Beşmərtəbəni 50 dəfə
qalxıb-endim – Mən gənc olarkən
Şahlar Əsgərov: “Adətən yataqxanada kartof
qızartması, borş kimi
asan başa gələn
yeməklər bişirərdik”
Zamanın arxasınca düşüb getməyi, özünü zamanın ixtiyarına verməyi deyil, zamanı idarə etməyi xoşlayır. Deyir ki, insanla heyvanı fərqləndirən də budur. Məhz buna görə də həmsöhbətimiz həyatdan istədiyini ala bilib, istədiyi mövqeyə sahib olub. Azərbaycanlı alimin aldığı elmi nəticələr hazırda da ABŞ-ın Kosmik Tədqiqatlar üzrə Baş İdarəsi (NASA) və Amerika Aeronavtika və Astronavtika İnstitutunun əməkdaşları tərəfindən geniş istifadə edilir. Amma ixtiraları bununla bitməyib. Onun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal-yarımkeçirici kontaktının öyrənilməsidir. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunub, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer alıb. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri də var. Müsahibimiz BDU-nun professoru və 1990-cı ildə yaratdığı “Amorf təbəqələr” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri, 1995-2005-ci illərdə millət vəkili, 2000-2005-ci ildə Elm və Təhsil məsələləri daimi komissiyasının sədri olmuş, “Şöhrət” ordeni və “Əməkdar elm xadimi” fəxri adıyla təltif edilmiş Şahlar Əsgərovdur.
“1991-ci ildən rəsm çəkmirəm”
Uşaqlığı Kəlbəcərdə keçən Ş.Əsgərov orta məktəbə də burada gedir. Atası Qaçay Əsgərov müharibə iştirakçısı, əlil və ali orta savadlı olduğundan onu rayon partiya komitəsində işə dəvət edirlər. Rayon Partiya Komitəsində Təşviqat şöbəsinin müdiri, 3-cü katib, Rayon İcrayə komitəsinin sədri kimi çalışır. Təmin olunmuş ailə olduqlarından ailədəki 8 uşağın hamısı ali təhsil alır.
Ş.Əsgərov digər bacı-qardaşları kimi orta məktəbdə yaxşı oxuyur və bu illərdə gah rəssam, gah astronom olmaq niyyətinə düşür. Yaxşı əl qabiliyyəti olan şagird rəsmlər çəkməyi sevir. Hətta 8-ci sinifdə oxuyanda Azərbaycan gənclərinin birinci respublika festivalında iştirak etmək üçün Bakıya gəlir. O zaman kətan üzərində Səməd Vurğunun şəklini çəkir. Şəkil Fəxri Fərmanla təltif edilir. 1991-ci ildə başlayan Qarabağ müharibəsi bir çox insanlar kimi Şahlar Əsgərovun da taleyində iz buraxır. Ş.Əsgərov rəsm çəkməyini dayandır, siyasətə meyl göstərir. O, 91-lər hərəkatının üzvüdür.
Arxitektor necə fizik olur?
Yaxşı əl qabiliyyəti olan yeniyetmənin sənədlərini fizika fakültəsinə verməsinin də maraqlı tarixçəsi var. Ş.Əsgərov məktəbi bitirəndə atası Bakı Ali Partiya Məktəbində axırıncı kursda oxuyurmuş. Orta məktəb attestatı ilə atasının yanına gələn müsahibimiz atasına arxitektor olmaq istədiyini bildirir. Atası oğlunun fikrini bəyənir və onu Bakı Ali Partiya Məktəbinin zirzəmisindəki yeməkxanaya aparır. Orada Ağdamdan olan məşhur Zeynal müəllimlə bir stolda əyləşirlər. Atası Zeynal müəllimə oğlunun ali məktəbə sənəd verəcəyini bildirir. Zeynal müəllim də Ş.Əsgərova fizikadan çoxlu suallar verir və bütün suallarına cavab alır. Bunu görən Zeynal müəllim məsləhət görür ki, sənədlərini universitetin fizika fakültəsinə versin. O zaman SSRİ dünyada ilk olaraq göyə süni peyk buraxdığından fizika çox dəbdə imiş. Nəticədə Ş.Əsgərov da razılaşır və indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olur. Buna görə atasına və Zeynal müəllimə indi də rəhmət oxuyur. Deyir ki, fizikanın üfüqləri çox genişdir, nə qədər bacarırsan, dərinə getmək olar.
