GECİKMİŞ GÖZ YAŞLARI 

 

(Hekayə)

 

Qanlı-qadalı Qarabağ müharibəsi başlananda, top-tüfəng gurlayıb başı qarlı dağlara səs salanda Vəfalı on beş yaşın içindəydi. Dəhşətli hadisələrin səs-sorağı onların ucqar kəndlərinə bir az gec gəlib çatmışdı. Çamaat ilk günlər bu işlərdən çaşıb qalmışdı. Bu qanlı hadisələrdən baş aça bilmirdi. Ona görə də bu dava-dalaşı hərə bir tərəfə yozurdu. Yaşlı adamlar əsrin əvvəllərində olmuş erməni-müsəlman davasını xatırlayıb deyirdilər ki, yenə qırğın başlanacaq. Bu xəmir hələ çox su aparacaq. Bəziləri isə avam-avam camaatın başının altına yastıq qoyub arxayınca «sovet hökuməti tezliklə bu davanı yatırdacaq», - deyirdilər.

Bu ucqar dağ kəndi Qayalıda Yadigar adlı dünya görmüş bir kişi də yaşayırdı. Qarabağ hadisələrindən yaxşı-pis baş çıxaranlardan biri də o idi. Yadigar kişi ermənilərin bəd əməllərindən tez-tez söz açır, odlu-alovlu danışır, düşmənin əsl məqsədini sakinlər başa salırdı. Vəfalı camaatın danışdıqlarına ha qulaq versə də, heç nə anlamırdı. Evdə anasından Qarabağ müharibəsinin kimlər tərəfindən, nə üçün törədildiyini dəfələrlə soruşmuşdu. Dünya işlərindən o qədər də baş çıxarmayan Gülsüm xala isə hər dəfə ona «nə bilim ay bala, erməni də yenə dava eliyir», - deyirdi.

Vəfalının atası Müqəddəs kişi Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanmışdı. Qələbəyədək hitlerçilərlə kişi kimi vuruşmuşdu. Neçə dəfə yaralansa da, döyüşdən qalmamış Berlinədək gedib çıxmışdı. Kişi geri qayıdanda sinəsi ordenlə, medalla doluydu. Kənddə hamı ona hörmət edirdi, xeyirdə-şərdə həmişə onu yuxarı başda oturdardılar. Müharibədən sonra uzun müddət kolxozda işləmişdi. İmkansızılqdan ailə həyatını bir az gec qurmuşdu. Bir oğlu, iki qızı dünyaya gəlmişdi. El-obaya sadiq olsun deyə Müqəddəs kişi oğlunun adını Vəfalı qoymuşdu. Qızlarının adlarını isə bir-birinə yaraşdırmışdı: Validə və Xalidə.

Vəfalının 12 yaşı olanda Müqəddəs kişi dünyasını dəyişmişdi. Ömrünün son anlarında oğlu Vəfalı başı üstündə dayanıb göz yaşları axıdırdı. Ata axır nəfəsində oğluna vəsiyyət etmişdi ki, həmişə, hər yerdə başını uca eləsin. Dar gündə ana və bacılarının dayağı olsun, kişi kimi onların qeyrətini çəksin.

Onun ölümündən üç il sonra Qarabağ müharibəsi başlandı. Saqqallı ermənilər azərbaycanlılar yaşaya kəndlərə hücum edərək evləri yandırır, camaatı vəhşicəsinə öldürürdülər. Əsrlərcə bu yerlərin sahibi olan insanlar doğma dədə-baba yurdundan zorla qovulurdular.

Belə çətin bir vaxtda rayonda Qarabağı qorumaq üçün könüllü tabor yaradılırdı. Kəndin qeyrətli cavanları olaraq döyüşə yollanırdılar. Bir aydan sonra müharibəyə gedənlərdən biri – Mehman şəhid olmuşdu. Qayalı camaatı – böyükdən tutmuş - kiçiyə kimi hamı onu torpağa tapşırmaq üçün qəbiristanlığa yığışmışdı. Kəndin əli silah tutan oğlanları Mehmanın məzarı üstündə düşməndən onun intiqamını alacaqlarına and içdilər. Vəfalı da onların arasındaydı. Qarabağ döyüşlərində şəhid olmuş Mehman onun doğmaca əmisi oğlu idi.

Şuşa, Laçın və Xocalının itirilməsi camaatı lap sarsıtdı. Səhər-səhər mal-qaranı örüşə ötürən kişilər də, qadınlar da torpaqların işğalından danışırdılar. Bir sözlə, böyüklü-kiçikli, hamı ayaq üstəydi, narahatlıq içindəydi. İndi camaat Yadigar kişiyə müharibə ilə bağlı sualları az verirdi. Daha hamı ermənilərin Azərbaycan torpaqları hesabına «böyük Ermənistan» dövləti yaratmaq istədiyini yaxşı bilirdi. Mehmandan sonra döyüşlərdə həlak olmuş bir neçə şəhidi də qəbiristanlığın bir tərəfində ehtiramla dəfn etdilər. Həftələr, aylar keçdikcə kənddə qara yaylıqlı qız-gəlinlərin sayı artırdı. Düşmən əlinə keçən yerlərdən qaçqın düşən bir neçə ailə bu ucqar kəndə də gəlib çıxmışdı.

Getdikcə böyüyən Vəfalı orta məktəbi də bitirdi. Dərslərini yaxşı oxusa da, ali məktəbə daxil olub təhsilini davam etdirməyə imkanları çatmadı. Anası Gülsüm xala dedi ki, dünyamız yaman qarışıb ay bala, qoy bir az keçsin, vəziyyət yaxşılaşsın, sonra gedib oxuyarsan. Bacılarını, məni bu ucqar kənddə tək qoyub hara getmək istəyirsən? O, anasının söylədiyi kimi elədi.

Vəfalı hələ kiçik yaşlarından siniflərində oxuyan Südabə adlı qıza könül bağlamışdı. Onların evi kəndin aşağı tərəfindəydi. O, sevdiyi qızla görüşüb danışmaq üçün hər gün onların məhəllələrinə gedirdi. Vaxtının çoxunu burada keçirirdi. Gülsüm xala oğlunun Südabəni istədiyini eşitmişdi. Ananın da qızdan xoşu gəlirdi. Çünki Südabə yaxşı ailədə böyümüş gözəl-göyçək halal süd əmmiş, tərbiyəli bir qız idi. İstəyirdi ki, oğlu ona nişanlansın, qız əldən çıxıb başqasına qismət olmasın. Günlərin birində oğluna da ürəyindən keçənləri dedi. Vəfalı Südabənin adını anasının dilindən eşidəndə qızarıb başını aşağı saldı. Gülsüm xala oğlunu pərt vəziyyətdən çıxarmaq üçün onu qucaqlayıb bağrına basıb dedi:

- Mənim igid, cəngavər balam. Qoy bir az keçsin, Südabəgilə elçi gedəcəm, ata-anasından razılıgını alıb nişan aparacam. Sonra da yavaş-yavaş toy tədarükü görərik.

