Nazir qızının gənclik illəri
– Mən gənc olarkən
Gövhər Baxşəliyeva:
“Gecikəcəyim qorxusu ilə imtahana saat yarım tez
getmişdim”
Müsahibəyə gedəndə düşünürdüm ki, söhbətimiz quru alınacaq. Həmsöhbətimizin böyüdüyü mühitdən, orta məktəb, universitet illərindən həvəslə danışacağını gözləmirdim, sözün doğrusu. Amma tam əksinin şahidi oldum. Gövhər xanım o qədər səmimi, təvazökar idi ki, onunla söhbətləşməkdən zövq aldıq. Beləliklə, müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, “Qızıl qələm” mükafatı laureatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır.
Onu da qeyd edək ki, müsahibimizin atası Baxşəli Baxşəliyev 18 il - 1970-ci ildən 1987-ci ilə qədər Sovet Azərbaycanında maliyyə naziri olub. Nazir olana qədər isə nazir müavini kimi çalışıb. Demək, həmsöhbətimizin yeniyetməlik, gənclik illəri atasının nazir olduğu illərə düşüb. Nazir qızının gənclik illəri ilə yaxından tanış olaq…
“Orta məktəbdə axşam şənliklərinə qatıla bilmirdim”
Ailədə 2 qardaş, 4 bacı olublar. Müsahibimiz Bərdədə dünyaya gəlib və 5-6 yaşına qədər orada yaşayıb. Sonra Bakıya köçüb bir neçə ay o vaxtkı Poluxin küçəsində balaca bir həyət evində məskunlaşıblar. Daha sonra dövlət tərəfindən Montində atasına mənzil verilib və ailəlikcə oraya köçüblər. G.Baxşəliyeva uşaqlığının ilk illərindəki müəyyən xatirələri kəsik-kəsik xatırlayır: “Yadımdadır, Bərdədə olanda nənəm hansısa dini bayramda məni özüylə İmamzadə məscidinə aparmışdı. Qadınlar şərbət paylayırdılar”.
Bakıya köçəndən sonra əvvəlcə 39, sonra 212 saylı məktəbə gedən G.Baxşəliyeva həm orta, həm də ali təhsilini rus bölməsində alıb. Deyir ki, balaca vaxtı dəcəllik etmək heç ağlından belə keçməyib: “Ümumiyyətlə, atam bizə qarşı çox tələbkar olub. Həmişə bizim beynimizə yeridib ki, “düşünməyin ki, atanız nazirdir, bunlar müvəqqətidir. Siz yalnız zəhmətiniz nəticəsində nəyəsə nail ola bilərsiniz, oturun çalışın”. Bizi zəhmətsevərliyə, təvazökarlığa atam öyrədib. Atam mühafizəkar ailə başçısı, əsl müsəlman kişisi idi. Təsəvvür edin, rus məktəbində oxuyurdum, bayram olanda sinif yoldaşlarım hamısı axşam şənliyinə gedirdi, bircə mən onlara qatılmırdım. Çünki atam qoymurdu. Deyirdi ki, “sən heç vaxt unutma ki, müsəlman qızısan, onlar gedirlər-getsinlər, sən getməyəcəksən”. Sinif yoldaşlarıma qoşulmaq həvəsim olduğundan o vaxt atamdan inciyirdim. Amma illər keçəndən sonra başa düşdüm ki, bəlkə də atam doğru edirdi. Yəni bizim cəmiyyətdə xüsusilə qız uşaqları üçün sərbəstliyin həddi olmalıdır. Nə qədər avropalaşsaq, müasirləşsək də Azərbaycan cəmiyyətinin mentaliteti var. Qız uşaqları həmin mentalitetə uyğun tərbiyə edilməlidir. Anam da mühafizəkar idi, amma atam daha mühafizəkar idi. Biz həyatda əldə etdiklərimizə valideynlərimizin verdiyi tərbiyənin nəticəsində nail olmuşuq”.
Hətta həmsöhbətimiz dərslərinə o qədər məsuliyyətlə yanaşıb ki, deyir, imtahana üç qələmlə gedirmiş: “Deyirdim, birdən qələmin biri xarab olar, o birisindən, o da xarab olsa, digərindən istifadə edim”.
Skeleti görəndən sonra həkim olmaqdan vaz keçdim
Nazir qızının şərqşünas olmasının tarixçəsinə gəlincə, G.Baxşəliyevanın sözlərinə görə, atası çox istəyirmiş ki, o, həkim olsun. Amma Gövhər xanım iki ayağını bir başmağa dirəyib ki, şərqşünas olacaq. Əslində inad göstərməyinin səbəbi də vardı: “Böyük bacım və ondan sonrakı qardaşım Tibb Universitetində təhsil alırdılar. Bacım 2, ya 3-cü kursda oxuyanda məni də özü ilə universitetlərinə apardı. Universitetin eksponatlar muzeyində, skeletlərin, xəstə orqanların saxlanıldığı yerdə oldum. Onları görəndən sonra başa düşdüm ki, orada oxuya bilmərəm. Hələ bu azmış kimi, bacım evə sümüklər gətirir, onlarla dərslərini öyrənirdi. Mənə danışırdı ki, morqa gedir, meyit üzərində dərs keçirlər. Bu cür şeyləri hamının ürəyi götürə bilməz. Açığını deyim, mən belə şeylərdən qorxdum. Gördüm ki, bu peşə mənə uyğun deyil. Üstəlik, şərq aləminə vurğunluq, humanitar elmlərə marağım da çox idi və sənədlərimi indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verdim və 1972-ci ildə sözügedən fakültənin ərəb dili bölməsinə daxil oldum”.
