«Yağış yağır, islanır həsrətim»

 

Vaqif Yusifli

 

Müasir ədəbiyyat

 

 

Mətləb Ağanın yeni şeirlər kitabı haqqında

 

 

Yağış yağır,

saatımın əqrəbləri vaxtı yox,

səni göstərir,

yağış yağır, islanır həsrətim,

gəlmirsən, gəlməyəcəksən də…

 

..bir mahnı oxuyuram sən haqda,

yağış yağır,

islanır səsim,

bilmirsən, bilməyəcəksən də…

 

…yağış yağır,

islanır ömrüm,

qurumaz..

…Günəşi səndə…

 

Romantik duyğuların ifadəsi olan bu misraların müəllifi Mətləb Ağadır. O Mətləb Ağa ki, gələn il qırx yaşı olacaq. Deməli, onu artıq «gənc şairlər» cərgəsindən «silmək» lazımdır. O, «gənc şair» dövrünü 90-cı illərdə keçirib, arada şeir dərc etdirməyə fasilə versə də, sonra yenə ürəyinin səsinə xəyanət eləməyib.

 

Mən Mətləbin şeirlərini vaxtilə, on-on beş il öncə dövri mətbuatda oxumuşam (onun şeirləri barədə söz də demişəm) və «11-ə qədər» şeirlər kitabında həm «köhnə dostlarla», həm də son illərdə yazılan şeirlərlə üz-üzə gəldim. Olsun ki, bu şeirlərlə əvvəl-əvvəl bir dil tapa bilmədim (çünki onu çoxdan oxumurdum), amma sonra hər şey qaydasına düşdü. Şeir istedadla yazılırsa və o şeirdə sənin də ürəyini tərpədəcək nəsə varsa, çox keçmədən o şeirlərlə ünsiyyətin baş tutacıq. Çünki ən yaxşı şeirinsana oxşayır. Həlimlikdə, kövrəklikdə, zəriflikldə və bir az da sərtlikdə.. Mətləb Ağanın şeirlərisə romantika ilə nəfəs alır, bu şeirlərin içində xəyallar duyğulanır, arzular qanadlanır. Və əlbəttə, bu arzuların və xəyalların poetik şəkildə ifadəsi mühümdür. Yuxarıda, misal gətirdiyim şeirdə Yağışdan, İnsan Ömründən və Sevgidən danışılır. Cəmi 13 misralıq bir şeirdə üç obrazın «taleyini» və onların qarşılıqlı əlaqəsini izləmək …görünür, Mətləb Ağa heç bunu düşünməyib, amma şeir bitdikdən sonra biz doğrudan da, Yağışın da, İnsan ömrünün də, Sevgininbir çevrədə birləşdiyini görürük. Və sevgi nağılı bitmir, çünki yağış hələ də yağır, həyat da tükənməyib.

 

Mətləb Ağa şeir yazmağa, hətta yazdığı şeirləri dərc etdirməyə çox erkən başlayıb. Onun bu kitabda 15-16 yaşında qələmə aldığı şeirləri görürük. Bu, yaxşı əlamətdir. İlk illər yazılan şeirlərlə son illərin şeirlərini müqayisə eləmək, fərdi üslubun formalaşmasını izləmək, ildən-ilə şairin söz ehtiyatının necə artdığını, məzmunca da, formaca da irəliləyişin nəzərə çarpdığını hiss eləmək həmin şair haqqında müəyyən bir fikir yaradır. Məsələn, Mətləb Ağa 15 yaşında belə bir şeir yazmışdı: «Ana, ölümü al mənə». Təbii ki, bu şeir onun ömrünün gerçəkliyindən yox, kitablardan gəlirdi. Həmin illərdə Ölüm mövzusu şeirdə bir xətti təşkil edirdi, bəzi şairlər şeirlərində «ölürdülər», «dirilirdilər» ya da ölməyə hazırlaşırdılar, «gəl, ey ölüm!» deyirdilər. Ölümlə belə «poetik zarafatlar» nəticədə, mənasız pessimizm hallarına gətirib çıxarırdı. Mətləb də çox güman, bu təsirə qapılaraq yazırdı ki: «Bəxtimə düşübdü ölüm, həsrətdə bişibdi ölüm, mənə öyrəşibdi ölüm, ana, ölümü al mənə. Demə niyə az yaşadım, mən payız yox, yaz yaşadım.. ölüm mənim qız yaşıdım, ana, ölümü al mənə».

