Səmtiniz
mübarək, Qulu Ağsəs!
Hərdən bizə elə gəlir ki, ictimai zəmində bədii fikrə yaradıcı keçid etmək işğal acısından hayqıran, hamımızdan küsülü Qarabağın şəninə şikəstə oxumaq qədər çətindir. Zənnimizcə, fəlsəfi boyalı məqsədi ictimai mənalanmaya cəlb etməyin özü də bu proses qədər üzücüdür. Belə deyək, əsl gerçəkdə, zaman aşınmaları ictimai dərkdən aşağıda cərəyan edir, fəhmə uyğunlaşmada bir dəyişilmə var. Buna görə adi insan bir fərd olaraq vizual enmədə daha çox fəaldır. Yalnız metahissi dərketmələrə könül isidə bilən yaradıcı fərd (şair-yazıçı) zaman əhatəsini miqyasca böyüdür, zərurət kəsb edən mənalanmada fəhmə qapı açır. Heç şübhəsiz, yaradıcı hissi qavraması ilə ədəbi ictimaiyyətin rəğbətini qazanmış, gerçək mənada talantlı şair Qulu Ağsəs dərketməsi də bu zəmin üzrə aidiyyəti səmtlərə enerji sıçradır. Sevindirici haldır ki, onun on il əvvəl mütaliə etdiyimiz ideoloji şeirindən bu gün fərqinə vara bildiyimiz müfəssəl şeirinə sürətli dəyişən bir meyl var; səmimi deyək, bu rapsodik seyretmə təkcə sürət məğzləri ilə ehtiva etmir, həm də poetik, bədii-fəlsəfi mənalanmaya rəng vurur. Fikrimizi isbat etmək üçün istedadlı şairin poetik çək-çevirlərinə diqqət çəkək:
Balamın canına,
Atamın goruna,
İşğal gününə...
- gör, nəyə and içirəm:
-səni çox sevdiyimdən
Şeir yazmadım şəninə...
«Qarabağ şikəstəsi»
***
Tövbə, görünməyib fəlakət belə,
Dammarı kəsilib göyün elə bil.
Tanrı, qəzəbindən bulud əliylə,
Torpaq dizlərinə döyür elə bil.
«Qiyamət»
***
Üzdü ayaqlarımı Vətən yolu,
Qayıtdım üzüqoylu...
«Müharibə əlili»
Bu nümunələrin sayını artırmaq da olardı. Məqsədimiz kəmiyyətə diqqət çəkmək deyil, bu misralardakı poetik həqiqətə hissi enmə edə bilməkdir. Bu mənada, birinci nümunədəki sevgi müqəddəsliyi ictimai məğzlər qədər inandırıcı və bir az da fərqlidir. Bu fərq onun «bala canı»ndan, «ata gorgahı»ndan və «işğal günü»ndən bir mərtəbə yuxarıda dayana bilməsidir. Əsas məsələ isə inana bilməkdədir. Ayrıca, bu misraların cəm olduğu şeir bütövlükdə bir şikəstə təsiri bağışlayır. O şikəstə ki, ruhi təcəllası poetik-ictimai dərketmədir.
Yaxud ikinci nümunədəki «Tanrı»- «torpaq» və «qəzəb» aspektləri ortaq bir nöqtədə məchulluqdan çox, məlumluğa yönəlir – bəlkə elə axirət-son gəliş məğzləri də bu miqyasda cərəyan edir. Əbəs yerə deyil ki, şeirin sonluğunda məqsəd gümana sarılır: «...Onda gələcək ki, haya, Yaradan, Sağ ikən görməsin onu bir adam».
Üçüncü nümunədə gerçək həyat vizuallığı obyektiv səbəblərə bir izharlıq verir; və məlum olur ki, vətənə sadiqlik ailəyə «xəyanət» çək-çeviri yaradır. O mənada ki, torpaq uğrunda bədəninin yarısını – ayaqlarını itirmiş bir insan (belə deyək, bir əsgər) sosial qayğılardan uzaq qalır və gözü yaşlı ac uşaqlarının, çılğın qayğıların qoynunda yüklü gəmitək ləngər vuran başıdaşlı həyat yoldaşının ehtiyaclarını qarşılamaq gücünü itirir. Bu, əslində mənəviyyatın sınan səmtidir. O səmt ki, insanlığa biganəliklə doludur. Məhz elə bəhs etdiyimiz «Müharibə əlili» şeirinin qəhrəmanı – şikəst əsgər də «...Üzdü ayaqlarımı vətən yolu, bu da mənə «sağol»u» deməkdə haqlıdır. Və səmimi deyək, bu şeir yanlış ictimai nəzərlərin yönəldiyi boyat təfəkkürlərə bir sipər, bir həyat şilləsidir.
