İdarə etmək daha çətindir –
Uğur hekayəsi
Eldar Aslanov:
“İdarəetmədə ümumi məqsədlər
üçün daha sərt qərarlar qəbul etməli
olursan”
Gənc olmasına baxmayaraq indiyədək bir sıra layihələrdə ekspert kimi çalışıb. Ən böyük arzusu Amerikada “good govern” (yaxşı idarəçilik – L.M.) sahəsində tədqiqat aparmaq və indiyədək apardığı tədqiqatları kitaba çevirməkdir. Ancaq hələ ki, vəzifəsindən irəli gələn işlərə görə bu arzusunu reallaşdırmağa vaxt tapmır. Müsahibimiz Turizm İnstitutunun tədris işləri üzrə prorektoru, Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında müəllimi Eldar Aslanovdur.
- Eldar müəllim, həm bakalavr, həm magistratura, həm də doktorantura pilləsini siyasi elmlər, dövlət idarəçiliyi üzrə bitirmisiniz. Necə oldu ki, Kürdəmir rayon Sığırlı kənd orta məktəbini qurtaran abituriyentin bu sahəyə marağı yarandı?
- Bakalavr təhsilimi indiki Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında almışam. Açığını deyim, siyasi elmlər üzrə təhsil almaq kimi xüsusi məqsədim yox idi. Sadəcə ixtisas qrupumu müəyyənləşdirmişdim və siyasi elmlər ixtisasına düşdüm. Qeyd edim ki, bakalavr təhsilimi bitirəndən sonra artıq Milli Məclisdə siyasi komitədə ekspert kimi çalışırdım. Tələbə olandan özümdə müəyyən keyfiyyətlər tapmağa başladım. İctimai işlərə meylli idim. O vaxt Maarif Gənclər Təşkilatını yaratdım, Gənclər Təşkilatları Milli Şurasının yaranmasında iştirak etdim, ümummilli liderlə bir neçə görüşə qatıldım, onun qarşısında çıxış etdim. Həyat və təhsilim məni bir az siyasət, idarəetmə, dövlət idarəçiliyinə yönləndirdi. Bu işlərlə durub-oturmağa başladım. Buna görə də sonrakı təhsilimdə artıq özüm idarəçilik və siyasi elmlərə meyl etdim. Bakalavrı bitirəndən sonra qrup yoldaşlarım arasında istehsalatda işləyənlər də, uğurlu biznes quranlar da oldu. Amma biznes məni özünə cəlb etmədi. Təhsil, idarəetmə, siyasi tərəfi açıq olan məsələlər məni cəlb edirdi. Çalışdım ki, savadım, gücüm imkan verdiyi qədər bu proseslərin inkişafına kömək edim. Təhsil aldığım Akademiya ilə Türkiyənin Türkiyə Orta Şərq Dövlət İdarəçilik İnstitutu arasında müqavilə var idi. Bizim akademiyadan bir nəfər seçilib sözügedən instituta göndərilməli idi. Müraciət etdim və seçildim. Beləliklə, gələcək yolumu cızaraq sözügedən institutda Dövlət və bələdiyyə İdarəçiliyi üzrə magistr təhsili, daha sonra Ankara Universitetinin Sosial Elmlər İnstitutunda Dövlət idarəçiliyi və siyasi elmlər üzrə doktor (PhD) dərəcəsi aldım.
-
Çox maraqlı CV-niz var. Müxtəlif qurumlarda müxtəlif
vəzifələrdə çalışmısınız. Ancaq özünüzü daha çox ekspert kimi
sınamısınız. Milli Məclis,
Milli QHT Forumu, BMT-nin inkişaf proqramı, Prezident yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasında
ekspert vəzifəsini icra etmisiniz. Son 3
ildir ki, artıq idarəçilik sistemindəsiniz. Sizcə, hansı daha çətindir, ekspert olmaq,
yoxsa idarə etmək?
- Məncə,
idarə etmək daha çətindir. Bir
işin eksperti olub o işlə məşğul olmaq mənim
üçün bir zövqdür. Amma idarəetmə
işinin çətinliklərinin olmasına baxmayaraq, maraq
doğuran tərəfləri də var. İnsanlarla işlədiyinizdən
onları motivasiya etməlisiniz, işə həvəs
yaratmalısınız və nəticə əldə etməlisiniz.
İdarəetmə proses olaraq çox səliqəli getməlidir.