Birimiz bazarlıq edir, digərimiz yemək bişirərdik...
Beləliklə, tələbə adını qazanan müsahibimiz tələbəlik illərində Bakı Dövlət Universitetinin Kolodeznaya küçəsində yerləşən yataqxanada qalır. Yeməyi adətən bufetdə yesələr də, axşamlar bəzən otaq yoldaşları ilə birlikdə yeməyi özləri hazırlayarmış. Otaq yoldaşları hərəsi bir işin qulpundan yapışar, biri ev yığışdırır, biri bazarlıq edir, digəri paltar yuyur, o biri yemək bişirərmiş. Həmsözbətimizin dediyinə görə, adətən kartof qızartması, borş kimi asan, keyfiyyətli və tez başa gələn yeməklərə üstünlük verərmişlər.
Tələbə yoldaşını necə tora salır?
Ş.Əsgərov tələbəlik illəri ilə bağlı maraqlı əhvalatları da bizimlə bölüşdü: “Tələbə Həmkarlar Təşkilatının konfransı idi. Hazırda AMEA Fizika İnstitutunda işləyən professor Bəkir Tahirovla tələbə yoldaşı idik, 4-cü kursda oxuyurduq. Bütün fakültələrin tələbələri universitetin 350 nəfərlik akt-zalına toplaşmışdıq. İclas başladı və sədr seçildi. Qaydalara görə, katib 1-3-cü kurs tələbələri arasından seçilməli idi. Bəkir Tahirov yerdən qışqırdı ki, Şahlar Əsgərov katib olsun. Mən də 4-cü kursda oxuduğuma görə bu, arzuolunan deyildi. Gördüm, Bəkir mənimlə yaxşı zarafat etdi. İclas gedə-gedə kağız-vərəq götürüb iclasın sədri Əlcavad müəllimə yazdım ki, “Əlcavad müəllim, xahiş edirəm 3 dəqiqəlik də olsa, mənə söz verin”. Altdan da Tahirov Bəkirin adını qeyd etdim. Vərəqi səhnəyə göndərdim. İclasın gedişatında birdən Əlcavad müəllim dedi ki, “indi də söz verilir, 4-cü kurs tələbəsi Tahirov Bəkirə”. Bəkir səhnəyə çıxmaq məcburiyyətində qaldı və başladı ki, “Əlcavad müəllim... mən... söz… istəməmişəm...”. Bütün zaldan gülüş qopdu. Axırda özünü toparlayıb dedi ki, “mən yazmamışam, kimsə mənim əvəzimdən çıxış etmək istədiyimi yazıb”. Sonra Bəkir o namənin mənim yazdığımı bildi. Düz bir həftə məni qovdu ki, əvəzini çıxsın, amma gözündən yayına bildim”.
50 ildir mənə 1 şüşə araq borcludur
Universiteti bitirəndən sonra 1964-1967-ci illərdə BDU-nun əyani aspirantı Ş.Əsgərov Leninqrad Sabit Cərəyan institutunda professor L.A.Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur.
Həmsöhbətimiz Leninqradda aspiranturada oxuduğu illərdə baş verən maraqlı bir hadisəni də bizimlə bölüşdü: “Hazırda professor, torpaqşünas olan Akif Gərayzadə ilə Leninqradda beşmərtəbəli yataqxanada qalırdıq. Söhbət düşdü ki, bu beşmərtəbəni kim ardıcıl olaraq neçə dəfə çıxıb düşə bilər. Hərə bir rəqəm dedi. Mən dedim ki, 50 dəfə çıxıb düşə bilərəm. Akif söz verdi ki, 50 dəfə çıxıb düşsən, bir butulka araq alacaq. Mən dediyimi elədim. O vaxtdan indiyə kimi Akif çalışır ki, araq qonaqlığını versin. Bir həftə əvvəl görüşdük, dedi, “bu araq qaldı axı, 50 illik tarixi var. Gedək, qonaqlığını verim”. Dedim, “Akif, hələ gözlə, hələ vaxtı çatmayıb”.
Heydər Əliyev soruşdu ki...
