Özüm barədə son
açıqlamalar
«Bağışlanmağı
rica edirəm…»
Mən keşməkeşli ömür yolumu, körpəlikdən bu yana həyatımın acılı-şirinli, çətinliklər, əzab-əziyyətlərlə dolu mühüm hadisələri hələ bir neçə il əvvəldə “Gizlinlər” adlı iri həcmli əsərimdə qələmə almışam. Çap etdirib, oxucularıma çatdırmışam. Öz timsalımda şair və yazıçıların, bütünlükdə önəmli ziyalıların Sovet dövründə üzləşdikləri məhrumiyyətlərləri bacardığım qədər diqqətə çatdırmışdım. Əlbəttə, onlardan yazmağı lazım bilmədiklərim, açıb-ağartmaq istəmədiklərim az deyildir. Elə məsələlər var ki, insanın təkcə özünə məxsusdur, digərlərinin ondan hali olması vacib sayılmır, xırdaçılıq hesab olunur. Mənim hazırda deyəcəklərim, ictimaiyyət nəzərinə yetirmək məqsədi güddüklərim xeyli başqa mahiyyət daşıyır. Tale yüklü məsələlərdir. Bunları vaxt ikən yaddaşdan vərəqə köçürmək, gələcək nəsillərə ötürmək, müasirlərimizə də bildirmək məqamı artıq yetişmişdir. Ömür vəfasızdır.
Öncə ondan başlayım ki, bədxahlarım məni çox sərt, tündməcaz adam kimi qələmə verirlər. Qəsdən, qərəzçiliklə haqqımda mənfi rəy yaratmağa cəhd edirlər. Tamam yanlış söyləmədir, həyasız qarayaxmadır. Mən təbiətən son dərəcə kövrək, qəlbiyumşaq insanam. Cavanlığımdan bəri xeyirxahlığa, köməksizə kömək durmağa, əl tutmağa, yaxşılığı əsirgəməməyə çalışmışam. Əvəzində heç bir təmənna, hər hansı mənfəət ummamışam. Hər şeydə, hər işdə halallıq güdmüşəm. Qədrimi bilənlər də olub, bilməyənlər də; yaxşılıq əvəzinə yamanlıq eləyən nanəciblər də. Nə etmək olar? Atalar nahaq deməyiblər ki, insan çiy süd əmib. O yaxşılıqları, ulu dədələr demişkən, balıq bilməsə də, xalıq bilir.
Riyakarlığı özümə sığışdırmamışam
Nə isə, şeytana lənət! Qayıdaq mətləb üstünə. Burası doğrudur ki, sərtliyim yox deyildir. Lakin harda və necə? Mən ədalətsizliyə, haqsızlığa qarşı çox dözümsüz olmuşam. Sözü üzə deməkdən çəkinməmişəm. Bir çoxları kimi tüpürdüyümü yalamamışam. Üzə lotuyana irişib, dalda-bucaqda hərzə-hədyan danışmamışam. Riyakarlığı özümə sığışdırmamışam. Və bunun da ağrısını az çəkməmişəm. Elə buradaca etiraf edim ki, mənə yaxın adamları da özümdən küsdürmüşəm, incik salıb uzaqlaşdırmışam. Nəyinsə xatirinə susmsğı, dilimin ucuna gələn düz sözü geri qaytarmağı bacarmamışam.
