Şairlər gerçək aşiqlər
deyillər
Rüstəm Behrudi: “Hər bir istedadlı şairin şeiri onun başının üstündən asılmış ölüm elanıdır”
Rüstəm
Behrudi 1957-ci il sentyabrın 12-də
Ordubadda doğulub. Yaradıcılığında
türkçülüyə və dərviş fəlsəfəsinə
üstünlük verir. “Yaddaşlara
yazın”, “Şaman duası”, “Salam dar ağacı” adlı
şeirlər kitabının müəllifidir. Bu günlərdə Rüstəm müəllimlə
görüşüb yaradıcılığı və ədəbiyyat
barədə söhbətləşdik.
– Məmməd
Araz “Yaddaşıma yazın” adlı kitabınıza
yazdığı ön sözdə yazır: “Ədəbi gənclik,
adətən, özündən əvvəlki ədəbi nəslin
güclü təsirinə məruz qalır. Rüstəmin
yaradıcılığını başqalarından fərqləndirən
əsas cəhət onun məhz bu təsirlərdən
qaçmağa çalışması və uzaq
olmasıdır”. Bilmək istərdim ki,
özünüzü sizdən əvvəlki ədəbi nəslin
təsirindən necə qoruyurdunuz?
– Ədəbi nəsillər mütləq şəkildə
bir-birinə təsir edirlər. Bu
qaçılmazdır. Eyni zamanda, hər
bir qələm əhlinin dünya görüşünün
formalaşmasında mütləq kiminsə rolu olur. Yaradıcılığımın ilkin mərhələsində
Kələkidə yaşayırdım və həmin dağ kəndində
dünyayla əlaqəm yox idi. “Azərbaycan”
və “Ulduz” jurnalı çap olunandan bir neçə ay sonra
kəndə gəlib çıxırdı. Ədəbi mühitdən uzaq olduğuma görə
də təsirə düşmək ehtimalım sıfıra
bərabər idi. Ona görə də
kiminsə yaradıcılığından təsirlənmədim.
O vaxt sevdiyim şairlər Bəxtiyar Vahabzadə və Məmməd
Araz idi. Günlərin bir günü onların şeirlərini
oxuyanda hiss etdim ki, həmin şeirlərdə məni təmin
etməyən, ruhumun ehtiyacın tam ödəməyən nələrsə
var. Bundan sonra özüm şeirlər yazmağa
başladım, elə bilirəm ki, pis də alınmadı. Hətta sonralar yazdığım
türkçülüklə bağlı şeirlərdə
belə türk dünyası şairləri ilə paralel
aparılacaq nələrsə tapmaq çətindir, hətta
məşhur “Bozqurd” şeirimdə də. Türk dünyasında ilk məşhur “Bozqurd”
şeirini də mən yazmışam. Sonralar
məndən təsirlənib türkçü şeirlər
yazanlarsa çox oldu. Təbii ki, dünya ədəbiyyatından
da sevdiyim şairlər olub. Məsələn,
şotland şairi Robert Börns, fransız şairi Artur Rembo.
Ancaq onların şeirlərinin təsirinə
düşməmişəm, sadəcə
yaradıcılıqlarını sevmişəm.
– Tofiq
Hacıyevin sizin “İblis mələkdən gözəldir”
kitabınız haqqınızda yazdığı məqalədə
yaradıcılığınız haqda belə yazır: “Dədə
Qorqud kitabından sonra heç kəsdə etnik tariximiz bu
genişlikdə, bu fəallıqda bədiilik predementinə
çevrilməyib”. Maraqlıdır, nəsildaşlarınız
sevgi şeirləri yazan vaxtı siz türkçülük
şeirləri yazırdınız.
– Şairlər gerçək aşiqlər deyillər. Sevən
şair sevgi şeirləri yaza bilməz. Sözə
çevriləcək sevgi, sevgi deyil. Sevgi
elə böyük məfhumdur ki, onu sözlə ifadə eləmək
çətindir. Mən o vaxtı sevgini
yaşayırdım, yazmırdım. Türkçülüklə
bağlı yazmağımsa ruhumdan gəlirdi, həmin
şeirlərdə elə məqamlar var ki, şüuraltı
yazılıb. Bir də ona görə
sevgi şeirləri yazmırdım ki, məni öz taleyimdən
çox, xalq düşündürürdü.
–
Türkçülüklə bağlı
yazdığınız şeirlərinizə görə sizə
qarşı olan təpkilərdən
danışmağınızı istərdim.
–
Üç dəfə həbs olunmuşam, o vaxt Vəzirov
“Şaman duası” kitabımı səhifə-səhifə
cırıb sifətimə çırpdı. Dedi ki, “Ata dili”
şeirində obrazımı yaratmısan. Halbuki,
o şeir çoxdan yazılmışdı. Heç vaxt xuliqanlıq üstündə həbs olunmamışam,
daim dediyim haqq sözün əziyyətin çəkmişəm.
