“Tamaşaçılar mənə səhnəmizin
Karmeni deyirlər”
Azərbaycanın
əməkdar artisti, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti
Fidan Hacıyeva aprelin
19-da Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış
edəcək.
Bu barədə “Kaspi” yə danışan Fidan Hacıyeva Heydər Əliyev Sarayındakı
“Sevgili canan” konsertinin fərqli üslubda olacağını vurğuladı. Sənətçi konsert boyu səhnədə Opera və Balet Teatrının 150 nəfərdən ibarət Simfonik Orkestrinin onu müşayiət edəcəyini dedi: “Bu konsert operanın sintezi və pop-caz qrupunun birləşməsi olacaq. Bu, opera üslubunda ilk belə sintezdir. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səslənəcək, ikinci hissədə isə sırf romanslar olacaq. Konsertin dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərovdur. Konsert üçün Amerikada təhsil almış oranjemançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılıb. Konsert boyu hər ifa zamanı arxada quraşdırılmış LED ekranda yeni çəkdiyimiz video-çarxlar göstəriləcək. Bu solo çıxış üçün bütün dostlarım birləşib və mən hər birinə təşəkkür edirəm”.
Konsertdə F.Hacıyevanın tərəf müqabilləri də olacaq.
İfaçı konsert boyu geyimlərinin çox maraqlı olacağını da qeyd etdi: “Konsert zamanı hər obrazın öz geyimi olmalıdır. Hər bir mahnıya ayrı-ayrı video-çarxlar çəkiləcək. Bu video-çarxların hər biri klip şəklindədir. Bir sirri də açıqlamaq istəyirəm, qızım moda ilə çox yaxından maraqlanır və bu sahəyə həvəsi böyükdür. Qızım konsertimə bir paltar dizayn etmək istəyini dedi. Düşünürəm ki, yaxşı olsa, həmin gün qızımın bir libasını da geyinəcəyəm”.
Biz də öz növbəmizdə müğənniyə uğurlar arzulayıb, ona suallarımızı ünvanladıq.
O adı mənə çox yaraşdırırlar
- Fidan xanım, bu gün opera
sənətinə maraq hansı səviyyədədir?
– Operaya maraq mən istədiyim səviyyədə deyil. Bu gün opera sənətində, sözün əsl mənasında, çox gözəl əsərlər var. Hər bir teatrın olduğu kimi operanın da öz tamaşaçısı olur. Opera Teatrı tamaşaçı cəhətdən problem yaşamır. Demək olar ki, yeni operalar, yeni repertuar, yeni tamaşalar yaranmaqdadır. Teatrın solisti olaraq əlimdən gələni tamaşaçılara təqdim etməyə çalışıram.
– İndi Azərbaycanda opera
ifaçıları azlıq təşkil edir.
Onlar da o qədər məşhur deyillər. Bəlkə buna görə sənətçilərimiz opera sənətindən uzaq düşürlər...
– Bəli,
doğrudan da, bu gün Azərbaycanda
opera sənətçiləri kifayət qədər məşhur deyillər. Amma onlar azlıq
təşkil edir fikri ilə razılaşmıram, opera ifaçıları
heç də digər aktyorlardan az deyil.
Operaya üz tutan ifaçıların
əksəriyyəti də
gənclərdir. Onların çox
gözəl səsləri
var. Ancaq sizin qeyd etdiyiniz kimi, təəssüflər
olsun ki, kifayət qədər məşhur deyillər.
Bununla belə, onların heç birinin reklama ehtiyacı yoxdur.
–
Fidan xanım, yaradıcılığınızda “Karmen”i zirvə hesab etmək olarmı?
– Bəli,
“Karmen” mənim opera yaradıcılığımın zirvəsidir. Ən sevimli, zirvəyə
yüksələn, mənə
daha çox məşhurluq gətirən
operamdır. “Karmen” operasının həyatımda mühüm
rolu olub. Tamaşaçılar mənə səhnəmizin
Karmeni deyirlər.
