Belə bir kinooperator var idi – Xan

 

1969-cu ilin qızılı payız günlərinin birində tanınmış Azərbaycan kinooperatoru Xan Babayevin anadan olmasının 50 illiyinə həsr edilmiş gecə keçirilirdi. Gecədə Adil İsgəndərov, Həsən Seyidbəyli, Muxtar Dadaşov, Arif Nərimanbəyov, Hüseyn Seyidzadə, Nəcibə Məlikova, Əlisəttar Atakişiyev, Həsən Məmmədov və başqa tanınmış sənətkarlarımız çıxış edib, həmkarları Xan Babayev haqqında öz ürək sözlərini deyir, onun yüksək mədəniyyətli bir insan, professional kinematoqrafçı kimi keyfiyyətlərindən danışırdılar. Bu, çox maraqlı və yaddaqalan gecə idi. Amma çox təəssüf ki, həmin gecə yubilyarsız keçdi, çıxış edənlər Xan haqqında keçmiş zamanda danışdılar. Çünki yubilyar artıq iki il idi ki, aramızda yox idi, iki il idi ki, dünyasını dəyişmişdi. Həmin axşam gecəyə toplaşanların yeganə təsəllisi kinooperator Xan Babayevin çəkdiyi bədii və sənədli filmlər, filmlərdən göstərilən fraqmentlər idi. Amma bu kiçik fraqmentlərdə belə Xanın ürəyinin döyntüsünü eşitmək olurdu.

 

Xan Yusif oğlu Babayev Azərbaycanın ən gözəl və mənzərəli guşələrindən birində - Lənkəran rayonunun Seydəkaran kəndində həkim ailəsində dünyaya göz açmış, ibtidai təhsilini Bakının 48 saylı məktəbində almış, 1931-1937-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində oxumuşdur. Bu illərdə o, eyni zamanda müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləmişdir. Lakin harada təhsil almağından və işləməyindən asılı olmayaraq çox sevdiyi fotoaparatı heç vaxt əlindən yerə qoymamışdı. Hətta müharibəninin o ağır illərində və sonralar kinooperator olanda belə bu gözəl obyektivdən ayrılmamışdır.

 

1938-ci il Xanın həyatında dönüş ili oldu. Çünki o, çoxdan ürəyində gəzdirdiyi, lakin haçansa həyata keçəcəyinə inandığı ən böyük arzusuna, ən böyük istəyinə qovuşmuşdu. X.Babayev Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil olmuşdu. Lakin II dünya müharibəsinin başlanması ilə bu sevinc çox uzun sürmədi. İnsanların rahatlığı, dincliyi əllərindən alındı. Hitler Almaniyasının Sovet İttifaqına hücumu bu ölkədə yaşayan bütün millətləri ayağa qaldırdı. Azərbaycandan 700 mindən çox oğlan və qız cəbhəyə getdi. Onların arasında institut tələbəsi Xan Babayev də var idi.

 

Ordudan tərxis olunan kimi gənc zabit təhsilini görkəmli rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında davam etdirmişdir. X.Babayev 1950-ci ildə institutu bitirib yenidən Bakıya, doğma kinostudiyaya bu dəfə professional kinooperator kimi qayıtmışdır.

 

Xan hələ kinematoqrafiya institutunun tələbəsi ikən 1947-ci ildə dostu, kinooperator T.Axundovla birgə iki sənədli film-məşhur pambıq ustası Sürəyya Kərimovadan, Ağdam bölgəsində pambıqçılığın inkişaf etdirilməsi üzrə görülən tədbirlərdən bəhs edən «Çağırışa cavab», 1949-cu ildə Azərbaycanın Ağstafa rayonundakı «İskra» kolxozunun əldə etdiyi nailiyyətlərə həsr olunmuş «Yeni həyat qurucuları» kinolentlərini çəkmişdir. Həmin il istehsala buraxılan «Bakının işıqları» tammetrajlı bədii filmində II operator işləmişdir. Bu filmdə X.Babayev müstəqil çəkdiyi bir fraqmenti diplom işi kimi müdafiə etmiş və bu iş «əla» qiymətə layiq görülmüşdür. Bununla əlaqədar filmin baş operatoru Q.Yegiazarov diplomçu tələbəyə verdiyi «Xasiyyətnamə»də (14 dekabr 1950-ci il) belə yazmışdır: «Bakının işıqları» filminin II operatoru X.Babayev özünü əla şəkildə göstərmişdir. O, operator ustalığı texnikasına yaxşı yiyələnmişdir. Və mürəkkəb yaradıcılıq məsələlərinin həllinə cəsarətlə yanaşır. Yaradıcılıq prosesində özünü sərbəst hiss edir».