–
Xatırlayıram o şeiri, ailədə ata azərbaycanlı,
ana əcnəbi olanda uşaqların başqa dillərdə
danışıb öz dilini unutması problemi haqqında idi.
Bu mənada, uşaqları ata dilincə
danışmağa səsləyirdiniz.
- O
şeiri yazanda bilmirdim ki, Vəzirovun həyat yoldaşı əcnəbidir.
“Şaman duası” kitabım qadağan olunsa da,
Türkiyədə çap etdilər. Ancaq
yenə də təzyiqlər olurdu ki, bu kitabı niyə
Türkiyədə nəşr etdirmisən. Bizim ruhumuz ata dilinə uyğundur. “Kitabi-Dədə
Qorqud”da ata kitabıdır, kişi
sözüdür. Bizim ana kitabımız
olmayıb.
– Niyə elə
düşünürsünüz ki, “bizdə
yaltaqlığı belə gözdən salıblar”?
– Bir gün bir
tanınmış adamdan soruşdum ki, harda işləyirsən,
dedi əvvəlki iş yerimdə. Sual elədim: “Azərbaycanda
səndən yaltaq adam yoxdur, nə əcəb
səni bir vəzifəyə qoymurlar?” O maraqlı bir cavab verdi mənə; dedi o qədər peşəkar
yaltaqlar meydana çıxıb ki, biz həvəskar yaltaqlar
daha görünə bilmirik, yaddan
çıxmışıq. Onda dedim ki, “bizdə daha
yaltaqlığı da gözdən salıblar”. Eyni hal ədəbiyyatda
da baş verdi. Bir-iki yaltaq şair
yaltaqlanıb nəsə əldə elədi, sonra neçəsi
yaltaqlandı, amma faydası olmadı. İndi
vəziyyət qismən dəyişib. İyirmi il əvvəl beş-on adam yaltaqlıqla
yaşaya bilirdi, indi mümkün deyil, çünki
saysız-hesabsız adam bu “sahə”yə doluşub.
– Şeirlərinizdə
ölümə “xoş gəldin” yazırsınız,
qorxmursunuz bəs?
– O cür şeirləri
yazanda qorxmurdum. Ancaq son dövrlər xəstələnib
ölümü yaxından duyandan sonra qorxuram. Mən öləndən sonra dünyanın necə
olacağını bilmək istəyirəm, qorxuram ki, öləm
və heç nədən xəbərim olmasın. Məşhur
bir fikr var: “ölüm qorxulu deyil, çünki o gələndə
biz olmayacağıq”. Ancaq fərqli
düşünürəm. Məncə, ölümlə
həyatın görüşəcəyi an
var. Son illər ölümü daha çox hiss edirəm,
xüsusən də, xəstələnəndən sonra. Hazırda avtobioqrafik əsər yazıram.
İlk cümləsi təxminən belədir ki: “Mən
artıq ölümün addım səslərini eşidirəm
deyə, bu kitabı yazmağa başladım”. Məncə,
hamı ölümdən qorxur.
– Poeziya elədir ki, müəyyən
dövrdən sonra şair özünü təkrarlamağa
başlayır. Sizdə bu proses baş verdimi?
– Yaradıcılığımın
ilk on illiyində daha çox türkçülüklə
bağlı şeirlər yazdım. Son vaxtlar
yazdıqlarımsa fəlsəfi mahiyyət daşıyır.
Ancaq özünü təkrarlamadmı. Şair özünü təkrarlayan günü
ölür. Ya yazmamalısan, ya da yeni
şeirlər yazmalısan.
– Müsahibələrinizin
birində deyirsiniz ki: “hamı hər şey istəyir, mənsə
heç nə”. Bir şair kimi sizin istədiyiniz
“heç nə”yin mahiyyətində nə dayanır?
– Əslində, o
heç nəyində içində də nəsə var. Hərə
azadlığı bir cür başa düşür, mənimçün
azadlıq insanın ruhuna aiddir. Bugünəcən
alimlər, filosoflar yazıçılar, şairlər insana
yerdən, göydən, dindən, Allahdan,
danışıblar, insana insan haqqında demək olar
heç nə danışmayıblar. Ona
görə də ədəbiyyat dinin, fəlsəfənin
imitasiyasına çevrilib. Fikir ver bizim qələm
əhlinin yazdıqları ilə həyat tərzləri
üst-üstə düşmədi. Çoxu
satıldı, çoxu da heç nə edə bilmədi.
