Təkcə ədəbiyyatımız yox, ümumən təfəkkürümüz dünyadan geri qalır

 

Seyfəddin Hüseynli: “Tənqidə meylli kimi tanınmağın eybi yoxdur, təki məni umacaqlı tərifdə qınamasınlar”

 

Seyfəddin Hüseynli “525-ci qəzetin” redaktoru, “Kitabçı” jurnalının isə şef-redaktorudur. Mətbuatda peşəkar tərcümələr, esselər və tənqidi yazılarla çıxış edir. Bugünlərdə görüşüb ədəbiyyat barədə söhbət etdik.

 

            Seyfəddin müəllim, son illər ədəbi həyatı, kitabçılıq işinin durumunu necə xarakterizə edərdiniz?

– Ötən 10 ildən bəri bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi ədəbiyyat sahəsindəki aktivlik də bir qədər işin ziyanına ola bilər. Yəni elə bir məqam gəlib çatar ki, bu dinamizm, fəallıq bir yandan da cəmiyyəti bezdirə bilər. Əks-effekt gözlənilən haldır, xüsusən də, işlər keyfiyyət yox, kəmiyyət hegemonluğu altında görülürsə, “sayı çox, sanbalı yox” düsturu özünü doğruldursa, çoxlu neqativ nəticələr qaçılmaz olur. Yəni indiki gedişlə günün birində ayılıb görərik ki, bütün uğur hesab etdiklərimiz hay-küydən başqa bir şey deyilmiş. Görünür, bu məsəldə yeri gələndə geri çəkilmək, özünü bir guşəyə vermək, səbirlə işləmək lazımdır. Elə bilirəm, biz özümüzə kənardan baxmağı da öyrənməliyik, ancaq ortada laqeyd, mövqesiz, hərəkətsiz dayanmaq da olmaz.

 

– Siz kəmiyyət məsələsinə toxundunuz, ancaq kitabla bağlı böyük əksəriyyət deyir ki, çox kitab çap olunmasının heç bir ziyanı ola bilməz.

            Ən gözəl yeməklər, ən gözəl qoxular da bir gün insanın ürəyini vurur. Sovet dövründəki ötəri kitab bumu kimi bu prosesin də səngiməsi qaçılmazdır. Sovet kitab bumunun iflasının səbəbi həm də o idi ki, lazım oldu-olmadı hər kitab çap edilirdi və məcburi qaydada, bəlli bir siyasət nəticəsində oxucunun əlinə çatırdı. Qorxum ondandır ki, bu qədər tərcümə və yerli müəlliflərin kitablarının içindən bir müddət sonra soyuq ağılla yüksək qiymətləndirə biləcəyimiz 3-5 normal kitab tapa bilməyək.

 

            İki il öncə tərcümə məsələləri ilə bağlı silsilə tənqidi məqalələr yazdınız. Həmin yazılardan sonra tərcümə sahəsində müsbət yöndə hansısa dəyişikliklər oldumu?

            Həmin yazılar müəyyən müşahidələrdən doğan iradlar, tənqidi qeydlər idi. Hələ də deyənlər var ki, bizdə çox kitablar yoxdur, pis olsa da, təki yeni nəşrlər işıq üzü görsün, mütləq olsun. Biz hərdən bu cür ucuz bəraətlərlə qeyri-peşəkarlığa don geyindirməyə çalışırıq. O yazılardakı bir qədər incidici, “çimdik” tipli cümlələr vardı, görünür, onlar da bizim oxucuların və tərcüməçilərin mental anatomiyasına, dünyagörüşünə uyğun idi. Çünki bizdə incitməsən, sərt deməsən, ağıllarına yaxşı, keyfiyyətli iş görmək gəlmir. Hər dəfə bir naşir müsahibəsində demişdi ki, konveyer üsulu ilə kitablar çap edirik və belə də lazımdır. Yəni yaxşı-pis, təki dünyada məşhur olan kitabları bizim oxucular da oxusun. Yəni işi görən adam bəribaşdan qeyri-peşəkar nəşrlər olcağına bizi hazırlayır, sonra da həmin “başdangetdi” üsulla çap etdirdiyi kitabları bizə satır. Kəsə deyim ki, o yazıdan sonra bir xeyli müsbət dəyişiklik var. Bəziləri o yazılarda haqlı məqamları şəxsi və ictimai planda etiraf da ediblər. Hətta naşirlərdən biri demişdi ki, o yazılardan sonra bəzi kitabları yenidən tərcüməçilərə qaytarmışıq.