 

İnstitutu bitirib Bakı kinostudiyasında fəaliyyətə başlayan gənc operator T.Axundov və Kazım Həsənovla birgə Azərbaycanın ən zəngin mis və filiz yataqlarına malik Gədəbəy torpağından bəhs edən «Gədəbəyin sərvəti» (1950-ci il), C.Məmmədov, L.Koretski, V.Zbudski ilə birgə Azərbaycanda respublika stadionunun təntənəli açılışına həsr olunmuş «Respublika stadionu» (1951-ci il), yeni neft layları axtarıb tapmaqla məşğul olan neftçilərin gərgin əməyindən danışan «Neft kəşfiyyatçıları» (1952-ci il) sənədli filmlərini çəkmişdir.

 

1953-cü ildə «Doğma xalqımıza» bədii-sənədli filmi istehsala buraxılarkən Xan Babayev və Teyyub Axundov filmə operator təyin olunurlar.

 

Xan Babayevi şair, kinematoqrafda təbiətin tərənnümçüsü adlandırmaq olar. Onun çəkdiyi «Ögey ana», «Böyük dayaq», «Yenilməz batalyon» və .s filmlərdə təbiət adi fon rolunu oynamır, bu filmlərdə fon fəaldır, personaj kimi fəaliyyətdədir. Azərbaycan, onun meşələri, dağları, dərələri, gözəl bağları, çayları ekranda sanki cana gəlir, tamaşaçı ilə ünsiyyətdə olur. Xan Babayev əsl Azərbaycan milli kinooperatoru, doğma torpağın nəğməkarı idi.

 

Xan Babayev 1960-cı ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinə işə keçənə qədər Bakı kinostudiyasında neftin çıxarılması uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edən «Qara Daşlar» kinopovestini (1956, Ə.İsmayılovla birgə), gənclər və tələbələrin III Respublika festivalına həsr olunmuş «Səadət və əmək mahnıları» rəngli sənədli (1957, baş operator), Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü haqqında «Azərbaycan mədəniyyətinin baharı» tammetraşlı rəngli sənədli (1959, C.Məmmədovla birgə rejissor və operator) filmlərini, ittifaq və respublika kinojurnalları üçün yüzlərlə xronikal kinosüjetlər çəkmişdir.

 

Xan Babayev «Böyük dayaq»dan sonra rejissor H.Seyidzadənin «Yenilməz batalyon» bədii filmi üzərində (R.İsmayılovla birgə) işə başlayır. «Yenilməz batalyon» operator X.Babayevin son filmi olur.