Yaltaqlıqdan, irsiz-irsiz yarınmaqdan da möhkəm acığım gəlir. Bu iyrənc sifətləri vərdişə çevirmiş adamlardan son dərəcə zəhləm gedir. Vəzifəpərəst də olmamışam. Onun üçün dəridən-qabıqdan çıxmamışam. Hər şeyi öz halal zəhmətimlə, qələmimin gücü hesabına qazanmağa cəhd göstərmişəm. Çünki, vəzifə almaq da təkcə istedada, bacarığa görə deyildi. Kimlərə isə mütləq yarınmalı, yaltaqlıqla “saqqal altından” keçməli, bir növ gözükölgəli olmalı idin. Haqqa dirsək göstərib, nahaqqı dəstəkləmək məcburiyyətində qalmalı idin. Məhz bu səbəblərə görə vəzifə şanslarından geri durdum. Mənə deyilən təkliflərdən boyun qaçırdım. Amma bir qədər sonralar maddi çətinliklərlə, sıxıntılarla üzləşəndə hərdən məğrurluğumun peşmançılığını çəkdim. Görəndə ki, məndən istedadca, bacarıqca əsgiklər vəzifə hesabına hörmətdədirlər, daha çox sayılıb-seçilirlər, yüksək ənamlar alırlar, layiq olmadıqları təltiflərə sahib dururlar, özümü gizlində xeyli qınadım. Di gəl ki, nə edəsən? Xasiyyəti dəyişmək heç də asan deyil. Südlə girən, sümüklə çıxar.
Vəzifəyə həvəs göstərsəydim, vaxt itirərdim
Bir də, axı, bu sadəcə yekəxanalıq, boş-boşuna məğrurluq, özündən müştəbehlik deyildi. Yazdığım əsərlər diqqəti cəlb edirdi. Geniş oxucu kütləsinin rəğbətini qazanırdı. Başqa dillərə tərcümə olunur, dönə-dönə nəşr edilirdi. Sinəm də ki, mövzularla dolu idi, bitib-tükənmirdi. Gecəmi gündüzə qatıb hey qələm işlədirdim. Bu peşəmdən yorulub usanmırdım. Ondan böyük həzz duyurdum. Vəzifəyə həvəs göstərsəydim, vaxt itirərdim, əli boşda qalardım. Bunun peşimançılığı, vicdan xəcaləti məni daha artıq məyusladardı. Bir neçə il bundan əvvəl bir şeirimdə demişəm:
Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil,
keç dedilər, saqqal altından,
Vüqarlı qəddimi əyə bilmədim.
İnsana
ağılı gərək haqq verə,
İncə mətləbləri qanmır heyvərə.
Ucuz bir
şöhrətə, ad-sana görə
Sönük vicdanları öyə bilmədim.
Doğrudan da arı-namusu uca tutanlar, haqqı-həqiqəti
bayraq edənlər üçün nəyinsə xətrinə
görə əyilmək, sınmaq, gözükölgəli
olmaq çox ağırdır, mənəvi əzabdır,
ürəyə daimi, dözümsüz dərddir. Heç
cürə anlaya bilmirəm ki, bəzi adamlar üzgörənliyi,
yaltaqlığı, cılızlığı özlərinə
necə sığışdırırlar? Təklikdə öz hərəkətlərindən
utanıb, xəcalət çəkmirlərmi? Yoxsa bunu bir şərəf, xüsusi
bacarıqmı hesab edirlər?!
Ümumiyyətlə, mən şan-şöhrət
ölüsü olmamışam. Hər hansı bir
mükafat, fəxri ad, ənam üçün dəridən-qabıqdan
çıxmamışam. Özümü
heç vaxt gözə soxmağa
çalışmamışam. Zəhlə
töküb, ona-buna xahiş-minnət etməmişəm.
Heç kəsə boyun əymədiyim səbəbindən,
mənliyimi qoruduğum ucbatından qıraqda qalmışam.
“Xalq yazıçısı” fəxri adı
veriləndə də, orden-medallar siyahısına salınanda
da unudulmuşam. Halbuki mənim haqqım
buna daha çox çatır.
Haqqımı
tələb eləməyi özümə ar bilmişəm
Yaradıcılığım hansı fəxri ad
alanlardan əsgikdir? Öyüncəklik olmasın, altı roman (“Vicdan
susanda”, “Müqəddəs ocaq”, “ Ömürlük əzab”,
“Gizlinlər”, “Qəribə eşq”, “Zamanə adamı”),
beş povest (“Gəlin”, “Ayazlı gecələr”, “Həyat
bizi sınayır”, “İnsaf nənə”, “Ana intiqamı”),
üç pyes, yüzlərlə şeir, hekayə, publisist
məqalə, xeyli miqdarda tərcümələr müəllifiyəm.
