Aktyorlar
yığışmışdı ki, mənə
baxıb gülsünlər»
Səfa Mehdi: «Maaşımı yığıram, 10 il işləyəndən sonra
o pulla evlənəcəm»
Tələbəlik illəri insan ömrünün ən mənalı və gözəl illəridir. Elə tələbə yoldaşları da həmçinin. Onları harada görürsək görək, o illəri xatırlayırıq. Bu gün onlardan hər hansı birinin uğurlarını efirdə, teatr səhnəsində görəndə onlarla birlikdə oxuduğumuz üçün fəxr edirik, desəm heç də yanılmaram.
Öz çalışqanlığı ilə bu gün teatr
səhnəsində gənc aktyor kimi tanınan, serial qəhrəmanlarını
ustalıqla canlandıran Səfa Mehdi «Gənclik
qəzeti»nin qonağı oldu. Çəkinmədən
deyə bilərik ki, Səfa Mehdi artıq gənclərin serial
qəhrəmanına çevrilib. Onun “Sənə İnanıram” və “Qız yükü” seriallarında oynadığı rollar bunu deməyə əsas
verir. Səfa bu gün aparıcı
teatrlardan hesab olunan Rus Dram Teatrında çalışır.
Redaksiyamıza qonaq olan Sefa
Mehdi uğurunun silərindən danışdı. Onunla müsahib kimi deyil, iki dost kimi söhbət etdik.
Artıq
böyümüşəm
– Peşəkar
səhnədə ilk addımlarını
nə vaxt atmısan?
– 2010-cu ildə
Qorxmaz Əlili “Estrada
teatrı”nı bərpa etmişdi, mən də oraya sənət müəllimim Telman Adıgözəlovun dəvəti
ilə getmişdim. Bir müddətdən sonra həmin teatr bağlandı və mən Region TV-də canlı veriliş aparmağa başladım.
Universiteti bitirəndən sonra
isə sənət müəllimim Cəfər
Namiq Kamal məni Gənc Tamaşaçılar Teatrına
göndərdi. Orada 2-3 ilə
yaxın işlədim
və hazırda Rus Dram Teatrında çalışıram.
– Nə üçün Gənc Tamaşaçılar Teatrını
tərk etdin? Artıq səni teatrın siması kimi tanımağa yeni başlamışdıq.
– Mən orda sonuncu dəfə
“Balaca və Damda yaşayan Karlson” tamaşasında baş rolun ifaçısı – “balaca”
obrazının ifaçısı
idim. Teatrdan çıxanda məndən
soruşurdular ki, nə üçün çıxırsan, zarafat
edib deyirdim ki, balaca artıq
böyüməlidir. Mən də getdim böyüməyə (gülür).
– Böyüdün?
– Oxuduğum
kitablar məni böyütdü. Böyümək üçün səbəb
lazımdır. Düşünürəm ki, Gənc Tamaşaçılar
Teatrında (GTT) mənə
tələbat daha çox idi. Elə tamaşalar vardı ki, orada da
artıq məni baş rolların əvəzinə salırdılar.
Ancaq son günlər elə bir vəziyyət gəlib çatmışdı
ki, mən heç bir yerə gedə, efirlərə çıxa
bilmirdim. Beləcə,
teatrdan başqa işlə məşğul
ola bilmirdim.
Artıq
teatrdan çıxmağa
məcbur idim. Çünki hər dəfə bir iş dalınca gedəndə teatrdan icazə almaq olmur. Bu kimi səbəblərdən çıxmağa
qərar verdim.
– Rus Dram Teatrında sərbəstsən?
– Rus Dram Teatrında Lermontovun “Maskarad” tamaşasında oynuyuram bir də
bu yaxınlarda primyerası olacaq “Məhəbbət ilə zarafat eləmirlər” tamaşasında rolum olacaq. Burada daha çox kənar işlərlə
məşğul ola bilirəm. Rus Dram Teatrında məni daha çox anlayışla qarşılayırlar.
