Mütaliə etmək gənclərimizə
nə verir? – Polemika
Çoxları kitab oxumağı mənəvi zənginlik adlandırırlar. Həqiqətən də insan ağzını açan kimi, hətta nəinki danışanda, facebookdakı bircə statusundan da kitab oxuyub oxumadığı, mənəvi baxımdan nə dərəcədə zəngin olduğu, ümumiyyətlə, kimliyi bəlli olur. Gənclərimiz üçün kitab nədir və mütaliə etməyi sevirlərmi? Kitab oxumaq onlara nə verir?
Oxuyan toplumlar oxumayanları idarə edir
Rəşad Babalı, bloger.
Mütaliə etməyi sevir. Deyir ki, gündə azı 1 saatını mütailəyə sərf edir. Əsasən tarixi, siyasi kitablar oxuyur: “Bədii əsərlər də oxuyuram, amma bu cür əsərlərdə də çox vaxt tarixdən, və ya siyasətdən nəsə olur. Antiutopiya janrındakı əsərləri sevirəm”. Rəşad üçün kitab həm zövqünü oxşamaq, həm də müqayisəolunmaz mənbə, həm dost qazanma, həm də özünü yeniləmə vasitəsidi. Müsahibimizin fikrincə, kitablar təkcə insanların deyil, xalqların da həyatını dəyişir: “Kitab oxuyan toplumlar oxumayanlara nəzərən daha çox inkişaf etmiş olurlar. Bu inkişaf rifah səviyyəsində də özünü göstərir. Bundan başqa, daha çox kitab oxuyan toplumlar oxumayanları idarə edir, öz təsiri altında saxlayır. Bu prinsip insanlararası münasibətlərə də aiddi. Şəxsən mən kitabın hesabına bir çox nailiyyətlər əldə etmişəm. Kitab həm də gələcəyə qoyulan yüksək gəlirli, risksiz sərmayədi”.
Rəşad deyir ki, imkanı çatanda istədiyi kitabı kitab mağazasından alır, imkan olmayanda isə kimdənsə müvəqqəti götürür. Ya da elektron variantını tapıb oxuyur. Kinonun, tamaşanın, yaxud İnternetdəki hansısa yazıların, məlumatların müəyyən qədər kitabı əvəz etdiyini deyən həmsöhbətimiz buna baxmayaraq kitabın həmişə klassik anlamda öz yerini qoruduğunu və gələcəkdə də qoruyacağını bildirir: “Çünki kağız kitab oxumaq bir növ ritualdı. Vərəqlərin çevrilməsi, qoxusu, vərəqlərinin səsi oxucu üçün əvəzedilməzdi və üstəlik, İnternetdən fərqli olaraq gözləri yormur, bütün varlığınla əsərin içərisində olursan”.
Keçmiş və gələcək arasında körpü
Könül Əhmədova, tələbə.
Könül də mütaliəni çox sevir. Deyir ki, kitab oxuyarkən ona rahatlıq gəlir: “Amma bu günümüzün reallığıdır ki, hər gün bir çox kitablar çap olunur. Kimin ürəyi istəsə, kitab çap edib satışa çıxarır. Kitab sayı çox olduğuna görə biz nə oxuyacağımızı seçərkən bəzən çətinlik çəkirik. Vaxtımızı sərf edib hansısa kitabı oxuyuruqsa, bizə nə isə verəcək kitabı seçib oxumalıyıq. Amma bununla yanaşı, düşünürəm ki, kitab oxumaq istəyən hər kəs öz maraq dairəsinə uyğun olanı tapıb oxuyacaq”.
Könül “gənclər kitab oxumur” fikri ilə heç cür razılaşmır: “Düzdür, gənclər arasında kitaba marağı olmayanlar var. Amma bu, ümumilikdə gənclərin kitab oxumaması anlamına gəlməməlidir. Çünki mən ətrafımda olan gəcnlərin kitaba necə maraq göstərdiklərini görürəm. Hazırda tələbə olduğum üçün ixtisasıma uyğun dərs kitabları oxuyuram. Amma buna baxmayaraq ara-sıra vaxt tapdıqca olan bədii kitablar da oxumağa çalışıram.Ümumiyyətlə, insan həyatında kitab çox böyük rola malikdir. Çünki bizim kitabdan öyrənəcəyimiz çox şeylər var və bunu zamanla oxuyub öyrənəcəyik”.
Müsahibimiz təəssüflə bildirdi ki, kitabı oxuyub, orada yazılanlardan düzgün nəticə çıxarmağı hər kəs bacarmır: “Çünki bəzən müəllifin oxucuya çatdırmaq istədiyi fikir və ideyalar oxucular tərəfindən düzgün anlaşılmır. Ona görə də düşünürəm ki, kitab oxumağı və onu analiz etməyi bacarmaq lazımdır. Kitab bizim keçmişimiz və gələcəyimiz arasında bir körpü rolunu oynayır”.