Novruz bayramına az qalmış Gülsüm xala sandığında olanlardan yaxşı bir pay tutub böyük qızı Validə ilə Südabəgilə getdi. Onun anası Zeynəb arvadla ordan-burdan xeyli söhbət etdikdən sonra mətləb üstünə gəldi. Vəfalının onun qızını istəməsi Zeynəb xalanın da qulağına çatmışdı. Ona görə də Gülsümün dedikləri onun üçün təzə xəbər deyildi. Elçiləri yola salarkən Vəfalının gələcək qayınanası dedi:

- Qoy bir kişi ilə də məsləhətləşək, qızın da ağzını bir arıyım görüm o nə deyir. İnşallah ondan sonra fikrimizi sizə deyərik.

Gülsüm xala bir neçə gündən sonra onlara gələndə Zeynəbdən eşitdiyi xoş sözlərdən ürəyi açıldı. Onlar Südabənin Vəfalıya getməsinə razılıq verdilər. Bundan sonra Vəfalı nişanlısı ilə tez-tez görüşürdü. Xəyalların qanadlarında gələcək həyatlarını necə quracaqlarından danışırdılar. Validə və Xalidə də vaxtaşırı Vəfalının nişanlısına baş çəkirdilər.

…Bir gün nahardan sonra Gülsüm xalagilin qapısı döyüldü. Hərbi komissarlıqdan Vəfalıya çağırış vərəqi gəlmişdi. Bir həftədən sonra Vəfalı əsgər getməliydi. Gülsüm xalanı fikir götürmüşdü. Gecədən xeyli keçmiş oğlu da Südabəgildən qayıtdı. Anasını qaşqabaqlı, fikirli görüb soruşdu:

- Nə olub, ay ana, niyə belə fikirlisən?

Gülsüm xala bir söz demədən çağırış vərəqini ona uzatdı. Vəfalı stola yaxın oturub, bu bir parça kağızı diqqətlə nəzərdən keçirdi. Çevirib o tərəf, bu tərəfinə baxdı. Sonra başını qaldırıb:

- Nə fikirləşirsən, ay ana?

Gülsüm xala təmkinini pozmadan:

- Nə bilim, ay oğul. Gərək mütləq əsgər gedəsən. Daha nə edəcəksən, qaçıb gizlənməyəcəksən ki? İndi çətin vaxtdır. Odur ey, ermənilər üzü bəri rayonları ala-ala gəlillər. Qabağını almasalar bu gavırrar buralara da gəlib çıxacaxlar. Heç bilmirəm ki, bu işin axırı necə olacaq? Bəs, sən nə fikirdəsən, ay bala?

Vəfalının yadına əmisi oğlu Mehmanın ölümü və onun məzarı üstündə içdiyi and və dediyi sözlər düşdü. Oturduğu yerdən ayağa qalxıb:

- Daha burada fikirləşməli nə var, ay ana? Təkcə bizim kənddən neçə nəfər şəhid olub. Bəs onların intiqamını kim almalıdır? Neçə ildir Qarabağda müharibə gedir. Kəndimizdən Həsən dayının, İsmayıl dayının oğulları hələ də döyüşdədir. Qorxmadan ermənilərlə vuruşurlar. Mən də onlardan geri qalmaram. Atam alman faşistləri ilə vuruşub, mən də erməni işğalçıları ilə döyüşərəm. İnşallah, qələbədən sonra evimizə qayıdaram, - dedi.

Söhbətə bu yerdə nöqtə qoysalar da, qəlbini döyəcləyən ağrılı və narahat fikirlər uzun müddət Gülsüm xalanı yatmağa qoymadı.

Ertəsi gün onu sevincək qarşılayan Südabə Vəfalıdan əsgər gedəcəyini eşidəndə qanı qaralsa da, üzdə bunu biruzə vermədi. Əksinə, hələ ona xoş sözlər də dedi:

- Nə olar, sən də başqaları kimi əsgər gedib qayıdarsan. Neçə il desən yolunu gözləyərəm, arxayın ol. Çalış, sən də atan kimi yaxşı vuruş, qəhrəmanlıq göstər, ad-san qazan, orden-medal al...

Vəfalı artıq altı aya yaxın idi ki, evlərindən ayrılmışdı. İndi onlar Ağdamın Qalayçılar kəndini düşməndən qoruyurdular. Son günlər işğalçıların hücumları ara vermirdi. Gözlərindən yorğunluq yağan mayor Hacıyev əsgərləri sıraya düzüb vəziyyət barədə xeyli danışdı.

Vəziyyətsə heç də yaxşı deyildi. Komandir əsgərlərə həmişə deyirdi ki, ayıq-sayıq olun. Ötən gecə düşmən iki əsgərimizi öldürmüş, birini isə əsir aparmışdılar. Bu gün düşmən arxasına gedib «dil» gətirmək lazımdır. Komandir döyüşçülərin arasından bu çətin əməliyyata ən cəsurlarını seçmək istəyirdi. O, bu sözləri deyə-deyə sıranın qarşısında addımlayıb, bir-bir əsgərlərin sir-sifətinə baxırdı. Bir azdan onlardan bir neçəsinin irəli çıxmasını əmr etdi. Vəfalı da onların arasındaydı.

…Ciddi hazırlaşdıqdan sonra qaranlıq düşəndə kəşfiyyatçılar əməliyyata yollandılar. İlk dəfə belə çətin tapşırığı yerinə yetirən Vəfalı bir az həyəcanlıydi. Xoşbəxtlikdən, hər şey uğurla başa çatıdı. Onlar təhlükəli yerlərdən düşmən arxasına keçərək çox dəyərli və vacib olan məlumatları toplayıb sağ-salamat qayıtdılar.

Ertəsi gün «həyəcan» siqnalı ilə tabor ayağa qaldırdıldı. Düşmən bu dəfə Manikli kəndi tərəfdən hücuma keçmişdi. Döyüşlər əsasən yüksəkliklər uğrunda gedirdi. Bir neçə saat çəkən ağır döyüşdən sonra əsgərlər hücumu dəf edib yağıları geri qovdular. Kəndin işğal təhlükəsi sovuşdu.

