“Günlər yarpaq kimi qopur ömrümdən...”

 

Doğrudan da belədi... Doğrudan da “Günlər yarpaq kimi qopmur ömürdən, qopur diş kimi, dırnaq kimi. Hər keçən gündən üz qalır üzümüzdə cırmaq kimi...”

 

Çətini yaşamaqdı,

Ölmək nədi ki? Heç nə.

Son dəfə nəfəsini çəkib içinə

Bir dərin suya baş vurmaq kimi.

 

Ramiz Rövşənin misralarıdı. Sadə, səmimi... Hər cür dünyagörmüşlüklə, ruh yaşantısı ilə bətbətlənmiş- bələnmiş!

 

Ramizin şeirləri qəribə, son dərəcə əminlikə oxucu düşüncəsinə ölüm-itim xofu sarıdan təlaşlanmamaq təskinliyi təlqin edir. Onu oxuyursan. Və qos-qoca bir əminliklə anlayırsan ki, “Xeyri yox, lap dönüb balıq olsan da əcəl durub yol üstündə qarmaq kimi”. Əvvəl-axır keçəcəksən ölüm adlı keçilməzdən. Yenə də təsəllinin ən etibarlı mesajları Ramiz Rövşəndən gəlir:

 

Bizdən ayrıldı daha,

Ən əziz dostun yanına getdin.

Daha dərdin?

Yanında dostun var Allahın kimi.

 

Bəlkə tanınmış rejissor Ramiz Həsənoğlu öz adaşının poetik təsəllilərinin məhz bu vacib, gərəkli missiyasını önə çəkərək, onun şeir dünyasının özünəməxmsus, bənzərsiz ovqatını incələyir: “Bu çətin dünyamızda, dəyərlər meyarlar pozulub puç alt-üst olan bir zamanda, illərnən tanıyıb inandığın insanlar bir gün tamam fərqli bir rəngdə çalarda sənin gözünə görünəndə, mənə təsəlli Ramiz Rövşənin şeri olur... Onda hər şey öz yerindədi, meyarlar dəyişməz olaraq qalır. O aləm səni birbaş bu gerçəklikdən yuxarı saxlayır...“

 

Mən Ramizin şerini öz sözüm kimi anama göndərə bilərəm, oğluma vəsiyyət edərəm, ömrümü bu şeirlərlə yaşaya bilərəm” – deyə düşünənlər haqlıdı, “onun şeirlərini oxuyub, adi məntiq dili ilə danışmaq mümkün deyildirfikrini önə çəkənlər . Onun şeirlərindəhər şeir öz yaşında, hər şeir öz boyunda-buxunundadı. Bəlkə mənə ona görə belə gəlir ki, bu şeirlər canlıdır, lap insan kimi canlıdır mən onları açıq-aşkar görə bilirəm... Ramizin hər şeri insanın bir əhval-ruhiyyəsinin nəğməsini oxuyur...”

 

Bu mənada, xalq yazıçısı Anar son dərəcə dəqiqliklə R.Rövşən yaradıcılığının lirik-psixoloji əhatəsi ilə yanaşı, texnoloji imkanlarını da təqdir edir: “Ramiz dilimizin bütün imkanlaırından sərraf kimi yararlanmağı bacaran nadir sənətkarlardandır”. onunpoetik nümunələr düzümü çoxplanlı, assosiativ, mürəkkəbdir” (R.Rza).

 

Qarşılıqlı olaraq Ramizin hansı bir şerinə nəzər yetirsək, o şerin əhatələdiyi lirik-psixoloji, mənəvi iqlimin havasında bu deyilənlərin bənzərsiz təsdiqini, varlığını görə bilərik.

Biri eləNəfəsşeri. Bəlkə əsl şairliyin bir adı da elə uzun ədəbi mübarizələr qət edib, tək bu bircə şerin sahiblik etdiyi ruh ürpəntisinə, fikrin ifadə ustalığına, sözün bitkin yetkin səmimiyyətinə yetməkdi:

 

Mənim bu dünyayla bir alverim var,

Alıdığım-verdiyim nəfəsdi, nəfəs.

Daha özgə bazar açan deyiləm,

Ölüncə bu alver mənə bəsdi, bəs!

 

...Canavar ağzından keçdi nəfəsim,

İlan boğazından keçdi nəfəsim.

 

İlahi, yaman əliaçıqsan,

Bir quru nəfəsi az bildin mənə.

Yarpaqladı, çiçəklədi nəfəsim,

İlahi, dil verdin, söz verdin mənə.

Sözlər nəfəsimi dərdi, apardı,

Sevinci apardı, dərdi apardı.

 

Çiçəyi, yarpağı sovulub gedən

Bir ağac kimiyəm bu yer üzündə.

Hələ ki, qorxmursan son nəfəsimdən,

Hələ ki, diriyəm bu yer üzündə.

 

Bu şeir beləcə, böyük Yaradanla insan arası pünhan bir aləmin həbsi-halında sonacan kövrələ-kövrələ gedir.