Amma önəmli olan səliqəli ildarəetmə
prosesinin sonunda uğurlu nəticə almaqdır. Yəni
nəticə yoxdursa, səliqəli proses heç kimə
lazım deyil. Səliqəli deyəndə,
insanlarla hərtərəfli dil tapmalı, qəlblərinə
dəymədən, incitmədən, insanların işlərindən
zövq almasını motivasiya etməklə onları
ümumi bir komandanın tərkib hissəsi kimi son nəticəyə
aparıb çıxarılmasına yönləndirməkdir.
Gənc yaşda bunu sınaqdan keçirmək
adama zövq verir.
- Dediniz
ki, insanları incitmədən idarə etmək... Sizcə, idarəçi olub insanları incitməmək,
qəlbinə dəyməmək mümkündürmü?
- Desəm
ki, idarəetmə prosesində insanların qəlbinə dəymədən
hər şeyi idarə etmək mümkündür, yalan olar. Bir çox hallarda ümumi məqsədlər, təmsil
etdiyin təşkilatın qarşısında duran vəzifələr
bizə bir çox məhdudiyyətlər yaradır. Biz bir çox vərdişlərimizdən, tənbəlliymizdən,
bəzən bir çox çatışmamazlıqlarımızdan
vaz keçməli olur, çatışmayan yerimizi təkmilləşdirmək
məcburiyyətində qalırıq. Məsələn,
bəzi həmkarlar işdə lazım olan, öhdəsinə
düşən işi mükəmməl bilmirsə,
attestasiya olur və onların qarşısında nəyisə
öyrənmək üçün çox az
bir vaxt qoyulur. Bilirəm ki, o dövr onlar
üçün stresli olur, bəlkə kimdənsə inciyir,
qəlbləri qırılır. Amma lider,
idarəçi olaraq əmin olursan ki, nəticə etibarı
ilə həm təşkilatın ümumi məqsədləri
baxımından, həm qarşısına son tarix qoyduğun
o insanın çıxarları baxımından yaxşı
bir işlə məşğulsan. Yəni, nəticədə
təşkilat qazanacaq, o insan özündə yeni keyfiyyət
aşkarlayacaq, bəlkə yeni dil, kompyuterdə hansısa
proqramlar və s. öyrənəcək, tanış
olmadığı, amma ona lazım olan yeni bir sahəni öyrənəcək.
Bir sözlə, bəzən ümumi məqsədlər
üçün daha sərt qərarların qəbul edilməsi
lazım olur. İdarəetmənin əsas
xüsusiyyətlərindən biri də budur.
- Azərbaycanda
kifayət qədər çəkisi olan bir universitetdə
ikinci şəxssiniz. Necə oldu ki, bu vəzifədə
işləmək üçün təklif aldınız?
- Turizm
İnstitutu yarandığı gündən prosesin içindəyəm.
Turizm İnstitutu yaranmadan öncə BMT-nin
İnkişaf Proqramının Mədəniyyət və
Turizm Nazirliyi ilə həyata keçirdiyi bir layihə var idi.
O proqram çərçivəsində Turizm İnstitutu
yaranmalı idi. Mən həmin layihənin
eksperti, hazırkı rektorumuz Cəfər Cəfərov o
layihənin proqram koordinatoru idi. İnstitut
yarananda Cəfər müəllim mənə də təklif
etdi ki, prosesdə iştirak edim. Ancaq
Türkiyədəki doktorantura təhsilimlə bağlı
Turizm İnstitutu yarandığı ilk günlərdə prosesə
qatıla bilmədim. 2007-ci ilin iyununda
doktorluq dissertasiyamı uğurla müdafiə etdim və vətənə
döndüm. Təxminən ay yarımdan
sonra Turizm İnstitutunun inkişaf şöbəsinin
müdiri təyin olundum. Turizm İnstitutu yeniliklərər
açıq yeni bir ali məktəb
olduğundan, hökumətin, Mədəniyyət və Turizm
Nazirliyinin qarşıya qoyduğu vəzifələr cəlbedici
təsir bağışladığından aldığım
təklif məni həyəcanlandırırdı. Bəlkə də başqa bir sahə olsaydı,
düşünərdim, amma ölkəmizdə yeni bir sahəni
inkişaf etdirmək, o sahəyə kadr hazırlamaq
maraqlı idi. Bu sahə boş bir meydan idi
və mən də bu işin altına girdim.
- Bir gənc
karyera pilləsində uğur qazanması üçün nə
etməlidir?