Gərginlikdən qorxan bəzi ağciyər əsgərlər hərdən mövqeyini qoyub qaçırdılar. Bölükdə Mübariz adlı bir əsgər də var idi. O, tibb təlimatçısıydı. Yaralı zabit və əsgərlərə ilk tibbi yardım edib döyüş meydanından çıxarırdı. Bu əsgər Vəfalıgilin qonşu kəndlərindən idi. O, da döyüşdən qaçmaq fikrindəydi. Özü də tək getmək istəmirdi. Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi, o, da bir başqası ilə qaçmaq istəyirdi. Gözü Vəfalını yemişdi. İmkan düşəndə ona yaxınlaşıb deyirdi ki, Vəfalı, gəl, biz də qaçaq. Bax o günləri Sarvanla, Kamil də aradan çıxdılar. Heç indi onları itirib-axtaran yoxdur. Vəfalı isə hər dəfə onun təklifini rədd edib «ay Mübariz, sən qaç, mən qaçım, bəs torpaqları kim qoruyacaq? Özün görürsən ki, ermənilərin hücumları bir gün də olsun dayanmır. Elə hey üstümüzə cumullar. Vallah, yaxşı qorumasaq, düşmən torpaqları ələ keçirəcək bizim kəndimizə qədər gedib çıxacaqlar. Atam hitlerçilərlə vuruşub igidlik göstərib. Bəs nə üçün indi onun oğlu olan mən qorxaqlıq edib döyüşdən, erməninin qabağından qaçmalıyam? Qohum-əqrəba, anam və bacılarım, nişanlım buna nə deyər? Mənə belə hərəkət yaraşmaz. Daşnaklar əmim oğlu Mehmanı da, başqa oğullarımızı da öldürüblər. Məzarı üstündə and içmişəm ki, onun intiqamını alacağam. Döyüşə gələndən bəri çoxlu erməni öldürmüşəm. Amma bununla borcumu bitmiş hesab etmirəm. Gərək torpaqlarımızı qoruyaq, şəhidlərin qisasını alaq», - dedi.

Vəfalının cavabından sonra Mübariz daha heç nə demədi. Amma bir neçə gündən sonra yenə də Vəfalını yoldan çıxarmağa başladı.

 

***

 

Mart ayının son günlərində ermənilər bu dəfə gözlənilmədən əsgərlərin öz aralarında «Ağ ev» adlandırdıqları yüksəklik tərəfdən irəliləməyə başladılar. Hiss olunurdu ki, düşmənin bu hücumu əvvəlkilərdən güclüdür. İlk atəş hədəfə dəqiq çatdı. Yağıların xeyli piyadası məhv edildi. Amma döyüş yenə də səngimədi. Daşnkalar qarışqa kimi elə hey «yuvalarından» çıxıb gəlirdilər. Birini vuranda arxadan başqasının başı görsənirdi. Hücumu qələbə ilə başa çatdırmağı qarşılarına məqsəd qoymuş işğalçılar havaya iki döyüş vertolyotu qaldırdılar. Vəziyyət çətinləşdi. Quldurlar havadan əsgərləri vurur, onların üstünə mərmi yağdırırdılar.

Bölük komandiri Məmmədov dəqiq atəşlə vertolyotlardan birini vurdu. Bayaqdan səmada şığıyıb əsgərlərə atəş açan vertolyot tüstülənib fırlana-fırlana yerə çırpıldı. Nərilti-gurultu səsi ətrafa yayıldı. İkinci vertolyot tez havada manevr edib geri döndü. Üç saatdan çox çəkən qanlı döyüşdən sonra qəsbkarlar ağır itki verib geri çəkildilər. Döyüşün son dəqiqələrində axşam kəşfiyyata gedən əsgərlərdən biri - Fazil İsayev ağır yaralandı. Zabit Məmmədov onu hospitala aparmağı Vəfalıyla Mübarizə tapşırdı.

Hərbi şəfa ocağının qəbul otağında yaralı çox idi. Ağ xalatlı həkimlər, tibb bacıları cəld hərəkətlərlə yaralıları əməliyyat otağına aparırdılar. Az keçmiş Fazilin də növbəsi çatdı. Onu bura gətirən əsgər yoldaşları cərrahiyyə otağının qarşısında oturub gözləyirdilər. Saat yarımdan sonra içəridən çıxan tibb bacısı bildirdi ki, dostunuzun əməliyyatı uğurla başa çatdı, indi özünü yaxşı hiss edir. Bu xəbərə ürəkdən sevinən Mübarizlə Vəfalı hospitalın həyətində dayanıb söhbət edirdilər. Yavaş-yavaş hərbi hissəyə qayıtmağa hazırlaşırdılar. Mübariz yenə də Vəfalını dilə tutub yoldan çıxarmağa başladı:

- Vəfalı, əlimizə yaxşı imkan düşüb, gəl buradan qaçaq gedək kəndə. Evdə deyərik ki, yaxşı xidmətimizə görə bizə otpuska veriblər. Bir müddət kənddə qalıb sonra çıxıb urusetə gedərik. Mənim orada yaxşı imkanlı qohumlarım var, nə qədər lazımdırsa bizi saxlayar. Əlimiz var, ayağımız var çolaq deyilik ha. Axtarıb özümüzə yaxşı bir işdən-zaddan da taparıq. Yavaş-yavaş işliyib varlanarıq. Çoxlu pul yığandan sonra kəndə qayıdarıq. Burada özümüzə təzə bir maşın alarıq, ev tikdirərik. Görürsən də gündə neçəsi yaralanır, ölür. Vallah bir gün o güllə bizə də dəyəcək.

Bayaqdan susub bir yerdə dayanmış Vəfalı gözlənilmədən asta addımlarla Mübarizin ardınca getməyə başladı. Ağdərədən çıxanda Vəfalı ağır döyüşlər gedən başı qarlı uca dağlara baxıb dərindən köks ötürdü. Ağdərəni keçəndə hərbi polis onları saxladı. Mübariz çantasını göstərərək dedi ki, mən tibb təlimatçısıyam, döyüşçü dostumla Tərtərdəki xəstəxanada müalicə olunan yaralı əsgərə baş çəkməyə gedirik.

Xeyli yol gəlib axır ki, Qayalıya çatdılar. Vəfalı kəndlərində avtobusdan düşəndə Mübariz ona dedi ki, on gündən sonra axşam saat səkkizdə səni burada gözləyəcəm.

Vəfalının müharibə ocağından bir neçə günlüyə evə qayıtdığını eşidən qohumlar Gülsüm xalagilə gəlmişdilər. Hamı Vəfalıya Qarabağ müharibəsindən sual verirdi. O, da həvəslə döyüşlərdən danışır, necə vuruşduqlarından söz açırdı.

Səhər tezdən yuxudan oyanan kimi Vəfalı hərbi formanı geyinib Südabə ilə görüşmək üçün evdən çıxanda anası onu qapının ağzında saxlayıb dedi ki, ay bala, gəl bir əynı-başı dəyiş. Oğlu isə etiraz edib dedi:

- Yox, ay ana, qoy Südabə məni adi paltarda çox görüb. Qoy indi də əsgər formasında görsün.

Vəfalı bu sözləri deyib yola düzəldi. Daha anası da bir söz demədi. Nişanlısının evə gəldiyini eşidən Südabə hərdən oğrun-oğrun pəncərədən çölə boylanırdı. Bilirdi ki, harda olsa, Vəfalı indilərdə onlara gələcək. Südabə barmağındakı nişan üzüyünə baxıb fikirləşirdi ki, əgər Vəfalı əsgərliyə getməsəydi, yəqin ki, çoxdan toyları olmuşdu. Bu fikirlər içində pəncərədən küçəyə baxanda uzaqdan Vəfalının gəldiyini gördü. Nişanlısı hərbi geyimdə əvvəlkindən də qəşəng görsənirdi. Qapını onun üzünə özü açdı. Həyətdə heç kim olmadığından əl verib görüşdülər. Onların həsrətli baxışları bir-birinə çırpılıb öpüşdü. Otağa keçən Vəfalı gələcək qayınana və qayınatasını utancaq baxışlarla süzdü. Hörmətlə əl verib onlarla görüşdü. Ordan-burdan xeyli danışdılar.