 

            Tərcüməçilərlə müqayisədə ölkəmizdə 4-5 yaxşı bədii redaktor var. Ola bilməz axı bütün kitablar onların əlindən keçib yüksək səviyyədə olsun.

            Doğrudan da, kadr çatışmazlığı var, biz bunu inkar eləmirik. Görünür, kadr çatışmazlığına istehsal prosesini uyğunlaşdırmaq lazımdır ki, biri-biri ilə ayaqlaşsın. İnsan resuslarından da səmərəli istifadə olunmalıdır. Bədii şuralar, rəyçilər qrupu olmalıdır ki, hər kitab redaktorun əlinə gedib çıxmasın, onun işini ağırlaşdırmasın.

 

            Yazılarınızda qədim sözlər, klassik ifadələr işlətməyinizə səbəb nədir?

            Bu kifayət qədər rasional üslubdur, yəni demirəm ki, o fikirlər mənə fitri olaraq, qeybdən gəlir. Ancaq görünür, o ifadələri işlətməyə zəmin yaradan düşüncə tərzi, lüğət bazası, yumor hissi, ironiya etmək bacarığı da əsasdır. Bu, imkanla qabiliyyətin, bacarığın az-çox üst-üstə düşdüyü məqamdır. Məsələnin bir tərəfi də ali və akademik təhsilimin filoloji olmasıyla əlaqəlidir. Son 15 ildə saysız məqalə, esse, monoqrafiyalar oxumuşam. Müşahidə etmişəm ki, redaktoru olduğum qəzetə gələn o tipli yazıların əksəri oxucuda bezdirici ovqat yaradır. Yəni demək olar ki, bizim ədəbi tənqiddə fərqli üslubda yazan tənqidçi lap azdır. Monoqrafik təhlillər əvvəl-axır oxucu itkisinə səbəb olur, çünki heç kim o cür quru, şablon akademizmi qəbul eləmir. Oxucular bir yana, heç alimlər də bir-birinin yazılarını oxuya bilmirlər. Basmaqəlib forma, bəlli ifadə tərzləri ilə alimlər müəllifin əsərindəki çox sayda məsələdən – dil, üslub, texnikadan yazırlar, ancaq dərin təhlillər, nəyəsə konkret baxışlar olmur. Xüsusən, bu cür təhlilləri müasir mətnlərə tətbiq edəndə özünü qətiyyən doğrultmur. Məqalələrin əksərinin elə birinci cümləsindən mətnin hansı istiqamətə yol alacağını, müəllifin nələrə toxunacağını bilmək olur. Müasir dünya tənqidi əsərin “quyruğu”nda sürünmür, özü ifadə tərzi, üslubu, dili ilə müstəqil mətn olur. Sualına yekunlaşdırcı cavab kimi deyə bilərəm ki, mənimçün dilin klassik və müasir qatı yoxdur, bütöv dil anlayışı var. Düşündüyüm, yazdığım dil budur. Dildən nə qədər, hansı keyfiyyət və tərkibdə xəbərdaramsa, faydalana bilirəmsə, o cür də davranıram.

 

            Seyfəddin müəllim, bu günlərdə Orxan Pamukun “Qara kitab” romanı haqqında məqalələr toplanmış bir kitab oxudum. Bir məsələ diqqətimi çəkdi. Müasir tənqid tematikdir – yəni müəllifin yaradıcılığına bir yöndən yanaşırlar. Bizdə niyə belə tənqid yetişməyib ümumi yanaşmalar davam edir?

