Akademik Milli Dram Teatrı Fəcr Festivalında
Bilənlər
bilir, bilməyənlərə bəlli olsun ki, hazırda
Akademik Milli Dram Teatrının kollektivi İranda səfərdədir. Bilməyənlər
soruşa bilər ki, bəs, teatrımız İrana hansı
məqsədlə yollanıb?
Cavablayım:
15-31 yanvar tarixlərində İranda 31-ci Fəcr Beynəlxalq
Teatr Festivalı keçirilir. Akademik Milli Dram
Teatrının kollektivi də bu festivalda iştirak
üçün dəvət alıb. 23
yanvar tarixində İran İslam Respublikasının
paytaxtı Tehran şəhərinə yollanan teatr yanvarın
28-də vətənə qayıdacaq.
İranın
mədəni həyatında böyük əhəmiyyət kəsb
edən Fəcr Festivalı hər il
Tehranda və İran İslam Respublikasının digər
şəhərlərində keçirilir. Qeyd
edim ki, Fəcr yalnız teatr festivalı deyil. Hər il İran İslam İnqilabının
ildönümündə keçirilən Fəcr Beynəlxalq
Film Festivalının adı kino xadimləri arasında yetərincə
məşhurdur. Amma məqsədimiz Fəcr Film
Festivalından yox, Fəcr Teatr Festivalından və Akademik
Milli Dram Teatrının bu festivalda iştirakından
danışmaq olduğundan mövzuya qayıdıram.
...Artıq
31-ci dəfə keçirilən Fəcr Beynəlxalq Teatr
Festivalı dünya teatr məkanında müəyyən
nüfuzu olan festivallardandır. Deyərdim ki,
dünyanın bütün məşhur teatr kollektivləri,
bir dəfə də olsa, bu festivalda iştirak ediblər.
Akademik Milli Dram Teatrı isə ilk dəfədir
ki, sözügedən festivala qatılır. Fəcr
Festivalının dünya festival hərəkatında yerini və
miqyasını nəzərə alsaq, görərik ki, bu sənət
faktı nəinki Akademik Milli Dram Teatrı üçün,
eləcə də Azərbaycan teatr sənətinin ölkənin
hüdudlarından kənarda tanınması üçün
mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər
teatrın bu festivalda iştirak etməməsinin bir sıra
obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən
biri ondan ibarətdir ki, Fəcr Festivalı İran İslam
Respublikasında keçirilir və festivala təqdim olunan
tamaşalar çox sərt dini senzurayla rastlaşır
(açıq-saçıq səhnələr, içki məclislərinin
təsviri və s. detallara qəti qadağalar qoyulur). Amma mənə görə əsas, səbəb
başqadır. Artıq dünya
miqyasında tanınan bir festivalda zəif tamaşaların və
tanınmayan teatr kollektivlərinin iştirakı çox
çətindir. “Tanınmayan teatr kollektivləri” ifadəmdən
inciyib də, mənimlə xəyali opponentlik edən oxucumun
diqqətinə çatdırmaq istəyirəm ki, həqiqətən
də, Azərbaycan teatrı dünya teatr məkanında tanınmır
və ya çox az tanınır. Özümüz özümüzü tərifləməklə
deyil axı. Gərək, heç olmasa,
arabir məsələlərə real gerçəklik
mövqeyindən, “hamburq üsulu” ilə yanaşaq və
özümüz öz haqqımızda uydurduğumuz mifləri
təftiş edək (gələcəyimiz qənaətlər
nə qədər məyusedici də olsa). Məsələlərə
bu cür yanaşdıqda və saxta patetikanı kənara
qoyduqda Azərbaycan teatrının hələ indi-indi “Biləcərini
keçmək” cəhdində bulunduğunu, dünya teatr məkanına
inteqrasiya yolunda təzə yeriməyi öyrənən
uşaq kimi yıxıla-dura, büdrəyə-büdrəyə
addımladığını görərik və
dünyanın nüfuzlu festivallarının
iştirakçıları siyahısına düşə
bilməməyimizin səbəblərindən birini
anlamış olarıq.
O ki qaldı
Fəcr Beynəlxalq Teatr Festivalına, müasir teatr
düşüncəsinə meylli olan Fəcr
Festivalının proqramına bu il də
İranın və xarici ölkə teatrlarının ən
uğurlu tamaşaları daxil edilib.