Gülsüm xala kənddə başını dik tutub gəzirdi. Fəxrlə deyirdi ki, oğlum atası kimi igiddir, qorxmazdır. Qarabağda ermənilərə qan uddurur. O, de yaxşı vuruşduğuna görə indi komandiri onu evə buraxıb. Deyib ki, get səni qəhrəman böyüdən anana baş çək.

Vəfalı nə qədər deyib-gülsə də, ürəyində tutduğu hərəkətdən xəcalət çəkirdi. Hərdən fikirləşirdi ki, bəlkə heç Mübarizə qoşulmasın, qayıdıb getsin o qarlı dağlar qoynunda gecə-gündüz düşmənlə vuruşan, Qarabağı qoruyan dostlarının yanına. Amma Mübarizin dediyi «gedib qohumlarımızın yanında işləyib çoxlu pul qazanarıq» sözləri yadına düşəndə fikrindən daşınırdı.

Nəhayət, on gün arxada qaldı. Geri dönməyin vaxtı, məqamı yetişdi. Vəfalı heç gənddən çıxmaq, doğmalarından ayrılıb uzaqlara getmək istəmirdi. Ürəyindən keçirdi ki, elə kənddə – anasının, bacılarının və nişanlısının yanında qalsın. Amma çox qalsaydı camaat şübhələnərdi, dedi-qodu başlayardı. Ona görə də getməyə hazırlaşdı. Yola çıxmazdan əvvəl Vəfalı Südabə ilə də görüşdü. Ayrılarkən nişanlısına dönə-dönə tapşırdı ki, məni gözlə, mütləq qayıdacağam. Südabə isə Vəfalıya dedi ki, təki sən torpaqlarımızı qoru, neçə il desən yolunu gözləyəcəm.

 

***

 

Vəfalı ilə Mübariz danışdıqları vaxtda görüşdülər. Çətin də olsa, Mübarizin Tula şəhərində yaşayan qohumlarıgilə gəlib çatdılar. Vəfalı baxıb gördü ki, Mübariz onu aldadırmış. Onun qohumları elə varlı-hallı deyillər. Rəşid kişi zavodda çilingər işləyib ailəsini güclə dolandırırdı. Vafalıgildə bir tərəfdən onlara yük olmuşdu. Qarabağdakı döyüşdən qaçdığını eşidəndə Rəşid kişi hövsələdən çıxıb onları xeyli danladı. Abırlarını ətəklərinə bükdü. Dedi ki, bəs siz qaçıb gəlmisiniz, indi orada torpaqları kim qoruyur? Heç utanmırsız, heç yerə girmirsız? Ə, siz hansı üzlə qaçıb bura gəlmisiniz? Rusetdə yaşayan azərbaycanlılar iş-güclərini atıb Qarabağa döyüşməyə gedirlər. Siz isə utanıb, qızarmadan durub yüyürmüsuz bura. Axı bux araba qalmış rusetdə nə var? Yel əsib qoz tökülüb? Özümüz burada güclə dolanırıq. Yaxşı olar ki, geri qayıdıb torpaqları ermənilərdən qoruyasınız...

Nə Mübariz, nə də Vəfalı dinib danışmırdı. Başlarını aşağı salıb susub dayanmışdılar. Geri qayıtmaq istəmədiklərini görüb əlacsız qalan Rəşid kişi bir neçə gündən sonra onları bazarda alver edən azərbaycanlı uşaqların yanına gətirib xahiş etdi ki, Vəfalı ilə Mübarizə də bir iş tapsınlar. İşləyib birtəhər başlarını saxlasınlar. Bazardakı yerlilər də döyüşdən qaçan bu iki əsgəri xeyli məzəmmət etdilər. Amma iş də tapdılar. İlk günlərdən bazarda yük daşımaqla pul qazanmağa başladılar. Aradan bir neçə ay keçsə də, hələlik onlar özlərinə babat bir iş, dolanışıq yeri tapa bilmirdilər.

Vəfalı tutduğu bu hərəkətdən çox peşiman olmuşdu. Onu bu yola çəkdiyinə görə tez-tez Mübarizlə mübahisə edir, ağızlaşıb dalaşırdı. Mübarizinsə heç dünya vecinə də deyildi. Əlinə düşəndən yeyib-içir yatır, gününü xoş keçirirdi. Daxilində əzab, sıxıntı çəkən Vəfalı isə tez-tez fikrə gedib anasını və bacılarını, nişanlısını fikirləşirdi. Yadına döyüşçü dostları düşəndə isə lap pis olurdu. Hərdən fikirləşirdi ki, görəsən hospitalda yaralı vəziyyətdə qoyub gəldikləri Fazil sağalıb geri qayıtdımı? Görəsən əsgərlər Manikli və Qalayçılar kəndlərini qoruya bilirlərmi? Cavabsız qalan bu suallar ona rahatlıq vermirdi. Vəfalı geriyə dönmək istəyirdi, amma həbs olunacağından qorxurdu.

Vəfalı gedəndən iyirmi gün sonra komissarlıqdan onlara gəlmiş zabiti görəndə Gülsüm xalanın ürəyi ayaqlarının altına düşdü. Fikirləşdi ki, yəqin uşağın başında pis iş-zad var. Tez onu evə dəvət etdi. Baş leytenant Qafarov etiraz etməyib içəri keçdi. Gülsüm xala tez üzünü ona tutub həyəcanla:

- Nə olub, ay bala, bəlkə Vəfalının başında bir iş var? Vallah, düzünü deməsən bu dəqiqə özümü öldürərəm.

Qafarov təmkinini pozmadan dedi:

- Bəli, ay ana, sizin oğlunuzun işi ilə bağlı gəlmişəm…

Zabitin dediklərini axıra qədər dinləməyə səbri çatmayan Gülsüm xala onun sözünü yarıda kəsdi:

- Axı, nə işdir o? Vəfalıya nə olub ki, ay bala?

Baş leytenant Qafarov bu dəfə ananın sualına sərt cavab verdi:

- İş ondadır ki, sizin oğlunuz fərarilik edib, döyüşdən qaçıb. Budur, e dünən hərbi hissə komandirindən məktub almışıq. Yazır ki, oğlunuz Manikli kəndindəki döyüş mövqeyini ozbaşına tərk edib.

- Necə yəni tərk edib? Mən heç nə başa düşmədim ay bala?

- Ay ana, burada başa düşməməli nə var ki? Oğlunuz döyüşdən qaçıb, fərarilik edib.