– Bunun səbəbi bizim ədəbi aləmdə hələ də monoqrafik tənqidin dəbdə olmasıdır. Monoqrafik tənqid həcmin genişlənməsinə imkan verir və bizim kimi alimləri olan ölkələrdə rahatca xaltura imkanı yaradır. Onun tərəfdarıyam ki, bir romanı ya ideyasına, ya aid olduğu cərəyana, ya da dilinə görə tənqidə, təhlilə cəlb edə bilərsən. Bizdə ümumi yanaşmanın tərəfdarı təkcə tənqidçilər deyil, həm də yazarlardı. Çünki onlar da ümumi tənqidin tərəfindədirlər, əgər onların əsərlərinin bir tərəfini izah etsən, narazı qalarlar ki, ötəri yanaşmısan. Bu həm dünya ədəbi tənqidindən təcrid olunmaqdır, həm də qatı anomaliyadır. Adamlar rahat və qəbul olunan bir yol tapıblar, o yoldan kənardakı heç nə onları maraqlandırmır. Bu cür məqalələr ənənəvi, daşlaşmış təhlil, tənqid, ədəbiyyat nəzəriyyəsi qəlibindən kənara çıxmır. Çıxana da “ala qarğa” kimi baxırlar.

 

            Fikr vermisinizmi əvvəli xatirələrlə başlayan yazıların bir çox xalturadır.

            Əvvəla, o xatirələrin bir çoxu uydurulmuş olur. Bəzənsə haqqında danışılan adamların obrazı təhrif edilir. Bu da konyunktur bir gedişdir. Bu fənd də Sovet jurnalistikasının bəzi yazı formaları kimi o qədər köhnəlib ki, heç nəyə yaramır. Bu cür yazılara biz hansısa ciddi estetik normalarla yanaşanda biabırçı bir vəziyyət çıxır ortaya. Amma mətləbə dəxli olan, yaxud keçid rolu oynayan gerçək, tutarlı xatirələrdən istifadə məqbul variantdır, xüsusən esselərdə.

 

– “Əgər payız axşamı bir dul gəlin” adlı essenizdə belə bir yer var: “Əsl Rey Bredberi situasiyasıdır: ölkənin hansısa küncündə bir gəlin boşanır, boşda qalırsa, ya əri ilə sözü çəpləşir, acığa düşürsə, əvvəl-axır təpik ədəbiyyata, yazı-pozu mühitinə dəyir...” Bu sözlərini özünə götürənlərdən az-çox xəbərdaram. Ədəbi mühitdə niyə çoxları başqasının yazısında öz obrazını axtarır?

– Əgər vəziyyət sən deyən kimidirsə, deməli, o essenin real əsasları var, yaxud olmalıdır. Yəni o yazının motivini doğuran insanlar mövcuddur. Əgər elə insanlar olmasaydı, həmin essedə deyilənlər havada qalardı. Çox yaxşıdır ki, heç olmasa adamlar hələ özlərini tanıya bilirlər.

İşin gülməli tərəfi odur ki, biri o yazını oxuyur, özünü orda görür, ancaq fikirləşir ki, müəllif mənə yox, filankəsə sataşır, mənim məsələmi bilməz. Bu yazının əsas cəhəti bir neçə hədəfi eyni vaxtda vurmasıdır. Azərbaycan ədəbi mühiti çox yığcamdır, hamı “öz fitini” tanıyır. Allahdan aşağı biz də şahidik ki, ədəbi mühitdə “yazıçıyam, şairəm” təqdimatı ilə bu sənəti gözdən salan xeyli adam var. Halbuki bizim işimiz çox ciddi, sanballı, dəyərli işdir. Hansısa böyük vəzifəli, imkanlı adam yazı-pozu əhliylə oturub-durmağa can atırsa, deməli, biz dünyanın nəcib, nüfuzlu işlərindən biriylə məşğuluq. Heç bir riyaziyyatçı, tarixçi, fizik bizim ədəbiyyat adamları qədər işinə qeyri-ciddi yanaşmır, onu hörmətsiz eləmir.

 

            Bir redaktor kimi sizin üçün mətn seçimində meyar nədən ibarətdir?