İran
İslam Respublikası, İtaliya, İsveçrə,
Polşa, Macarıstan, Cənubi Koreya, Livan, Avstraliya və digər
dövlətlərin teatr kollektivlərinin iştirak etdiyi
festivalda Azərbaycanı təmsil edən Akademik Milli Dram
Teatrı Afaq Məsudun əsəri əsasında
hazırlanmış “Qatarın altına atılan qadın”
tamaşası ilə çıxış edir. Teatrın mətbuat xidmətindən verilən məlumata
görə, təşkilat komitəsi festivalda iştirak
üçün məhz bu tamaşanı seçib. Teatrın direktoru İsrafil İsrafilov “Azərtac”a
müsahibəsində bildirib ki, “biz Fəcr festivalına 20-dən
artıq tamaşanın disklərini təqdim etdik. Festivalın münsiflər heyəti Afaq Məsudun
eyniadlı əsəri əsasında hazırlanmış
“Qatarın altına atılan qadın” tamaşasının
üzərində dayandı”. Görünür,
təşkilat komitəsini tamaşanın kamera xarakterli
olması, iştirakçıların sayının
azlığı, ideyası, bədii-estetik səviyyəsi
qane edib. Açığı, elə mən
özüm də “Qatarın altına atılan qadın”
tamaşasını Akademik Milli Dram Teatrının uğurlu
tamaşalarından hesab edirəm. Tamaşanın
quruluşçu rejissoru Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı
və aranjemançısı Vüqar Camalzadədir.
«Tragikomediya» janrında təqdim edilən tamaşada
rolları Əməkdar artistlər Kəmalə Hüseynova
(Gültəkin Sarabskaya), Cəfər Əhmədov (Xasay
Dilgir), Pərviz Bağırov («Nəzarətçi»),
Kazım Abdullayev («Rejissor»), aktyorlar Rəşad Bəxtiyarov
(«Qəzetsatan»), Elnar Qarayev («Dilənçi»), Şəhla Əliqızı
(«Rejissor köməkçisi») ifa edirlər.
Tamaşada
özünün bütün gəncliyini, ömrünü səhnəyə
həsr etmiş bir aktrisanın həyatının artıq səhnədən
uzaqlaşmış dövrü təsvir edilib. Tamaşa boyu aktrisa
özünün yaradıcılıq ömrü haqqında
ağrılı-acılı təəssüratlarını
bölüşür. Bəlli olur ki, bir
neçə klassik dramaturgiya nümunəsindəki
çıxışını istisna etməklə, o, əsasən,
dövrün konyuktur sifarişi kimi yazılan pyeslərdə
çıxış etmişdir. Harasa getməyi
planlaşdıran (hara olduğu bəlli deyil, əslində,
bu heç önəmli də deyil) aktrisa Gültəkin
Sarabskaya dəmiryol vağzalında bayaq qeyd etdiyimiz
sifarişli pyeslərin müəllifi Xasay Dilgirlə üzləşir.
Bomj durumunda olan müəlliflə artıq
tükənmiş aktrisanın münasibətlərində cəmiyyət
və sənətkar probleminin gizli məqamları
aşkarlanır”. Xatirələrdən kənarda
həyatının olmadığını anlayan aktrisa
tamaşanın sonunda özünü qatarın altına
ataraq, intihar edir.
Bilmirəm,
bu əhvalat və onun təqdimatı İran tamaşası
üçün necə təsir bağışlayacaq,
Akademik Milli Dram Teatrının Fəcr Festivalında
iştirakı hansı nəticəni verəcək, amma
düşünürəm ki, nəticədən asılı
olmayaraq, bu festivalda iştirak bir fakt kimi Azərbaycan teatrı
üçün çox önəmli bir hadisədir.
Sağlıq
olsun, növbəti saylarımızda bu mövzuya yenə də
qayıdacaq, Sizi festivalın nəticələri ilə tanış etməyə
çalışacağıq. Hələliksə
bizə ancaq kollektivin festivaldan qayıtmasını gözləmək
və onlara uğurlar arzulamaq qalır.
Könül Əliyeva,
teatrşünas
Kaspi.- 2013.- 26-28 yanvar.- S.10.