Ssenarim əsasında bədii film çəkilib,
pyeslərim tamaşaya qoyulub. Amma nə
olsun, zəhmətim lazımınca qiymətləndirilməyib.
Kimlərinsə gizli badalağına tuş gəlmişəm.
Yubileylərimdə heç bir təltifə
layiq görülməmişəm. Vaxtı
ilə kisələrlə paylanan medallar da məndən yan
keçib. Lakin bunların heç birinə
darılmamışam. Dərd eləyib
ürəyimə salmamışam. Bir
çoxları kimi gedib qərəzçilərlə
dava-dalaşa çıxmamışam. Haqqımı
tələb eləməyi özümə ar bilmişəm.
Şəxsiyyətimə sığışdırmamışam.
Gözləmişəm ki, insafı-mürvəti
arada görüb, haçansa məni də yada salarlar. Səbrdən, dözümdən əlavə
çox mühüm təsəllim də mənə ürək-dirək
verib. Xalqımın böyük
ehtiramını qazanmışam. Əsərlərim
geniş yayılıb, əksəriyyət tərəfindən
bəyənilib. Uzaq-uzaq kəndlərdən,
şəhərlərdən, tamam kənar yerlərdən təqdirli
oxucu məktubları almışam. Hara
ayaq basmışamsa, gülər üzlə
qarşılanmışam. Bir sözlə,
hamı yanında alnım açıq olub. Elə bu alnıaçıqlıq da məni
yaşadıb. Qəlbimi fərəhlə
doldurub, yeni ilhama, qələmə möhkəm
sarılmağa çağırıb. Qərəzçilərin
qəzəbini könlümdən silib-süpürüb,
umu-küsüləri unutdurub.
Burada
heç zaman unutmayacağım bir yaxşılığı
da xüsusi qeyd etməliyəm: ədəbiyyatımızı
və mədəniyyətimizi sevən, onun
yaradıcılarına daim diqqət göstərən ulu
öndərimiz, rəhmətlik Heydər Əliyev cənabları
prezident təqaüdləri veriləndə siyahıya mənim
adımı şəxsən özü
saldırmışdı. 70 illik yubileyimdə isə
telefonla məni təbrik etmişdi. Yazıçılar
Birliyinin sədri mənim 70 illik yubileyimi dörd rayonda ləyaqətlə
keçirilməsinə dəstək olmuşdur. Ancaq sonralar bədxahlarım aramızı vurdular,
münasibətlərimiz korlandı.
Mənə
arxadan vurulan zərbələr, şərlər, böhtanlar
da az olmayıb. Ayrı bir xətər
yetirməyə bəhanə tapmayanda, bəzi əsərlərimin
üstünə kölgə salmağa cəhd ediblər.
Guya mən kimlərinsə qələmə
aldığı mövzuların təsirinə
düşmüşəm. Bu şəri mətbuatda,
yazılı şəkildə deməyə qeyrətləri,
dəlil-sübutları çatmırdı. Yalnız dalda-bucaqda danışır, əsassız
şayiə yayırdılar. Kimlər idi
bu şayiəçilər, vicdansız boşboğazlar?
Əlbəttə ki, istedadsızlar, ədəbiyyata adi həvəslə,
boş ürəklə gələnlər! Talelərinə
ilahi vergisi, fitri ilham düşməyənlər! Paxıl və paxır qəlbli bu adamların yeganə
silahları şərdir, böhtandır, iftiradır. Özləri siyasi-ictimai tələbata uyğun, xalq
həyatında baş verən ciddi hadisələrə cavab
verən mövzu tapmırlar, küllükdə eşələnirlər.
Ortaya diqqətçəkən bir əsər
qoya bilmirlər. Şər-şamartılarla
meydan sulayır, həsəd qurdlarını bu yolla
öldürürlər.