            Bir dəfə tanınmış yazıçılardan biri demişdi ki, “525-ci qəzet” qapısını ədəbiyyatın üzünə aralamaqla düz elədi, ancaq taybatay açanda vəziyyət qəlizləşdi. Bu baxımdan 15 ildən bəri çalışdığım “525-ci qəzet”də cəmiyyətimiz, ədəbi mühitimiz mətn seçimində bizi yaman sıxışdırır. Bu qəzeti uzun müddət ədəbiyyatla bağlı yeganə ünvan kimi tanıyıblar. Bir xeyli yazar, müəllif çap edilib. Bəzilərinin üzündən keçilməyib, bəzilərinin rəhbərliklə yaxşı münasibətləri olub, haqlı olaraq ərk edənlər tapılıb. Ancaq təsəllimiz bundan ibarət olub ki, hər nömrədə ən azı bir neçə yaxşı mətn çap edə bilmişik. Çox sayda yaxşı müəlliflər və mətnlərlə işləmişik ki, bunun da nəticəsində bu gün ədəbiyyatın hörmətli ünvanlarından biri “525-ci qəzet”dir. İmzasını təsdiq eləmiş onlarla yazar saya bilərəm ki, ilk dəfə “525-ci qəzet”də çap olunublar. Sualının bir ümumi cavabı da budur ki, bizim üçün bədii mətnin əlahiddə seçim meyarları yoxdur, yaxşı bədii mətn, əsl ədəbiyyat nümunəsi deyilən nədirsə, biz onlara üstünlük verməyə çalışırıq.

 

            “Dəmir kişinin bir vedrə yağını oğurlayan erməninin “ifşa”sına səhifələr həsr olunan romanda türkün-tərəkəmənin heyvan oğurluğu ənənələri rahatca haqq-halallıq alır..." Bu sitat Mövlud Süleymanlının “Erməni adındakı hərflər” əsərinə yazdığınız tənqidi məqalədə yer alıb. Sizcə, düşmənə filmlərdə, romanlarda bu cür birmənalı mənfi münasibətin səbəbi nədir? Hərdən mənə elə gəlir ki, bu cür yazılarla yazıçılar ədəbiyyat yaratmaqdan daha çox, dövlət nümayəndələrinin xoşuna gəlmək istəyirlər.

            Bizim yazıçıların real həyatdakı kinsizliyi, ürəyiyumşaqlığı ədəbiyyatda düşmən xalqa qarşı ifrat aqressiyayla, qəddarlıqla əvəz olunur. Bu halsa həm qeyri-ədəbi, həm də antibəşəri təəssürat doğurur. Məsələn, adın çəkdiyin romanda bütöv bir millətin nifrət hədəfinə çevrildiyi aydın görünür. Bu nəinki dünyaya qəbul etdirmək baxımından, elə düşmən tərəfə münasibət baxımından da qeyri-effektiv üsuldur. Yəni biz real müharibə, siyasət müstəvisində düşmənə vura bilmədiyimiz ziyanı ədəbi müstəvidə vurmaq istəyirik. Məncə, bu yanlış yoldur. Ədəbiyyat nə vaxtdan qisas vasitəsi olub? Yazıçı müdrikliyi bu cür yanaşmaya imkan verməməlidir. Dünyada da belə yazıçılar var, yəni düşməni vərəqin-kağızın üstündə guya öldürürlər. Bu tipli yazıçıları dünyanın heç bir yerində ciddi qəbul eləmirlər. Ola bilər ki, bu cür əsərlər sən deyən kimi yuxarı, rəsmi-siyasi dairələrin xoşuna gələ, ancaq ədəbi-estetik cəhətdən belə mətnlər yaşamaq hüququ qazana bilmir. Bəzən aldığı mükafatları doğrultmaq baxımından, bəzi yazıçılar belə əsərləri dövlət qarşısındakı bir borc, öhdəlik kimi yerinə yetirirlər. Amma ədəbiyyat borc deyil, ehtiyacdır.

 

            Bizim yazıçıların əsərlərində niyə şifrəni qoyan da, açan da müəllifdir? Niyə müəlliflər əsərdəki ideyaları yazıçılar özləri açmağa səy göstərirlər, tənqidçilərə, redaktorlara və oxuculara aman vermirlər?

