Mən karyerist insanam – Uğur hekayəsi
Nizami
Mehdiyev: “Uğurun sirri - özünə inam, özünü
daim inkişaf etdirmək və çox işləmək”
Karyerist insan olduğunu deyir. Daha çox uğur əldə etmək, daha yaxşı karyera qurmaq, məqsədinə çatmaq üçün Azərbaycandakı işini yarımçıq qoyub təhsilini davam etdirmək məqsədilə Fransanın top 10 universitetindən birində - Neoma Business School-a yollanır. Müsahibimiz AtaHoldinqin Marketinq və kommunikasiya departamentinin direktoru Nizami Mehdiyevlə yaxından tanış olaq...
- Marketinq sahəsində 7 ildən çox təcrübəm var. Bu illər ərzində əsasən menecment sahəsində - mütəxəssis, baş mütəxəssis, menecer, direktor vəzifələrində çalışmışam. İş təcrübəm çoxşaxəlidir, amma daha çox bank sahəsində işləmişəm. Bundan əlavə, gündəlik tələbat məhsulları, qida sənayesində kommersiya müdiri kimi də özümü sınamışam. Başqa maraqlı layihəm Azərbaycanda onlayın alış-veriş saytına rəhbərlik etmək idi. Konsaltinq sahəsində də təcrübəm var. Belə ki, şirkətlərə marketinq, reklam, planlama üzrə məsləhət xidmətləri göstərmişəm.
- Bu qədər
fərqli işlərdən sonra necə oldu ki, bank sektorunda
işə başladınız?
- Konsaltinq sahəsində çalışarkən
bir çox banklara, maliyyə sahəsində
çalışan qurumlara marketinq xidmətləri göstərirdik,
reklam məsləhətləri verirdik. Bunun əsasında
2008-ci ildə Unibanka gəldim. Bir neçə mərhələdən
ibarət imtahanı keçib işə qəbul oldum.
Unibankda korporativ biznesin inkişafı bölümündə
marketinq sahəsini inkişaf etdirmək lazım idi. Bu,
çox maraqlı idi. Müəyyən zaman çərçivəsində
korporativ bölümün çox yüksək səviyyədə
inkişafına nail olduq. Bundan sonra bankın ümumi marketinq
departamentinə təyin edildim və fəaliyyətimi burada
davam etdirdim.
Unibankda çalışdığım üç il
müddətində bir çox böyük və uğurlu
lahiyələrə imza atdıq – bankın plastik kart
dövriyyəsi və pul köçürmələrinin
yüksək artımına nail olduq, bir çox kredit və
depozit üzrə kommunikasiya lahiyələri həyata
keçirildi, Azərbaycanda ilk dəfə olaraq Futbol üzrə
Premyer Liqanın Baş sponsoru olduq və beləliklə,
bankın Strateji hədəfinə uyğun olaraq pərakəndə
bazar seqmentinə keçid başladı.
- Bəs necə oldu ki, Unibankı tərk
etdiniz?
-
Üç il bu bankda
çalışdıqdan sonra hiss etdim ki, təhsilimi xaricdə
yaxşı bir universitetdə davam etdirməliyəm. Çünki Azərbaycanda aldığım təhsil
arzularımı reallaşdırmaq üçün yetərli
deyildi. Buna görə 2010-cu ildə
Unibankdan ayrılaraq Fransanın NEOMA Biznes Məktəbində
MBA (Biznesin idarəolunsması) dərəcəsi alaraq
ixtisasımı artırdım. Fransadakı
iki illik təhsilimin bir ilini dərslərdə fiziki olaraq
iştirak etdim. İkinci il isə
diplom işi yazmalı idim və paralel olaraq şirkətlərdə
layihələrdə iştirak edə bilərdim. Mən də 7-8 ay “Delta qrup” şirkətində
işlədim. Ondan sonra AtaHoldinqdə
işə başladım. Artıq 1 il
3 aydır ki, burada çalışıram.
- İşinizin xüsusiyyətlərindən
danışardınız. Hər halda Azərbaycanda
tanınmış şirkətlər qrupunun marketinq işini
aparmaq o qədər də asan olmamalıdır.
- İşim çox maraqlıdır və bu günə
qədər əldə etdiyim təcrübələrin
toplumudur.