Ta günə satmıram günü,
Geydir, hərraca çıxıram...
Bəşəri səbəb kimi təzahür edən qlobal seyretmələr əslində, kimisə, haranısa qapazaltı eləməkdir. Cəmiyyət insanının hərraca çıxması bu ünsürün real sıçrayışıdır. Və bu, faciə deyilsə, nədir? Diqqət yetirək: Qulu müəllim ictimai dərketmədən fərqli bir yanaşma ilə sıyrılır, hamının mübtəla olduğu (və ola biləcəyi) dəhşətlərə işarə vurur. Onun «Ayaq üstə ölmüşəm ki, Götürən olmasın yerdən» deməsini də bu zərurətdən kənar ictimai enmələrə fikir cığırı uzatması kimi xarakterizə etmək olar.
Yazırsan: «Ölürəm...»
Min şükür, alqış!
Nə yaxşı sevgidən ölən hələ var...
Sevgidə zühur edə bilmək ictimai-metafizik qaynarlığa baxış sərgiləyə bilmək anlamı kəsb edir. Bizə elə gəlir ki, Qulu Ağsəs dərketməsində sevgi kənar hədlərdir. Elə onun bəhsolunan şeirində də bu proses məchulu axtarılan bədii-riyazi formul kimi təsir bağışlayır. Bunu onun «Qorxuram öləsən, sevgi yaşaya, Qorxuram qalasan, məhəbbət ölə» fikirləri də isbatlayır. Demək, fərdin ictimai seyretmə reallığında sevginin yoxluq miqyası cızması əslində, bir gerçəkdir.
Səmimi deyək, Qulu Ağsəs yaradıcılığında ictimai məğzlərə keçid təkcə poetika ilə yekunlaşmır, bu səmtlənmədə fəlsəfi ovqatlar, ədəbi-bədii hissetmələr və xüsusən, könülvəsfetmə rituallığı da qabarıqdır. Bu proses həm də polifonik dəyişilmələrlə diqqət çəkir. Bu real zəmin istedadlı şairin əksər şeirindən qırmızı xətt kimi keçir. Bunu da nümunələrlə isbat edək:
Nə ola, bir səhər durub görəsən,
Divarlar üstünə Allah yazdırıb.
Qış günü soyuqdan ölən ağacın,
Yasına
mart ayı yarpaq yazdırıb...
***
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı, fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu,
Nə qədər imkan var, rahatlan, uyu...
***
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam, ölümə.
Tanrı
qırmır bizi, ancaq ölümə
Yoxladır...
Və
s. Bu bəndlərdə fəlsəfi-ictimai
və bədii fikri çək-çevirlər
ovqatdəyişmə və
meyletmədə fərqli
yön, səmt tapa bilmə ehtimallarını çoxaldır,
oxucunu mental formatdan uzaqlaşdırmamaq şərtilə
onda modern-müasir təəssürat yaradır.
Mart ayının ölən
ağacın yasına
nəmər əvəzi
yarpaq salması, uçuq yuxu fonunda yarımçıq
rahatlıq axtarmaq cəhdlərinə meyletmə,
Tanrının adamı
ölümə yoxlatması
və s. fəlsəfi-mistik
dəyişilmədir. Bu proses
istər-istəməz oxucu
yaddaşını tərpədir.
Və əgər belə bir hal baş
verirsə, deməli, şair də, şeir də xoşovqatdır. Nə xoş
ki, bu xətt
Qulu Ağsəs yaradıcılığında tamdır.
Qulu Ağsəs
şeiri metahissi sirayətetmədə də
fəaldır. Sual oluna bilər: Hansı məğzlərinə
görə? Sözardı olaraq deyək
ki, o, dilimizin məlum fonetik qanunlarına, ölçü-biçi
vəhdətinə, vəzn
və ritm oynaqlığına, qrafik
və fonetik prinsiplərə, nisbi fonetik qafiyə məğzlərinə əməl
edir. Və ən əsası,
sevindirici haldır ki, onun şeirləri
şeir hipertoniyasına
(şeir xəstəliyinə)
uğramır.
Səmtiniz mübarək, Qulu
Ağsəs!
Hikmət Məlikzadə,
Azərbaycan
Yazıçılar Birliyinin üzvü
Kaspi.-2014.-26-28 aprel.-S.23.