Eşitdiyi bu xəbərdən çaşıb qalan Gülsüm xala əsəbi halda başdan-ayağa zabit Qafarovu süzüb:

- Bura bax, ay bala, sən nə danışığa, sözlara fikir ver ha. Mənim oğlum döyüşdən qaçmaz, fərari olmaz. Sən onu kiminləsə səhv salmısan. Bir müddət əvvəl Vəfalı özü evə gəlmişdi. Dedi ki, yaxşı vuruşduğuma görə komandir məni evə buraxıb, otpuska verib. On gün qalıb dincələndən sonra yenə də Qarabağa qayıtdı. Vəfalı qəhrəman bir kişinin oğludur. Ola bilməz ki, o döyüşdən qaçsın, fərari olsun.

Ananın gözləmədiyi bu xəbərdən özünü itirib çaş-baş qaldığını görən Qafarov mülayimcəsinə dilləndi:

- Gülsüm xala, oğlunuz sizi aldadıb. Hərbi hissədən qaçıb. Heç kim ona məzuniyyət-zad verməyib. İndi haradadırsa, yerini deyin, tapıb yenidən onu hərbi hissəyə göndərək? Əgər bir neçə günə o geri qayıtmasa, sənədləri hərbi prokurorluğa göndəriləcək.

Vəfalının anası həyəcanla dilləndi:

- Sən nə istəyirsən de. Amma mən inana bilmərəm ki, oğlum döyüşdən qaçsın. Burada bir anlaşılmazlıq var.

Ayağa qalxıb, həyətdən çıxmağa hazırlaşan Qafarov:

- Mən olanları sizə dedim. Daha yerdə qalanlar sizlikdir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Amma bir neçə gün ərzində oğlunuzu tapıb komissarlığa gətirin! Yola salaq çıxıb getsin hərbi hissəyə.

Zabit gedəndən sonra o biri otaqdan söhbəti eşidən Xalidə və Validə analarının yanına gəldilər. Gülsüm xalanın gözləri dolmuşdu. Analarının ağladığını görəndə qızlar da göz yaşlarını saxlaya bilməyib ona qoşuldular.

Gülsüm xala səhər lap ertədən yuxudan oyandı. Onu həyət qapısından yola salan qızlarına dönə-dönə tapşırdı ki, Vəfalının döyüşdən qaçdığını heç yerdə ağızınızdan qaçırmayın. Bu gün Ağdama – hərbi hissəyə gedirəm. Bir ora baş çəkim, xəbər bilim, görüm nə məsələdir. İnanmıram ki, Vəfalı belə hərəkət eləsin.

Yaxşı ki, həmin gün kənddən rayona gedən az idi. Gülsüm xaladan nə məqsədlə yola çıxdığını soruşan olmadı. Axşam hava yaman soyumuşdu, quşbaşı qar yağırdı. Uzun yol gələn Gülsüm xala Ağdama şər qarışanda çatdı. İlk dəfə top səslərini eşidəndə bədəni üşəndi, ürəyinə qorxu doldu. Amma küçələrdən keçən qız-gəlinlərin, uşaqların bu səsə məhəl qoymadığını görüb bir az toxtadı.

Hərbi hissəni tapana kimi xeyli əziyyət çəkdi. Qapının ağzında adam çox idi. Gülsüm xala buradakı əsgərlərdən birinə yaxınlaşıb:

- Qadan alım, ay bala, uzaq yerdən gəlmişəm, komandirlə görüşüb oğlumdan xəbər tutmaq istəyirəm.

Əsgər dedi ki, ana, bu dəqiqə komandirin otağında iclasdır. Qurtaran kimi gəldıyızı ona deyərəm.

Gülsüm xala burada dayananlarla söhbət edəndə öyrəndi ki, o biri valideynlər də övladlarından xəbər bilməyə gəliblər. Kimisinin oğlu yaralanıb hansı xəstəxanada yatdığını bilmir, kimisinin övladı şəhid olub meyitini tapmırlar. Kimisinin… Bunları eşitdikcə Gülsüm xalanın qanı qaralırdı. Ürəyində fikirləşirdi ki, Vəfalını öz gözləri ilə sağ-salamat görsəydi, evə arxayın qayıdardı. Birbaş hərbi komissarlığa gedib oğluna fərari deyən o zabitin cavabını yaxşıca verərdi.

Gülsüm xala bu fikirləri ürəyində götür-qoy etdiyi vaxt qapıda dayanan əsgər ona yaxınlaşıb «komandirə məlumat verdim, o sizi gözləyir», - dedi.

Vəfalının anası özündə güc tapıb qapıdan içəri girdi. Əsgər onu qərargahın qapısınacan gətirdi. Otağa girəndə komandiri telefonla danışan gördü. Gülsüm xala otağa diqqət kəsildi. Komandir silahını stolun üstünə qoymuşdu. O biri tərəfdə isə xeyli patron darağı var idi. Onun qolu bintlə bağlanmışdı, çox ciddi görkəmdə oturmuşdu. Sarğıya bulanan qanın rəngi getməmişdi. Gülsüm xala fikirləşdi ki, yəqin komandir ya dünən, ya da srağagün yaralanıb.

Telefon danışığını bitirən polkovnik Abdullayev, üzünü Gülsüm xalaya tutub soruşdu:

- Eşidirəm, ana, buyurun, nə istəyirdiniz!

Bir az duruxan Gülsüm xala danışmağa başladı:

- Döyüşən qollarınıza qurban olum, ay oğul. Mən sizin əsgəriniz Vəfalı Qeybullayevin anasıyam. Oğlum neçə aydır bu hərbi hissədə əsgərdir, erməniynən vuruşur. Bu yaxınlarda kəndə gəlmişdi, dedi ki, yaxşı döyüşdüyümə görə komandir məni evə buraxıb. Beş-üç gündən sonra onu hərbi hissəyə özüm yola saldım. Aradan bir müddət keçəndən sonra vayonkomatdan gələn bir diliyanmış afser də deyir ki, oğlunuz hərbi hissədən qaçıb. İnanmıram ki, mənim oğlum Vəfalı belə hərəkət eləsin. Çünki onun atası Hitlernən olan müharibədə vuruşa-vuruşa Berlinəcən gedif çıxmışdı. Buna görə rəhmətliyə bir pencək yaxası orden vermişdilər. Necə ola bilər ki, indii elə bir kişinin oğlu döyüşdən qaçsın, fərari olsun? İndi gəlmişəm öyrənəm görüm gədə həqiqətən döyüşdən qaçıb, yoxsa yox?

Oğlunun taleyindən narahat olan Gülsüm xalaya diqqətlə qulaq asan polkovnik dedi:

- Narahat olmayın ana, indi hər şey aydınlaşar.

Komandir qapıda dayanmış əsgəri səsləyib kapitan Kərimovu yanına çağırmağı əmr etdi. Əsgər «baş üstə» - deyib iti və nizami addımlarla otaqdan çıxdı.

Az keçmiş qapı açıldı. Otağa arıq, hündürboy bir zabit girdi.

Komandir əmiranə səslə üzünü ona tutub:

- Yoldaş Kərimov, fərarilərin siyahısın gətir. Bax gör bu ananın oğlu Qeybullayev Vəfalı Müqəddəs oğlunun da adı orada varmı? Bəlkə biz səhv etmişik. Heç o fərari deyil, şəhid olub, ya itkin düşüb.

