Doğma səs

 (Lütfəli Abdullayev 100)

 

Komediya deyəndə yada düşən isimlərdən ən öndə Lütfəli Abdullayevin adı dayanır. Azərbaycan teatrkino sənətinin unudulmaz siması, gözəl insan, istedadlı aktyor L.Abdullayevin bu il təqvimdə 100 illik yubileyi qeyd olunur.

 

1 aprel tarixində Teatr Xadimləri İttifaqında yubileyi keçirilən görkəmli aktyor haqqında danışılan sənət xatirələri, filmoqrafiyasından kadrlar, yaxın insanların-həmkarlarının xatirələri hər kəsin üzündə bir gülüş yaratdı. Qeyd edim ki, növbəti tədbir 8 aprel tarixində Musiqili Teatrda keçiriləcək.

 

100 illik yubileyi qeyd olunan Lütfəli Abdullayev ötən əsrin əvvəllərində 1914-cü ildə indiki Şəki, keçmişdə isə Nuxa şəhərində tacir ailəsində anadan olub. Onda teatra maraq hələ erkən yaşlarında yaranıb. Doğma şəhərində, o dövrün tanınmış aktyorlarının ifasında tez-tez tamaşalar göstərilirdi. Teatra hədsiz maraq Lütfəlini sənət kimi çətin bir yolun yolçusu olmağa sövq edir. Bu məhəbbəti onda ilk hiss edən isə sənət fədaisi Əhməd Anatollu olur. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadimələrindən sənətin sirrlərini öyrənməyə gedir. Sənətə duyduğu ciddi münasibəti onu 1928-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirir. Professor Berolskinin sinfində vokalın incəliklərinə yiyələnməklə yanaşı Lütfəli, Dövlət OperaBalet Teatrının xor turppasında da işləyir. Hətta 1938-ci ildə Moskvada keçirilən ilk Azərbayan incəsənəti dekadasında teatr artistlərilə birgə edir. Bu illər ərzində Mirzağa Əliyev, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Bülbül, Hacıağa Abbasov, Əhməd Anatollu kimi səhnə ustaları ilə yaradıcılıq ünsiyyəti Lütfəlinin teatraktyorluq sənətinin incəliklərini dərindən mənimsəməsinə kömək edir.

 

Lütfəli Abdullayevin o dövrdə yenicə yaradılmış Musiqili Komediya Teatrındakı 1939-cu ildən başlayaraq ömrünün sonunadək davam edən fəaliyyətini, milli teatr sənətinin ən parlaq səhifələrindən hesab etmək olar. Teatrda təzə işə başlayarkən klassik repertuarda, özüdaha peşəkar sənətkarlara bənzəmədən oynamaq çox çətin idi. Lakin buna baxmayaraq Lütfəli Abdulayev hər zaman özünün ifa tərzi və səhnə manerası ilə fərqlənməyi bacarirdi. Bu fərqlilik “Ər və arvad”, “Arşın mal alan” operettasındakı ifasında xüsusilə hiss olunurdu.

 

Lütfəli ifaçısı olduğu rollarına koloritorijanal özəlliklər qatmağı sevirdi.

Təbiət etibarilə şən, optimist olan bu insan istər səhnədə, istərsə də real həyatda bütün çətinliklərə gülüşlə sinə gərirdi. Çox nadir hallarda gülüşün sarkazmqrotesk növlərindən istifadə edən aktyor, fikir və hərəkətlərini seyrçiyə mimika, sadə jest və işarələrin köməyilə çatdırırdı.

 

Lütfəli Abdullayevin gülüşü boş, mənasız deyil, əksinə düşündürməyə sövq edən bir gülüş idi. Respublikanın xalq artisti, bəstəkar Səid Rüstəmovun “Beş manatlıq gəlin” operetta-tamaşasında kar Mövsüm rolu Lütfəli Abdullayevin Musiqili Komediya Teatrında debüt ifası oldu, hansı ki, teatr kollektivi bu rolu məhz ona etibar etmişdi. Qazandığı uğurla hər kəsin etidamını doğruldan gənc aktyor bu roldan sonra daha da ruhlanır, aktyor sənəti seçimində yanılmadığına təkrar əmin olur. Ancaq sənətdə qazındığı uğurlar onun çiyinlərinə daha böyük məsuliyyət qoyur. Üzərində daha da əzmlə işləyərək yeni yaradıcılıq uğurları qazanır.

 

Qoşun (“Toy kimindir?!”), Dursun (“Durna”), Qəhrəman (“Gözün aydın”), Hacı Kərim (“Hacı Kərimin aya səyahəti”), Kəblə Heydər (“Eynəkli subay”), Səməndər (“Bir dəqiqə”), Maestro (“Hardasan ay subaylıq?”), Ələsgər (“Həmişə xanım”), Mitoş (“Hicran”), Azay (“Qızılgül”), Hacı Qara (“Xəsis”), Murtuzov (“Özümüz bilərik”) rolları ilə Lütfəli Abdullayev hər dəfə sanki yaradıcılıq potensialını təsdiqləyirdi.