Ş.Əsgərov aspiranturanı başa vurandan sonra müəllim kimi Bakı Dövlət Universitetinə təyinat alır. Leninqradda tədqiqat apardığı qurğunun birini də universitetdə yığır və tədqiqatlarını davam etdirir: “1969-cu ilin payızında BDU-nun 50 illik yubileyində Azərbaycan MK Birinci katibi Heydər Əliyevin universitetə gəlişi gözlənilirdi. Dekan mənə dedi ki, Heydər Əliyev fizika fakültəsinin laboratoriyalarına baxacaq, qurğunu işlətmək lazımdır. Mən qurğunu işə saldım. Heydər Əliyev, rektor Mehdi Əliyev və digər dövlət və elm adamları laboratoriyaya daxil oldular. Qurğu işləyəndə işıq verdiyindən diqqəti cəlb edirdi. H.Əliyev qurğuya yaxınlaşdı və məndən soruşdu: “Cavan oğlan, bu qurğu ilə nə öyrənirsən?”. Mən cavab verdim. O, yenidən sual verdi ki, “nəticələr harda tətbiq olar?” Dedim, “elektronikada, energetika və kosmosda”. O razı qalıb, başqa laboratoriyalara baxmağa getdi”.
O vaxt qohumbazlıq, tapşırıq, pul yox idi
50 ilə yaxındır universitetdə müəllim
kimi çalışan müsahibimiz
bizimlə söhbətində indiki tələbələrlə
o vaxtkı tələbələr
arasındakı fərqlərdən də danışdı:
“Mühit tamam dəyişdi.
Hazırda həyat sanki virtualdır, biz isə o zaman real həyatda
yaşayırdıq. Teatra, kinoya gedir, məclislər
qururduq, bir yerdə toplanmağa maraq vardı.
Amma indi kompyuter imkan vermir ki, ondan
aralanıb bir yerə gedəsən. Bundan başqa, o zaman ideal təhsil mühiti vardı, tapşırıq,
pul, qohumbazlıq,
“day-dayılıq” söhbətləri
yox idi. O vaxt universitetimizin rektoru Mehdi Əliyevin
bacısı qızı
birinci kursda bizimlə oxuyurdu. İmtahanlardan kəsildi və
rektor öz bacısı qızını
universitetdən xaric etdi. Halbuki rektor müəllimlərə
deyə bilərdi ki, buna qiymət
yaz, amma o səviyyəyə enmədi.
Mənim dostum professor
Arif Bədəlovun bizim dekanın
bacısı oğlu olduğunu biz son kurslarda bildik. O vaxt heç kəsin əlavə imtiyazı yox idi. Mən qrup
nümayəndəsi olduğumdan
imtahanların gedişində
yaxından iştirak edirdim. Dördüncü
kursda bir qızın humanitar fəndən tapşırıldığını
hiss etdik. Bu hərəkəti
ilə o qız qrup yoldaşlarının
qınağına tuş
gəldi. Amma indi
mühit tamamilə dəyişib. Bu mürəkkəb mühitdə
düzgün yol seçmək çətindir”.
Riyaziyyatı və ingilis dilini öyrənin
Həmsöhbətimiz gənclərə
həyatda uğur qazana bilmələri üçün məsləhətlərini
də verdi:
“Yaxınlarda Amerika professorlarının iştirakı
ilə yayımlanan
“talk-şouya” baxdım.
Tamaşaçılardan professorlara
sual gəldi ki, uğuru qazanmaq üçün gənclərə “bir” söz deyin. Hamısı dedi ki, riyaziyyat öyrənin. Qulaq asanda fikirləşdim
ki, bunlarda ingilis dili problemi
yoxdur. Bu səbəbdən mən deyərdim ki, riyaziyyat və ingilis dilini öyrənin. Dərsliklər, ədəbiyyatlar, monoqrafiyaların
əksəriyyəti ingilis
dilindədir. Riyaziyyat isə
kainatın dilidir.
Bundan başqa, gənclərə
məsləhətim budur
ki, yazıya bağlansınlar. Mühazirələrin qeydlərindən başqa,
müxtəlif söhbətlər
zamanı eşitdikləri
dəyərli fikirləri
qeyd etsinlər”.
Tələbələrini iki hissəyə bölən Ş.Əsgərovun
sözlərinə görə,
onların bir qismi zamanı idarə edən, digər qismi isə zaman tərəfindən idarə
olunanlardır. “Gənclərə
üzümü tutub deyirəm ki, zamanı idarə edin, özünüzü
zamanın ixtiyarına
verməyin ki, görən sabah necə olacaq. İnsanın digər canlılardan
fərqi bundadır.
Heyvan özünü zamanın
ixtiyarına verir, insan isə zamanı idarə etməlidir”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-4 aprel.-S.21.