Həmən namərdlər, kin-küdurətli nakəslər
cəmiyyətin bütün zümrələrində, hər
ixtisasda mövcuddurlar. Yaradıcılıq sahəsində: şair,
yazıçı, bəstəkar, rəssam və sairələr
arasında isə daha çoxdurlar. Belələrinə
nə qarğış edəsən? Onsuz
da Allah qarğıyıb onlara. İstedad
paylarını əsirgəyib. Paxıllıqlarını
paxır qazanında qaynadır. Ürək
yağlarını həsəd alovunda əridib tükədir.
Sənətə ürəyiboş gəlib, əliboş
da dünyadan köçürlər.
Gəlin
və qaynana münasibətlərini ədəbiyyata mən gətirmişəm
Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki,
mən bütün əsərlərimin mövzularını
həyatın özündən almışam. Hansısa bir
yazının təsiri ilə deyil, öz şəxsi
müşahidələrimin, həyat biliklərimin məhsuludur.
Şəxsi duyumlar, düşüncələr
süzgəcindən keçənlərdir. Uzunçuluğa yol versəm də bir neçəsinin
yazılma tarixçəsini misal gətirməyə məcburam.
İlk nəsr əsərim olan “Gəlin”
povestini bir aran rayonunda müəllim işləyərkən,
qaldığım evin qonşuluğundakı ailədə
baş vermiş hadisənin timsalında qələmə
almışam. Gəlin və qaynana
münasibətlərini ədəbiyyata mən gətirmişəm.
Bu povest 1954-cü ildə “İnqilab və mədəniyyət”
jurnalının 9-cu sayında çap edilmişdir. Bir il sonra isə ayrıca kitab şəklində
nəşr olunmuşdur. Başqaları bu mövzuya
iki-üç il sonra müraciət
etmişlər. Məsələn: “Qaynana” tamaşası
1956-cı ildə səhnəyə qoyulmuş, “Böyük
dayaq” romanı isə 1957-ci ildə çap edilmişdir. Ümumiyyətlə, mən irili-xırdalı
bütün əsərlərimin mövzusunu həyatın
özündən götürmüşəm. Hadisələrə dərindən nüfuz etməyim
əsasında bədii söz süzgəcindən
keçirib qələmə almışam. Diqqət yetirsəniz, aydınca görərsiniz ki,
son yüzillikdə xalqımızın keçib gəldiyi
dövrlər mərhələ-mərhələ mənim
romanlarımda, povestlərimdə, pyes və hekayələrimdə
öz əksini tapmışdır.
Burasını da nəzərə çatdırım
ki, mən uşaqlıq və gənclik vaxtlarımdakı
görüb-götürdüklərimlə kifayətlənməmişəm. Yeni həyat
bilikləri qazanmağa çalışmışam. “Həyat
bizi sınayır” povestini yazmaq üçün öz təşəbbüsüm,
şəxsi səyimlə Sumqayıt şəhərinə
gedib orada fəhlə yataqxanasında tərbiyəçi
müəllim vəzifəsində il
yarım işləmişəm.
“Vicdan susanda” romanım üzərində alın təri
tökərkən Neft-kimya prosesləri institutuna üz
tutmuşam.
Xeyirxah ziyalıların köməyi ilə kitabxana müdiri
işləyə-işləyə kimyaçı alimlərimizin
iş üsulu, məişət və münasibət tərzlərini,
elmi yaradıcılıq meyllərini öyrənmişəm.
Konfranslarda, elmi müzakirələrdə
özlərini necə apardıqlarını izləmişəm.
Hər bir hərəkətlərinə göz
qoymuşam. Laboratoriyalarda lazımi məhlulların
necə alınması prosesinə bələd olmuşam.