Teatrımızın direktoru Ədalət
Haciyev və truppa müdiri Raula Turkan aktyorlar
üçün böyük
şərait yaradırlar.
Digər
tərəfdən də
aktyorun tanınması
teatr üçün
faydalıdır. Sabah aktyor tanınsa, tamaşaçı ona görə teatra gələcək. Onlar bunu
yaxşı başa düşürlər. Ona görə
imkan yaradırlar ki, aktyor tanınsın
seriallara çəkilsin,
verilişlərdə iştirak
etsin. Azərbaycanda
teatrda tanınmaq bir az çətin məsələdir.
Amma efir elə bir
məkandır ki, orada aktyor haradasa
60 % da olsa tanınır.
– Hansı
sənin üçün
daha rahatdır, serial yoxsa teatr?
– Sən deyəsən məni ikisi ilə də düşmən eləmək istəyirsən
(gülürük). İkisi də
mənim üçün
dəyərlidir. İkisində də sevə-sevə oynayıram. Ayrıseçkilik etmək istəmirəm.
Efir mənim üçün daha önəmlidir. Çox sevinirəm ki, dövlətimiz tərəfindən
kino, serial sahəsinə
pul ayrılır.
Düzdü bu sahədə
işində qeyri peşəkar olanlar da var, vaxt
gələcək ələkdən
süzüləcək. Kim daha iridir
o ələkdə qalacaq,
yüngüllər isə
əvvəl-axır ələkdən
süzüləcək.
– Mənə
maraqlıdır, bu qədər çalışırsan,
bəs ümumi aylıq gəlirin nə qədərdir?
– Ailədə
tək uşağam. Valideynlərim də işləyir.
Nə mən onlardan pul alıram, nə də onlar məndən. Aldığım qonorar mənə
bəs edir. Haradasa iki min manat desəm, yalan olar (gülümsəyir)...
– Desən
də mən inanmaram...
– İki mindən azdır, çox az,
lap az (gülür)...
Əlimə toplum pul gəlmir. Onlar bir yerə toplansaydı görərdim
ki, bu nə
qədər olur.
– Yəni
Səfa Mehdi aylıq gəlirini bilmir?
– Teatr kartıma nə qədər pulun gələcəyini bilirəm,
ancaq çəkilişdən
gələn pulu tələbatım üçün
xərcləyirəm. Teatrdan aldığımı
kartda ehtiyat üçün saxlayıram.
Evlənəcəm o pulla. 10 il işləyəndən
sonra...
Onları
məcbur etdim ki...
– İndiki
gənclər türk
və ingilis dilinə meyillidirlər. Sən də
Azərbaycan dilli teatrdan rus dilli
teatra getmisən, çətin deyilmi?
– Mən Rus Dram Teatrına gedəndə bir-iki ay Şahbaz bəy obrazını mənə
həvalə etdilər.
Bu baş rolu oynamaq teatra yeni gələn aktyor üçün bir az çətindir. Tamaşadan qabaq o həddə
çatmışdım ki,
bəlkə qaçım
gedim, çıxmayım
tamaşaya. Yəni
o qədər məsuliyyət
hiss edirdim və buna görə də həyəcanlı idim. Mən ora gedəndə
bilirdilər ki, rus dilini onlar
qədər bilmirəm.
Amma sağ olsunlar ki, istedadıma
inanıb məni işə götürdülər.
– Rus Dram Teatrında səni necə qarşıladılar?
– “Çox
gözəl”. Orada yaxın insanlar
var ki, onları
tələbə vaxtlarımdan
tanıyıram. Elə insanlar
var ki, onları
birinci dəfədir ki, görürdüm.
Əvvəlcə aktyorlarda təəccüb
yarandı, Şahbazı
oynayanda onların çoxu yığışmışdı
ki, mənim oyunuma baxıb gülsünlər. Amma onları
məcbur etdim ki, sonda gəlib
məni təbrik etdilər.
