“Sumqayıt teatrında özümü evimdəki kimi hiss edirəm”

 

Əgər teatrın baş rejissoru icazə versə...

Teatr bir ailədir. Ailəni idarə etmək nə qədər çətindirsə, teatrı da idarə etmək o qədər çətindir. Bu vəzifəni isə yalnız o yükü üzərinə götürməyə qadir olanlar daşıya bilirlər. Ötən ay mətbuatın diqqəti Lənkəran Dövlət Dram Teatrının keçmiş direktoru İslam Həsənova yönəlmişdi. Belə ki, uzun müddət Lənkəran Teatrının direktoru olan İ.Həsənov Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktor təyin edildi. Kimisi bunu sevinclə qarşıladı, kimisi də Lənkəran teatrının direktorunu“gözəl idarəçi” adlandıraraq kollekivi tərk etməsinə kədərləndiyini gizlətmədi.

Biz də “teatr labaratoriyas”ı olaraq İslam Həsənovla əlaqə saxlayaraq ona yeni işində uğurlar arzuladıq. Beləliklə, Sumqayıt Teatrının direktoru İslam Həsənov yeni vəzifəsində ilk olaraqKaspinin suallarını cavablandırdı.

 

 

“Təəccübləndim və sonra sevindim

 

- Sumqayıt teatrına direktor təyin edildiyinizi eşidəndə, bu xəbəri necə qarşıladınız?

- Xəbəri eşidəndə öncə təəccübləndim, sonra sevindim. Sumqayıt teatrının Azərbaycan teatr tarixində xüsusi yeri və dəsti-xətti, məxsusi cığırı var. Hesab edirəm ki, Sumqayıt teatrı çox maraqlı və respublikada sayılıb-seçilən teatrlardandır. Bu teatra rəhbər təyin edildiyimi eşidəndə çox sevindim. Sumqayıt Teatrının çox maraqlı və istedadlı aktyorları var. Burada hər nəsil aktyorlara rast gəlmək mümkündür. Yəni əsər seçərkən rahat oluruq, bilirik ki, burada işini bilən gənc və yaşlı nəslin aktyorları işləyir. Onlar üzərilərinə düşən bütün rolların öhdəsindən gələn bilən aktyorlardır. Mən də bir aydan artıqdır ki, bu vəzifəyə təyin olunmuşamböyük həvəslə fəaliyyətə başlamışam. Siz yaxın zamanlarda Sumqayıt Teatrının səs-sorağını nəinki Azərbaycanın sərhədləri çərçivəsində, hətta respublikadan kənarda eşidəcəksiniz. Biz bu istiqamətdə öz işlərimizi görürük. Hazırda teatrda yeni tamaşaların məşq prosesi gedir.

 

- Sumqayıt Teatrında işləmək sizin öz arzunuz idi, yoxsa bu təsadüfən oldu?

- Burada işləmək mənim arzumla olmayıb. Mədəniyyət və Turizm Nazirliyindən mənə burada işləmək təklif olundu, mən də böyük sevinclə bu təklifi qəbul etdim. Öncədən belə bir təklifin olacağından xəbərsiz idim.

 

- Sizin üçün Lənkəran Teatrında işləmək asan idi, yoxsa Sumqayıt Teatrında?

- Bir az qəribə sualdır. Professional insan üçün hansı teatrda işləməyin fərqi yoxdur. Harada olur-olsun mən öz işimi görürəm və bunun öhdəsindən peşəkar səviyyədə gəlməyə çalışıram. Burada da öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacam. Bu işdə mənim təcrübəm var.

 

 

Teatrın adında dəyişiklik olacaq

 

- Yeni kollektivlə necə dil tapdınız, bu, sizin üçün çətin olmadı ki?

- Heç bir çətinliyi olmadı. Mən daha öncə Teatr Xadimlər İttifaqında çalışmışam. Həmin zamanlardan bütün teatrlarla ünsiyyət qurub, əlaqə saxlayırdım. Onu da qeyd edim ki, Sumqayıt Teatrında çalışan aktyorların 70 faizi tələbə yoldaşlarımdır (gülür). Ona görə də mənə teatrın kollektivinə öyrəşmək çox rahat oldu. Mən Sumqayıt teatrında özümü tək hesab etmirəm, bura mənim üçün doğmadır. Burada mən sanki evimdəyəm. Ümumiyyətlə, istər Lənkəran teatrı olsun, istər Gəncə və yaxud da başqa bir bölgə teatrı. Bu teatrlarla mənim əlaqəm çox yaxşıdır. Ona görə hər hansı teatrın kollektivinə asanlıqla öyrəşə bilərəm. Hər işdə müəyyən çətinliklər olur. Burada da bir sıra çətinliklər var ki, tez bir zamanda onun da öhdəsindən gəlməyə çalışacağıq. Sumqayıt teatrında hər kəs məni çox rahat və təbii qəbul etdi. Onlarla tez bir zamanda ünsiyyət qurmuşam. İnşallah, bundan sonrası da yaxşı olar.

 

- İslam müəllim, Sumqayıt teatrının səhnəsində sizi aktyor kimi görə biləcəyikmi?