Sonralar romanı yazarkən heç nədə
çətinlik çəkməmişəm. Romanda qoyulan əsas məsələ şəhərlərin
havasının təmizlənməsi və ətraf mühitin
qorunması – yəni ekologiya məsələsidir. Bununla
bərabər də insan mənəviyyatı, vicdanın
susdurulmaması – nəcibliyə, ali
duyğuların qorunub saxlanmasına
çağırışdır. Ekologiya
problemi hələ keçən əsrin 60-cı illərinin
ortalarında meydana çıxmışdı. Dünya mətbuatı həyəcan təbili
çalmağa başlamışdı. Romanımın
qəhrəmanları professor Söhrab Günəşli və
onun istedadlı aspirantı Vüqar Şəmsizadə yeni
maşın yanacağı kəşfi üzərində
çalışırdılar. Bu problemlər
indi daha ciddi şəkildə diqqətdədir, ən aktual məsələ
kimi qarşıda durur. İki kitabdan ibarət
bu əsər haqqında mətbuatda çox yazılıb,
çox müsbət fikirlər söylənib. Lakin heç kəs onun dərinliklərinə
varmayıb. Əsərdəki əsas mətləbləri
şərh etməyə səy göstərməyib.
“Müqəddəs ocaq” romanım da eynən canlı
müşahidələrimin məhsuludur. Mərkəzi
qəzetlərin birində maraqlı xəbər oxudum.
Yazmışdılar ki, Kəlbəcər dağlarında
qoyun otaran qoca bir çobanın Tibb institutunda təhsil alan qızı yay mövsümündə
yaylağa gedib atasına kömək edir, onun yerinə
sürü otarır. Çobanlıqla məşğul
olur. Məsələ ilə maraqlandım.
Bu mövzuda əsər yazmaq fikrinə
düşdüm. Kəlbəcər
rayonuna yollandım. Yaxın bir
tanışımın vasitəsi ilə axtarıb həmən
qızı tapdım. Xəbər doğru
idi. Qızı yapıncıda, çoban
papağında, sürü otaran yerdə gördüm. Zəngin təəssüratla qayıdıb,
böyük həvəslə qələmi işə
saldım. Romanın məğzində, əlbəttə,
ayrı, daha ciddi məsələ durur: əsilə-kökə
qayıtmaq, öz kimliyini unutmamaq, vətəni-torpağı
sevmək, ulu adət-ənənələri müqəddəs
bilmək və sairə vacib məsələləri oxuculara
aşılamaq. Həmin məsələlərin
diqqət mərkəzinə çəkilməsi
üçün çoban qızı bir vasitədir, ədəbi
üsuldur. Bizi bir millət olaraq
özümüzü saxlamağa, başqa millətlər
içərisində itib-batmamağa
çağırışdır. Sovet
ideologiyasının əleyhinə məxvi gedişdir. Xırda xalqları ruslaşdırma siyasətinə
əks cavabdır. Xalqı
ayıq-sayıq salmaq istəyidir.
Yaxud, Sovet dövrü məmurlarının
özbaşınalığından, insan
hüquqlarını tapdamaqlarından, faciələrə səbəb
olmalarından bəhs edən “Ömürlük əzab”
romanımı misal gətirək. Bu da sırf şəxsi
müşahidələrimin, başqa şəkildə öz
başıma gətirilənlərin ümumiləşdirilmiş
təcəssümüdür. Heç bir
kənar təsirin təzahürü deyildir.
Yanlış
və qərəzli iraddalar
Gizli qarayaxmalara, şər-şamartıya, böhtana ən
çox məruz qalmış əsərim “Ana intiqamı”
povestidir. Guya bu povestin mövzusu böyük şair və
dramaturq Hüseyn Cavidin bir pərdəlik “Ana” pyesi ilə səsləşir.
Yanlış, qərəzli iraddır. Bunlar başqa-başqa əsərlərdir. Doğrudur, hər ikisi eyni mövzuya – ana ürəyinin
böyüklüyünə həsr olunmuşdur. Ancaq necə? Hüseyn Caviddə süjet belədir:
Mübahisə zəminində bir azərbaycanlı gənc qətlə
yetirilir. Qatil xilas olmaq üçün
qaçıb yaxınlıqdakı evdə gizlənir. Evin sahibəsi azərbaycanlı qadın
böyük insanpərvərlik göstərib canini ələ
vermir, ona sığınandan himayəsini əsirgəmir.
