Bizim teatr
Milli teatrımızın “hadisə”ləri o qədər az olur ki, bbəzən məcbur qalıb hər gördüyümüz “çaya atılan daşın yaratdığı kiçik dalğanı” teatr hadisəsi (yəni tərpənişi) adlandırırıq. Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə Bakı Uşaq Teatrı ürəyindəki arzusunu gerçəkləşdirərək “Bizim teatr” beynəlxalq festivalını keçirdi və 27-28-29 mart günlərində diqqətləri bizə yönəldə bildi, ancaq teatr hadisəsi baş verdimi?
Bu sualı siz sonda cavab tapacaqsız...
İndi isə təqdimat... Bütün diqqətlər İntiqam
Soltandadır. O, Bakı
Uşaq Teatrının
direktoru, korrektoru, tanıtımı, tamadası...
Buyurun “indi Hüseynov bacıları öz məharətlərini
göstərəcəklər” yəni Bakı Uşaq Teatrının kollektivi çıxışa
start verir...
İlk tamaşa
“Apokalipsis” (müəllif
S.Eker) müəllifin
fərqli fikir dünyasının, dünyaca
məşhur işləməsidir. Mövzusu aktual
olan tamaşanın qəhrəmanı həbs
həyatının - bununla
da tənhalığın
quludur. Bütün tənha insanlara
məxsus olan “oyun” axtarışı qəhrəmanı yeni insancıqlar yaratmağa məcbur edir. Adəm və Həvvanı çörək qırıntısından
yaradan qəhrəman öz “kamerasının Allahına” çevrilir.
Qəhrəman ümidsizlik içində
axtarışdadır və
məhz bu ümidsizliyin sonu ona Allahı axtarıb-tapmağa kömək
edir. İnsan xoşbəxt olanda
Allah yada düşmür.
Ancaq son nöqtə, çıxış
nöqtəsi olmadıqda
Allaha tapınır.
Özünü “kamerasının Allahı” elan etməklə insanlığını,
mən hələ də insanam-digərlərini
qoruyan, qeydə qalan, danışan və bölüşən-görkəmini
itirmir.
Tamaşa M.Hacıbabanın quruluşunda,
aktyor Niyaz Qasımovun ifasında təqdim olunurdu.
Beynəlxalq festivalın iki qonağı var idi. Məhz ikinci tamaşa
qonaq təmsilçilərin
Gürcüstanın-Xelvachaursk Teatrının “Həyat” tamaşası idi. Zatən bilirik ki, gürcü
qonşularımız pis
teatr yapmazlar və elə həmin gün də bunun bir
daha şahidi olduq. İki gəncin-balerina formasında
səhnədə düzənlədikləri
oyun anlaşıqlı,
səlis hərəkətlərin
nəticəsində zövq-səfa
yaradırdı. Burada danışıqsız,
səhnədə bir-birini
çox gözəl anlayan tərəfmüqabillərinin
(nəzərə alsaq
ki, onlar şəxsi həyatda da bir ailədir)
kompleks oyunu gerçəkləşirdi. İstər müxtəlif səslərin
hormoniyası, istər
bir haldan digərinə keçid, istərsə də birinin digərində əriyən oyunu gürcü teatr estetikasının klassik formasının ən mükəmməl nümunələrindən
biri kimi qəbul oluna bilər.
Bəli... yenə də söz Bakı Uşaq Teatrındadır. Yazıçı Tüncer Cücenoğlunun
əsəri əsasında
“Bir yoxsul olsaydım” tamaşası
teatrın rejissoru İ.Əhmədova, aktyorları
Şahin Kazımov və Şəbnəm Nəsirova idi. Mən bu tamaşaları
( Bakı Uşaq Teatrı nəzərdə tutulur) təhlil etməkdə acizlik çəkirəm,
ol səbəbdən də ümumi hadisələrdən danışmaqla
kifayətlənəcəm. Mövzu varlı xəstə oğlanın və kasıb tibb bacısının arasında
yaranan sevgi motivləri üzərində
qurulmuşdur. Yazıçının qələmində çox
da mürəkkəb olmayan bu mövzu
müxtəlif düşüncə
və həyat tərzləri olan insanların vahid birləşmə nöqtəsini
tapmağa yönəlmişdir.
Günün son tamaşası Ge De Mopassanın novellaları əsasında “İblis” tamaşası idi. Rejissor və
musiqi tərtibatçısı
Könül Şahbazova,
ifaçı isə Xəyalə Meydanova idi. Onu deyə bilərəm
ki, səhnəyə baxmaq belə insanı çox incidirdi. Aktrisanın
səhnədə qarşısına
qoyduğu ali
məqsəd milli teatrımızda Xalq artistlərinin belə “olmaz” dediklərinin üzərindən xətt
çəkirdi. Lakin... qəbul
olunmayan bu deyil. Qəbul edilməz yozumun
istər rejissor, istərsə də ifaçı tərəfindən
bəsitdən bəsit
təqdimatı idi.
Bu festivalın keçirilməsi
Teatr Xadimləri İttifaqının, Xalq artisti Azər Paşa Nemətin dediyi sözə sadiq qalmasının bir göstəricisi idi. Çünki yadımdadır, ittifaqın sonuncu dəfə keçirdiyi monotamaşalar festivalında
İ.Soltan imkanlar yaradın, gələk, oynayaq, göstərək demişdi. Elə o zaman Azər müəllim söz vermişdi və nəticədə “bu meydan, bu da
siz...”.
İkinci gün elə bir tamaşa ilə gözümüzü
açdıq ki, sadəcə tamaşaçı
mat-məətəl qalmışdı. Gərək ki,
mənim hər zaman anlamadığım bir fakt bu
gün də mənim üçün müəmmalı qalır.