Kapitan Kərimov «oldu komandir» - deyib gerib döndü. Fərarilərin siyahısını götürüb yenə də komandirin otağına qayıtdı. İçəri girən kimi əlindəki bir-birinə tikilmiş vərəqləri stolun üstünə qoyub diqqətlə nəzərdən keçirməyə başladı. O, barmaqlarını kağızın üstündə üzaşağı-üzüyuxarı gəzdirdiyi anlarda Gülsüm xala ürəyində Allaha yalvarırdı ki, kaş Vəfalının adı bu siyahıda olmasın. Qoy övladım Qarabağda gedən döyüşdə şəhid olsun. Təki adı fərarilərin siyahısında olmasın. Əgər belə olsa, kənddə camaatın üzünə necə çıxacaq? Yazıq ana bu fikirlərlə başını yorduğu bir vaxtda kapitan barmağını Vəfalının adının üstündə saxlayıb dedi:

- Yoldaş komandir, biz səhv eləməmişik. Budur, onun da adı buradadır.

Bu sözləri eşidəndə elə bil Gülsüm xalanı ildırım vurdu. Özünü pis hiss etdi. Tez başını aşağı saldı, utandığından komandirin üzünə baxmadı. Yazıq necə utanmayaydı, axı o qəhrəman oğul anası olmağa hazırlaşdığı bir vaxtda, fərari anası olmuşdu. Ortalığa ağır bir sükut çökmüşdü.

Kapitan otaqdan çıxandan sonra komandir bu sakitliyi pozub dilləndi:

- Bax görürsünüzmü, ana, övladınız həm bizi döyüş meydanında tək qoyub, həm də sizi aldadıb. Heç beləsinə oğul deməyə də, adamın dili gəlmir. Belə qorxaqların mövqelərini qoyub qaçmaları ucbatından, bəzən geri çəkilməli də oluruq. Axı müharibənin də öz qanunları var. Hamı öz yerində olmalıdır, səngərində ayıq-sayıq dayanmalıdır, döyüş əmrini yerinə yetirməlidir. Məndən olsa, belələrini gülləliyərəm, başqalarına da görk olar. Daha heç kim mövqeyini qoyub qaçmaz. Hayıf o qəhrəman kişidən ki, onun belə fərsiz və qorxaq oğlu var. Atalar yaxşı deyib ki, oddan kül törəyər.

Gülsüm xala heç nə deməyib sakitcə otaqdan çıxdı. Axı nə deyəydi, komandir haqlıydı. Gec olduğundan geri qayıda bilmədi. Hərbi hissəyə yaxın olan həyət evlərindən birinin qapısını döydü. Ev yiyəsi uzaqdan gəlmiş qonağı hörmətlə qarşıladı, yaxşı üz göstərdi. Gülsüm xala o gecəni Ağdamda qaldı. Ertəsi gün axşamın qaranlığında kəndə qayıtdı. Qaş-qabağı yer süpürürdü, qanı qaraydı.

Validə narahatlıqla soruşdu:

- Ay ana, nə öyrənə bildin qardaşımızdan?

Xeyli susan Gülsüm xala qızlarını çox intizarda saxlamayıb dedi:

- Vəfalının komandiri ilə görüşdüm. Doğrudan da, o hərbi hissədən qaçıb. Adı fərarilərin siyahısındaydı. Hara getdiyini də bilən yoxdur. İndi onu haradan tapacağıq, nə edəcəyik? Bu uşaq niyə belə elədi ay Allah?

Vəfalının hərbi hissədən qaçmasını artıq Qayalıda hamı bilirdi. Gülsüm xala utandığından kənd arasında seyrək görünürdü. Bir axşam Südabənin anası Zeynəb onlara gəlmişdi. Elə hey danışıb Vəfalının yerini soruşurdu. Elə bilirdi ki, anası onu qəsdən haradasa gizlədib. Yerini bilir, amma demir. Gülsüm xala isə and-aman edib deyirdi ki, ay qız vallah, oğlumun hara getdiyini özüm də bilmirəm.

Bir neçə aydan sonra isə Zeynəb xala Vəfalının nişan üzüyünü Gülsüm xalaya qaytarıb dedi:

- Qızım onu nə qədər gözləməlidir? Gör neçə vaxtdır gedib, amma bir parça kağız da olsa, ya sənə, ya nişanlısına yazıb yerini-yurdunu demir? Bacı, mənim müharibədən qorxub qaçan fərariyə qız vermək fikrim yoxdur. Əgər günü sabah qayıdıb gəlsə də, razı olmaram ki, qızım ona ərə getsin. Ay Gülsüm, bəs beləsi sabah ailəsini, uşaqlarını necə saxlayacaq? Bir çətinlik görəndə qaçıb gedəcək, evin, ailəsin tək qoyacaq?

Zeynəbin nişan üzüyünü qaytarması və dediyi bu sözlər Gülsüm xalanın qanını qaraltdı, ovqatını korladı. Yazıq arvad heç bilmirdi ki, neynəsin. Başına haranın daşını töksün. Bir tərəfdən də kiçik yaşlı uşaqlar məktəbdə qızlarına «fərari bacısı» - deyib lağ edirdilər. Buna görə onlar dərsə getməyə də utanırdılar. Gülsüm xala isə istəyirdi ki, oğuldan yaramasa da, heç olmasa qızlarını oxudub bir tərəfə çıxartsın. Ona görə də dərdini demək üçün məktəb direktorunun yanına getdi.

Bir vaxtlar Vəfalıya tarix dərsi deyən Zəki müəllim indi məktəb direktoruydu. Gülsüm xalanı hörmətlə qəbul edib axıradək dinlədi. Ertəsi gün direktor iclas çağırıb müəllimlərə Gülsüm xalanın məktəbə gəldiyini və şagirdlərin onun qızlarını narahat etməsindən danışdı. Xahiş etdi ki, uşaqları bu hərəkətlərdən çəkindirsinlər.

 

***

 

Yazın ilk günləriydi. Gül-çiçəklər yavaş-yava kol dibindən baş qaldırıb günəşə boylanırdı. Təbiət yaşıl dona bürünürdü. Ağaclar yavaş-yavaş çiçəkləyirdi. Əsən zəif mehdən yarpaqlar bir-birinə dəyib pıçıldaşır, sanki baharın gəlişinə sevinirdilər. Quşlar da öz işindəydilər. Səs-səsə verib həzin və qəmli nəğmə oxuyurdular.

Bu nəğmə bəlkə də heç qəmli deyildi, sadəcə olaraq o, Gülsüm xalaya belə gəlirdi. Yazıq ana ömrünün ötən illərini xatırladıqca ürəyindən qara qanlar axırdı. Özünü oda-közə vurub, boyunu sevə-sevə böyütdüyü oğlunun əsgərlikdən qaçması onun ürəyinə sağalmaz yaralar vurmuşdu. Nə yaxşı ki, qızları var idi. Amma artıq onlar da pərvazlanıb öz yuvalarından uçub getmişdilər, ailə həyatı qurmuşdular. Qonşu kənddə ədrə olsalar da analarına tez-tez baş çəkirdilər. Gülsüm xala dörd divar arasında tək qalmışdı.