İntiqam almaq dalınca gələnləri
qapısından qovur. Sonradan bilir ki, himayə etdiyi adam öz oğlunun qatilidir. “Ana
intiqamı”nda isə mövzunun həlli bambaşqadır.
Cavanca oğlu Qarabağ uğrundakı
döyüşlərin birində ermənilər tərəfindən
öldürülmüş ana (müəllimə)
düşməndən hayıf çıxmaq, intiqam almaq
üçün camaatın, yerli rayon rəhbərlərinin
etirazlarına, ağsaqqal, ağbirçək öyüd-nəsihətlərinə
baxmayaraq, oğlunun əsgər paltarını geyib cəbhə
xəttindəki hərbi hissəyə gedir. Tüfənglə, silahlarla rəftar
qaydalarını öyrənir və vuruşa yollanır.
Orada təxminən oğlu yaşında bir erməni
dığasına rast gəlir. Tüfəngini
ona tuşlayır. Ancaq böyük ana
ürəyi dığanı öldürməyə
qıymır. Bu dığanın da
anasının gözü yolda olduğunu, oğul intizarı
çəkdiyini düşünüb, tüfəngini
aşağı salır. Ona təpinir ki,
sənin nə işin qalıb döyüşdə.
Çıx get ananın yanına. Yazıqdı,
onun gözünü yolda qoyma. Dığa
isə arada fürsət tapıb bu rəhmli ananı
öldürür. Vəhşi erməni
xisləti yaxşılığı yamanlıqla əvəzləndirir.
Soruşuram: hardadı, bədxahların irad tutduqları oxşarlıq? Bir də, axı, eyni mövzuda yazılan əsərlər bəyəm azdırmı? Dünya ədəbiyyatında da, öz ədəbiyyatımızda da buna istənilən qədər misal gətirmək mümkündür. Elə götürək “Leyli və Məcnun” mövzusunu. Neçə-neçə şairlər ona müraciət etmişlər. Onların hər biri həmən mövzuya öz baxış bucaqlarından yanaşmışlar. Dostluğa, ailə münasibətlərinə, vətənə, torpağa sevgiyə, anaya, ataya, evlada məhəbbətə və sevgiyə dair romanlar, povestlər, poemalar, şeirlər azmı yazılmışdır? Hərə öz istedadının, qələminin gücü müqabilində, həyatı qavrayış müstəvisində məsələlərə münasibətini bildirmişdir. Nəhayətdə onu da qeyd edim ki, mən Hüseyn Cavidin “Ana” adlı pyesini oxumamışdım. Onu yalnız çirkin söz-söhbət meydana çıxandan, həyasız iftiradan sonra tapıb tanış oldum. Povesti də qələmə almağıma ayrı səbəb vardı. Onu canlı həyatdan götürmüşdüm. Həqiqətən olmuş hadisə idi. Bir axşam televiziyada oğlu döyüşdə həlak olmuş ana göstərdilər. O, oğlunun əsgər paltarını geyib cəbhəyə gedirdi. Bundan çox təsirləndim. O gecə yata bilmədim. Səhərə qədər düşünüb bu barədə beynimdə süjet qurdum. Və heç bir gün də ara vermədən yazmağa başladım. Əsəri üç aya tamamladım. O vaxtlar kütləvi tirajla çap olunan, ətrafına böyük oxucu toplamış “Səhər” qəzetində hissə-hissə (hər nömrədə bir səhifə həcmində) çap etdilər, böyük maraq doğurdu. Hədsiz sayda təşəkkürlər eşitdim, evimə telefon zəngləri gəldi.