 

Ramizi oxuya-oxuya insanın könlündən bulud kimi ölmək keçir yaz yağışında, ümid kimi ölmək marağı dikəlir bir yar baxışından. Sonda, sonda sonda da demək istəyirsən ki:

 

Bir yel qanadında

Yarpaq kimi ölmək.

Bir qəbir altında

Torpaq kimi ölmək.

 

Bir səs kimi ölmək

Bir kar qulağında.

Bir söz kimi ölmək

Bir lal dodağında.

 

Bu yazılanlar fikrin son məramına, son mətləbinə qədər öz ovqat diriliyini hifz edə bilir eyni məntiqlə, ruh diriliyi ilə son nöqtəni qoyur:

 

Gündən-günə, ölmək,

Dönə-dönə ölmək,

Öldükcə dirilmək,

Sonra yenə ölmək...

 

Doyumsuz bir köksötürmə, şirin bir təəssüf (bu ifadə qədər qəribə səslənsə ) Ramizin şeirlərinin dünyasından son dərəcə abır-həyalı, kövrək durumuyla keçib-gedir. Oxuyursan səni əhatələyən çox nəsnələr yönünü dəyişir, öz qançəkərinə qoşulub da gedir, yaddaşda, düşüncədə isə təkcə bu şerin doğurduğu təəssürat qalır:

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə biz xoşbəxt ola bilərdik,

Bəlkə xoşbəxtik, xəbərimiz yox.

 

Aradan qədər il keçib görən,

Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla.

 

Bəlkə bu yazının özü belə bu zərif, ədəbi mühit üçün tanışdan-tanış olan şerin yenidən dil ucuna gətirilməsi fürsətidi. Bu fürsət imkan verir ki, əbədi bir an əsl poeziyanın, əsl sözün işığından, könül sevdasından barınasan. Könül dostlarına ərkdən doğan gileyini çatdırasan. Könül dostuna səmimi, hər cür yalandan-riyadan uzaq bir doğmalıqla dünən , bu gün , elə sabahın özündə mən səninlə idim, bəs sən kiminlə idin?” sualını verə biləsən... İç vuruşunun təbəddüatlarını şerin, sözün şirin dilinə çevirə biləsən. Belə, bu sayaq:

 

Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan, bacımsan, nənəmsən, nəsən?

Bircə Allah bilir nəyimsən mənim...

 

Ramizin şeirləri sakini olıduğumuz dünyaya, yerə, göyə, çiçəyə-gülə sevgi məktubları kimi oxunur. Bu şeirlərin qəlbə qonuşu zərif bir kəpənəyi xatırladır; belə ki, kəpənək gül üstə qonur, sərin dağ mehi onun bir cüt əl kimi Allaha doğru açılan qanadlarını xəfifcə yelləyir. Bu şeirlər o qanadlar kimidi. Kövrəkdi, xəfifdi duyğuludu:

 

Dağlar arasında dərə

Dərindi yuxu kimi.

Dağ-dağa duman göndərər

Sevgi məktubu kimi.

 

Göydə yeddi sətir cızan

O göy qurşağına bax.

Kimdi onu yazan? Allah!

Sevgi məktubu kimi.

 

Bir bax bu kəpənəyə,

Sanki qoşa varaqdı.

Uçur çiçəkdən-çiçəyə

Sevgi məktubu kimi.

 

Haçan aşar bu sümükdən,

Ətdən olan hasarı?!

Ruhum uçar göyə sarı

Sevgi məktubu kimi.

 

Çiçəklər doğulan yaz gecələrinin sevgi məktubları gül ləçəkləri kimi şeir kitablarının vərəqləri arasında saxlanan olur. Daha çox gənclik qoxusu verir, daha çox vəfa, əhd, peyman səslənişinə hesablanır. Və həqiqətən də inanırsan ki, bu xatirələrə boxça olan bahar axşamında sevməşyə, eyni dərəcədə də ölməyə, eyni dərəcədə də dirilməyə nə var?!

 

Çiçəklər doğulur bu yaz gecəsi

Parisdə, Təbrizdə, həyətimizdə.

Bu yaz gecəsində çiçəkləyəcək

Bəlkə dərdimiz də, həsrətimiz də...

 

Ramizin poeziyası hər qədəmində çiçəklər doğulan, daha doğrusu, doğuran yaz axşamına, bahar səhərinə bənzəyir. OnunHayana yol alsam, yolum başlayır oğlumun gözlərindən” misrası hər birimizin ruh doğmalığının şəkillənməsi kimidi. Sonacan e yni səmimiyyətlə oxunur:

 

Gün çıxır, ay doğur,

Ulduzlar yanır...

Qar yağır, dolu başlayır

Oğlumun baxışlarından...

 

Eləcə də bütün doğmalarımızın, yolumuzu gözləyənlərin baxışlaırından.

“Məni ayrılığın əlində qoyma” ərkimin, “Tanrının rəsmini çəkir qələmim”, “Ölüm, gözlərində dəfn eylə məni” ricamın gerçək dostları, könüldaşları kimi oxuyuram Ramizin şeirlərini. Ruh doğmalığımız eyni duyğulardan söz açır elə...

 

Gülayə

Kaspi.-2014.-26-28 aprel.-S.24.