Vəfalı gedişi ilə ananın sevincini də özüylə aparmışdı. Ondan anaya yalnız kədər, qəm və acı göz yaşları qalmışdı. Beş ildən çox idi Vəfalıdan bir xəbər çıxmırdı. Ötən illər ərzində o bir parça kağızla da olsa, anasını yad etməmiş, hal-əhval tutmamışdı. Gülsüm xalanın halı getdikcə pisləşirdi. Ürəyindən baş qaldıran ağrılar bədəninin hər tərəfinə yayılırdı. Təbiətin yenidən oyanıb canlandığı bir vaxtda, sanki Gülsüm xala həyatının son günlərini yaşayırdı.

Əgər qonşusu Sona ona əl tutmasaydı, vəziyyəti lap pis olardı. O Gülsüm xalanın yeməyini hazırlayır, ev işlərində ona kömək edirdi. Onun da ürəyinə dammışdı ki, Gülsüm xalanın ömrünə az qalıb. Hərdən qızları gəlib analarına baş çəkir, ev-eşiyi səliqə-sahmana salır, dava-dərmanını alıb gətirirdilər. Amma heç həkimlərin yazdığı dava-dərmanın da bir xeyri olmurdu.

Sona xala qonşusunun halına acıyırdı. Yaxşı bilirdi ki, belə ağır dərdə düçar olan təkcə Gülsüm deyil. Nə çoxdur Vəfalı kimi valideyninə dərd verən, bəla gətirən fərsiz və qorxaq oğullar. Bu düşüncələr içində olduğu vaxt qulağına səs gəldi. Tez ayağa qalxıb içəri keçdi. Gülsüm xala qəfəsə salınmış quş kimi yatağında çırpınırdı. Bir azdan yavaş-yavaş saktləşdi. Ömrünün son anlarında oğlu onun gözləri önündən getmirdi.

Qonşusunun ayaq səslərinə elə bildi ki, gələn balasıdır. Evi, el-obası və anası üçün darıxıb qayıdıb. Xəstəliyinin ağırlığından qapanmış gözlərini güclə açdı. Qarşısındakı qaraltını oğlu bilib onu möhkəm-möhkəm qucaqladı. Amma sonra yanıldığını, qucaqladığının qonşusu olduğunu biləndə qolları yavaş-yavaş boşaldı. Yatağına uzananda nə isə əlindən sürüşüb döşəmənin üstünə düşdü. Sona xala əyilib onu yerdən qaldıranda gördü ki, bu, Vəfalının şəklidir. Ana oğlunun şəklini ürəyinin başında gəzdirirdi. Sona xala şəklə ötəri baxıb, onu üzü üstə qonşusunun yatağına qoydu.

Gülsüm xala hələ də huşsuz vəziyyətdə yatağında uzanmışdı. Çox keçmədi ki, o, özünə gəldi. Həyətə çıxıb bir az gəzindikdən sonra qonşusu ilə ordan-burdan xeyli söhbət etdilər. Sona xala Vəfalının nişanlısından söz saldı. Südabə iki il əvvəl öz qohumu Sahibə ərə getmişdi. Bir oğlu, bir qızı var idi. Gülsüm xala fikirləşirdi ki, əgər Vəfalı qaçıb getməsəydi, Südabə ilə evlənərdi. Bu geniş həyətdə nəvələrini oynadar, günü-güzəranı xoş keçərdi. Dərd tapıb yatağa düşməzdi. Ürəyinə dammışdı ki, Vəfalı sağ-salamatdır. Çünki kənddən çıxandan sonra hərbi hissəyə qayıtmamışdı.

Bir azdan Gülsüm xala isəri keçib yatağına uzandı. O gah Vətən müharibəsində vuruşmuş və sinəsi ordenli qələbə ilə geri qayıtmış həyat yoldaşı Müqəddəsin, gah da Qarabağdakı döyüşlərdən qorxub qaçan oğlu Vəfalının şəklinə baxırdı. Hərdən oğlunun şəkli qarşısında dayanan Gülsüm xala asta səslə soruşurdu:

- Haradasan, ay oğul, niyə bir parça kağız yazmırsan? Bilək görək sağ-salamatsanmı, nə işlə məşğulsan?

Neçə illər idi ki, Gülsüm xalanın şəklə verdiyi bu suallar cavabsız qalırdı. Vəfalı lal baxışlarla şəkildən anasına boylanırdı.

Adəti üzrə səhər tezdən qonşusuna baş çəkməyə gələn Sona onu çağırdı. Amma içəridən səs gəlmədi. Tez qapını açıb içəri girəndə Gülsüm xalanı çarpayıda döşəli gördü. Həyəcanla çığırıb əlini alnına qoydu. Gülsüm xalanın bədəni buz kimiydi. Yazıq arvad artıq keçinmişdi. Oğul həsrətiyli gözləri isə açıla qalmışdı. Sona xala onun gözlərini qapadı.

Gülsüm xalanı həyat yoldaşı Müqəddəs kişinin məzarının sağ tərəfində boş qalmış yerdə dəfn etdilər. İndiyə qədər tək qalan məzar qoşalaşdı.

 

***

 

Anasının ölümü Vəfalının heç yuxusuna da girmədi. Ötən müddət ərzində artıq Vəfalı bazarda yerini xeyli rahatlamışdı. Alveri yaxşı getdiyindən pula pul demirdi. Qazandığını rus qızlarına xərcləyirdi, onlarla yeyib-içib, əylənirdi. Daha yadına nə Qalayçılar və Manikli kəndləri, nə o qarlı dağlar, nə də düşmən qarşısında qoyub gəldiyi əsgər dostları düşürdü. Hərdən içkidən başı ayılanda kəndlərinə qayıtmaq istəyirdi. Anasını, nişanlısını və bacılarını görmək üçün burnunun ucu göynəyirdi. Amma fikirləşirdi ki, geri qayıdan kimi onu tutub içəri basacaqlar. Buna görə qorxusundan evə məktub da yazmırdı ki, birdən ünvanını bilərlər.

Bir gün Bakıdan gələn tanışlardan biri onu bazarda görüb dedi:

- Ay Vəfalı, ayə xəbərin varmı, hökumət döyüşdən qaçannarı bağışlayıb. Qayıtmaq istəyirsənsə, get. Qorxma səni tutmazlar.

Vəfalı əvvəlcə bu sözlərə inanmadı. Elə bildi ki, uşaqlar onu ələ salıb zarafat edirlər. Amma bir neçə gündən sonra yenə də Bakıdan gələnlərdən bunun həqiqət olduğunu öyrəndi.