 

Aktyorun kino sahəsindəki nailiyyətlərinə gəlincə, Hambal (“O olmasın, bu olsun”), Vəli (“Arşın mal alan”), Zülümov (“Əhməd haradadır?”) rollarana baxmaq kifayətdir ki, yaradıcılıq yolu ilə daha yaxından tanışlıq imkanı əldə edək. L.Abdullayev hər zaman söyləyirdi ki, yaratdığı obrazlar görüşdüyü və ünsiyyətdə olduğu insanların prototipidir. Yeri gəlmişkən, Moskvada Azərbaycan günlərinə həsr olunmuş dekada zamanı Lütfəli Abdullayev Rusiya teatrlarında işləmək haqda çoxlu təkliflər alır. Ancaq rus dilini mükəmməl bilməməsi təkliflərdən imtina etməsinə səbəb olur. Təsadüfi deyil ki, rus tənqidçilri Lütfəli Abdullayeviİkinci İqor İlyinski” adlandırırdılar.

 

Deyilənlərə əsasən bu misilsiz gülüş ustası həyatda olduqca ciddi idi. Ailə mühitindəki “roluda ciddi həyat yoldaşı və atalıqdan ibarət idi. Evdə səhnədəki gülüş və zarafatından əsər belə qalmazdı. Gözəl ailə başçısı olan Lütfəli Abdullayev övladlarının təhsilinə xüsusilə diqqət yetirərdi. Sevimli insanlarla, həmkarları ilə birgə qonaqlıqlar, banketlər, bir sözlə, yaxşı məclislər qurmaq Lütfəli Abdullayevin hobbisi idi. Premyeradan, hətta adi repertuar tamaşasından sonra evdə mütləq kiçik ziyafətlər təşkil edilirdi. Yeməklərdən isə daha çox xaş və kababı sevərdi. Lütfəli Abdullayevin məhəbəti yalnız sənətlə ilgili deyildi. İnsanlara, öz xalqına da hədsiz məhəbbət bəsləyirdi. Yaşadığı evin blokunun qarşısında hər səhər pərəstişkar axını görməmək qeyri-mümkün idi. Pərəstişkarlarının hər birilə ünsiyyətdə olmasa, işə getməzdi. Elə bu səmimiyyətindən dolayı aktyor hər gün məşqlərə gecikərdi.

 

Lütfəli Abdullayevin zahiri ciddiyyətinin arxasında xeyirxahlıq, yumşaqlıq və mərhəmət hissi də gizlənirdi. Sənətkarın qızı Xurşud Abdullayevanın xatirələrindən: “Bir gün gecəyarı qapımız döyüldü. Qapını açan atam anamı yuxudan oyadaraq süfrə açmağı xahiş elədi. Məlum oldu ki, bir nəfər xəstəni təcili Moskvaya aparmaq lazım idi. Bununçünsə Səhiyyə Nazirilyindən göndəriş alınmalıdır. Səhərisi gün atam, qonaqlarla birgə nazirliyə gedərək lazımi göndərişi əldə etdi. Anam əvvəlcə elə bildi ki, gələnlər atamın uzaq qohumlarındandır. Ancaq sonra məlum oldu ki, atam onları ilk dəfədir ki, görürdü. Atam ümumiyyətlə, gələnləri naümid qaytarmamağa çalışırdı... Atamın ölümündən qırx gün sonra mənzil-istismar idarəsinin rəisi gəlib dedi ki, bəs, bizim mənzildə on iki nəfər şəxs qeydiyyatdadır. Sonradan məlum oldu ki, uzaq yerdən gələnlərin yaşamağa yeri olmadığından atam düşünmədən onları müvəqqəti qeydiyyata saldırıb.

 

Lütfəli Abdullayev gələcək xanımı Sevda Pipinova ilə 1942-ci ildə tanış olmuşdu. Ancaq aktyorluq sənəti onu məhəbbətinə qovuşmasına imkan vermirdi. Xurşud xanım söhbətinə davam edir : “O vaxt atamın 29, anamın isə 17 yaşı vardı. Bir müddət sonra atam Dövlət Mükafatı və Azərbaycanın əməkdar artisti fəxri adlarına layiq görüldü. Ancaq bu “arqumentlər” də nənəmi yumşaltmadı. “Lütfəlinin təhsili yoxdur, özümusiqili komediya aktyorudur. Barı dram aktyoru olsaydı ... “ deyə nənəm, yəni anamın anası bu izdivaca qətiyyən razılıq vermirdi. Nənəm özü aristokrat nəsldən olduğundan atamı anama layiq bilmirdi. Son nəfəsində nənəm anamdan üzr istədi və atamla nigaha xeyir-dua verdi”.

 

Sənətkar zirvəsinə ucalmasına rəğmən Lütfəli Abdullayev övladlarının sənət yolunu seçməsinə qətiyyən razı deyildi. Hətta sağlığında “...həyatda nə qədər yaşayacağımı bilmirəm, amma ölümündən sonra belə qızlarım bu yolu seçsələr cəsədim qəbirdə çevrilər” deyirdi.

Lütfəli Abdullayev sənətin əzablı yollarını övadlarının da keçməsini istəmirdi. Lakin aktrisa olmasalar da, Lütfəli Abdullayevin hər iki qızı sənət yolunu seçdilər. Böyük qız Gülnarə yerli özəl kanalların birində rejissor, kiçik qızı Xurşud isə Dövlət Xor Kapellasının rəhbəri və eyni zamanda qədim klavesin alətinin Azərbaycanda yeganə ifaçısıdır.

 

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə Lütfəli Abdullayevə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə Xalq artisti fəxri adı verilib.

 

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.

 

13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

 

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2014.-4 aprel.-S.12.