Belə zənglərdən biri mənim üçün daha önəmli, daha sevincli idi. Yaxın tanışlığımız, isti münasibətimiz olmadığı halda xalq artisti Həsənağa Turabov bir axşam mənə telefon açdı. Hal-əhval soruşandan sonra xahiş etdi ki, “Ana intiqamı” povestinin bir nüsxəsini təcili ona çatdırım, teatrda əsərlə maraqlaqnırlar. Leyla xanım Bədirbəyli povestdəki ana obrazını çox bəyənib. O obrazı səhnədə oynamaq həvəsindədi. Bu xoş xəbər, söz yox ki, məni fərəhləndirdi. Ertəsi gün əsəri teatra apardım. Görkəmli və çox istedadlı aktyorumuz Həsənağa Turabov o vaxtlar Milli Akademik Dram teatrının direktoru vəzifəsini icra edirdi. Həm də bədii hissə müdiri idi. Arası heç üç gün çəkmədi, məni teatra çağırıb, povesti pyes halına salmaq üçün müqavilə bağladılar. Rejissor Bəhram Osmanovu da quruluşçu rejissor təyin etdilər. İki ay ərzində əsərin səhnə variantını tamamladım. Teatrın bədii şurasında oxunub bəyənildi, tamaşaya qoyulmasına qərar verildi. Məşğələlər başlandı. Gözəl Leyla xanım özü kimi gözəl də ana obrazı yaratdı. Təəssüf ki, onu axıra qədər oynamaq bu xanım-xatın qadına nəsib olmadı. Üz vermiş ağır faciə ucbatından səhnə fəaliyyətini dayandırdı. Başqa bir istedadlı aktrisamız – Laləzar Mustafayeva onu əvəz etməli oldu. Tamaşa üç-dörd mövsüm səhnədən düşmədi.
Bəli, bu tamaşa araqarışdıran, böhtan atan ağzıgöyçəklərə mənim əvəzimdən ən tutarlı cavab oldu. Mən onsuz da heç nəyi vecimə almırdım, lazımsız, mətləbsiz mübahisələrə qoşulub vaxt itirmirdim. Əsəblərimi qoruyurdum. Daxili bir səs məni daimi olaraq ayıq saxlayırdı. İftiraçılara qoşulmamağa, onlara yeni-yeni əsərlərlə cavab verməyə çağırırdı. Mən bu daxili səsin düz mövqeyinə inanır, qələmə bir az da artıq cəhdlə, quc-qüvvətlə sarılırdım. Budur son nəticə: mənim əsərlərim meydandadır, oxucular tərəfindən unudulmur, təzə həvəslə oxunur. Böhtançılar isə Allah-taala tərəfindən öz layiqli cəzalarını alıblar. Yaddaşlardan çoxdan siliniblər.
80 yaşından sonra da ədəbi fəaliyyətdən qalmıram
Bizim müdrik nənələrimiz, mehriban ağbirçəklərimiz “yaman gözə yara çıxsın” – deyiblər. Göz dəyməsin, mən 80 yaşından sonra da ədəbi fəaliyyətdən qalmamışam. İri həcmli, gərgin zəhmət məhsulu olan, müstəqillik uğrunda ağrı-acılı mübarizələrimizdən bəhs edən “Zamana adamı” adlı bir romanın son nöqtəsini qoymuşam. Sağlıq olsun, yaxın zamanda nəşr etdirib, hörmətli oxucularımın diqqətinə çatdıracağam. Ondan əlavə də bir çox təzə şeirlər yazmışam. Əcəldən macal olsa, başqa mövzu da beynimdə hazırdı. Onu hasilə yetirməyə ilahidən möhlət istərdim.
Möhtərəm müasirlərim, ehtiramlı oxucularım, xalqımın əziz haqqpərəst ziyalıları! «Kaspi» qəzetinin səhifələrində ürəyimi sizə, bax, beləcə boşaltdım. Bəlkə də haradasa uzunçuluğa yol verdim, nədəsə ifrata vardım. Bağışlanmağı rica edirəm. Qəlbimin dərinliklərində saxladığım və heç vaxt dilə gətirmədiyim bu gizlinləri bütün açıqlığı ilə nəzərə çatdırmasa idim, ruhən dinclik tapmazdım. Son mənzilə aparılacaq çox ağır yük olardı.
Mart, 2014
Vidadi Babanlı
Kaspi.-2014.-12-14 aprel.-S.22-23.