Doğma ocaqlar, doğma adamlar Vəfalının yadına düşdü. O, xəyalən anası, bacıları və nişanlısı ilə söhbət edirdi. Geri qayıtmağı qətiləşdirən Vəfalı vaxt itirmədən hazırlaşmağa başladı. O, daha burada qalmaq istəmirdi. Bazardakı mallarını dəyər-dəyməzinə satırdı ki, yola çıxsın. Vaxt eliyib Mübarizə də baş çəkdi, eşitdiyi bu şad xəbəri ona da çatdırdı. Amma pul qazanmağa və başqa işlərə başı möhkəm qarışan Mübariz eşitiklərini çox etinasız qarşıladı. Soyuq-soyuq «mən bir də o yerlərə qayıtmayacağam», - dedi. Vəfalı isə onun bu sözlərini eşidib özü-özünə fikirləşirdi ki, gör mən nə qədər axmaq və avam olmuşam, Mübarizin sözünə baxıb doğma yerlərdən, əzizlərimdən ayrılıb yad torpaqlara gəlmişəm. İndi mən onu doğmalarının yanına aparmaq istəyirəm, amma o getmək istəmir.

Neçə illər kəndlərindən uzaq düşmüş Vəfalı Tula şəhərindəki dost-tanışları ilə sağollaşıb ayrıldı. Doğmalarına qovuşmaq üçün yola çıxdı. İndi cibində xeyli pulu var idi. Fikirləşirdi ki, evə çatan kimi toy edəcək. Südabəyə bahalı-bahalı üzüklər, boyunbağılar alacaq. İndi həm bacılarına, həm anasına, həm də nişanlısı Südabəyə yaxşı hədiyyələr almışdı. Bilirdi ki, aldıqları onların ürəyincə olacaq.

Yollarda xeyli əziyyət çəkən Vəfalı bir neçə gündən sonra Qayalıya gəlib çatdı. Dağ-dərələr olduğu kimi qalmışdı. Dəyişilən elə Vəfalı olmuşdu. Qarşılaşdığı kənd adamlarının çoxu ona salam vermədən ötüb keçirdilər. Görüşənlər isə çox soyuq danışırdılar.

Vəfalı ona doğma və əziz olan məhəllələrdən keçib sevinə-sevinə evlərinə çatdı. Həyət qapısını döyməyə başladı. Bu anlarda fikirləşirdi ki, indicə anası qapını açacaq, bir-birilərinə möhkəm-möhkəm sarılıb görüşəcəklər. Xalidə ilə Validə ona çoxlu suallar verəcək. Evdəkilərlə görüşdükdən sonra Südabəgilə gedəcək… Axı o «neçə il desən yolunu gözləyəcəyəm» - demişdi.

Dəqiqələr, anlar ötüb keçirdi, amma qapı açılmırdı. Dayanıb gözləməyə səbri çatmayan Vəfalı qapını bir az da möhkəm döydükdən sonra hasarın üstündən aşıb həyətlərinə keçdi. Elə ilk dəqiqələrdə gördüklərindən donub yerində qaldı, tərpənə bilmədi. Bu, nə idi o, görürdü. Eyvanın bir hissəsi uçub-tökülmüşdü. Həyət-bacanı, pilləkənlərin üstünü ot-ələf basmışdı. Həmişə bol meyvə gətirən ağaclar qurumuşdu. Çürümüş budaqlar yerə tökülmüşdü. Pəncərə şüşələrindən yalnız bir neçəsi salamat qalmışdı. Qalanları sınıq-sınıq idi. Vəfalı ümidsiz-ümidsiz bir az irəli gəlib yenə də anasını, bacılarını səslədi. Amma çoxdan bağlanmış, cəftə və həncəmaları pas atmış qapıların o üzündən səs-səmir gəlmirdi. Sanki Vəfalı yüz il, min il əvvəli səsləyirdi. Heç elə bil onun bu evdən getdiyi beş-altı il deyildi.

Qonşusunun həyətində səs eşidən Sona xala ayaqlarını güclə çəkə-çəkə evinin arxasına çıxdı. Vəfalını görən kimi, bir az da irəli gəldi. Heç salam da vermədən onu məzəmmət eləməyə başladı:

- Neçə ildir haradasan, ay bala? Bəs oğul anasına bu qədər əzab verər, zülüm edər? Sən indiyə qədər nağayırırdın o xaraba qalmış urusetdə? Gülsümü sənin dərdin öldürdü. Yazıq elə «Vəfalı» - deyə-deyə keçindi. Bacıların da ailə həyatı qurublar. Ev-eşiyız da neçə ildi yiyəsiz qalıb, xarabalığa dönüb.

Vəfalı anasının öldüyünü eşidəndə dizləri qatlandı, beli büküldü, boğazı qurudu, nitqi tutuldu. Elə qapının ağzındaca başını bükülmüş dizlərinin üstünə qoyub hönkür-hönkür ağlamağa başladı. O, elə yanıqlı ağlayırdı ki, sanki evin salamat qalmış divarları bu dəqiqə uçub yerə töküləcəkdi.

Sona xala Vəfalını qolundan tutub ayağa qaldırıb:

- Dur ayağa, ay bala, gözu miziyin tökməyinən ana geri qaytaran dəyilsən. Əl-üzu yu, gedək rəhmətliyin qəbrinin üstünə.

Vəfalı üzünə su vuruncan Sona xala yaylığını başına atıb qayıtdı. Qəbiristanlığa tərəf dönən yolda Vəfalı qarşıdan iki uşaqla gələn qadını görəndə yerindəcə donub qaldı. Gələn Vəfalının nişanlısı Südabə idi. O da Vəfalını uzaqdan görmüşdü. Başını aşağı salıb, salam-kalamsız onun yanından tələsik keçdi. Vəfalının tutulduğunu, pərt olduğunu görən Sona xala dilləndi:

- Bala, bu köpək qızı səni neçə il gözlədi, gəlib çıxmadın. Tay yazıq neynəməliydi? O da çıxıb getdi ərə. Balam camaatın qızı nə qədər sənə zanit olmalıydı ki?

Gəlib qəbiristanlığa çatdılar. Bir vaxtlar Vəfalını boyunu sevə-sevə, əzizləyə-əzizləyə böyütdüyü valideynləri indi ona məzar daşlarından boylanırdılar. Vəfalı qəbirlərin önündə diz çökərək:

- Bağışlayın məni, qarşınızda günahkaram, – deyib ağlamağa başladı.

Yanağından süzülüb axan isti göz yaşları ürəyini odlayırdı. Vəfalının gecikmiş göz yaşlarını susuzluqdan cadar-cadar olmuş torpaq da özünə çəkmək istəmirdi. Gülsüm xalanın ömrünün son günlərindəki qəm-kədəri, hiddəti sanki məzara da, dəfn olunduğu torpağa da hopmuşdu. Tutduğu işdən peşiman olan Vəfalı utandığından atasının, anasının məzar daşındakı şəkillərinə də baxa bilmirdi. Göz yaşları içində heykəl kimi yerindəcə donub qalmışdı…

Kənd qəbiristanlığının sakitliyində Vəfalının hıçqırtıları, hönkürüb ağlamağı aydınca eşidilirdi…

 

 

Vahid MƏHƏRRƏMOV

 

Kaspi.- 2013.- 26-28 yanvar.- S.24.