- Səhnədə aktyor kimi yox, icazə versələr bir neçə tamaşa var ki, onlara quruluş vermək istəyərəm. Əgər teatrın baş rejissoru icazə versə təbii ki... Ancaq aktyor kimi hələ planımda heçyoxdur.

 

- Deyirlər Sumqayıt teatrının adının qarşısından Musiqili sözü götürüləcək. Belə olan halda teatrın strukturunda dəyişikliklər olacaqmı?

- Uzun müddətdir ki, Mədəniyyət və Turizm Nazirliyində bu məsələ müzakirə olunur. Yaxınlarda biz özümüzü “Sumqayıt Dram Teatrı” adı ilə tamaşaçılara təqdim edəcəyik. Bu barədə sizə ətraflı məlumat verə bilmərəm, çünki aidiyyətli qurumlar bu məsələ ilə bağlı sənədləri hazırlayırlar. Ondan sonra strukturda, ştat cədvəlində dəyişiklik olarsa biz mətbuata açıqlama verərik.

 

- “Musiqilisözü götürüldükdən sonra teatrın repertuarında hansı dəyişikliklər olacaq?

- Repertuarda çox maraqlı tamaşalarımız var. Müəyyən tamaşalar da var ki, onlar uzun müddətdir oynanılmayıb. O, tamaşaları yenidən bərpa edib nümayiş etdirməyi düşünürük. Belə olan halda biz repertuarda 15-16 tamaşanı seyrçilərə təqdim edə biləcəyik. Planlaşdırırıq ki, xaricdən rejissorlar dəvət edək. Bundan əlavə repertuar siyasətini tamamilə dəyişdirməyi düşünürük. Bu mövzu ilə bağlı bədii şurada baş rejissor aktyorlarla müzakirələrimiz olub. Sizə təkcə onu deyə bilərəm ki, yeni mövsümdən maraqlı tamaşalarla repertuarımız zənginləşəcək. Hazırda teatrda hazırlanan tamaşalar çox yüksək səviyyəli tamaşalardır. Belə tamaşalar teatrınpasportunaçevriləcək.

 

Səfərlərimiz hər zaman olub

 

- Qastrollar necə, gözlənilirmi?

- Mayın sonlarına yaxın Gürcüstanın Kutaisi şəhərinə səfərimiz gözlənilir. Sonra Bolqarıstanın Kırcaali şəhərinin dövlət teatrına dəvət almışıq. Eyni zamanda, Makedoniya Türkiyə ilə bağlı planlarımız var. Ukraynanın Odessa Dövlət Dram Teatrı ilə, Qazaxıstan, Almaniya teatrları ilə ünsiyyət qurmuşuq. Almaniyanın Munhen şəhərinin dövlət teatrı ilə əlaqələr yaratmışıq. Planlaşdırırıq ki, Almaniyadan Sumqayıt teatrına rejissor dəvət edək. Bu, birtərəfli mübadilə olmayacaq. Belə ki, bizim rejissorumuz da Almaniyada tamaşa hazırlayacaq. Yəni onlarla qarşılıqlı əlaqələr nəzərdə tutulub. Bunları mərhələ-mərhələ həyata keçirəcəyik. Mədəniyyət Turizm naziri, eyni zamanda, Sumqayıt şəhər icra başçısı ilə danışmışıq, Sumqayıtda beynəlxalq teatr festivallarının keçirilməsini planlaşdırırıq. Biz “Bir tamaşanın festivalılayihəsini həyata keçirməyi düşünürük. Müxtəlif teatrlarda tamaşaya qoyulmuş eyni bir əsərin festivalını keçirmək fikrindəyik. Bundan başqa, ayrı-ayrı xarici teatrlarla mübadilə aparacağıq. Yəni, o teatrların tamaşaları bizdə, bizimkilər isə onların teatrında nümayiş olunacaq. Festivallarımız da ki, hər zaman var. Türkiyənin Ərzurum şəhərində beynəlxalq teatr festivalı keçirilir, biz həmin festivala dəvət edilmişik. Müəyyən texniki məsələləri həll etməliyik, bundan sonra qərar verəcəyik ki, gedirik, yoxsa yox. Mən bir aydır ki, buradayam bu müddət ərzində bütün bu işləri görmək mümkün deyil. İyul ayının 13-də mövsüm bağlanır, biz mövsümə qədər elə hazırlıqlar aparmalıyıq ki, gələn mövsümdə bu planları həyata keçirə bilək. Yeni teatr mövsümündə tamaşaçıların qarşısına daha güclü şəkildə gələcəyik.

 

- Teatrın təmir olunacağı da söylənilir. Bu proses işinizə mane olmazmı?

- Teatrın təmiri Mədəniyyət Turizm Nazirliyinin əmri ilə 2015-ci il üçün nəzərdə tutulub. Bizim üçün bu çox yaxşıdır. Təmirdən sonra teatrın, aktyorların fəaliyyəti daha da genişlənəcək. Onların tamaşaları gözəl oynamaları üçün daha da gözəl şərait yaranacaq. Teatrın təmiri zamanı da bizim yaradıcılığımız dayanmayacaq, Sumqayıtda olan mədəniyyət evlərinin birində öz fəaliyyətimizi davam etdirəcəyik.

 

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2014.-4 aprel.-S.11.