Tələbə xanım kitabları ya kitab mağazasından aldığını, ya da kitabxanalardan əldə etdiyini deyir: “Həftədə ən azı 3 dəfə Milli Kitabxanaya gedib, dərs kitabları ilə yanaşı, mənim üçün maraqlı olan bədii kitabları da oxuyuram”.
Onun sözlərinə görə, İnternetin, kinonun və kitabın insan həyatında öz yeri və funksiyası var: “İnternetdə məlumatları sürətli şəkildə əldə etsək də, kinoda hansısa hadisələr bizə obrazlar şəklində təqdim olunsa da, kitab oxumaq tamam başqa bir zövqdür. İnternetdən hansısa əsəri oxumaq onun kağız variantını oxuyarkən aldığımız zövqün yerini əvəz edə bilməz. Bəlkə də hansısa gənc üçün internet və ya kino öndə ola bilər, amma düşünürəm ki, internet və kinonun ilkin variantı elə kitablarda var”.
Kitab insanın stresini çıxarır
Emin Əliyev, “Tictoc bookstore”un layihə
rəhbəri.
Emin də mütaliə etməyi xoşlayan gənclər sırasındadır. Çalışır ki, gündəlik
mütaliəyə vaxt
ayırsın və bu, alınır. Hər axşam 10-15 vərəq oxuyub sonra yatır.
Hətta bəzən oxuduğu əsər o qədər maraqlı olur ki, səhərə
kimi oyaq qalıb kitabı tam oxuyub: “Mən məsləhət görərdim
ki, gənclərimiz çalışıb az da olsa, yatmamışdan
əvvəl kitab oxusunlar. Mən xeyirini görürəm”.
Nə oxumasına gəlincə,
Emin əsasən müasir dünya ədəbiyyatını oxuduğunu
deyir: “Amma son dövrlər öz yazarlarımızı, əsas
da Sovet dövründə yaşayan
yazarlarımızı oxuyuram.
O dövrdə yazarlarımız
istədikləri kimi yaza bilmir, çərçivə
daxilində öz sözlərini deməyə
çalışırdılar. O dövrün yazarları çox gözəl ədəbi dildə yazıblar. Ümumiyyətlə, əsərləri janrlara görə oxumuram, yəni bu, mənim üçün fərq etmir. Bəzən nağıl da
oxuya bilərəm.
Hazırda isə Fərman
Kərimzadənin “Xudafərin
körpüsü”nü oxuyuram.
Bunu əvvəllər də bir dəfə oxumuşdum. Amma indi
tam başqa cür anlayıram”.
Müsahibimizin sözlərinə görə,
kitab elm və dünyagörüşünü inkişaf etdirməklə
yanaşı, özünlə
tək qalmağa da kömək edir: “Kitab ağır
iş qrafikindən sonra fiziki və
mənəvi yorğunluğun
dərmanıdır. Kitab insanın
bütün stressini çıxarır. Hansısa qəzetdən
kitabın 15 faydası
haqqında oxumuşdum.
Orada kitabın insan fantaziyasının inkişafına
səbəb olduğu
diqqətimi cəlb etdi. Həqiqətən kitab şirin
bir yuxudur. Bağlayan kimi oyanırsan. Çalışmaq lazımdır
o şirin yuxudan az ayılaq.
Çünki kitab insan həyatın tam dəyişir.
Buna bizim bildiklərimiz
dərslikləri misal
kimi çəkə bilərəm. Bədii ədədbiyyat
da, dərsliklər kimi insan həyatında
təsirsiz ötüşmür.
Məsələn, Paulo Coelhonun “Kimyagər”
əsəri mənim həyatımda dönüş
deməzdim, ancaq böyük təsir göstərən əsərlər
sırasındadır. Orada bir cox epizodlar
xoşuma gəlib.
Məsələn, billur
satan sahibkarın
arzusu və s. Bir də qəhrəmanın
inadkarlığı. Mən onu
anladım ki, insan nəsə istəyirsə, axıracan
getməlidir. Bu zaman xoşbəxt sonluq olur. Bir də səbirli olmağı bacarmalısan”.
Kitabı
əsasən mağazalardan
aldığını deyən
Eminin fikrincə, buna səbəb özündən sonra da kimlərinsə həmin kitabı oxuya bilməsinə şərait yaratmaqdır:
“Amma bəzən də dostlardan alıb mütaliə edirəm”.
Emin deyir ki, kitabı
hələ də heç nə əvəz etməyib: “Texnika nə qədər inkişaf etsə də, nə radio, nə televiziya, nə internet kitabı əvəz edə bilməyib”.
Nil MƏMMƏDLİ
Kaspi.-2014.-18 aprel.-S.16.