AtaHoldinqin daxilində bir çox sahələri idarə edən
şirkətlər - həm bank, həm sığorta, həm
qida məhsulu, həm turizm, həm informasiya texnologiyaları
sahəsində fəaliyyətt göstərən şirkətlər
var. Daha öncəki təcrübələrimdən irəli
gələrək bu şirkətlərə çox tez bir
zamanda adaptasiya oldum. Mənim burada işə
başladığım dövr bizim AtaHoldinqdə yeni bir mərhələnin
– şirkətlərin mərkəzləşdirilmiş qaydada
idarə edilməsi modelinin başlanğıcı idi. Əslində məni cəlb edən məqam da elə
bu oldu. Çox çətin, amma
uğuruna inandığımız bir layihə idi. Çünki xaricdə holdinq şirkətlər bu
təcrübədən böyük məharətlə istifadə
edir və bu, holdinqin gəlirliyi, imici baxımından
çox önəmlidir. Holdinq özü bir
brenddir. Holdinqə daxil olan şirkətlər
fərqli istiqamətlərdə fəaliyyət göstərmələrinə
baxmayaraq, əgər fərqli strategiyalarla inkişaf etdirilsələr,
o zaman holdinqdə ayrılmalar müşahidə ediləcək,
bütöv bir brend formasında fəaliyyət göstərmək
mümkün olmayacaq. Bunun üçün ilin əvvəldən
qarşımıza qoyduğumuz strateji məqsədlərə
nail olmaq üçün bir çox lahiyələrə
başladıq və hazırda davam edirik.
Sözsüz
ki, bütün bu tədbirlərin məntiqi davamı olaraq
AtaHolding 10 il və AtaBank 20 il tədbirlərini
xüsusi vurqulamaq istərdim. Azərbaycan reklam tarixində ilk
dəfə olaraq “Kölgələr teatrı”nın
iştirakı ilə AtaBank 20 il reklam filmi çəkilmişdir
və uğurla kommunikasiya edilmişdir.
- Uğur qazanmağınızın
səbəbi nədir?
-
Ümumiyyətlə, uğur qazanmağın əsas səbəbi
həm özünə inanmaq, həm daim özünü
inkişaf etdirmək və çox işləməkdir. Mən karyerist bir insanam. Karyerada
inkişafı çox sevən insan olduğum
üçün müəyyən bir müddət işlədikdən
sonra qərara gəldim ki, yeni uğurlar əldə etmək
üçün ixtisasını artırmaq, yeni beynəlxalq
təcrübə qazanmaq üçün MBA təhsili
çox önəmlidir. Fransanın top 10 universiteti və
Avropada Biznesin İdaredilməsi sahəsində ən
yaxşı 20 universitetdən biri olan Neoma Business School-da təhsil
aldığım zaman yüksək səviyyəli biliklə
bərabər, həmçinin bir çox beynəlxalq
şirkətlərdə müxtəlif lahiyələr üzrə
təcrübə keçdim. Dörd nəfərdən
ibarət qrup şəklində
çalışdığımız lahiyə Fransada
müstəqil investorlar tərəfindən ən
yaxşı lahiyə kimi qiymətləndirildi. Bundan əlavə, Çinin Şanxay şəhərində
yerli şirkətlərin Avropa bazarlarına daxil olma
strategiyasının hazırlanmasında iştirak etdik və
həmin şirkətlər tərəfindən lahiyəmiz
böyük rəğbətlə qarşılandı və
istifadə edildi.
- Gənclərimizin əksəriyyəti
işsizlikdən şikayət edir. Amma siz xeyli
yerdə işlədiyinizi sadaladınız. Işsizlikdən şikayətlənən gənclərimizə
nə demək istərdiniz?
-
AİESEC Beynəlxalq təhsil və işədüzəlmə
qrupu məni mütamadi olaraq tələbələr
üçün mühazirələr oxumağa, təcrübə
bölüşməyə dəvət edir və burada
perspektivli gənclərə görüşmək, söhbətləşmək
şansım olur. Onlar da hər zaman bu yöndə suallar verirlər, iş axtarmaq üçün
hansı işlərin görülməsi ilə
maraqlanırlar. Ümumiyyətlə, xarici
universitetlərdə bununla ciddi məşğul olur və
universitet vaxtından gəncləri bu yöndə
hazırlaşdırırlar. Onu da deyim ki,
indiyədək çalışdığım sahələrdə
bütün işləri özüm tapmışam, yaxud da
işlər məni tapıb, yəni dəvət olunmuşam.