Karmen xanım deyə müraciət edirlər.
O adı mənə çox yaraşdırırlar.
İnsanların qəlblərində Karmen kimi qalmışam.
Bu mənə çox xoşdur.
Efirə
balaca körpəmlə
də çıxmışam
- Siz ailə quran zaman tamaşaçılar
sizin sənətinizlə
deyil, daha çox evlənəcəyiniz
adamla marqlandılar, bunun səbəbi nədir?
– Mənim
yoldaşım əcnəbidir.
İki vətəndaşlığı var. Ola bilsin ki, ona
görədir. İnsanlar sənət
adamlarının həyatı
ilə maraqlanır, bilmək istəyirlər.
Mən həmişə ailə həyatımla bağlı
suallara cavab vermişəm, tamaşaçılardan
heç nəyi gizlətməmişəm. Ancaq çalışmışam ki,
sənətimdən daha
çox danışım.
Soruşanda, təbii ki,
cavab verirəm. Heç kimin suallarını cavabsız qoymuram. Hətta elə olub ki,
efirə balaca körpəmlə də çıxmışam. Heç nəyi
gizlətməyi sevmirəm.
– Daha çox xarici ölkələrdə
konsertləriniz olur. Orada sizi tanıyırlarmı?
– Bəli.
Çalışıram ki, öz sənətimizlə Azərbaycan
musiqisini tanıdam.
Londondakı konsertimiz çox
möhtəşəm keçdi.
7 dildə ifa
etdim. Çalışdım ki, Azərbaycan
musiqisini layiqli səviyyədə xarici vətəndaşlara təqdim
edim. Mənə elə gəlir
ki, bu məqsədimə
nail oldum. Çox gözəl
konsert oldu. Bir azərbaycanlı qızı
kimi musiqimizi dünyada layiqlincə tanıtmaq mənim borcumdur. Böyük sənət adamlarının
mahhnıların sözlərindən
zövq almaları üçün bir neçə əsəri ingilis dilinə tərcümə etmişəm.
Bu konsertin bir
özəlliyi də Londondakı konsertin nümayişinin ilk dəfə
burada olmasıdır.
Çox
ölkələrdə konsert
proqramı ilə çıxış etmişəm.
Yaponiya, Almaniya, Avstriya, İtaliyada, İngiltərə, Rusiya və Türkiyənin bir çox şəhərlərində solo konsertlərim olub. Əsas məqsədim Azərbaycan
musiqisini dünyaya çatdırmaqdır.
– Hazırda Azərbaycanda
opera sənətinin durumu
sizi qane edirmi?
– İndi
vəziyyət yaxşıdır. Opera teatrında gözəl səslərimiz var. Bizim teatrda çox gözəl tamaşalar oynanılır. Ekranlarda
klassik musiqilərə
az yer
verilməsi isə məni qane etmir. Klassik musiqi mədəniyyətinə
qayğıyla yanaşmaq
lazımdır. Xalqımıza bu musiqiləri də sevdirmək gərəkdir.
– Həm sənətin yüksəkliyində
durmaq, həm ev xanımı
olmaq sizin üçün çətin
deyil ki?
– Hər şeyə vaxt tapmağa çalışıram.
Vaxtım çox azdır.
İstirahətə vaxtım olmur.
Axşamlar telefonlarımı söndürürəm. Ailəmlə vaxt keçirirəm.
Çox
sənət adamları
məclislərdə olurlar.
Mən çalışıram ki,
axşamlar evdə olum. Konsertlərim olanda vaxtında
gedirəm və vaxtında da evimdə uşaqlarımın
içində oluram.
Gecə uşaqlarımın üstünü
özüm örtməliyəm.
Mən öz üzərimdə çox çalışıram.
Mənimlə işləyən insanlar bilirlər ki, məndə bir dəqiqə boş dayanmaq yoxdur. Bütün günü çalışıram.