“Müəllimlərin güzəştinə ehtiyacım yox idi”
Orta məktəbdə nə qədər məsuliyyətli idisə, universitetdə də məsuliyyəti ilə müəllimlərinin hörmətini qazanır: “İnstituta imtahan verəndə o vaxt mənimlə eyni vaxtda adını çəkmək istəmədiyim başqa bir nazirin oğlu da imtahan verirdi. Birdən komissiya üzvlərindən biri nazir oğlunun yanına gəlib stolun altındakı “şparqalka”ları çıxardı. Deməyəsən, köçürməyə cəhd edirmiş. Ancaq oğlanı otaqdan çıxarmadılar ki, imtahana hazırlaşsın. Bir qədər sonra onu sualları cavablandırmaq üçün çağırdılar. Bir dənə suala belə cavab verə bilmədi, “2” yazıb salondan çıxardılar. Sonra məni çağırdılar. Bütün sualları cavablandırdım. İmtahanda oturan ağsaçlı, ağbirçək bir müəllimə, səhv etmirəmsə, tarix müəlliməsi idi, dedi ki, “o nazir oğlu, bu da nazir qızı, niyə bu yaxşı cavab verir, o yox”.
Müəllimlərinin nazir qızına hörmət etməsinə, dərslərində güzəştə getməsinə gəlincə, G.Baxşəliyeva deyir ki, heç vaxt hansısa müəllimdən güzəşt gözləməyib və buna ehtiyacı olmayıb: “Həmişə oxumağa maraq göstərmişəm. Orta məktəbdə olduğu kimi, ali məktəb illərində də elə gün olmayıb ki, dərsə, imtahana hazırlıqsız gedim. Bəzən imtahanqabağı gecə də yatmırdım və həmişə də “5” alırdım. Əksinə, atamın nazir olması bəzən mənə maneçilik törədirdi. Daim kimlərsə xahişlə müraciət edirdi. Xahiş bir olar, iki, üç olar, onlarla xahiş olurdu və bu, məni narahat edirdi”.
“Gecikəcəyim qorxusu ilə imtahana saat yarım tez getmişdim”
Millət vəkili deyir ki, ərəb dili ilə bağlı kitabların əksəriyyəti
şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri,
böyük alim, bu sahənin Azərbaycanda yaradıcısı
Ələsgər Məmmədova məxsus idi:
“5-ci kursda ərəb dilindən son imtahanı verirdik.
İmtahana vaxtından 1.5 saat
tez gəlmişdim ki,
birdən gecikərəm. Kafedranın
qarşısında durub əlimdə kitab imtahana
hazırlaşırdım. Ələsgər müəllim məni
görüb kafedraya
çağırdı. İmtahan
sualları olan siyahını əlinə
alıb mənə xeyli sual
verdi və hamısını
cavablandırdım. Çox məmnun
qaldı. Çünki maraqlı idi ki, biz
dərsləri yaxşı qavrayaq. Bunun üçün dərsdə
çox zəhmət çəkirdi, dərsləri
həmişə çox canlı keçirdi. Bəzən nəyisə öyrətmək
üçün hətta eyni
məsələni dəfələrlə təkrarlayırdı.
Əmin olmaq istəyirdi ki,
biz qavramışıq, ya
yox. Buna görə də
mənim bütün suallara
cavab verməyimə çox
sevindi. Amma demədi ki, “get, sənə qiymət qoyuram”, dedi, “imtahana da girərsən”. İmtahanda da yenidən biletimə düşən
bütün sualları
cavablandırıb “5” aldım.
“Bilirdik ki, atam
onsuz da “yox” deyəcək”
Atasının nazir, mühafizəkar ailə başçısı
olması Gövhər
xanımın tələbəlik
illərini də qadağalarla keçirməsinə
səbəb olur. Çünki
həmsöhbətimizin qrup
yoldaşları ilə
bayramlar bir tərəfə qalsın,
gəzməyə belə
getməyə icazəsi
yox idi: “Bacılarımla bilirdik ki, heç deməyə də ehtiyac yoxdur, atam onsuz da
“yox” deyəcək. Buna görə hara
getmişik, atamın imkanı varsa, özü aparıb, imkanı olmayıbsa evdə oturmuşuq. Hər yay Moskvaya ezamiyyətə
gedəndə, yayda məzuniyyət götürəndə
getdiyi ölkələrə
bizi də aparırdı”.