 

Mətləb Ağanı heç cür «günün şairi», dövrün aktual hadisələrindən söz açan bir şair kimi görmürəm və bunu ona irad tutmaq da yanlışlıq olardı. Çünki hər şair özünü yazır. Mətləb Ağa da həmçinin. O illərdir ki, öz duyğuları, hissləri ilə bizi inandırır ki, həyat, dünya gözəldir, amma bu gözəlliklərə yiyələnmək, sahib çıxmaq yox, onları dərk eləmək gərəkdir. Mətləb Ağa həyat-ölüm, dünən-bu gün, keçmiş-gələcək, sevinc-kədər qarşılaşmalarını məhz hisslərin, duyğuların təzadı kimi təqdim edir.

 

Sevgin ölür bir sabah,

və səndə heç nə qalmır…

yaşamaq gözdən düşür,

ölümdə heç nə qalmır…

 

qəlbinlə dalaşırsan,

sərsəri dolaşırsan…

dərdini danışırsan,

dilində heç nə qalmır…

 

Allah da çatmır dada,

bezirsən bu dünyadan.

ya bir ovuc kül, ya da

yerində heç nə qalmır..

 

Nədir bu şeirin dediyi? Şair, əslində, yaşamaq gözəlliyini təqdir edir. Allahın da dada çata bilmədiyi bir məqam var ki, o da insanın içində bütün gözəlliklərin yox olub getməsidir, o zaman sevgiölür, həyat da sönür. Və Mətləb Ağa öz şeirlərinin bir çoxunda gözəllikləri vəsf edir. Hələ on yeddi yaşı olanda yazmışdı ki: «göründü ulduzlar, parladı ay da, küləklər üfürdü, közərdi dünyabir gözəl durmuşdu əlində ayna, deyirdi: - «kim deyir gözəldi dünya?..»

Şeirimizdə təbiət obrazı müxtəlif əhval-ruhiyyələrin, ovqatların prizmasında yaranır. Yəni hər şairin özünün təbiət sevgisi, naturfəlsəfəsi var. Mətləb Ağanın şeirlərində təbiət və təbiət atributları onun hisslərinin, duyğularının ifadəsində nəzərə çarpır. Əyər insanı fəsillərə ya da ilin aylarına qiyas etsək, Mətləb Ağaya payız fəsli düşəcək. Deyirlər ki, insan ömrünün payızı altmış yaşdan sonra başlayır. Amma Mətləbin heç qırx yaşı tamam olmayıb. Bəs nədəndir o, payızı sevir? Burada subyektiv bir duyğunun hakim olduğunu görərik. Mətləb üçün PAYIZ özü bir obrazdır.

 

Sən də yaman gecikdin;

durub payızda gəldin…

kimin əlində soldun?

Solub, payızda gəldin…

 

mənəmi həsr etmisən

üzündəki qırışı?..

hardaydın yaşılında?

sənə payız yaraşır…

 

Mətləbin payız sevgisi onun 2013-cü ildə qələmə aldığı şeirlərində də davam edir. Yenə İnsan ömrü ilə Payız arasındakı oxşarlıqlar gözə dəyir:

 

bir payız yarpağında

özümə bir də baxdım…

hardadı indi Mətləb?

görmədim və darıxdım…

 

ürəyimdə heçyox,

olanlar olub keçib..

doğrular olub, keçib,

yalanlar olub, keçib

 

səni düşünmərəm,

olsa, barışaram

şarda rastıma çıxsan,

payızı soruşaram.

 

İndi isə Mətləbin sevgi şeirləri barədə. Burada da sevinclərdən çox, itkiləri, duyğuların kədərli, hüznlü rənglərə boyanmasını görürük. Amma bu kədərli, hüznlü şeirlər bizdə heç pessimizm yaratmır, çünki Mətləb Ağanın sevgi şeirlərindəki o Dərdin, Hüznün özü yaşanılan hisslərin ifadəsidir, saxta, süni, qondarma deyil. İkincisi, o Dərddə bir işıq da var sən onu görməlisən ki:

 

Milyon il yol gözlədim,

bir gün gələrsən deyə..

neçə ömür yaşadım,

öldüm, gələrsən deyə

 

min-min ömrə dəyərmiş,

gözəldi bu dərdim;

sən gəlməsəydin belə,

yenə səni sevərdim

 

Mətləb 2013-cü ildə yazdığı bir şeirdə deyir: «otuzumun sonudu, qırx yaşımın əvvəlikimsə döyür qapını: - «Mətləb burdadı - «bəli..»

 

Bəli, Mətləb Ağa adlı bir şair burdadır-müasir Azərbaycan poeziyasının ərazisində və boyu balaca olmasına baxmayaraq Mətləb öz şeirlərinin boyu ilə seçilə bilirbiz onu görürük

 

Kaspi.-2014.-12-14 aprel.-S.14.