«Yenilməz batalyon»a həyəcansız baxmaq olmur, hadisələrin dramaturji inkişafını diqqətlə izləyən tamaşaçı qəhrəmanların taleyinə biganə qala bilmir, hətta filmin nümayişindən sonra da düşüncələrə dalır. Əvvəlki filmlərindən fərqli olaraq, operator bu dəfə «Yenilməz batalyon»un xarakterinə, üslubuna uyğun ənənəvi işıqlandırma üsullarından imtina edir. Kütləvi səhnələrdə aktyorlara tam sərbəstlik verir. Buna görə də filmdə mizansəhnələr daha da inandırıcı alınmışdır. Bütün ekranı tutan ikibaşlı qartal emblemi – çarın simvolu elə rakursdan lentə alınmış və elə işıq – kölgələrlə təqdim olunmuşdur ki, bu səhnəyə baxarkən çarizmin xalqlar üzərindəki fiziki və mənəvi təzyiqini açıq-aydın hiss edirsən. Amma «Xavər Məmmədxanovanın həyəti» epizodunda hiss etmirsən ki, bu səhnə kinostudiyanın pavilyonunda dekorasiyalar fonunda çəkilmişdir. Projektorların süni işığında lentə alınan həmin epizodun belə inandırıcı çıxması üçün operatorun professionallığına heyran qalmaya bilmirsən. Təsadüfi deyil ki, sənədli materiallar əsasında yaradılmış «Yenilməz batalyon» filminə «Ədəbiyyat və incəsənət» qəzetində dərc olunmuş resenziyada (5 mart 1966-cı il) operatorların işini dəyərləndirən belə fikirlərlə rastlaşırıq: «Yenilməz batalyon»un müvəffəqiyyətində operator X.Babayev və R.İsmayılovun…xidməti az deyildir. Tamaşaçıları o sevindirir ki, kino obyektivi operatorların əlində daim hərəkətdədir və həmişə böyük, yaxud kiçik, ictimai, yaxud intim cəhətləri tutmaqdadır. Təbiət mənzərələri filmdə baş verən ictimai hadisələrlə üzvi surətdə bağlanmaqla bərabər, müstəqil estetik qiymətə malik bədii lövhələrdir. Furqonun təqibi, Qara dəniz donanmasının bir dəstə üsyançısını gülləbaran etməyə göndərilən bölüyün qala qapısı önündə yolunun kəsilməsi və final səhnəsi xüsusilə əlamətdardır…»

 

Mahir operator «Yenilməz batalyon» filmi üzərində işləyərkən ağır xəstələnir. Onun özünün təklifi ilə cavan, lakin istedadlı kinooperator Rasim İsmayılov filmdə Xanın işini uğurla davam etdirir.

 

X. Babayev heç vaxt özünü işsiz, hərəkətsiz təsəvvür etmirdi. Kinokameradan ayrı düşmək onun üçün həyatdan, cəmiyyətdən ayrı düşmək demək idi. Ancaq xəstəlik bu gözəl insana aman vermədi. O, 1967-ci il mayın 29-da vəfat etdi.

 

Azərbaycanın ilk milli professional kinooperatorlarından biri olan Xan Babayev hansı filmdə işləyirsə-işləsin öz peşə ustalığı və incə bədii zövqü ilə rejissor fikrini zənginləşdirməyi bacarırdı.

 

X.Babayev Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olarkən kinomuzun gələcəyi ilə bağlı məsələlərin həllində həmişə prinsipial mövqe tutardı. Nə sənətdə, nə də həyatda güzəştə getməyi sevməzdi. O, heç vaxt heç kəsə səsini qaldırmaz, heç kimin xətrinə dəyməzdi. Öz üzərində daim işləyər, bilmədiklərini öyrənməyə çalışar, öz bilik və təcrübəsini həmkarlarına, xüsusilə gənclərə öyrətməkdən həzz alardı.

 

Hər dəfə çəkilişə hazırlaşarkən Xan Babayev çəkəcəyi obyekti diqqətlə öyrənir, hansı şəkildə çəkiliş aparacağını ən xırda detallarına qədər özü üçün aydınlaşdırırdı. Operator çəkiliş meydançasına daxil olanda, nə etmək lazım olduğunu dəqiq bilirdi. Ona görə də bu gün biz tamaşaçılara, Azərbaycan xalqına gözəl operator Xan Babayevin iştirakı ilə çəkilmiş filmlər, onun gərgin əməyi, zəhməti, alın təri ilə yaranmış zəngin və qiymətli kinokadrlar yadigar qalmışdır.

 

Bir müdrik fransız filosofu demişdir: “Yalnız ölməzlər kimi yaşayanlar böyük işlər qoyub gedə bilərlər”. Fransız filosofunun sözlərində xırda dəyişiklik aparmaqla bu fikri belə də demək olar: “Yalnız Xan Babayev kimi qeyrətlə yaşayanlar böyük işlər qoyub gedə bilərlər”.

 

İstedadlı sənətkar, peşəkar kinooperator Xan Babayev elə bütün kino işçilərinin, sənətsevərlərin, onu tanıyanların fəxri, vüqarıdır.

 

 

Aydın Kazımzadə

Kaspi.-2014.-26-28 aprel.-S.20.