Bunu da sonda çözərik.
Keçək tamaşaya...
Müəllif Daroi Fo, Franka Rame “Mən
səni gözləyirəm,
əzizim”. Bu müəlliflər
italyan ailəsi olaraq (Daroi Fo və Franka Rame-çox mehriban ailə idilər) özlərinə
məxsus formada “Adi, sadə qadın” eksentrik əsərini yazmışdılar.
Burada dörd divar arasında qısılıb
qalan qadının keçirdiyi hisslər, çəkdiyi əzablar,
daxildən gələn
həqiqi səslər
vahid mərkəz kimi bu qadında
birləşməli idi.
Bəs Uşaq Teatrı bizə nə təqdim etdi?
Realizm hər zaman gözəl və maraqlı qarşılanır. Həqiqi həyatdan götürülmüş
görüntülər insanların
üzünü güldürür.
Bunlara o qədər misal demək olar ki, ən azından
“Bu şəhərdə”. Ancaq inandırım sizi “Bu şəhərdə”
belə bu analoqu olmayan tamaşa həllini düşünə bilməzdi...
Öncədən söylədiyim ikinci qonaq Türkiyənin Eksanat Teatrının truppası idi. Qardaş ölkənin
yaradıcı heyəti
bizə Uşaq Teatrının mövzu və qayəsinə uyğun olaraq ortabab sayıla biləcək tamaşa nümayiş etdirdi.
Bu tamaşanın “tamaşa” adlanması da qeyri-peşəkarlıq
olardı, sadəcə
tamaşalar arası fasiləni doldurmaq üçün çox maraqlı “oyun”. Kloun uşaqları əyləndirir,
uşaqlar isə əyləncədən zövq
alır. Biraz əylənsək
də, qardaş ölkənin “yolaverən”
oyununu türk teatrosuna bağlamadıq.
Bakı Uşaq Teatrının növbəti göstərisi
“Ağac” adlanırdı
ki, rejissoru İntiqam Soltan idi. Tamaşada rolları M.Cavanşir,
Q.Niyaz, Ə.Elnur ifa edirdi. Bu tamaşanı az
da olsa Bakı
Uşaq Teatrının
uğuruna saymaq olar.
Festivalın davamında H.K.Andersenin “Kibritsatan qız” tamaşası nümayiş
olundu. Quruluşçu və musiqi
tərtibatçısı Könül Şahbazova, rolu isə Türkan
Şahmarlı ifa edirdi. Nə yazıq mənə
ki, bu tamaşadan
heç nə anlaya bilmədim. Ancaq onu bildim
ki, səhnədə bir qızcığaz durmadan ağlayır... yenə ağlayır....
İkinci günün son tamaşası
A.Çexovun eyniadlı
əsərinin tamaşası
idi. “Kalxas”da hadisələr əyalət
teatrında gecə baş verir. Yaşlı
artist Vasiliy Vasilyeviç
öz benefisindən sonra qaranlıq səhnədə olduğunu
görür. Və onun
məbəd adlandırdığı
teatrla dialoqu başlayır. O, inanır
ki, istedad olan yerdə qocalıq, təklik, xəstəlik unudulur və ya heç
olmur. A.Çexovun çox sadə,
lakin teatra sevgi ilə yazılmış əsəri
müxtəlif teatrlarda
çox böyük uğur qazanmışdır.
Bu da son... Əziyyətlərə
son... Son gün Bakı Uşaq Teatrı “Əhməd haradadır?” filmini teatrla birləşdirərək
“Retro” adı ilə təqdim etdilər. Tamaşa-filmin qəhrəmanları Leyla (A.Soltan) və Ağbəniz (İ.Əhmədova) idi.
Biz bir daha
çox sevimli Azərbaycan filminə məhz Teatr Xadimləri İttifaqının
zalından baxmış
olduq. Mən əmin oldum ki, içimizdən sezilib, SƏNƏTKARlar tərəfindən ekrana gətirələn bu filmlər heç bir zaman baxımlılığını
itirməyəcək...
Sonrakı tamaşalar İ.Soltanın
quruluşunda “Kasıbın
yuxusu” və 31 mart Azərbaycanlıların Soyqırım
Gününə həsr
olunmuş “Qucaqla məni” tamaşaları idi.
Bu fikirin hər bir zaman üzərində
dayanacağam. Teatrın adı ilə
repertuarı bir-birinə
uyğun olmalıdır.
Zatən
bu fikri mən deməmişəm.
Bu “teatr” deyilən
“məktəb”in ilk başlanğıcı,
əlifbasıdır. Bakı Uşaq Teatrının adı ilə dəvət olunan tamaşaçılar,
onların da teatrın adına
aldanaraq gətirdikləri
uşaqlar və teatrın göstərdiyi
tamaşalar... Uşaqlara bu
tipli tamaşaların
göstərilməsi yasaqdır,
qanun pozuntusudur. Nə olsun ki, festivaldır,
nə olsun ki, dəvət olunanlar özünüzkilərdir,
bəs, haqq-ədalət?
Məncə, Bakı Uşaq
Teatrının çox
baxımlı repertuarı
olmalı, teatr öz estetikasını yaratmalı, daha doğrusu mütəxəsislər
tərəfindən “peşəkar
teatr” yaradılmalıdır.
***
Sözsüz ki, Teatr Xadimləri İttifaqının yaratdığı şərait müxtəlif teatrlara, yaradıcı insanlara sözünü deməyə imkan verir. Bu imkandan istifadə edərək, daha geniş kütləyə, teatr jurnalistlərinə, teatr xadimlərinə, ictimaiyyətə təqdim olunmaq olar. Bu da festivalın SONU...
Aygün Süleymanova
teatrşünas
Kaspi.-2014.-4 aprel.-S.10.