            Bu artıq qarşılıqlı etimadsızlıqdır. Yazan adam oxucusuna güvənmir. Düşünür ki, hamı üzdə olan mətləblərlə əlləşəcək, heç kəs alt qata keçmək istəməyəcək. Bu cəhət təkcə müəlliflərdə yox, ədəbi tənqidçilərdə də var. Elə bil hamı düşünür ki, yazının ilk cümləsindən mövqeyin çılpaq şəkildə ortada olmalıdır. Müəlliflərin çoxu deyir ki, peşəkarlar üçün yazıram, ancaq peşəkar adlandırdıqlarının da mətn duyumuna inanmırlar. Bəzən belə də olur: müəllif öz əsərində hansısa şifrələr qoyur, labirintlər yaradır, ancaq tənqidçidən saya, bəsit, ənənəvi bir tənqid umur. Redaktorların da bir məqamda haqqını vermək lazımdır ki, bizim yazarların bir çoxu dillə rəftar məsələsində həddən artıq naşılıq nümayiş etdirir. Yəni müəllif elə yazır ki, illərlə oxu təcrübəsi olan redaktor heç nə başa düşə bilmir. Məcbur qalıb mətni asan, başadüşülən vəziyyətə gətirir.

 

            Daha çox tənqidi məqalələr yazırsınız, təqdiredici yazılarınızın az olmasına səbəb nədir?

- Birincisi, müzakirə olunan mətnlər elə səviyyədə gəlir ki, tənqiddən başqa nəyəsə yer qalmır, ya da çox az yer qalır. İkincisi də, maşallah, həmkarlarımız yaxşı mətnlər olanda çox həvəslə irəli dururlar, əsərlərin dəyərli məziyyətləri barədə çoxlu yazılar yazılır. Qalır işin “qara tərəfi”. O işləri də kimsə görməlidir axı. Təqdirə hamı razıdır, amma tənqid də olmalıdır. Yazarlar birinci mərhələdə qüsurlu mətn yazırlar, ikinci mərhələdə kitab tənqidçi əlinə düşür, onlar da tənqid etmirlər, nəticədə müəllifə elə gəlir ki, düz yoldadır. Təqdir barədə bir məqamı da deyim: bizim ədəbi camiədə təqdir eləməyin reputasiyası elə pozulub ki, kiminsə kiməsə xoş sözü narahatlıq, şəkk-şübhə doğurur. Çünki bizə qədər bu sahədə təqdir adıyla çox sürüşkən işlər görülüb, işin tərkibinə riya, mənfəətpərəstlik qarışıb. Tənqidə meylli kimi tanınmağın eybi yoxdur, təki məni umacaqlı tərifdə qınamasınlar.

 

            Ədəbi aləmdə belə bir anormallıq da müşahidə etmişəm: Bəzən yazıçılar tənqidçilər barədə deyirlər ki, “bacarırsa gedib özü yazsın, yaxud yaxşı yazmağın yolunu bilirsə, ortaya bir əsər qoysun gücünü görək”. Sizcə, yazıçının tənqidçidən əsər tələb etməsi kimi anormallığın meydana çıxmasına səbəb nədir?

            Bilirsən, o məsələdə orijinal mətn yaradan şair və yazıçıların dilini uzun eləyən xüsusi bir məqam var. Bu da nədir? Görünür, bu günə qədər bəzi tənqidçilər, nəzəriyyəçilər ortaya elə tutarsız mövqe qoyublar ki, bu gün yazarlar həmin sözü onlara deyə bilirlər. Məsələn, Mehdi Hüseyn kimi savadlı, o dövr üçün mütaliəli tənqidçi elə bədii mətnlər yaradıb ki, uğursuzluğu ortadadır. Həmin dövrdə yaşayan yazıçıların xatirələrində var, ona deyirlərmiş ki, bu qədər hay-küy salırsan, özünün yazdığın mətn bu deyil? Son illərdə də belə xoşagəlməz məqamlar olub. Görürsən, çox zövqlü, mütaliəli, ədəbi fəhmi olan tənqidçi birdən-birə guya poetik yaradıcılıqla ortaya çıxır, işin rəngi dəyişir. Yaxud hansısa tənqidçi mətn haqqında böyük ədəbi kriteriyalarla çıxış edir, amma sonra özü hekayə yazır və adamlar baxırlar ki, onun yazdığı nəinki özünün başqalarından tələb etdiyi kimi, heç orta statistik səviyyədə də deyil. Bütün bunlar da tənqidçilərə bu cür münasibət yaranmasına gətirib çıxarıb. Ancaq sən deyən anormal tendensiya ilə də razıyam. Yazıçının tənidçiyə “sən özün nə yaza bilərsən axı” deməsi ona oxşayır ki, kimsə fiziki normativləri ödəyə, futbolun qayda-qanunlarını öyrənib hakim ola, oyunun bir yerində, qaydanı pozduğuna görə hücumçunu saxlaya, futbolçu da qayıda ki, sən özün heç düz-əməlli bir futbolçusanmı, gəlib burda mənə qayda-qanun öyrədirsən? Yaxud prokuror müttəhimə qarşı ittiham irəli sürə, müttəhim də prokurora deyə ki, sən özün bu vəziyyətə düşsəydin, məndən də betər cinayət törədərdin. Bəzən müzakirələrin yekununda müəlliflər tənqidi yazılara fikir bildirəndə bəziləri deyirlər ki, guya sən özün belə bir roman yaza bilərsənmi? Tənqidçiyə qarşı belə tələblə çıxış etmək isə, artıq absurdun da ötəsidir.