- Klassik səslənsə
də, bir gəncin uğurlu karyera qurması üçün
yaxşı təhsil və ailə tərbiyəsi alması
çox vacib şərtdir. Deyə bilərsiniz ki, bunları alan çox gənc var ki, uğur
qazanmayıblar. Üçüncü bir məsələ də
var. Təhsil ala-ala gələcəkdə nə olmaq istədiyinizə
qərar verməli, qarşınızda duran bu vacib sualı
müəyyənləşdirməlisiniz: siz kimin
üçün, nə üçün yaşayacaqsınız,
özünüzü ailənizəmi həsr edəcəksiniz,
yoxsa ailənizdən başqa yaşadığınız
şəhərin, rayonun və təbii ki, ölkənin
problemlərinə laqeyd qalmayacaqsınız. Qalmayacaqsınızsa,
daha böyük arenaya çıxmaq şansınız var. Gələcəkdə
uğurlu karyeraya sahib olmaq üçün təhsil ala-ala
ictimai işlərlə məşğul olmaq da vacibdir. Deyək ki, siz memarlıq ixtisası üzrə təhsil
alırsınızsa, ölkədə memarlıq fəaliyyəti
ilə məşğul olan ictimai fəaliyyətlərə
qoşula, gənc memarlar klubu yarada bilərsiniz. Bir sözlə, işinizi görməklə
yanaşı, həm də ictimai-aktiv gənc
olmalısınız. Yalnız laborotoriya
şəraitində yaxşı mütəxəssis olmaq
çox çətindir. Çünki bir
müddət sonra laborotoriyadan çıxmaq məcburiyyətində
olursunuz. Diplomunuzu alıb cəmiyyətə,
yəni parnikdən normal həyata çıxırsınız.
Bu həyatda sizi sərt küləklər də
vurur, şaxta da, külək də, isti də olur. O
reallıqları təhsil ala-ala görməli,
uyğunlaşmalısınız ki, təhsilinizi alıb
bitirdikdən sonra sizin üçün tam yad olan bir mühitə
düşməyəsiniz. Bu gün bizim təhsilimizin
məncə çox mühüm problemlərindən biri ondan
ibarətdir ki, gənclər bir çox halda çox
yaxşı nəzəri biliklər əldə edirlər.
Amma onların praktiki vərdişləri öz
ixtisasları üzrə kifayət qədər olmur.
Əgər jurnalistikada təhsil alan tələbə
ömründə bircə dəfə də divar qəzetinə
məqalə yazmayıbsa, kamera qarşısında durub
reportaj hazırlamayıbsa, ali təhsilindən sonrakı
dövrdə çox böyük bir zaman lazım olur ki, həmin
praktiki baryerləri aşsın. Bir çox gənc
var ki, təhsil almır. Onlar da müəyyən peşələrə
yiyələnməklə ali təhsil alan
gənclərdən daha çox uğur əldə edə,
öz sahələrində yaxşı mütəxəssis
ola bilərlər.
- Eldar
müəllim, gələcək planlarınızdan
danışardınız.
- Mən
təyinatlı vəzifə tuturam və işimdən
razıyam. Nə vaxta qədər ki, mədəniyyət
və turizm naziri məni bu təyinatdan geri
çağırmayıb, bu işin öhdəsindən gəlməyə
çalışacağam. Yaşıma
görə bu sahədə təcrübəmin kifayət qədər
olmasına baxmayaraq, çalışıram ki, verilən
mötəbər bir vəzifənin öhdəsindən gəlim.
İki mindən çox kollektiv, həm peşə məktəbi,
həm ali təhsilin müxtəlif pillələri
- bakalavr, magistratura, doktorantura, sertifikat kursları, müxtəlif
beynəlxalq proyektləri olan bir ali məktəbin ikinci şəxsi
olmaq yetərincə məsuliyyətli bir işdir və
ölkənin, dövlətin, cəmiyyətin
qarşısında bu işləri görmək
üçün öz töhfəmi verməyə vəzifəm
kifayət edir. Gələcəklə
bağlı planlarıma gəlincə, ilk növbədə
beynimdə bir neçə kitab var ki, onları yazmalıyam.
Apardığım tədqiqatları kitaba
çevirməliyəm. Bundan başqa, bir
müddət xaricdə tədqiqat aparmaq arzusundayam.
Baxmayaraq ki, keçən il bu tədqiqat təqaüdünü
aldım, amma mövcud vəzifəm imkan vermədi ki, bir
neçə aylıq Amerikada “good govern” (yaxşı idarəçilik
– L.M.) sahəsində tədqiqat aparım. Ümumiyyətlə,
bütün şanslarımı o istiqamətdə qovuram ki, həyat
mənə daha yaxşı sürprizlər etsin.
Lalə MUSAQIZI
Kaspi.-2014.-4 aprel.-S.15.