– Gülmədilər?
– Yox. Çox ciddi şəkildə təbrik edib getdilər. Yəni arada aqresiya hiss etmək olur. Buna aqressiya da
demək olmaz, qısqanclıqdır. O da
teatrda, sənət adamlarında olur. Niyə məndə yoxdur, bilmirəm. Ancaq bəzilərində hiss edirəm
ki, qısqanırlar.
– Gənc
Tamaşaçılardan çıxanda
dostlarından ayrı
düşməyi gözə
almışdın?
– Dostlarım
çox üzüldülər.
Asya Atakişiyeva ilə hər dəfə görüşəndə gözlərimiz
dolur, “heyf, o günlərdən” deyirik.
O kollektivlə çox
yaxınam. Çoxu mənim qardaşım,
bacım kimidir. Teatr elədir ki, orada bir ailənin
üzvlərinə çevrilirsən.
Orada olanda bütün günü bir yerdə olurduq. İndi mən Rus Dramda,
onlar Gənc Tamaşaçılarda, alınmır.
Çəkilişlərdən də vaxt olmur görüşməyə.
Manaf, Elnur, Asya, Nigar, Roza
Eşqin və doxsan altı aktyordan bir neçəsi
(gülür)... Hamısının da xətrini çox istəyirəm.
– Həm aktyor, həm aparıcı, həm də şair olmaq çətin deyilmi?
– Həyat
çox qısadır.
Bunu anlayan biri üçün
bu anlayış normaldır. Viktor Hüqonun bir fikri var, deyir
ki, “Öləndən
sonra yaşamaq istəyirsənsə, ya oxumağa layiq şeylər yaz, ya da yazılmağa
dəyər şeylər
yaşa”. Mən yazar
deyiləm, amma arada hisslərimi vərəqə tökürəm.
Bəlkə də indi yazdıqlarıma neçə il
sonra baxıb güləcəm amma bu gün bunlar
mənim həqiqətlərimdir.
Aktyorluq mənim sənətimdir, bu yolda irəliləyirəmsə
ən yaxşılarından
olmalıyam bunun üçün var gücümlə çalışıram
və mən tək deyiləm çox istedadlı gənclərimiz var. Hazırda
rəqabət yaranıb,
rejissorların rəqabəti
getdikcə güclənir
ki, bu da
daha keyfiyyətli filmlər ərsəyə
gətirməyə kömək
edir. Mənə inanan, seriala,
filmə dəvət edən insanlara təşəkkürümü bildirirəm, bu inamı da doğrultmağa
çalışıram.
– İndi elə bir vəziyyət
yaranıb ki, insanlar işdən çıxdıqdan 10 il sonra könüllərincə bir
iş tapa bilirlər. Səndə isə vəziyyət
heç də elə olmadı. Qabaqcadan hər şeyi planlaşdırmışdın?
– Ötən
il Gənc
Tamaşaçılar Teatrında
xorvatiyalı rejissor Smitçin “Buratino” tamaşasında Pyero rolunu oynayırdım. Rus Dram Teatrının truppa müdiri Raula xanım da GTT-ya o tamaşanın rəqsini qurmağa gəlmişdi. O ərəfədə
Britaniya konsulluğu ilə GTT müqavilə bağlamışdı ingilis
dili dərsləri keçirdik, əlimdə
bütün günü
dəftər-qələm, kitablar
olurdu. Bu xüsusiyyətim
Raula xanımın diqqətini çəkmişdi.
Bir gün onunla söhbət etdik, dedi ki,
sənin çalışqanlığın
xoşuma gəlir və vəziyyət elə gətirdi ki, onun teatrda
işləmək təklifini
dəyərləndirdim.
Xəyalə Rəis
Kaspi.-2014.-18 aprel.-S.17.