 

            Bu qədər proses gedir, bəs ədəbiyyatımız niyə dünya ədəbiyyatından geri qalır?

– Bu gün təkcə ədəbiyyatımız yox, ümumən həyatımız, təfəkkürümüz də dünyadan geri qalır. Həyata ədəbiyyatçı, romançı gözüylə baxmayana qədər, təfəkkürümüz tam yenilənməyincə, nə haqqında yazmağınızdan aslı olmayaraq, arzulanan səviyyədə əsərlər meydana gəlməyəcək. Şeir daha çox intuitivdir, spontandır bəlkə, ancaq roman rasional məsələdir. Əslində, çoxdandır ki, dünya poeziyasında fərqli proses gedir, yəni qəlblə, duyğuyla yanaşı ağlın, məntiqin də iştirakı ilə yaranır poetik nümunələr. Biz bəzən şeirin konstruksiya tərəfini dünyadan götürüb mənimsəyirik, belə olanda da şeirin emosional tərəfi yaddan çıxır. Halbuki şeirimizin həm konstruktiv, həm də intuitiv qollarının uzlaşdığı vaxtlar olub. Eləcə də bizdə postmodernist mətnlər az-çox yaranıb artıq, ancaq bütövlikdə biz o düşüncədən doğan həyatı yaşamamışıq deyə, vəziyyət birtərəflidir. Deyəsən, heç yaşamağa meylimiz də yoxdur o düşüncəni və elə həyatı. Fərd olaraq, ayrı-ayrı imzalar olaraq irəliyə gedənlər, indi hardasa ədəbiyyatda mistikanın əhəmiyyətinə vurğu salanlarımız ola bilər, amma ümumən postmodern düşüncəni köhnəltmədən, tükətmədən yeni bir mərhələyə keçmək inkişafı axsadar, yarımçıqlıq duyğusu yaradar.

 

            Yəni biz heç zaman dünya ədəbiyyatı ilə ayaqlaşa bilməyəcəyik?

– Biz bu prosesləri, ola bilər ki, çox sürətlə keçə bilərik. Çünki bəzi mühüm prosesləri biz çox sürətlə keçirik və bu yaxşı haldır. Bunu da o qaydada sürətlə, ancaq keyfiyyətli keçməliyik. Bizdə kitabın diqqət mərkəzinə gəlməsi çox sürətlə baş verdi. Texnologiyaların istifadəsində də az-çox irəliləmişik. Dil mühitinə uyğunlaşmaq baxımından normal bir azərbaycanlının imkanları qonşu xalqların nümayəndələrindən artıqdır. Məsələn, rusca, ingiliscə səlis danışmaq bacarığına qonşu xalqlarla müqayisədə biz daha tez yiyələnirik. Biz dünya ədəbiyyatının şifrələri, kodları ilə davamlı yazsaq, həmin mərhələni sürətlə keçə bilərik. Başqa xalqların 30 ilə keçdiyi prosesləri biz bəlkə 5-10 ilə yekunlaşdırarıq. Ancaq istənilən halda irəliyə gedəndə keyfiyyətdən, səviyyədən güzəşt etmək işin ziyanına olar.

 

Fərid Hüseyn

Kaspi.-2014.-12-14 aprel.-S.15.