Öz dostlarıma çox çalışmalarını məsləhət görürəm.
Çox
çalışın, nə
isə edin, o zaman qabağa gedəcəksiniz. Belə bir
söz var – “Səndən hərəkət,
məndən bərəkət”.
Hərəkət zamanı bərəkəti
görəcəksiniz. Mənim üçün öz üzərimdə çalışmaq
həmişə birinci
yerdədir.
– Uşaqlarınızı gələcəkdə
musiqi sahəsində görmək istəyərsinizmi?
– Uşaqlarımın
musiqiyə istəkləri
olsa, niyə də olmasın. Mən onlara kömək edərəm. Özləri müəyyən etsinlər.
Allahıma yalvarıram ki,
mənə güc versin
– Sizin yoldaşınız milliyətcə ingilisdir. Azərbaycanda daha çox
nə xoşuna gəlir?
– O, artıq
neçə illərdir
Azərbaycanda yaşayır.
Özünü azərbaycanlı sayır. Deyir ki, artıq
məndə ingilislik qalmayıb. Adət-ənənələrimizi, istiqanlılığımızı
çox bəyənir.
Artıq
Azərbaycan dilində
danışır. Muğamımızı çox sevir. Bizim rəqslərimiz, yeməklərimiz,
bayramlarımız xoşuna
gəlir.
– Uşaqlarınız evdə
daha çox hansı dildə danışırlar?
– Azərbaycan
dilində danışırlar.
Ona görə ki, biz hamımız Azərbaycan
dilində danışırıq.
Rus dilində bilmirlər.
Azərbaycan və ingilis
dilini bilirlər.
– Siz qeyd etmisiz
ki, opera sənətinin
inkişafı üçün
xarici dilləri bilmək lazımdır. Hansı dilləri bilirsiniz?
- İngilis
dilində təmiz danışıram. İtalyan, rus, bir az da fars
dilində bilirəm. Ona görə də bütün dillərdə
oxuyuram. Çox çalışqan
insanam. Bütün günü kitablar
oxuyuram.
– Fidan
Hacıyeva özünü həyatda güclü insan hesab edirmi?
– Çox kövrək insanam. Amma bu sənətlə bağlı məsələlərdə çox güclüyəm. Özümü güclü insan hesab edirəm. Mübarizəyə həmişə hazıram. Ancaq öz sənətimlə, işimlə. Heç vaxt heç kimə fikir vermirəm. Həmişə öz işimlə məşğul oluram. Allahıma yalvarıram ki, mənə güc versin. Öz sənətimlə həmişə vətənimə qulluq etməyə hazıram. Bəzi insanlar mənə deyir ki, niyə başqa ölkədə yaşamırsan. Mən öz vətənimdə yaşamaq istəyirəm. Ömrümü ölkəmizdə və dünyada Azərbaycan musiqisini tanıtmağa həsr etmək istəyirəm.
– Çətin
anlarınızda kimə müraciət edirsiniz?
– Allahıma dua edirəm. Heç vaxt yaxınlarıma çətinliklərimin olduğunu demirəm. Dualar çox kömək olur. Mənə pislik edən insanlara heç nə eləmirəm. Allahımdan kömək istəyirəm. Onların öz cəzalarını çəkdiklərini görürəm.
– Paxıllıqlara çox məruz qalmısız?
– Paxıllıqları görmürəm. Görmək də istəmirəm. Hər bir insan sənətdədirsə, zirvədədirsə, onu sevənlər də, sevməyənlər də olur. Bu artıq tarixin sınağından keçmiş bir faktdır.
– Qarşıdakı konsertlərdən başqa hansı yaradıcılıq planlarınız var?
– Teatrda yeni tamaşalarımız olacaq. Novruz Aslanovdan mahnım var, həmin mahnıya klip çəkiləcək. Cahangir Qurbanovun mahnıları üzərində də çalışacağıq.
Xəyalə Rəis
Teatrşünas
Kaspi.-2014.-18 aprel.-S.12.