirir. Onun qardaşı Toşa şükür allaha ki,
salamatdır. Ancaq onun xəstəliyi
sağalmazdır. Uşaqlarım ingilis
dilində mükəmməl danışırlar, onlar Amerikada
oxuyurlar. Bugünlərdə Saşa məni
sevindirib. O, mənə qız nəvəsi bəxş
edib. Bilirsinizmi, ən gözəl olan nədir?
Mənim bütün uşaqlarım
ayrı-ayrı nikahlardandır, amma onlar dostluq edirlər.
Həyatsevərliyin
sirri
- Siz əsl
beynəlmiləlçi və novatorsunuz. Siz
Peredelkindəki evinizin yanında incəsənət muzeyi
açmısınız.
- Bu, nadir hadisədir. Mən
öz torpaq sahəmdən kəsərək muzey qurmuşam.
İndiyə qədər topladığım
eksponatları və aldığım hədiyyələri ora
qoymuşam. Muzeyi Rusiyaya hədiyyə
etmişəm. O, məni tərbiyə edib. Bu yaxınlarda ayrı-ayrı ölkələrdən
30 nəfərlik qrup muzeyə gəlmişdi. Onların çoxu ruslar idi. Nastalgiya
onları muzeyi ziyarətə çağırır. Başqa ölkələrdən gələnlər də
olur.
-
Mümkünsə deyin, sizin insanı heyrətə salan həyatsevərliyinizin
sirri nədədir?
- Mən çox gəzirəm. Öz-özümə deyirəm, əgər insan
bağlı və ya yarıbağlı yaşayırsa, qəlbinin
gözlərini bağlayırsa, onu həyatda xoşagəlməyən,
qəfil hadisələr gözləyir. Ona
elə gəlir ki, hər tərəf qaranlıqdır. Amma mənim bəxtim gətirib. Mən
dünyanın hər bir bucağında olmuşam. Dünyanın 96 ölkəsini gəzmişəm.
Sovet İttifaqının bütün
respublikalarını gəzmişəm. 1941-ci
ildə evakuasiyaya gedərkən şeirlərimi perrondan
oxumuşam. Bir parça çörəklə
bir stəkan çay içərək mahnı oxumuşam.
Toylarda rəqs etmişəm. Mən həmişə insanların kədərini
yüngülləşdirməyə
çalışmışam. Hər yerdə
insanların fotosunu çəkmişəm. Mənim nəhəng fotoqrafiya kolleksiyam var. Mənim
üçün dünyada insanın işıqlı
üzündən müqəddəs heç nə yoxdur.
Ona görə mən tənha deyiləm. Hətta, öz muzeyimdə fotolarla təklifdə
qalanda da öz şeirlərimi yazır və çoxdankı
sədaqətli oxucularıma oxuyuram. Özümü
heç vaxt tənha hiss eləmirəm.
Tərcümə
etdi: Təranə Məhərrəmova
Kaspi.-
2013.- 26-28 yanvar.- S.6.