Doğrudur, yaxşı iş tapmaq asan deyil, amma bunun
üçün gərək sənin fərqli cəhətlərin
olsun. Marketinqdə də belə bir şey var, məhsulun
fərqli olmalıdır ki, bazarda özünə yer tapa
bilsin. Gənclər öz üzərlərində
yaxşı işləməlidirlər, yaxşı təhsilləri,
gözəl kommunikasiya bacarıqları olmalıdır.
Bəzi insanlar kiminsə onlara iş təklif edəcəyini
gözləyir. Özüm də iş tapa bilmədiyini deyən
insanlarla rastlaşıram. Soruşuram, harasa
müraciət etmisənmi, dostlarından bir şey
soruşmusanmı, onların işlədiyi şirkətlərlə
maraqlanmısanmı? Orada nə iş görürlər,
nə edirlər, hansı sahədə onlarda vakansiyalar
olduğunu soruşmusanmı? Məncə,
çalışmaq lazımdır. Əslində iş
tapmaq olar, amma özün istədiyin, səni xoşbəxt edə
biləcək, uğur qazanacağın işi tapmaq ola bilsin bir ay, iki ay və daha çox müddət
çəkir. Özünü inkişaf etdirməlisən ki,
uğurlu iş tapmaq mümkün olsun. İnsanın gözəl
menecerlik qabiliyyətinin və gözəl xüsusiyyətlərinin
olması da uğurlu iş tapmaq üçün əsasdır.
Kollektivdə işləmə, ünsiyyət
qurmaq vacib faktorlardadndır. İnsanları
tanımaq çox önəmlidir.
- Uğurlu iş axtarışına
çıxmamışdan, işsizlikdən şikayətlənməmişdən
öncə, sizcə, ixtisas təhsilindən əlavə
günümüzün tələbi olan ingilis dilini öyrənmək,
kompyuter bacarıqlarını inkişaf etdirmək vacibdir?
- Əlbəttə. Bu gün vakansiyaların yerləşdirildiyi
saytları açsaq, görərik ki, tələblərdən
ilk gözəgörünəni həmin sahə üzrə
biliklər və müasir qloballaşma şəraitində
xarici dil kimi ingilis dilidir. İngilis dilindən əlavə
digər xarici dilləri bilməyin özü də
üstünlükdür. Bundan başqa,
gündəlik işlərdə lazım olan kompyuter
bacarıqları əsas götürülür.
- Daha
çox maaş almaq üçün gənclərimizin
çoxu bank sektorunda işləməkdə maraqlıdır.
Bank sektorunda çalışmaq istəyən gənclər
nə etməlidir?
- Ölkəmizdə
bank sektoru rəqabətli və inkişaf edən sektorlardan
biridir. Buna görə, açığı,
bank sektorunda işə düzəlmək heç də asan
deyil. Baxmayaraq ki, bu sektorda işçiyə
ehtiyac var. Bankların tələbləri çox yüksəkdir
və bu tələblərə uyğun özümüzü
inkişaf etdirməliyik. İlkin olaraq bank
sektorunda işə düzəlmək üçün təbii
ki, təcrübə çox önəmlidir. Məsələn,
universitet zamanı son kurslarda və yaxud ali
məktəbi bitirdikdən sonra müəyyən bir müddətdə
banklarda, maliyyə sahələrində, sığorta şirkətlərində
hansısa bir təcrübə keçmək çox önəmlidir.
Bu, pulsuz təcrübə də ola bilər.
Əsas məsələ hər şeyi
addım-addım əldə etməkdir. Təcrübədən
əlavə, gənclərimiz banklarda işə düzəlmək
üçün müsahibələrə gedərkən
banklarda işləyən dostlarından,
tanışlarından mümkün qədər çox məlumat
almalıdırlar ki, müsahibəyə tam hazır olsunlar.
- Bir az da gələcək planlarınızdan
danışardınız.
- Mənim əsas planım keyfiyyətli iş görməkdir. Hər bir marketoloq üçün gözəl iş təcrübəsi və yüksək səviyyəli layihələrin həyata keçirilməsi çox önəmlidir. Ümumiyyətlə, işlədiyim hər bir şirkətdə faydalı olmağa çalışıram, əgər hiss etsəm ki, şirkətimiz üçün əlavə dəyər vermirəm, bu, məni demotivə edər. Buna görə də karyera planlarını qurarkən uzunmüddətli planlaşdırıram.
Lalə MUSAQIZI
Kaspi.-2014.-11 aprel.-S15.