Müsahibimizin ilk maaşına gəlincə,
deyir ki, ali məktəbi
bitirəndə 1977-ci ildə
AMEA-nın Şərqşünaslıq
İnstitutunda baş laborant kimi çalışmağa
başlayıb. İlk maaşını
da burada alıb. Miqdarı yadında qalmasa
da, ailə ənənəsinə uyğun
olaraq nənəsinə
hədiyyə alıb.
Oğlan
hamballıq da edə bilər, amma...
Yuxarıda da qeyd etdiyimiz
kimi, G.Baxşəliyeva
bir neçə vəzifəni çiyinlərində
daşıyır. Bir oğul
övladı olan müsahibimizlə qadınların
Azərbaycan cəmiyyətində,
ailədə yerindən
danışdıq. G.Baxşəliyeva
deyir ki, qadın üçün
ilk növbədə ailə
üstünlük təşkil
etməlidir: “Əgər
qadının karyerası
ailənin dağılmasının
hesabına başa gəlirsə, bu, düzgün deyil. Qadının uşağı varsa,
o, ilk növbədə ailəsini,
uşağını rahat
etməlidir. Bəzən olur
ki, karyeranın hesabına uşağa ayrılan diqqət azalır. Əgər
ana uşağı dünyaya gətiribsə,
dayəsi olsa belə, unutmamalıdır
ki, heç kim ananın
yerini verə bilməz. Amma qadının potensialı,
imkanı, enerjisi çoxdursa, istedadı, savadı imkan verirsə, karyerası, işi ilə də məşğul ola bilər
və həyat yoldaşı da bunu başa düşməlidir. Elə olur
ki, qadının ailəsi ya yoxdur, ya da
olub, dağılıb,
bu zaman qadın istədiyi vaxt istədiyi sahəyə yönələ,
karyera pillələrində
rahat şəkildə
irəliləyə bilir”.
Millət
vəkili oğlanlardan
daha çox qızların oxumasının
tərəfdarıdır: “Atam da həmişə
deyərdi ki, qızı elə böyütmək lazımdır
ki, gələcəkdə
heç kimdən asılı vəziyyətə
düşməsin, oğlan,
lazım gələrsə,
hamballıq da edə bilər, amma qızın əlində bir sənəti olmalıdır.
Həyatdır, bilmək olmaz
necə olacaq, özünə bir parça çörək
qazana bilməlidir.
Mən də söhbətlərimdə
həmişə analara
bunu deyirəm. Ailə qız uşağını
həyata hazırlamalıdır.
Ailə qurmadan öncə qıza ali təhsil
olmasa da, bir peşə verilməlidir”.
“Mən kişiyəm, istədiyimi edə bilərəm”
G.Baxşəliyevanın fikrincə, bu gün cəmiyyətdə qadının yeri çox yüksəkdir: “Bizim cəmiyyətdə ali təhsilli qadınlar, həkim, müəllimə alimlər çoxdur. Hələ Sovetlər dönəmindən məqsədyönlü şəkildə qadının inkişafına böyük diqqət yetirilib. Müstəqillik dövründə də Heydər Əliyev qadınların cəmiyyətdəki roluna xüsusi diqqət yetirib və onların irəli çəkilməsinə şərait yaradıb. Ümummilli lider qadınların kişilərlə bərabər dövlət idarəçiliyində iştirakı ilə bağlı sərəncam imzalayıb, onun dövründə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb. Hər seçkidən seçkiyə parlamentdə qadınların sayı artır, bir çox icra hakimiyyəti orqanlarında qadınlar müavin təyin olunur”.
Bütün bunlara baxmayaraq, müsahibimiz xalqımızın mental cəhətdən böyük bir hissəsinin şərqli olduğunu xatırlatdı: “Kiçik bir hissə ya Avropa, ya da rus mədəniyyəti təsirini daha çox hiss edir. Amma bir çox kişilər zahirən müasir olsalar da, yüksək mədəniyyətdən danışsalar da, cəmiyyətdə daha çox liberal dəyərlərin tərəfdarı olduqlarını bəyan etsələr də, ailələrində “mən kişiyəm, istədiyimi edə bilərəm, sən isə qadınsan, oturub dözməlisən” psixologiyası ilə yaşayırlar.
İnstitut direktoru hesab edir ki, bu cür problemləri aradan qaldırmaq üçün ailə münasibətlərində mədəniyyətin artırılması istiqamətində təbliğat aparılmalıdır: “Orta məktəblərdə hansısa fənnin içərisində ailə münasibətləri, ailə mədəniyyəti keçilməlidir. Uşaqlara orta məktəbdən ailə mədəniyyətini aşılamalıyıq. Qeyd etdiyim kimi, kişilərin əksəriyyəti mental cəhətdən şərqlidir, qadınlar isə müasir dövrdə yaşadıqlarını tam mənada hiss etmək istəyirlər. Bu zaman ziddiyyət alınır. Qadınlar kişilərin zahirən müasir olub, daxilən şərqli mentalitetində olmaları ilə barışmaq istəmirlər. Buna görə də boşanmaların sayı get-gedə artır. Bu istiqamətdə vaxtında iş görülməlidir”.
Lalə MUSAQIZI
Kaspi.-2014.-11 aprel.-S.21.