Mənimsə istəklərim dünyayla
bağlı olmadı, həmişə
azadlığımı istədim. Bax, həmin
azadlıq mənim heç nəyim idi, həm də ən
böyük nemətim. Mənim içimdə
sərhəd yoxdur. Hərdən adi bir adam
olmağı unuduram, dəliliklərim olur. Amma
bütün həyatımı istədiyim kimi
yaşamışam. Demirəm ki,
düzgün yaşamışam, ancaq ömrüm ürəyimcə
olub.
– Şeirlərinizə
qarşı kiminsə fikir bildirməsi sizinçün
maraqlıdırmı?
– Gənclik illərimdə
kimlərinsə fikri mənimçün maraqlı idi, ancaq
sonralar yox. Özü də məni tənqid edən
demək olar ki, olmayıb, hamı tərifləyib. Səbəbini bilmirəm. Çoxu
deyib ki, Rüstəm Behrudi böyük şairdir. Niyə böyük şairdir onu deyən olmayıb
hələ.
– Dövlətin
ideologiyası Azərbaycançılıqdır. Sizsə Böyük Turan ideologiyasınını təbliğ
edirsiniz.
– Tarix boyu İran-Turan
müharibələri olub. Necə olur ki, bu
gün real İran var, ancaq Turan mif kimi təqdim edilir? Bu düzgün deyil. Mənim
ruhumdakı Turançılıq ideyası Azərbaycançılıq
ideyasından yuxarıda dayanır. Azərbaycançılıq
ideologiyası bizim dövlət kimi yaşamağımıza
xidmət edir, ruhumuzun yaşaması üçünsə,
bizə Turançılıq lazımdır.
– Sizin türkçü
şeirləriniz insanların mənəvi aləminə sirayət
edə bildimi?
– Ədəbiyyata
heç vaxt insanları tərbiyələndirən vasitə
kimi baxmamışam. Kimsə oxuyub nələrisə əxz
edibsə bu onun öz işidir. Mən sadəcə
öz içimi yazmışam. ədəbiyyatın
cəmiyyəti idarə etməsi funksiyası Sovet
dövründə qaldı, indi ədəbiyyat sadəcə sənətdir.
Mandeştam deyirdi ki: “SSRİ-də sözə dünyanın
hər yerdən artıq qiymət verirlər”. Soruşurlar ki,
niyə belə düşünürsünüz o belə
cavab verir: “Bizdə sözə görə insanı güllələyirlər,
sürgünə göndərirlər, işdən azad edirlər
və s.”.
Ədəbiyyat ruhun əks-sədasıdır. Sən ruhunu
sözə çırpırsan ordan çıxan səs, gələn
əks-səda ədəbiyyatdır. Əgər
İranda Babək qalasında yüzlərlə insan əllərində
şam şeirlərimi oxuyurlarsa, deməli, sözlərim kimlərinsə
ürəyinə yaxın ola bilib.
– Sizcə, milli yazarların bəlli
konsepsiya və ya hansısa izmin təmsilçisi kimi ədəbiyyata
gəlməməsinin səbəbi nədir?
– İndiki ədəbi
mənzərə belədir ki, ədəbiyyata çoxu
görüntü kimi baxırlar. İstedadlı gənclər
var, ancaq onlar istedadını tez məşhurlaşmağa xərcləyirlər.
Məqsədləri başqadır deyə ədəbiyyatda
onların böyük amalı görünə bilmir. İndi ədəbiyyata Anarı söyə-söyə,
Ramiz Rövşənə sataşa-sataşa gəlirlər.
Bu isə artıq itin aya hürməyi kimi bir
şeydir.
– Şairi istedad
hara qədər qoruya bilər?
– İstedad
şairi qoruya bilməz, ancaq başına min oyun aça bilər. Hər bir
istedadlı şairin şeiri onun başının
üstündən asılmış ölüm
elanıdır.
– “Ştuçka” ləqəbli
erməni Şaqiniyan bir dəfə Nevski prospekintə Anna
Axmatovanı görüb salam verməmiş
istehza ilə deyir: “Sən demə, sən şairsənmiş,
çünki sənin yazını qadağan etmək barədə
çox baş sındırdıq”. Bu mənada
istedadınızı bilib sizə qarşı olanlar olubmu?
– Olub. Şeirlərimi oxuyub deyiblər ki, gözəldir, ancaq biz çap edə bilmərik. Sonralarsa həmin şeirləri çap etdirmişəm. Bəzən mən tamam fərqli düşünürəm, məncə, zaman hərəkətsizdir, zaman dayanıb insan onun içindən keçib gedir. Ona görə bu keçib gedən insanlardan nəsə gözləmək olmaz.
Fərid
Hüseyn
Kaspi.-2014.-26-28 aprel.-S.11.